Tapşırıq – Elvin Rzayev

Elvin Rzayev

Elvin Rzayev

17 dekabr 2021
# 11:32

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elvin Rzayevin “Tapşırıq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yağış gücləndikcə küçədə qaçan insanlar sürətlərini artırır, tez evə çatmaq üçün su gölməçələrindən sürətlə keçib ayaqlarının altından çıxan palçığı ətrafa sıçradırdılar. Kim bilir bəlkə də, yağışdan qaçanlar "islanmışın yağışdan nə qorxusu" məsələni bilmirdilər. Bilsəydilər yağışdan qaçmazdılar. Onsuzda islanmısan, yenə də islanmaqdan niyə qorxursan?

Şakirin paltarını yağış isladıb ağırlaşdırır, qaçanda iri göbəyi fırtınada ləngər vuran gəmi kimi hər tərəfə yırğalanırdı. Ağır çəkili yüngül atletlər kimi yağış gölməçələrindən böyük ustalıqla tullanıb, insanları yara-yara evə tələsirdi. Arvadı Tükəzbanın doğum sancısı tutmuşdu. Onu xəstəxanaya çatdırmalıydı. Fikirləşirdi ki, bu arvad da doğmağa vaxt tapdı. Gərək havalar düzələndən sonra doğardı. Heyif doğum vaxtını dəyişmək olmur, yoxsa bir tanış adam tapıb bunu da həll edərdim.

Tükəzban əri Şakiri görəndə deyinməyə başladı:

- Ay Şakir, sən evimizin yanındakı doğum evini qoyub, niyə şəhərin o biri başındakı doğum evinə aparırsan məni?

- Evimizin yanındakı doğum evində tanışım yoxdur. Səni tapşıra bilmədim. Tanış olmayan yerə etibar edə bilmərəm. Getdiyimiz doğum evində tanış mamaça var. Səni ona tapşırtdırmışam ki, ağrıların az olsun. Sən narahat olma.

Adamın gərək adamı olsun. Bu məsəl Şakirin həyat şüarına çevrilmişdi. Hər xırda işə görə tanış tapıb ona buna ağız açmaq Şakirin şakəri idi. Çörək alanda çörəkçiyə, paltar alanda paltar satana, ayaqqabısını təmir elətdirəndə pinəçiyə tapşırılardı. Qabaqcadan tanışlarına zəng vurar, onlar da Şakiri tapşırar Şakir də rahatlıqla öz işlərini görərdi. Şakir bunu öz xeyri üçün edərdi. Aldanmaqdan qorxardı.

Şakirin oğlu oldu. Adını Qasım qoydu. Elə xəstəxanadan çıxan günü tanış tapıb uşağın doğum haqqında şəhadətnaməsini yazdırtdı. Tanışına bərk-bərk tapşırdı ki, qızlara tapşır "metrkanı" səliqəli yazsınlar.

Bax beləcə Qasım böyüyüb məktəb yaşına çatdı. İlk öncə məktəb direktoruna, sonra sinif rəhbərinə tapşırıldı. Tapşırıla-tapşırıla qiymətlərini alır, sinifdən sinifə keçirdi. Atası kimi iri çəkili olduğu üçün sinif yoldaşları ona "morj Qasım" deyərdilər. Özü bu məsələni həll etməyə çalışsada bir tanış tapa bilməmiş, əlacsız qalıb atasına müraciət etmişdi. Atası öz tanışları hesabına bu işi də həll edə bilmişdi. Atasının tanışlarından birinin oğlu həmin məktəbin yuxarı sinfində oxuyurdu. Qasımın sinif yoldaşlarına barmaq silkələdikdən sonra məsələ həll olundu. "Morj Qasım" həmin gündən Qasım olsa da, çoxlarının ağlında elə "Morj Qasım" olaraq qaldı.

Bir gün dərsdə ədəbiyyat müəlliməsi İmaməddin Nəsiminin həyat və yaradıcılığı haqqında danışanda Qasım yerindən qalxaraq, bəs Nəsiminin bir tanışı yox idi, tapşırardılar ki, yazığın dərisini soymasınlar.

Bu sözdən sonra sinifdən uzun bir qəhqəhə qopdu. Yerlədən müxtəlif replikalar deyildi. "Şakirin oğlu", "beyinsiz amöb" kimi sözlər sinifin bu başından o başına uçuşurdu. Ədəbiyyat müəlliməsi təcrübəli pedaqoq olsa da, bu kimi sualla birinci dəfə idi ki, qarşılaşırdı.

- Kimi tapşıracaqdılar, ay Qasım?

- Müəllimə, yəni ola bilməz ki, o boyda şairin bir tanışı olmasın?

- Tanışı neyləyəcəkdi?

- Şaha tapşırardı ki, bizim adamdır, işiniz olmasın. Nəsiminində canı qurtarardı, dərisidə soyulmazdı.

Axşam Şakir evə gələndə Qasım atasına dərsdəki əhvalatı söylədi. Şakir öz fəlsəfi baxışlarına əsaslanaraq, Qasıma dedi ki, yadda saxla əgər kimin ki, adamı, tanışı yoxdur və tapşırıla bilmir...

Uzun bir cümlə söylədi. Nə qədər çalışsada cümləni bitirə bilmədi. Qasım da bu aforizmdən bir şey başa düşmədi.

Qasım on birinci sinifi bitirib birtəhər ali məktəbə daxil oldu. Dörd il ali məktəbdə boş-boş gəzib diplomunu ala bildi. Ağır çəkili olduğu üçün hərbi xidmətə aparmadılar. Tapşırıqnan bir işə qoyulub gününü işdə keçirdirdi.

Qasımın evlənmək yaşı çatmışdır. Göz altı elədiyi biri var idi. Evdə evlənmək istədiyini anasına dedi. Tükəzban Şakiri məsələdən agah etdi. Şakir Qasımdan qızın ailəsi haqqında bütün məlumatı aldıqdan sonra tanış axtarışına çıxdı. Bir həftə olardı ki, Şakir evə gecədən xeyli gec gəlir, səhər alaqaranlıqda evdən çıxıb harasa tələsərək gedirdi. Tükəzban ərindən çox narahat idi. Elçilik məsələsi ortaya çıxandan Şakirin iştahası kəsilmişdi. Çox əlləşib vuruşsa da elçilik zamanı qızın atasına tapşırılmaq üçün bir tanış tapa bilməmiş, tapşırıqsız elçiliyə getmək istəməmişdi. Bu acizliyini özünə sığışdırmamış, hər nə yolla olsada tanış tapmağı qarşısına məqsəd qoymuşdur. Tərslikdən qızın atasıda qaraqabaq adam imiş. Heç kimlə yoldaşlığı yox imiş. Bütün cəhdləri boşa çıxdıqca, Şakirin başındakı ağ tüklərin sayı artır, qaməti əyilməyə doğru gedirdi. Oğlunun hər dəfə ata nə oldu sualına cavab verə bilməmək Şakir üçün böyük bir qəbahət idi. Bu çarəsizlik Şakiri yorğan döşəyə saldı. Tanış həkimlər Şakirin dərdinə dərman ola bilmədilər. Şakir tibb elminə məlum olmayan hansısa yeni bir xəstəliyə yoluxmuşdu. Bu xəstəliyin adı tanışsızlıq idi.

Şakir xəstə yatağında yatarkən, oğlunu yanına çağırıb tanış molla tapmağı tapşırdı. Bir də tapşırdı ki, o biri dünyada bir tanış tapsaydı Şakiri orda yerbəyer edərdilər. Qasım iri gözlərini döyərək Şakirin dediklərindən bir şey başa düşmədi.

Şakir gözlərini əbədi yumdu. Tanış molla tapa bilmədilər. Adı bir molla Şakirin məclisini yola verdi. Bir aydan sonra Şakiri

hamı unutdu. Heç elə bil dünyada belə bir adam yaşamamışdı.

Atadan oğula var-dövlət qalar. Şakirdəndə Qasıma sözü kəsərli tanışlarının adları qeyd olunan kitabça miras qaldı.

dekabr 2021

# 3586 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #