Öz atasının yasından qovulan oğul

Öz atasının yasından qovulan oğul
15 oktyabr 2021
# 12:50

Kulis.az Vüqar Babazadənin “Stabilizator” yazısını təqdim edir.

Bir gün eşşək Molla Nəsrəddini yerə çırpır. Üstü başı toz olan molla ona baxıb gülənlərə əhəmiyyət vermədən ayağa durur. Tövrünü pozmadan deyir: "Onsuz da, o atmasaydı özüm düşəcəkdim".

Zəruri haşiyə: Qoy oxucu əlini ürəyinin üstünə qoyub düşünsün. Axı biz hər zaman mənalı hərəkətlər etmirik. Maraqlı söhbətlər hər zaman alınmır. Həmişə ciddi və lazımlı şeylər danışmırıq.

Nədənsə lap uşaqlıqdan yadımda mənə heç vaxt lazım olmayacaq, həyatıma bir dəxli olmayan çoxlu mənasız xatirələr yığıb, saxlamışam. Bu cür xatirələr içində travmalarım, mənasız qorxularım, o vaxtlar balaca ürəyimi sıxıb, mənə əzab verən düşüncələrim də var. Misal üçün, heç bir səbəb olmadan, tozsorandan qorxurdum. Elə bilirdim ki, onun yanında qalsam, məni də içinə çəkib, yox edər. Tozsoranı burda saxlayıb, sizə başqa bir hekayə danışmaq istəyirəm.

Bu yaxınlarda təsadüfən bir evə qonaq getmişdim. Evdə stabilizator gördüm. Onun cızırtı səsi – Prustun romanlarında olduğu kimi – məni alıb uzaq keçmişə apardı. Ondakı həyatım, necə deyərlər, bütün çılpaqlığı ilə gözümün qabağına gəldi.

O vaxtlar televizorun, “krosno” antenanın ən bərk gedən vaxtları idi. Adamlar hər vəchlə evlərinə “krosno” antena quraşdırır, məmə deyəndən, pəpə deyənə qədər, hər kəs türk seriallarına baxır, görmədikləri yeni dünyaları acgözlüklə izləyirdilər. “Elnən gələn dərd, toy-bayramdır” deyib, təbii olaraq, biz də evə “krosno” antena çəkdirdik. İndiki kimi yadımdadır, antenanı quraşdırdığımız ilk gün, usta gecəyə qədər işlədi. Çox həyəcanlanmışdım. Hamı yatandan sonra dözməyib, "Yumurcak" kanalını açıb, səsini tam alaraq, reallıq hissimi itirənə kimi (bu ifadədən xoşum gəlir – V.Q.) adını bilmədiyim cizgi filmlərinə baxmışdım.

Amma bir problem vardı. Usta stabilizator quraşdırmadı. Daha doğrusu, dedi ki, "stabilizatora ehtiyac yoxdur". Evimizdə stabilizatorun olmamağına görə dəhşətli dərəcədə məyus oldum. Stabilizator mənim üçün xüsusi məna kəsb edirdi. Bir çox evlərdə onu görmüşdüm. “Krosno”su olan bütün qonum-qonşuda stabilizator qoyulmuşdu. Onun duruşu, üstündə qəribə, heç cürə baş aça bilmədiyim rəqəmləri, qırmızı şkalası, işıqları, cızırtısı məni mütəəssir edirdi. Xüsusilə, cızırtı səsinə qibtə edirdim. Mənə elə gəlirdi ki, hər şey stabilizatordan asılıdır. Əgər o bir saniyə cızıldamasa, bütün sistem məhv olar. Stabilizatoru olan insanlar da adi insanlardan fərqlənirdilər. Zövqlə geyinir, özlərini dartır, yeri gəldi-gəlmədi öz stabilizatorlarından danışırdılar. Onlara və stabilizatorlarına hörmət edirdim. Stabilizatoru olan evlərdə özümü qəribə hiss edirdim. Rus yazıçılarının təsvirlərində olduğu kimi, ay işığı süd kimi stabilizatorlu evlərə süzülürdü.

Stabilizatorlu ailələr heç vaxt dağılmır, evdə heç kim bir-biri ilə dalaşmırdı. Hiss edirdim ki, stabilizatoru olan atalarla, stabilizatoru olmayan atalar arasında ciddi fərq yaranır. Uşaqlar stabilizatoru olan atalarından qorxurdular, onların bir dediyini iki etmirdilər. Bir sözlə, stabilizatoru olan kişilərə iri həbəşi dodaqları, qara, qalın, burma bığları olan, bir oturuma bir bulud plov yeyib, üstündən bir ləyən çaxır içən, əsl Qafqaz kişiləri kimi münasibət bəsləyirdilər. Kişilik o vaxtlar stabilizatorunun olub-olmaması ilə ölçülürdü. Stabilizatorlu ailələrin uşaqlarına da hamı hörmət edirdi. Məktəbdə onlardan çəkinir, danışmağa qorxurduq. Onlar tez-tez bizə stabilizatorlarından danışır, onun cızırtı səsini təqlid edib, fəxarət hissi keçirirdilər.

Onda bir qız sevirdim, onların stabilizatoru olduğu üçün, təmiz, saf sevgimi ona etiraf edə bilmirdim. Ümumiyyətlə, stabilizatoru olan ailələrin qızları çox gözəl olurdular. Onları sevmək üçün ilk növbədə sənin də stabilizatorun olmalı idi. Qız elə gözəl idi ki, xalq nağıllarımızdakı gözəllər kimi, aya deyirdi sən çıxma, mən çıxım. Bir cüt istəyirdi ki, qızın hüsnünə baxsın. Amma stabilizatorumuz olmadığı üçün eşqimi ona bəyan edə bilmədim. Sevgimi ürəyimdə öldürüb, basdırdım.

Stabilizatorlu evlərdə də adi adamların baxdığı kanallara baxmırdılar. Onlar stabilizatorlarının sayəsində bizdən fərqli olaraq başqa dünyalara açılır, sirli-müəmmalı guşələrə səyahət edirdilər.

Əlqərəz, evimizə stabilizator qoyulmadı. Bu mənim üçün faciənin başlanğıcı sayılırdı. Bütün cəhdlərimə baxmayaraq, valideynlərimi stabilizatorun vacibliyinə inandıra bilmirdim. Evdə daim səksəkəli gəzir, hansısa bədbəxt hadisənin olmağını gözləyirdim.

Bir dəfə ailəlikcə “Aşka Sürgün” serialına baxırdıq. Hazarın Zilanı öpdüyü yerdə birdən kanal pozuldu. Heç kim bəlli etməsə də, hiss etdim ki, hamı bərk kədərləndi. Mən bu hadisənin stabilizatorumuzun olmadığından qaynaqlandığına tam əmin idim. Ürəyimdə ustanın hər şeyinə lənət oxudum. Bu hələ başlanğıc idi. Mən bilirdim ki, stabilizatorumuzun olmamağına görə antenamız xarab olacaq, televizorumuz partlayacaq, ailəmiz dağılacaq, valideynlərimdən kimsə öləcək, evimiz yanacaq, hamımız yox olacağıq...

Bu düşüncələr mənə hər ötən gün daha çox əzab verir, psixologiyamı pozurdu.

Günlərin birində atam rəhmətə getdi. Bizim evimizdə şərait olmadığından, yas əmimgildə baş tutdu. Çox məyus olmuşdum, uşaq ağlımla ölümün – yox olmaq, itmək, bir daha geri gəlməmək olduğunu başa düşürdüm. Amma bu məyusluğumu əyani olaraq göstərə bilmirdim. Atam üçün ağlaya bilmirdim. Özümü nə qədər məcbur etsəm də yalandan da olsa bir-iki əl ağlamağı bacarmadım...

Atamın üçündə yas çadırında oturan qonaqlara çay süzür, boş stəkanları götürüb, qonaqlara qulluq etməklə başımı qatırdım. Bu an heç vaxt unuda bilmədiyim bir şey baş verdi. (bu cümlədən istifadə etdiyim üçün, gərək məni bağışlayasız – V.B.) Qonaqlardan birinin yarı dolu stəkanını, ondan soruşmamış qabağından götürdüm. Sən demə, bu hərəkət təhqir kimi başa düşülürmüş. Kişi ayağa durub, qolumdan tutdu. Üstümə qışqırıb, məni çadırdan qovdu. Pərt oldum. Əmimgilin evinə qaçıb, boş otaqlardan birinə girdim. Yerdə oturub, bir müddət hərəkətsiz qaldım. Bu anda gözümə bir stabilizator sataşdı. Bütün bu olanlar məni çox incitmişdi. Elə ordaca stabilizatoru qucaqlayıb hönkür-hönkür ağlamağa başladım. Ağlaya-ağlaya fikirləşirdim ki, bəlkə, stabilizator bu cür məyus olduğumu görüb, atamı geri qaytarar...

Mən indiyə qədər hələ də bəzən fikirləşirəm ki, stabilizatorumuz olsaydı, atam ölməzdi...

# 22147 dəfə oxunub

Oxşar xəbərlər

# # #