Miras - Nərgiz Rəhimli   

Nərgiz Rəhimli

Nərgiz Rəhimli

12 dekabr 2021
# 15:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nərgiz Rəhimlinin “Miras” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Uşaq vaxtı kəndə getmək üçün səbrsizlənirdik. Məktəblər bağlanan kimi atama bizi kəndə aparması üçün yalvarardıq və yavaş-yavaş hazırlaşırdıq. Ən çox babam və nənəmgildə qalmaq bizə xoş idi. İki qocanın xudmani, balaca ikiotaqlı yer evləri bizə o qədər doğma idi ki, özümüzü orda dünyanın ən xoşbəxti hesab edərdik. Uşaqların nənə, baba sevgisi başqa olur. Babam çox əməksevər kişi idi. Həyəti balaca olsa da orda yeni ağaclar əkir, vaxt tapdıqca özü yeni nələrsə düzəldirdi. Axı o həm də usta idi. Evin qabağında böyük alça ağacı var idi. Onun altında babamın əlləri ilə düzəltdiyi stol-stul var idi. Günün böyük hissəsini orda oturar nənəmin dəmlədiyi gözəl, ətirli çayı içib, yemək yeyirdik. Nənəm də gün ərzində bizə dadlı yeməklər bişirər, vaxt elədikcə təndirdə çörək, külçə eləyərdi. Axşamlar evə yığışardıq, “Qırmızı” radiodan xəbərlərə qulaq asıb, bir tərəfdən nənəmin toxumaq üçün hazırladığı sapları ayırardıq. Arada kefinə düşəndə bizə nağıllar danışar, ya da çox israr etsək kənddə baş verən qəribə hadisələri xatırlayar, yuxuya getməmiş danışardı. Nənəm deyərdi ki, o vaxt qızlar tez ailə qururmuş. 13, 14, 15 yaşında ailə qurduqları zaman əllərindən hər iş gəlməli idi. Toxumağı bacarmalı, öz gəlinlik xalçalarını özləri toxuyub gətirməlidilər.

Nənəm həmişə deyərdi, “Əmin olmadığınız insanla evlənməyin”. Ailə həyatı düşündüyünüz qədər asan iş deyil. Sevmək və sevilmək bir yerdə olmayanda ailədə birlik, səmimiyyət hətta əxlaq da yarımçıq olacaq. Bununla bağlı yüzlərlə hekayə danışmışdı. Nişanlısını atıb başqasıyla qaçanlar kim, sevdiyini başqasına verirlər deyə intihar edənlər kim. Bu kənd çox yaşanmışlıqlar görüb, çox yarımçıq sevgilərin şahidi olub. Nənəm həmişə danışanda əli ilə yaxınlıqdakı təpəliyi göstərib deyərdi, “Bəs ona görə ora səssiz təpə deyirlər” çox şeyin şahidi olub o təpə.

İllər sonra böyüyəndə ailə qurmaq haqqında həmişə tərəddüdlərim olurdu. Nənəmin danışdıqları qulaqlarımda sırğa olmuşdu. Ailə qurmağı qərar vermək o ailəyə sahib olmaqdan daha çətin idi.

Yadımdadır elçi gələn gününün axşamı nənəmi qucaqlayıb ağlamışdım. Mənə təsəllini belə vermişdi. Mənə kiçik bir hədiyyəsinin olduğunu demişdi. İllərdi saxladığı balaca dəmir sandığın paslanmış qıfılını o tərəf bu tərəfə çevirib açdı. Qocalmış və titrəyən əlləri ilə sandığın qapağını açmaq üçün dizlərini yerə qoydu. Sandığın içindən balaca bükülmüş parça çıxartdı. Yaxınlaşıb mənə uzatdı. Bu balaca xalça idi. Üstündə Leyli və Məcnun şəkli təsvir edilmişdi.

- Bu mənim cavanlıqda toxuduğum xalçadı. Leyli və Məcnun təsvirli ilk xalçam. Bu gün bunu sənə hədiyyə edirəm. Mən yaşlanmışam bu gün varam sabah yox. Heç olmasa məndən sənə nəsə yadigar qalar.
Nənəmin bu hədiyyəsi mənim üçün ən gözəl mirasdır.

# 1868 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #