“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi
17 noyabr 2024
# 15:00

Kulis.az Sonası Vəliyevanın "“Ka”nı xoşbəxt edən yazıçı" hekayəsini təqdim edir.

Onun haqqında danışanda öz adı ilə deyil, "Ka" deyə çağırılması ürəyincə olardı. Özü də lap ürəyincə olardı. Ancaq o, kitab üzü açmayan, bir-iki kəlmə ilə hal-əhval tutmaqdan, arvadı və müdirindən gileylənməkdən başqa əlindən bir iş gəlməyən dost-tanışının yanında bu istəyini dilə gətirməzdi. Elə özü də fikirləşirdi ki, türk yazıçısının romanlarından birində tanış olduğu "Ka" adlı obraza vurğunluğu, ədəbiyyatda bir deyil, bir neçə "Ka" adlı obrazın olduğunu öyrəndikdən sonra tez əl-ayağa düşüb "Ka" və ya "K" adı keçən demək olar ki, bütün romanları tapıb oxumağı, yazıçıların qəhrəmanlarını "B", "S", "D" və digər hərflərlə adlandırmaq əvəzinə məhz "K" hərfinə daha çox üstünlük vermələrinin niyəsini araşdırmağı barəsində moizəsini dinləmək başları dərddən açılmayan dost-tanışın nəyinə gərəkdir? Buna görə də onu bu istəyinə görə məsxərəyə qoyub həmdəmxəyal adlandıracaq kəslərə belə ürəyində zərrəcə kin bəsləməzdi. Bircə ciddi ədəbiyyat oxumaqları ilə öyünən bir-iki dostuna həmin ada necə meyil salmasından həvəslə ağızdolusu danışmışdı; onlar da aradabir keflərinə düşəndə xətri xoş olsun deyə ona "Ka" deyərdilər.

Onun özü də boş vaxtlarında hekayələr yazırdı. Bu hekayələrdən bir neçəsi yerli ədəbi sayt və qəzetlərdə dərc olunsa da, indiyə kimi heç bir üzdə olan yazıçı və tənqidçinin diqqətini cəlb etməmiş, elə həmin sayt və qəzetlərin səhifələrində it-bat olmuşdu. Lakin, bu görünməzlik, itib-batmışlıq onu zərrə qədər də olsa məyus etmir, tez-tez "Hələ potensialımı bütünlüklə ortaya qoyduğum əsərimi qələmə almamışam" deyərək özünə toxtaqlıq verirdi. Elə bu yaxınlarda potensialını tam ortaya qoya biləcəyi romanının məzmununu da fikirləşib tapmışdı. Bir müddət indiyə kimi oxuduğu bütün kiçik və iri həcmli əsərləri beynində süzgəcdən keçirdikdən sonra bu qənaətə gəlmişdi ki, dünya ədəbiyyatında həqiqətən xoşbəxt adlandıra biləcəyi obraz yoxdur. Və o, həmin obrazı yaratmaq qərarına gəlmişdi. Bəzən nə qədər fikirləşirdisə də, əsərin ta əvvəlindən sonuna kimi özünü xoşbəxt hiss edən, baş verənlərdən xoşhal olan heç olmasa bir obrazın adını belə xatırlamırdı. Yadına düşənlər isə dərin mənəvi böhran keçirən və ən sonda sualları cavabsız qalanda özlərini olduğu kimi qəbullanmaqla təskinlik tapan psevdo-xoşbəxt obrazlar idi. Gününü orda-burda veyillənməklə keçirən, gündəlik məişət qayğılarıyla əlləşən adi adamlar, özünün diliylə desək, bəzi Coyssayağı qəhrəmanlar da onun xoşbəxtlik anlayışına uyğun gəlmirdi.

Hərdən fikirləşirdi ki, ciddi ədəbiyyat dedikləri bumudur? Yəni təkcə daim iztirab çəkən, ekzistensial suallarla özünü yeyib-bitirən qəhrəmanlar ədəbiyyatda təsvir edilməyə layiqdir? Yoxsa bu təsvir bəzən hətta ən yaxınının belə xoşbəxtliyini gözü götürməyən orta statistik oxucunu zərərsizləşdirmək üçündür? Bəzən belə suallar ətrafında baş sındırmağın əhəmiyyətsiz olduğunu düşünür, bəzən isə universitet illərində əzbərlədiyi konspektlərdən Sovet tənqidçilərinin Çarlz Dikens və İngiltərədə sənaye inqilabı ilə bağlı mülahizələrini yadına salıb suallarına cavab axtarardı. Fikirləşəndə ki, ağlına bu cürə intelektual suallar gəlir, bax, onda özüylə qürur duyar, bir tərəfdən də cəmiyyətin belə dərin məsələləri sorğulayan insanlara qarşı laqeyd münasibətinə heyfsilənərdi. Ancaq yenə də ruhdan düşməz, dəftərində suallarla bağlı qeydlər aparar, öz “xoşbəxtlik” nəzəriyyəsini əsaslandırmaq üçün 19-cu əsr İngiltərə tarixi və ədəbiyyatından istinadlar gətirərdi:

“19-cu əsrin ortalarına qədər qələmə alınan ingilis romanlarında qəhrəmanlar ya dəlisov macəralarla başlarını qatır, ya da əsər boyu sevgililərinin xiffətini çəkirdilər. Onlar xoşbəxt olmasalar da, tutunacaqları malikanələri, çoxlu boş vaxtları var idi. Gündüzlər dəbdəbəli evlərində ali iztirab hissi ilə savaşır, ünvanı bəlli olmayan uzun-uzadı məktublar yazır, axşamlar isə snobların, elit təbəqə nümayəndələrinin toplaşdığı ziyafətlərdə rəqs edirdilər.

İngiltərədə sənaye inqilabı cəmiyyətin təbəqələşməsini sürətləndirdi; işçi sinfi əyalət insanlarının iri şəhərlərə kütləvi axını nəticəsində formalaşdı. İndi böyükdən kiçiyə hər kəs bir qarın çörək pulu üçün fabriklərdə səhərdən axşama kimi dayanmadan çalışır, elə həmin fabriklərin ərazisində yerləşən zir-zibil basmış və üfunət iyi verən gecəqondularda yaşayırdılar. İşləməkdən canları çıxan bu insanların nə eşqbazlıq oyunlarına, nə də cəfa çəkməyə ayıracaq vaxtları yox idi.

Çarlz Dikens romanlarında yoxsul işçi təbəqənin üzləşdiyi problemləri, uşaq istismarını, sosial ədalətsizliyi işıqlandıran ilk Viktoriya dövrü yazıçılarındandır. O, adi adamları əsərin mərkəzinə yerləşdirməklə roman janrını göylərdən yerə endirdi. Onun əsərlərində öz prototipini görən kasıb orta təbəqə nümayəndələri arasında yazıçıya qarşı böyük maraq yaranmışdı. Hətta gəliri bir az yüksək olan ailələrdə bütün ailə üzvlərinin axşam saatlarında bir yerə toplaşıb Dikensin hekayələrinin, romanlarından hissələrin yer aldığı qəzetləri uca səslə oxuması gündəlik vərdişə çevrilmişdi. Bununla da roman janrı daha da kütləviləşdi. İndi yazılı ədəbiyyatda təkcə elit təbəqə nümayəndələri iztirab çəkmirdi; yoxsullar, adi adamlar, işçi sinfi də bu iztirabdan öz payını alırdı. Beləliklə də 19-cu əsr adi adamı ədəbiyyatın əsas fiquruna çevirdi”.

O, qeyd dəftərində yeni romanının baş qəhrəmanı “Ka” üçün də yer ayırmışdı. Bəli, o, xoşbəxt qəhrəmanına “Ka” adını vermişdi. Digər romanlarda üzü gülməyən, bəxti gətirməyən “Ka” onun romanında nəhayət ağ günə çıxacaqdı. O, “Ka” ilə bağlı qeydlər apararkən bir yandan da “yas içində olan” müasir Azərbaycan ədəbiyyatına xoşbəxt qəhrəman bəxş etdiyinə görə hələ bir cümləsini belə qələmə almadığı romanına tənqidçilərin pafoslu sözlərlə təriflər yağdırdığını xəyal edirdi. O, sübut etmək istəyirdi ki, bu cür obrazlar təkcə utopik romanlarda təsvir olunmur. Onun xoşbəxt qəhrəmanı heç yerdə mövcud olmayan utopik dövlətin vətəndaşı deyildi. “Ka” elə onun yaşadığı şəhərin sakini idi. Bu şəhərdə isə heç də hamı xoşbəxt deyildi:

“Ka – 35 yaşında gənc musiqişünas. Ka sevdiyi işlə məşğuldur. O, musiqi məktəblərindən birində dərs deyir. Maaşı az olsa da, şikayətlənmir. O, bu peşəni seçməzdən qabaq ədəbiyyatşünas, rəssam, və ya musiqişünas olmaq istəyən digər gənclər kimi özünə “Görəsən, bu peşəni seçsəm, acından ölmərəm ki?” sualını verməmişdi. Babasından qalan miras onu bu kimi şeyləri özünə dərd etməməyə öyrəşdirmişdi. Evlidir, iki uşağı var. Ka öz həyatından, yaşayışından məmnundur. Əsər boyu o, peşəsinə olan sevgisindən, gəzdiyi ölkələrdən, həmin ölkələrdə içdiyi şərablardan ağızdolusu danışır. Kanın vasitəsilə oxucu həyatdan məmnun qalmağın nə demək olduğunu dərk edir. Bu cür obrazla tanışlıq xoşbəxt olmağı yadırğayan oxucu üçün göydəndüşmədir. O oxucu ki, müasir ədəbiyyatdan özünə qapanmağı, fikirli-fikirli gəzməyi, hamıdan küsməyi, hər şeyi sorğulamağı öyrənib”.

Onun bütün qeydləri ya “Ka”, ya da xoşbəxtlik nəzəriyyəsi ilə bağlı idi. Hərdənbir ağlına onu narahat edən çoxlu suallar da gəlirdi. Ancaq həmin suallardan yayınar, onlarla bağlı heç bir qeyd aparmazdı. Bəzən isə nə qədər səy göstərsə də, sualların düşüncələrini zəbt etməsini əngəlləyə bilməzdi. O, bu sualları cavablamaqdan boyun qaçırardı, çünki özüylə bağlı dilinə gətirə bilmədiyi bəzi həqiqətlər həmin cavablarda gizlənmişdi; xəyalpərəstliyi, beynində gəzdirdiyi böyük ideyaların heç birini indiyə kimi reallaşdıra bilməməyi, Don Kixotluq eləməyi. Bu suallar ona xoşbəxt olmadığını xatırladardı və o, xoşbəxtsizliyinin acığını yazıçılardan, oxuculardan, tənqidçilərdən çıxar, bütün ədəbiyyatı günahlandırardı:

“Bəlkə mən xoşbəxt obraz yaratmaq bəhanəsiylə illərlə içimdə basdırdığım və heç vaxt reallaşdıra bilmədiyim istəklərimi, arzularımı dilə gətirmişəm? Kanın timsalında öz yaşamaq istədiyim həyatı təsvir etmişəm? Bəlkə Ka elə mənim özüməm? Ancaq bəxti gətirmiş mən, olmaq istədiyim mən. Belə çıxır ki, mən xoşbəxt deyiləm? Yəni Ka mənim kimi yaşasaydı, həyatından məmnun olmazdı? Səhərlər işə getmək, axşam işdən sonra dostlarla çayxanada söhbətləşmək, aradabir boş vaxt tapanda kitab oxumaq, yaşadığı xruşşovkanın yanındakı parkda gəzişmək xoşbəxt olmaq üçün kifayət deyil? Yəni mən özümdən utanıram? Mənim kimilər əsərin xoşbəxt protoqanisti olmağa layiq deyil? Mütləq mənə kimdənsə mirasmı qalmalıdır? Mənim əsərimin baş qəhrəmanı təkcə musiqi məktəbindən aldığı quru maaşla özünü xoşbəxt heab edə bilməz? Yox, özünü aldatma. İndiki dövrdə heç kim ağacın altında bardaş qurub dərin düşüncələrə dala-dala xoşbəxt olmur. Pulu olmayan ədəbi qəhrəmanı heç əsərdəki digər obrazlar da saymır. Bəs oxucular? Əgər romanımı oxusaydılar, Kaya necə münasibət bəsləyərdilər? İndidən özümü onların kinayəli suallarına hazırlayıram. Bizə nəyi sübut etmək istəyirsən? Uğursuz olduğumuzu yoxsa öz uğursuzluğunu? Məgər sən bizə öz romanınla düzgün yaşamağı öyrədirsən? Məgər biz necə yaşamaq lazım olduğunu bilmirik? Sən yazıçısan yoxsa həyat koçusan? Oxucuların nə fikirləşdiyi məni niyə narahat edir ki. Mən deyildim “İndiki yazıçılara ortaya samballı bir əsər qoymaq maraqlı deyil. Onlar bütün enerjilərini ancaq və ancaq oxucuları məmnun etməyə sərf edirlər” deyən? Bax, indi heç özün də o yazıçılardan fərqlənmirsən. Görəsən mən əsərimin protoqanistini Ka deyə çağırmaqla bu adı ucuzlaşdırmıram ki? Axı, Ka və ya K dünya ədəbiyyatında bir çox samballı romanın baş qəhrəmanı olub. Digər romanlarda Ka adətən pessimistdir. Mənim yazacağım romanda isə o gülür, əylənir, səyahət edir. Yox, mən Kanı “Əgər kamilləşmək istəyirsənsə, dərd çəkməli, çətinliklərə sinə gərməlisən.” klişesindən azad edəcəm”.

Onun düşüncələrindən qova bilmədiyi daha bir sual da var idi. Bütün suallar içərisində onu ən çox məyus edən də bu sual idi. Məyus olurdu, çünki anlayırdı ki, vəd etdiyi xoşbəxtliyi “Ka”ya verə bilməyəcək; “Ka”nı ağ günə çıxarmaq istəyi illuziyadan başqa bir şey deyildi:

“İldə bir-iki dəfə çaxır içirəm, o da ancaq bayram günlərində marketdən aldığım beş-altı manatlıq çaxır. Ömrümdə cəmi iki-üç dəfə Bakıdan kənara çıxmışam, o da ancaq rayonda yas düşəndə. Bəs mən indi görmədiyim ölkələrdən, içmədiyim çaxırlardan nə yazım”?

Hərdən fikirləşərdi ki, bəlkə xoşbəxt edə biləcəyi başqa obrazlar da var. Elə obrazlar ki, onları xoşbəxt etmək daha asan olsun. Onları təsvir edəndə məyus olmasın. Hərdən də “Ka”ya sahiblənmək istəyi onu bu fikrindən daşındırardı. Ancaq nə vaxt ki, dəftərində Ka ilə bağlı apardığı qeydlər yadına düşərdi, onu özündən belə utandıran həmin sual düşüncələrini yenidən zəbt edərdi və o, gözünü bir nöqtəyə zilləyib səssiz-səmirsizcə sualı öz-özünə təkrarlayardı. “Ka”ya olan bağlılığı isə bu səssizliyin içindəcə əriyib yox olardı:

“Bəs mən indi görmədiyim ölkələrdən, içmədiyim çaxırlardan nə yazım? Bəs mən indi görmədiyim ölkələrdən, içmədiyim çaxırlardan nə yazım? Bəs mən indi görmədiyim ölkələrdən, içmədiyim çaxırlardan nə yazım?”

# 1528 dəfə oxunub

Oxşar xəbərlər

Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

15:00 1 dekabr 2024
Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

10:00 30 noyabr 2024
Adsız ağrı - Luici Kapuananın hekayəsi

Adsız ağrı - Luici Kapuananın hekayəsi

14:00 29 noyabr 2024
“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

13:00 28 noyabr 2024
Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

13:30 26 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
# # #