Özər şahın nağılı - İlhamə Quluyeva

Özər şahın nağılı - İlhamə Quluyeva
1 iyun 2024
# 13:37

Kulis.az İlhamə Quluyevanın "Özər şahın nağılı" nağılını təqdim edir.

Biri var idi, biri yox idi. Göy köynəkli göyün altında, yaşıl örpəkli yerin üstündə, yastı təpənin ətəyində, dərin dərənin boğazında, başı göyün, kökü yerin yeddi qatına çatan bir palıd ağacı var idi.Bu palıdın yeddi budağı,hər budağın dibində yeddi ovugu, ucunda yeddi qozası var idi.

Qozalarda işıldaquşlar, ovuqlarda isə sincablar yaşayırdı. Ağacın koğuşunda, quru ot çöküntülərinin arasında isə üstündə qar dənəciyinə oxşar naxışlar olan qızılı bir göbələk var idi.Gündüz olanda bu göbələkdən pis qoxulu qara halqalar çıxar, ağacda yaşayanlardan başqa yaxın gələn hər kəsi zəhərləyir, gecə düşüb qara göyü qızıl ulduzlar bəzəyəndə göbələyin zəhərli halqaları yox olar, üstündəki qar dənəcikləri canlanıb qoca palıddakı balaca evlərin pəncərəsini işıqlandırırdı.

Bir gün böyük ağacda yaşayan balaca sincablar ovuqda iri bir fındıq tapdılar. Sincablar nə qədər çalışsa da, bu fındığı sındıra bilmədilər. Axırda balalardan biri dedi:

- Qardaşlar, gəlin onu aşağı ataq, ağacın dibindəki daşa dəyib sınsın, bölüşdürüb yeyərik.

Bu söz balaca sincabların ağlına batdı, fındığı götürüb yerə atdılar. Fındıq yerə düşən kimi ayaq açıb qaçmağa başladı. Bunu görən sincab balaları ağacdan enib didişə-didişə onun dalınca düşdülər. Sincablar fındığı qova-qova gəlib dərin dərənin qırağına çıxdılar.

Birdən fındıq əlini, ayağını yığıb dərə aşağı yumalanaraq gözdən itdi. Çarəsiz qalan sincablar geri qayıtmaq istəyirdi ki, sehrli göbələyin qara halqasına bənzəyən bir şey havada fırlanıb onları
tutdu. Sincablar bu halqanın içində çapalamaqda olsun, biz də görək onları tora salan kim imiş.

Sən demə, qoca palıddan yeddi mənzil uzaqda olan məmləkətin padişahı ova çıxıbmış. Bu həmin padişah idi ki yeddi qızı, yeddi min cəngavəri var idi.

Padişahın qızları at çapıb ox atmaqda, qılınc oynadıb, mızraq fırlatmaqda on igidə bərabər idilər. Odur ki, padişah hər min cəngavərə bir qızını sərkərdə qoymuşdu.

Padşah qızlarıyla ova çıxanda aslan yuvada, bəbir qayada, ayı kahada gizlənirdi.

Qızların bir gündə elədiyi ov qoşunun bir aylıq ərzağı olardı.

Amma bu dəfə padişah ov üçün başqa fərman vermişdi:

- Hər kim ən qəribə,ən gözəl heyvanı burnu qanamadan diri tutub gətirsə, taxt-tacımı ona həvalə edəcəyəm.

Atalarının fərmanını eşidən yeddi qızı atlarını yeddi səmtə çapdı, biri dağa, biri daşa, biri enişə, biri yoxuşa getdi. Ən kiçik qız isə atını ağzını qara əjdaha kimi açmış dərin dərəyə çöndərdi. Dərənin kənarına çatanda sincabları görən qız çox sevindi, ucuna tor bağladığı
kəməndini fırladıb, sincabları tutdu.

Atından enib onları torbaya qoymaq istəyirdi ki, sincablar insan kimi dil açıb yalvarmağa
başladılar:

- Ey igid ovçu, bizə rəhm elə, burax gedək anamızın yanına.

Nizəsindən baş, qılıncından qan əskik olmayan buna görə də el arasında Bayqan adlandırılan
şah qızının ürəyinə mərhəmət doldu, balanı anadan ayıran taxt-tacdan nə xeyir gələcək, deyə
düşünüb balaları buraxdı. Elə bu vaxt balalarını axtaran ana sincab özünü yetirdi, balalarının
sağ-salamat olduğunu görüb dedi:

- Ey comərd ovçu, sən ki mənim balalarıma rəhm elədin, səni görüm qızıl göbələyin ağ işığına bürünəsən.

Qız dedi:

- Ey ana sincab, oxu atıb yayı gizləmək comərdliyə sığmaz, de görüm qızıl göbələk, ağ
işıq nə deməkdi?

Sincab dedi:

- Mən sənə bu sirri desəm, balalarımla birlikdə daşa dönəcəyəm. Amma səni bu sirdən agah edəcək birinin yanına göndərə bilərəm.

Qız dedi:

- Yaxşı, sən deyən olsun, amma məni aldatsan, bil ki, yerin yeddi qat dibinə girsən, göyün
yeddi qat üstünə çıxsan, yenə də səni tapıb dərinə saman təpəcəm.

Sincab qoynundan bir fındıq çıxarıb qızın ovcuna qoydu və dedi:

- Bu fındığın tayı bilicinin evinə qaçıb, sən bunu ovcunda bərk sıxıb gözünü yum, qalanla işin olmasın.

Şah qızı fındığı ovcunda sıxıb gözlərini yumdu, elə bu vaxt göy guruldadı, yer nərildədi, quş tükünə dönən qız havada hərlənib-fırlanıb dərin dərənin dibindəki mağaranın qabağına
düşdü. Fındıq onun əlindən çıxıb hoppana-hoppana oxumağa başladı:

- Bayquş baba, quş baba,
Yatağından düş, baba.
Bir bəni-adəm gəlib,
Ver ona bəxşiş, baba.

Mağaranın dərinliyindən vahiməli bir uğultu gəldi. Fındıq dedi:

- Gir içəri, quşların bayı səni gözləyir.

Qız içəri girəndə heyrətdən ağzı açıq qaldı, ey dili-qafil, bu necə mağara idi?

Hər tərəfdə almaz,yaqut,zümrüd və əqiq topaları, qızıl və gümüş külçələr qalaqlanmışdı.

Mağaranın tən ortasında xas ənbərdən bir çeşmə qaynayırdı, çeşmənin başında qaya almasından yonulmuşt taxtın üstündə hər qanadında yeddi ləl asılmış boynuna yeddi qat zəbərcəd dolanmış nəhəng bir bayquş oturmuşdu.

Bayquş dedi:

- Ey qolu palıd cüssəli, çinar boylu igidlərdən güclü, ürəyi yaznçiçəyindən kövrək məxluq, sən ki hünərlilərdən hünərli çıxıb dərin dərənin dibinə enmisən, sənə qızıl göbələyin təkcə sirrini yox, sərvətini də verəcəyəm.

Qız dedi:

-Ey quşların padişahı, göbələk nədir ki, sərvəti də nə ola?

Bayquş dedi:

- Ey Şah qızı Bayqan, bil və agah ol, həmin o göbələk ki var, Ağ məmləkətin padşahını Özər şahdı, Qara cinin qızı ona aşiq olmuşdu, Özər şah onu qəbul etmədiyinə görə Qara cin Ağ məmləkəti palıd ağacına, əhalini işıldaquş və sincab,şahı isə göbələyə çevirdi.Bu fındıqlar isə şahın bağbanları idi, əlləri torpaqda olduğu üçün tamam tilsimlənməyiblər, yeddi ildən bir bu fındıqlar qoca palıdla dərin dərənin arasında yeddi dəfə gəzib xilaskar axtarırlar. Onların
xilaskarı isə qolu qüvvətli, ürəyi yumşaq, biliyi çox, tamahı az olan bəni-insandır.

Bayquş bunu deyib boynundakı zəbərcədin bir qatarını çıxarıb qıza verdi və dedi:

- Qoca palıda çatar-çatmaz bu zəbərcədin sapını qırıb yerə ataraq löh oxuyarsan.

Qız bayquşun dediyi löhü əzbərləməyə macal tapmamış bir də gördü ki, qanadlı atlara qoşulmuş qızıl furqonda dərin dərənin üstüylə uçub qoca palıda çatıb tez zəbərcədin sapını qırıb löh oxuya -oxuya ətrafa səpdi.

Buna bənd imiş kimi atlar kişnəyib yox oldu, yer yerindən oynadı,göy yerə qarın qoydu, ərəsəti-məhşəh yeddi gün, yeddi gecə davam etdi, səkkizinci gün yer yerində dayandı, göy yerinə çəkildi, ortalıq sakitləşəndə özünə gələn Şah qızı nə görsə yaxşıdı, qoca palıdın yerində almazlarla bəzənmiş büllur sarayın bağçasındadı, bağçadakı hovuzun başında qızıl taxtın üstündə bir oğlan yatıb, Nuh görsə, qamətinə, Davud görsə, əzəmətinə, Yusif görsə,
cəmalına heyran olar. Başında bir tac var, üstündəki ağ almazlar göydəki ulduzların şövqündən iti.

Şah qızı bir könüldən min könülə aşiq olub oxumağa başladı:

- Ay oğlan, sayqan oğlan,
Tilsimi yayqan oğlan.
Tilsimi qırmışam,
Yatmısan, oyan oğlan.

Özər şah nəğmə səsinə gözlərini açanda tilsimin sındığını görüb çox sevindi, öz tacının eynisi
olan bir tac gətirib Bayqan xanımın başına qoydu. Hər iki tacın üstündəki ağ almazlar parıldayıb işıq saçdı.

Ağ buludlar bu işıqdan vəcdə gəlib işıl-işıl ulduzları yer üzünə ələdi.Qara tilsimdən
xilas olan yer bu ulduzlardan toxuduğu ağ örpəyi üzünə çəkib şirin yuxuya getdi.

# 1601 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #