Susqun qəzəb - Könül Seyidova

Könül Seyidova

Könül Seyidova

14 dekabr 2021
# 17:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Könül Seyidovanın “Susqun qəzəb” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həmin gün külək havada rəqs edərək yazın nəfəsini havada gəzdirirdi. İnsanlar qışın səssizliyini pozmağa başlamışdı. Yenə işlər çoxalır, fiziki yorğunluqlar bədənlərə hökm etmək üçün sıra gözləyirdi. İnsanlara hər gün çətinlik, kasıblıq qonaq gəlsə də, onlar bu qonaqları yaxşı qarşılamağa alışmışdılar. Səlbi yenə bu qonaqları yola salmaq üçün, hər şeyi planlamağa başlamış, görüləcək işlərini sıralamışdı. İl boyu nələr edəcəyini, nə qədər qazanacağını hesablayır, anasına isə hey deyirdi: "Bu evi kalafalıqdan çıxaracağam. Hər dəfə qazancımdan arxaya atsam evi təmir edəcəyimiz pulu toplamış olacağam". Amma ana bu ev evə oxşayınca mənim canım çıxmasa, yaxşıdır. Minurə xala birdən başını qaldırıb:

“Ay Səlbi, axı nə vacibdir ki, bu qədər özünü yorasan, bala, bir az səbir elə. Bədəl gəlsin bir məsləhətləşək, ölçüb-biçək, bəlkə çox pul lazım olacaq? Biz o qədər pulu neçə ilə yığarıq? Həm də işdir, yıxılıb-öldük, kim bizə gətirib pul verəcək? Elə an bu an deyil ki, insan gərək iki gün sonranı da düşünsün. Səlbi susub bir kənara çəkildi, düşündüklərini artıq dilə gətirmədi. Axı necə desin ki: "İlyasın ailəsi elçi gəlmək istəyir". Birdən, Minurə xala xatırladı ki, Səlbi evi nə üçün bu tezliyə təmir etdirmək istəyir? Fikrini dəyişərək qoy qardaşların da gəlsin, qısa zamanda hamımız qazancımızı ortaya qoyub bu evi sən demiş evə bənzədək. Səlbi söhbəti dəyişmək üçün: "Ana, mən Dünyanı görməyə gedirəm, bu gün onu görməmişəm, lap burnumun ucu göynəyir deyib qardaşıgilə getdi. Dünyanı qucağına alıb, qoxusunu içinə çəkdi. Birdən Zübeydə Səlbini görüb kinayəli şəkildə: "Mən də deyirəm, bu qız harda ölüb-itib, bu gün bura gəlməyib, deyirdim ki, yaxşı adam imişsən, sözüm yarımçıq qaldı. Səlbi gülümsəyərək: "Mən niyə itirəm, məni sevməyənlər itsin", dedi. Zübeydə kimsəni sevməyən, hər kəsə zərər verməkdən zövq alan bir qadın idi, hələ qarşısındakı insan baldızı və bir zamanlar sevdiyi oğlanın sevdiyi qız idi. Necə ola bilərdi ki, baldızını sevsin? Bir qadını bir qadına düşmən edəcək ən böyük səbəb ortada idi. Bunu gizlətməyə çalışsa da, insanın düşməni dizinin dibində olanda üz-üzə gəlmək belə savaşmağa, ona yenidən nifrət etmək üçün səbəblər axtarmağa təhrik edir. Zübeydə də hər dəfə səbəblər axtarır, bir gün Səlbini yox edəcəyinə, bu şəkildə özünü yenidən var edəcəyinə inanırdı. Və bunu edəcək sadə bir problem axtarırdı.İnsan beyninə problem tapmaq qoydusa, o problemi mütləq yaradacaq. Elə bu anda, söhbəti kəsən, Səlbinin qardaşı Nifti Səlbiylə zarafatlaşıb, sonra isə: "Səlbi yaxşı keçmisən bizə,mənə bir az pul lazımdır, sənin pulun olmamış olmaz", dedi. Səlbi: "Nifti, sən öl, məndə də pul yoxdur. Hələ maaşımı almamışam, olsa verərdim, bilirsən axı", dedi. Niftinin kefi qaçaraq daha niyə and içirsən mən sənə özüm qədər inanıram, görüm hardan tapıram. Səlbi ordan qayıdıb, kəhrizə su gətirməyə getdi. O hündürboy, dolu bir qız idi, iyirmi bir yaşında olmasına baxmayaraq, gücü çox kişinin gücündən artıq idi. Sanki, çətinlik üçün yetişmişdi. Bəlkə də, yetişməyə məcbur olmuşdu. O, böyük qablara su doldurub çənə tökməyə başladı. Kəhrizə qayıdanda bibisini gördü. Onu qucaqladı, öpdü.

Bibisi:

- Ay Səlbi, mart gəldi, dərd gəldi, deyirlər bala. Sən niyə əynini qalın etmirsən?

- Ay bibi, yaxşı səni gördüm, mənə də elə ona görə bir az pul lazımdır, mənə borc ver, maaşımı alan kimi sənə qaytaracağam, özümə bir qalın paltar almalıyam, yoxsa, belimin, qarnımın ağrısından öləcəyəm, dedi. Nənəm demiş: qalın geyinməsəm, gələcəkdə qısır olaram. O, bibisindən borc alaraq özünün ehtiyacını ödəyib, qalan az miqdarda pula isə Dünya üçün bir cüt corab aldı. Sevinə-sevinə corabı qardaşıgilə apardı. Ancaq bilmirdi ki, onun düşüncəliyi öz həyatına qapqara bir kölgə salacaq. Birdən, Zübeydə: "Hardan aldın, bu corabı bəs pulun yox idi? Necə yalançı qızsan sən. Nifti, dünən sənə: "sən öl pulum yoxdur", deyirdi. Sənin bacın səni pula qurban edəcək qədər sevirmiş, belə bacı-qardaş olmaz olsun" dedi. Hədəfi tam da on ikidən vurmuşdu,çünki Nifti puldan başqa,heç nəyi gözü görməyən acgöz ,əyyaş və hər şeyə inanan xaraktersiz insan idi.Zübeydə Niftinin zəif nöqtəsini tapmış,Niftini Səlbiyə qarşı doldurmağa nail olmuşdu. İllər ərzində zədələməyi bacarmadığı bu mehribanlığa daş atmışdı. Sənə özüm qədər inanıram dediyi yerdən qırılan Niftini, sanki, Səlbi deyil də özü məyus etmişdi. Birdən, Nifti Səlbinin qüruruna toxunacaq, nalayiq söyüşlər söyməyə başladı. Qəzəbinin soyumadığını görüb Səlbini qəddarcasına döydü, sanki bacısı olduğunu unutmuş, bütün problemlərinin həllini onu döyməkdə, təhqir edib mənliyinə toxunmaqda görmüşdü. Öz arvadının yanında bacısına küçə qızı kimi davranmış, bir qadını bir qadının yanında alçaltmışdı. Nifti danışa bilmədiyi cümlələri, soruşa bilmədiyi sualları əl-qol hərəkətlərinə dəyişmiş, asanı və zəifliyi seçmişdi. Sonunda, Səlbi özündə güc toplayıb Niftinin əlindən qaçdı. Özünü sıxır, ağlamamaq üçün əllərini dişləyir, içindəki bu ağrını necə dindirəcəyini düşünürdü. Bəzi insanlar haqsızlığı qəbul edə bilmədiyi üçün özlərinə dost olmaq əvəzinə, düşmən olarlar, bu haqsızlığı özlərinə edəcək haqsızlıqlarla unudarlar. Səlbi yeriyə-yeriyə hər addımında bir hirs daha üst-üstə geyinir, sadəcə canı bahasına vicdan əzabı yaşatmaq istəyir, içindəki qardaş itkisini susqun qəzəblə basdırırdı. Həyata necə səssiz, şikayətsiz gəlmişdisə, eləcə də şikayətsiz getmək istəyirdi. Ancaq düşünmürdü ki, özünə edəcəyi ən balaca xəta belə öz vicdanını sızladıb, ən böyük şikayətə döndərirdi. Həyətlərinə çatar -çatmaz, zirzəmiyə girib neft dolu qabı götürərək çölə çıxdı. Sanki içindəki bu ağrını dindirəcək, onu əvəzləyəcək yeganə şey özünü odlamaq idi. Bütün beyninə qazınmış nalayiq sözləri, döyülməkdən bədəninin göyərmiş izlərini itirəcək yeganə dərman od imiş kimi düşündü. Qabda olan bütün nefti üstünə töküb, özünə od vurdu. Qardaşının və Zübeydənin vurduğu zərbəni alovlandırıb o odda yandırdı. Artıq Səlbi ağrıdan çığırır, üzü küləyə doğru qaçırdı. Qaçdıqca alovlanan, atəş daha da artırdı. Alov artdıqca ağrını hiss edir, içində qardaşına qarşı qırılan tellər unudulurdu. Sonunda küçəyə çatdı. Hər kəs qorxudan çığırır, yanan Səlbini söndürməyə çalışırdı.Səlbinin içindəki alov, bədənindəki alovu sulayıb söndürürdü. Ana haray çəkir, hadisənin reallığına inanmağa çalışır, ata isə bu odu söndürmək üçün indiyə qədər qoruyub saxladığı göz yaşlarını gildir-gildir axıdırdı. Səlbi artıq hissiyatını itirmişdi, ancaq onun beynində gəzən Nifti hələ də susmur, onu döyüb-söyürdü. Beyni dipdiri və sağlam olduğundan ona od belə təsir etməmiş, bədəni yansa da, xatırladıqları yanmamışdı.Onu yerdən xəstəxanaya aparmaq üçün hər kəs toplaşdı. Bu an Səlbinin yanmış əlindən düşən bir ət parçası arxın qırağına düşdü. Hər kəs Səlbini qaldırmaq üçün köməkləşəndə, atası öz içindəki yanğını söndürmək üçün hönkürtüylə o ət parçasını yerdən götürüb uddu, sanki təskinlik tapır, Səlbinin bədənindən bir parça daşımaq istəyirdi. Səlbi xəstəxanaya yerləşdi və cəmi on dörd gün qaldı, ona qan vermək üçün gələn Niftini qəbul etmədi, artıq aralarında qalan qan bağını da beləcə öldürüb onu ömürlük vicdan qəfəsinə həbs etdi. Hirs uğruna insan hər şeyi gözə ala bilər, ancaq necə ola bilərdi ki, bu hirs Səlbini şirin canından etsin? Səlbi hirsini özündən çox sevmiş, özünü kül etməklə qiymətləndirmişdi. Həyatın zərbələrlə dolduğuna, bu zərbənin hər kəsdən gələ biləcəyinə özünü hazırlamamış, bəlkə də ,çox həssas olduğu üçün kimsəyə deməyi öz qüruruna sığdırmamış, sadəcə bu qırğınlığı susaraq getməkdə görmüşdü, bəzən insan özündən, ətrafdan əlini üzəndə artıq kimsəylə danışmaz, kimsəyə dərdin deməz.O da Niftidən əlini üzmüş, ailəsininsə ona inanmayacağını düşünmüş, bir an içində özünə bu faciəvi qəsdi rəva bilmiş və tək çarəni özünü bu dünyadan yox etməkdə görmüşdü. Səlbi xəstəxanaya bunun cinayət olacığından şübhələnən polislərə bunun təsadüfi bir yanğın olduğunu, zirzəminin yanğınını söndürmək istəyəndə alışdığını demiş, son anda belə qardaşını satmamış, onu qorumuşdu. O ,bu dünyada sadəcə özünü özündən qoruya bilməmişdi, içindəki kini, qəzəbi böyütmüş, böyütmüş böyük yeni bir Səlbi yaratmış, yeni Səlbi köhnə Səlbiyə güc gələrək, hər şeyi kökündən söküb atmışdı. Beləliklə, günlər keçir, o şokdan çıxır, bu dəfə isə özünü öz ölümünə hazırlayırdı. Beləliklə, ilk olaraq, buna özüylə üzləşməklə başladı. O, bibisinə on üçüncü günün axşamı içində yığışıb qalan ,hələ sönməyən hisslərini danışmağa başladı: "Bibi, mən bir deyilməmiş yalan uğruna gedən qurban oldum, qurbanların xəbəri olmur qurban olacaqlarından. Mənsə indi bir qurban olduğumu qəbullanacaq qədər bədbəxt və çarəsizəm. Mən bu dünyada yandım, kül oldum, arzularım, xəyallarım, həyatım o odda məhv oldu. Bütün hissiyatım yanıb göylərə sovruldu’’. Ancaq məni danışdıran, mənə bu sözləri dedirdəcək tək hissim qaldı: "Kin". Bu kin ölsəm də, cansız bədənimdə yaşayacaq, əgər o biri dünya varsa, öz qardaşımı bağışlamamaq üçün mənə kömək olacaq. Həyatda üzümün güldüyü qədər Nifti güləcək, arzularımın, xəyallarımın bir anda məhv olduğu kimi Niftinin həyatı məhv olacaq. Mənə vurdurduğu od heç bir zaman sönməyəcək, ətrafında həmişə alovlanacaq. Bilirsən, bədbəxtlik də yayılır, bibi. Mənim yarım qalmış həyatım, onu ömür boyu bədbəxt edəcək, heç unutdurmayacaq, hər zaman xatırladacaq. Zübeydənin atdığı şər ilan olub onu boğacaq, Allahdan imdad istəməyə belə qoymayacaq. Sabah mən öləcəyəm. On dördüncü gündə hissiyyatımı itirə-itirə, necə ölürəmsə, bax o da bir zaman on dördüncü gündə ağrıdan indildəyə-indildəyə öləcək. Dediyi kimi də oldu, Zübeydə xərçəng oldu, on dörd gün ağrıdan inildədi, ancaq tanrıdan kömək istəməyə dili belə olmadı. İnsanlar ondan iyrənib kömək etməyə belə çəkindi. O, on dördüncü gündə bir qara nəfəs olub, bu dünyadan çıxaraq sonsuzluğa qovuşdu. Niftinin isə görəcək günləri hələ qabaqda idi.Zaman keçir övladları böyüdükcə içindəki vahimə böyümüş, Səlbinin son anda dedikləri səs olub qulağında yer açmışdı. Ancaq insan olacaqlardan və bir ah-nalənin açacağı bəlalardan qaça bilməz. Sonunda qorxduğu başına gəldi, o bəlayla görüşdü, iyirmi bir yaşında bir oğluna heç bir yardım əli uzada bilmədi, onu xərçəngdən itirdi, və çarəsizliyin ən dibini o an gördü, ancaq bununla da bitmədi, qızlarının heç biri səadətə qovuşmadı. Bütün bir ailənin faciəsi parçalandı, uşaqlar valideynlərinin etdiyi günahların bədəlini ödəyərək göz dağı oldular, kaş ki,sadəcə ürək dağı olardılar ancaq göz dağı olub hər gün Niftinin gözlərinə mil çəkib, qidalandıqları bədbəxtlikləri günəş kimi ətraflarına saçmağa başladılar. Bütün ağrılarıyla dostlaşan Nifti bircə ona əzab verən, belini bükən bu vicdan əzabıyla düşmən oldu. Beləliklə, ömrü boyu ona əzab verən, belini bükən bu vicdan əzabıyla barışmadı. Hər dəfə övladlarına baxanda Səlbinin ahını aldığını, ona böyük bir haqsızlıq etdiyini anlayırdı, ancaq bunu bilmək nə təskinlik, nə də onun həyatına davam edə bilməsi üçün bir işıq olurdu, əksinə nə qədər iyrənc, nə qədər qəsbkar olduğunu xatırlayırdı. Bacısının ömrünü çalan bir qəsbkar. Səhər radələrində Səlbinin yanmamış bir quru nəfəsi də külə döndü, onu torpaqla paklayıb dəfn etdilər. Ata övlad acısına dözməyib bir neçə ay sonra vəfat etdi. Onu sevən oğlan İlyas isə bir göldə boğularaq öldü. Onlar dünyanın ən bədbəxt xoşbəxtləri oldular. Bəlkə, bu dünyada qovuşmadılar, ancaq tanrı ikisini də ölümlə bir-birinə qovuşdurdu. Minurə xala isə öz qızının qatilini halal edib, öz uşaqları üçün ayaqda qaldı. Amma ,Səlbinin ona vurduğu oda alışmadı, o od hər zaman közərdi, közərdi və ömrünün sonuna qədər yandı...

Səlbi bir dəfə yanıb ölsə də, anası hər gün yanaraq ölə bilmədi. Bu yanğın heç bitmədi, hey yanıb öz külündən doğdu. Bəzi insanların doğuşdan şanssız olaraq doğulduğuna, elə həmin gündən bədbəxtliyi çılpaq bədənlərinə geyindiklərinə və başqa bir paltar yoxmuş kimi çıxarıb ata bilmədiklərinə inanırdım. O da elə idi... Eh, Səlbi, Səlbi... Kaş ki adın kimi, həmişəyaşıllığını qoruyan ağac kimi yaşayardın. Ancaq sən həyatının yaşıl yarpaqlarını soldurub o xəzan ömrünə od vurmağı bacardın. Nə deyim mən sənə? Necə qınayım?! Yalnız şikayət diyarından uzaq qalmış insan özünü bu şəklidə bir heç edə bilərdi. O da bir heç olmuşdu. Bu beş günlük dünyanı bir kəpənək ömrünə sığdırmayan Səlbi yanmış qanadlarında bir dünya boyda hirs aparmışdı.

# 3801 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #