Mənim qoca xatirəm - Ağgül Feyziyeva

Ağgül Feyziyeva

Ağgül Feyziyeva

23 noyabr 2021
# 15:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ağgül Feyziyevanın "Mənim qoca xatirəm" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

2013-ci ilin sentyabrı idi. Tələbə adını qazanmışdım, çox insan kimi mən də kənddən gedib, qohum evinə sığınanlardan idim. Dayımın evi kollecə yarım saat uzaqlıqda yerləşirdi. İlk gün anam məni apardı, sonra 1-ci sinifə gedən uşaqlar kimi “bax bundan sonra özün gedəcəksən, yoldan keçərkən ehtiyatlı ol”deyə tənbeh etdi.

İçimdə tələbəyəm deyə qram həyəcan yox idi, çünki xəyallarım böyük, şərtlərimiz isə bir o qədər kiçik olduğu üçün kollec tələbəsi olmuşdum.

Bir həftə boyunca özüm sərbəst gedib-gələ bildim. Hər həftənin 5-ci günü marşurutla evimizə gəlirdim. Bu həftə də tələsə-tələsə avtovağzala çatdırdım özümü. Artıq 18:45 idi və marşuruta gecikmişdim. Kor-peşman avtovağzaldan çıxıb, şəhəriçi marşurut gözləməyə başladım. Xeyli müddət gözlədim, gəlmədi, bəlkə də yanlış dayanacaqda dayanmışdım, bilmirəm.

Bir saatlıq yolu piyada gəlib dayımgilin küçəsinə çatdım. Küçənin başında rus romanından çıxmış kimi, qalın paltolu, çəkməli, üz-gözü tüklü, başını aşağı salıb zibil yeşiyinin yanında gözləyən bir kişi var idi. On altı yaşımda olmağıma baxmayaraq, qorxularımdan qurtula bilməmişdim. Yanından ayağım titrəyə-titrəyə keçdim. Nəhayət, dayımgilə çatdım. O günü yemək yemədim, soruşanlara isə yemişəm dedim. Heç kimə heç nə danışmadan yatdım. O evdə doqquz nəfər qalırdıq. Dayılarım, ailəsi, nənəm, üç xalam oğlu və mən. Dördümüz də kənddən gəlmişdik, onlar məndən bir yaş balaca idilər. Çətin günlər idi, ancaq məndən başqa hamının tək hədəfi var idi. Yaxşı gələcək sahibi olmaq.

Səhər açılan kimi onlar hazırlığa, mənsə anamın tənbehlədiyi yol ilə kollecə gedirdim. Göy rəngli dəri pencəyim, əynimə həddindən artıq boş qalan cins şalvarım və krasofkam var idi. Yəni yaşıdlarım qədər baxımlı deyildim. Kollecdə isə ilk ilimdə heç kim mənimlə yaxın deyildi. Daha doğrusu, mən özüm də deyildim. Elə hər şey o ilk ildə bilinir oldu.

Dərs bitir, mən evə qayıdıram və zibil yeşiyinin yanındakı o kişini hər dəfə görürəm. Beləcə, biz dəfələrlə qarşılaşırdıq. Mənə eləcə baxırdı, mən də ona. Sanki nəsə soruşmaq istəyirdi, ancaq soruşa bilmirdi. Onu o qədər görmüşdümsə, kimliyini bilməsəm belə mənə doğma gəlirdi. Həmsöhbət olmaq istəyirdim.

Günlərin bir günü, dekabrın on doqquzu idi. Yenə həmin yerdən keçəndə, kişi məni çağırdı. Adımı bilmədiyi üçün, “ay qızım, bir bura gəl” dedi. Mən də təəccüblü baxışlarla yaxınlaşdım.

- Sən kimin qızısan? Adın nədir? Hara gedirsən?

Bütün suallarına cavab verdim və oradan sağolun deyib uzaqlaşdım.

Beləcə, hər dəfə oradan keçəndə kişiyə salam verib yoluma davam edirdim.

Yeni il tətilində öz evimizə gəlmək vaxtı idi. O vaxtlar heç evimizə belə aid deyildim. Öz içimdə yoxa çıxmışdım. Şüuraltımda isə mənə o kişidən, onun həyatından maraqlı heç nə gəlmirdi.

Ancaq marağın yanında, utancaqlığım imkan vermirdi onunla maraqlanmağa. Bir dəfə mənə yaxınlaşıb, mənim üçün kitabxanadan kitablar gətirə bilərsən dedi? Mənim də yerimə sanki o qorxaq uşaq gedib, başqası gəlmişdi.

- Əlbəttə, gətirərəm.Hansıları istəyirsiniz?

Dörd kitab saydı. Anna Karenina, Şinel, Əzilənlər və Lermontovun seçilmiş əsərləri idi. Ertəsi gün dördünü də götürüb evə qayıdan zaman kişiyə verdim. Bu şəkildə dəfələrlə ona istədiyi kitabları gətirirdim, oxuyub qaytarırdı.

Aylar sürətlə keçib il olmuşdu. Və mən artıq üçüncü kursda oxuyurdum. Dayımgilin ailəsi genişlənmişdi, mənim orada qalmağımın isə heç adı yox idi. Bir şəkildə oradan ayrılıb, başqa yerə köçdüm. Qaldığım yer ilə köhnə ev arasındakı məsafə isə xeyli uzaq idi. Oradan ayrıldığım üçün kədərli idim. Bunun tək səbəbi isə bir də o kişini görə bilməyəcəyim idi. Arada dayımgilə gəlirdim, ancaq küçədə o yox idi. Onda yenə dörd kitab qalmışdı. Kitabxanaya qaytarmalı idim. Ancaq adını, hekayəsini bilmədiyim o kişini tapa bilmirdim. Üçüncü kursu da başa vurdum. Qaldığım bu evdən də ayrılmalı və yenidən dayımgilə qayıtmalı idim. Ötən kurslara nəzərən bu il bir az xoşbəxt idim. Yenə aid olduğum yerdə deyildim, ancaq qəbullanmışdım özümü. Bu məni rahatladırdı. Ağlımda isə təkcə o kişiylə söhbətləşmək var idi.

İlk dərs günü idi. Əynimdə qara şalvar, portağal sarısı köynək var idi.İlk dəfə saçlarımı düzləşdirib, açıq tökmüşdüm. Buna rəğmən içimdə qəribə hisslər var idi. Elə bil dünya bu gün dağılacaq idi. Bu düşüncələri kənara atıb diqqətimi dərsə verdim. Bir gözüm isə saatda idi. Tez bitirib,o kişiylə rastlaşıb, söhbət etmək istəyirdim.

Dərsdən çıxdım və məhləyə çatmışdım. İrəlidə böyük bir insan qışqırığı eşidilirdi. Polis, təcili yardım maşınlarının səsi insanın qulağını deşirdi. Qorxa-qorxa yaxınlaşdım, bir qadın ata deyə qışqırırdı, bir nəfər cavan oğlanı isə polis maşınına doğru aparırdılar.

Yaxınlaşdım, nə olub burada deyə soruşdum. Səməd kişini oğlu qətlə yetirib dedilər. Mən də Səməd kişinin kim olduğunu bilmirdim. Ətrafa xeyli baxıb, zibil qutusunun yanında o kişini görmədən evə getdim. Hadisədən iki gün keçmişdi. Evdə, küçədə hamı hələ də bu qətldən danışırdı. Mən isə o kişini axtarırdım. Dözə bilməyib, dayımdan soruşdum ki, orada dayanan bir kişi var idi. Yəqin ki, görmüsən onu bu il görməmişəm. Sənin heç qarşına çıxır?

Dayım, Səməd kişi öldü də. Oğlu öldürüb deyirlər. Dünya bir anlıq ayaqlarımın altından çəkildi, heç nə deyə bilmədim və otağıma yönəldim.

Mənim adını bilmədiyim doğmam artıq yox idi, mənim hər gün gülümsəyib, yanından keçdiyim o kişi həmişəlik getmişdi.

Mən özüm də ona həmişəlik gecikmişdim. Bilirəm ki, danışacaq çox şey var idi.

Hər dərs çıxışı onun dayandığı yerdə dayanıb, ətrafa baxırdım. Sonra udqunurdum, sonra yenə evə gedirdim. Beləcə, dördüncü kursu da başa vurdum. Səməd kişi isə heç ağlımdan çıxmırdı. Onda qalan dörd kitab da beynimin bir küncünə ilişib qalmışdı. Dayımgildən ayrılarkən, xahiş etdim ki, ailəsindən o kitabları istəsin.

Ailəsi də heç tərəddüd etmədən kitabları dayıma vermişdi. İndi mənim qəlbimin bir küncündə Səməd kişi, kitab rəfimdə isə Lermontov, Qogol, Bukovski və Tolstoy kitabları var.

Zibil qutusu olan yerdə isə, uşaqlar üçün qocaman bir park salıblar.

# 4320 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #