Mənim dalğam... - Bahar Əzizova

Bahar Əzizova

Bahar Əzizova

13 dekabr 2021
# 16:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Bahar Əzizovanın “Mənim dalğam” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Necə də böyük arzuları var idi… Ancaq uça bilmirdi... sürünürdü sahil boyunca... qırılmışdı qanadının biri. Çabalayırdı yerdə...

Çabalayır və xəyallar qururdu. Nə zamansa sahilin qumlarından canını qurtarıb uzağa çəkiləcəkdi...

Günlər keçir, o isə sahil qumlarının üzərində sürünməkdə davam edirdi. Yaralı qanadının dərisi soyulurdu, sümüklərində hiss edirdi ağrıları. Bəzən sahildən qarşısına çıxan qidalarla qidalanır, bəzən isə öz qurduğu xəyallarla qidalanırdı.

Günəşli havalardan sonra, o sərt qışla qarşılaşdı. Havalar getdikcə soyuyur və onu çətinliklər gözləyirdi. Çırpınırdı dənizin kənarında. Gecə olurdu, onun cansız bədəni titrəməyə başlayırdı. Şiddətli külək soyuq qumları yerdən qaldırıb onun üzünə çırpırdı. Sanki cəzalandırırmış kimi!

O, hiss edirdi ki, artıq nəfəs ala bilmir. Amma nə də olsa, onun içində hələ də kiçik bir ümid var idi. O düşünürdü ki, nə zamansa qurtula bilər. Onun get-gedə pisləşən halı isə heç də bunu təsdiq etmirdi. O, haldan düşür, qanadı isə ona dəstək əvəzinə əngəl olurdu. Bəzən də fırtınalı dəniz və dəli dalğalar onun yarasına sanki lap duz basırdı. Dalğaların sahilə çıxardığı bütün çör-çöplər onun yarasına toxunur və yarasını bir az da dərinləşdirirdi.

O, çox üşüyürdü. Bədəninin nazik qırılğan tüklərini dəniz suları islatmışdı. Soyuqdan bədəni gömgöy göyərmişdi . Tir-tir əsirdi. Gecənin ağırlığı və qaranlığı da onu çox qorxudurdu. Onun ən böyük qorxusu qanadını tamamilə itirmək idi. Ailəsi vəhşi təbiətin qurbanı olmuş, o isə lap son anda canını qurtara bilmişdi… Beləliklə onun qanadı və ruhu həmin faciədə yaralanmışdı. Ailəsini itirməyin yarası sağalmayan kimi, qanadının da heç vaxt sağalmayacağını düşünürdü.

Dəniz dalğalanır... O isə nə özündə idi, nədəki, yarasını hiss edirdi. O artıq yox idi... Uzun və dəhşət dolu bir gecədə nə olacağı bilinmirdi...

Budur, səhər açılıb. Günəş boylanırdı buludların arasından. Hər yan quşların səsinə təslim olmuşdu. Təbiət canlanır, ağaclar nəfəsini dərirdi. Səmadakı duruluq və hüzur bütün canlıları yeni doğulmuş körpə kimi sakitləşdirirdi. Havada uçuşan kəpənəklər də sanki hamını salamlayır və gözəlliklərin arxasıyca aparırdı.

O isə ətrafa nəzər salır, baş verənləri anlamağa çalışırdı. Bütün bunlar ona yuxu kimi görünürdü. Onun gözlərində həm qorxu və kədər, həm də sevinc və təbəssüm vardı. Sevinc qorxuya qalib gəlib onu da təbiətin qoynuna almaq, yenidən həyata qaytarmaq istəyirdi. O, gözlərini bir də açdı və yarasına nəzər saldı. Soyulmuş dərisindən görünən qanlı sümüklərinə baxdıqca baxdı...

Qanadını bu halda görüb son ümidini də itirməyə başladı. Sanki yarasının dərinliyində sızlayan sümüklərinin ağrısı da onu ruhdan salmaq istəyirdi. O düşündü ki, bundan sonra nə olsa da artıq gecdir, daha heç kim və heç nə ona kömək etməyəcək, məlhəm olmayacaq. Hər zaman olduğu kimi...

İndi onun tək arzusu var idi: ya dənizə atılıb qırçın suların dərinliyində boğulmaq, yadaki son dəfə səmaya qalxmaq və səmanın ənginliklərində yox olmaq...

Ancaq içindəki mübhəm bir səs isə ona “sən yaşamalısan!” deyirdi. O, həmin xilaskar dalğanın həsrətini çəkməyə başlamışdı. “Bəlkə də yenə gələcək həmin dalğa”, deyə düşünürdü. ”Axı mən o dalğanın sayəsində sahilə çıxmağı bacarmışdım. Bəlkə də gəlməyəcək...”.

“Mən ucsuz-bucaqsız sahilin tam ortasında yaralı qanadımla tək-tənha yaşamaq istəmirəm. Mən öz sevimli dalğamı, öz gəmimi gözləyirəm. O gələcək, bilirəm. Gəmim də gələcək, dəli dalğam da gələcək. Mütləq gələcək!”

P.S. Yaralı bir quşun timsalında qələmə aldığım bu hekayəmin baş və tək qəhrəmanı elə mən özüməm.

# 3309 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #