İtlər hürəndə - Malik Atilayın yeni hekayəsi

İtlər hürəndə - Malik Atilayın yeni hekayəsi
10 iyul 2024
# 15:30

Kulis.az Malik Atilayın "İtlər hürəndə" hekayəsini təqdim edir.

İtlər bağrı yarılanadək hürdü gecə boyu. Kimsə çıxmadı çölə itləri kiritməyə. Günəşin qoca müəllim ədasıyla göyün pilləkanlarını qalxdığı zamanda itlərin hürüşməsindən təzəlikcə dinclik tapan küçəni süpürgəçi Zeynəbin ah-vayı titrətdi. Səs-küyə birinci dərsə getmək üçün qapıdan çıxan uşaqlar yığışdı, uşaqların səsinə analar, anaların səsinə bütün küçə axışdı 4-cü blokun qarşısına. Üzü tanınmaz halda olan adam eyvanın altında yatırdı. Üzünə dəyən bıçaq zərbələri alın yazısına nöqtə qoymuşdu adamın. Həmin gecə oğulları evə gəlməyən analar, ərləri evə gəlməyən qadınlar içdən-içə dua edirdi ki, bu tanınmaz cəsəd onların oğlu, əri olmasın. Gecəni mətbəxdə, pəncərə önündə səhər edən qadınlar neçə-neçə belə gecələrə razı idilər, təki yerdə yatan onların gözlədiyi adam olmasın.

İtlərin hürüşdüyü, qaranlığın qum üstündə meynə budaqları kimi sürünə-sürünə küçəbəküçə yayıldıdığı gecə Azər radioda oğlunun verilişinə qulaq asırdı. Azərin oğlu Elçin hər zəng edənlə deyib-gülür, gah kədərli, gah şən-şaqraq mahnılara qoşulub zümzümə edərək axırdı heç tanımadığı adamların evinə. Evdən çıxarkən Elçin bu gecə dostları ilə yeyib-içəcəyini, bəlkə səhərə yaxın, bəlkə də heç gələ bilməyəcəyini demişdi atasına. Elçinin verilişi bitəndən sonra Azər ehmalca qonaq otağından qalxıb mətbəxə keçdi, pəncərəni açıb siqaret yandırdı. Gilavar əsirdi, pəncərəni açıq qoydu. İki il əvvəl həyat yoldaşını itirməyin verdiyi ağrıların ağırlığına dözməyərək iki dəfə infarkt keçirmişdi. Birinci dəfə infarkt yoldaşının ölüm xəbərini aldığı reanimasiyanın qarşısında haqlamışdı onu, ikinci dəfə isə yoldaşının həkim səhvi ucbatından öldüyünü biləndə ürəyi sinəsində közə dönmüşdü. Özünə qoyulmurdu yenə, həkim çəkmə deyirdi, çəkirdi, içmə deyirdi, içirdi. Bəlkə inanmırdı həkimlərə. Elçini uşaqlıqdan küçədən yığa bilmirdilər, neçə il bir yastığa baş qoyduğu qadınla neçə gecə yuxusuz qalıb bir pəncərədən boylanmışdılar oğullarının gəldiyi yola. Yenə gah pəncərənin qarşısında dayanırdı, gah var-gəl edirdi. Hərdən həyat yoldaşının öldüyünü unudub şikayət edirdi Elçindən. Cavab almayınca üzündə uşaqca bir məyusluqla susub yenidən boylanırdı qaranlığa. Məhəllədə Azərə hamı müəllim deyib, sözünü iki eləmirdi. Demək olar ki, Azər məhəllədəki bütün oğlan uşaqlarının müəllimi idi doğrudan da. Hamı ən azı beş-altı aylıq belə olsa oğlunu onun yanında güləşə göndərmişdi haçansa. Düzü, Azər çox da uğurlu bir güləşçi olmamışdı, iyirmi dörd yaşında dizindən bıçaqlanmış, buna görə də həyatının qalanına güləş müəllimi olaraq davam etmişdi. Mətbəxin pəncərəsindən tez-tez küçəyə boylanırdı, oğlu gəlməyəcəyini desə belə, qaranlıq küçədən keçən hər adama baxır, üzlərini görməsə belə, addım səslərini diqqətlə dinləyirdi... Dinləyirdi ki, bəlkə oğlu olar. Boylandığı qaranlıq küçənin yaddaşında nə qədər işıqlı xatirəsi var idisə, bir papiros boyu gözündə canlanarkən içini anidən qaranlıq sardı. Qardaşını illər əvvəl elə bu küçənin başında öldürmüşdülər. Adi söz davasından ölümə aparan mübahisədə qardaşına çata bilməmişdi. Bu günlərdə də qardaşını öldürən adamın Rusiyadan qayıtdığını eşitmişdi küçədə. Artıq oğlunun gəlməyəcəyini düşünüb asta-asta mətbəxdən dəhlizə keçərkən küçədən gələn sonuncu addım səsinə ayaq saxlasa da, geri dönmədi, yerində durub ancaq çinar ağacının göründüyü pəncərəyə bir daha baxdı və dəhlizdən yataq otağına keçdi. Yerinə uzanıb gözlərini zillədi tavana. Bir yandan itlərin hürüşməsi, bir yandan da iniltiyə bənzər səs haram qatmışdı yuxusuna. Birinci başucundakı lampanı, sonra balışına dirsəklənib siqaretini yandırdı. Kitab oxumağa başladı eyvanın altındakı səsə fikir verməmək üçün. Oxuduğu şeirlərə dəm tutan iniltidən bezib, yerindən qalxıb küçəyə boylandı. Səs gəlirdi, həm də çox yaxından, amma heç kimi görmürdü Azər.

"Yəqin ki, kimdisə, içib qalıb küçədə. Bir yiyəsi tapılmır ki, köpək uşaqlarının, evə-eşiyə yığışdıra bunları" dedi pıçıltıyla. Azər dəfələrlə içib orda-burda yatanlara xəbərdarlıq etmişdi, bir dəfəsində hətta köhnə tələbəsinə bu səbəbdən möhkəm bir sillə də ilişdirmişdi. Cavan oğlan bunun hayıfını çıxacağını məhəllənin tinlərində sərxoş oturan bütün dostlarına deyirdi içəndən sonra.

Lapdan Elçin yadına düşdü. Oğlu bu gecə evə gəlməmişdi, yeyib-içəcəkdi.

"Dilim-ağzım qurusun" dedi öz-özünə, "birdən uşağın başına nəsə gələr, güclə özünü çatdırar ha bura".

Qaçaraq addımlarla yataq otağına keçib, köynəyini geyindi, özünü qorumaq üçün hər ehtimala qardaşından qalma bıçağı da qoydu cibinə. Pəncərənin qabağından keçəndə səs gəlmirdi artıq. Təngnəfəs halda eyvana çıxdı, bayaqkı inilti sussa belə, itlər sakitlik tapmamışdı hələ də.

"Adamın basaratı bağlananda bağlanır da", deyib, eynəyini taxdı, cibindən telefonu çıxarıb Elçinin adını axtarmağa başladı. Yenidən bayaqkı adamın səsi gəldi qulağına, alışqanın işığını yandırıb, qapıdan çıxdı...

Pilləkanları iki-iki, üç-üç qalxıb 3-cü mərtəbədə nəfəsini dərdi, sağ əliylə saçını sağ tərəfə darayıb qapını döydü. Qapını açan qadın qonağının üzünə baxmadan öləziyən işıqları olan dəhlizdə addım-addım gözdən itdi. Təngnəfəs halda içəri girən cavan oğlan vecsiz qarşılamaya görə bir az qəribsəsə də, tövrünü pozmadan qadının gözdən itdiyi dəhlizə sarı addımladı. Qonaq otağında televizor işığında oturub, siqaret çəkən qadının ayağını ayağının üstünə aşıran kölgəsinə diqqətlə baxdıqca həyəcanlanırdı. O qədər içmişdi ki, özünün və qadının divarda hərəkətsiz qalan kölgəsinin sevişdiyini görürdü.

Verilişi saat gecə bir tamamda bitmiş, radiodan çıxıb dostlarıyla azca içmək adıyla getdiyi pabda möhkəm içdikdən sonra dörd gün əvvəl dalaşdığı sevgilisinə zəng edib onu görmək istədiyini demişdi. Elçin iki ildən çox idi ki, evli qadınla sevgili idi. Bu sevgidən başına nələr gələcəyini bilsə belə, gözünü budaqdan qaçırmayan iyirmi beş yaşlı gənc üçün sevginin ehtirası olacaqların qorxulu gerçəyindən daha cəlbedici görünürdü.

Yolüstü aldığı konyakı masanın üstünə qoyub, divanın digər ucunda oturdu. Qadının özündən çox ağ divarda həzin mahnıya rəqs edirmiş kimi tərpənən kölgəsinə zillənmişdi. Yavaş-yavaş bir-birinə yaxınlaşan kölgələr televizorun işığında qucaqlaşmışdı bir neçə dəqiqə sonra. Kölgələr divandan qalxıb yan otağa süzüldü gecənin qollarında.

İşıqlar yananda bir saat əvvəl otağı saran səssizlik buludundan əsər-əlamət qalmamışdı, indi deyib-gülüb, konyak içirdilər. Elçindən yeddi yaş böyük idi sevgilisi. Bu qadında tapdığı sirli bir şey vardı. Başqasının əlindən oyuncağını almış uşağın yaşadığı qələbə sevinci ilə gizlədilməsi vacib bir şey etməyin verdiyi qorxu Elçini ən azı altı dəfə ayrılıq qərarından daşındırmışdı.

"Sən tərk edilmiş şəhər kimisən" deyirdi Elçin, "tərk edilmiş, amma adamlarının niyə getdiyini heç kimin bilmədiyi şəhər... Bəlkə... Bəlkə bütün adamları udan qorxulu bir şəhərsən..."

Qadın bu sözdən qəribə zövq alırdı, sirli və bir yerdə qorxulu olmağın verdiyi güclə qadınlığından aldığı gücün bədənində birləşdiyinin fərqindəydi. Gücünün tamamından həm ərinə, həm Elçinə qarşı istifadə edirdi, elə buna görə də ikisi də dinməz-söyləməz qolu bağlı qul olurdular ona. Uzun çəkən deyib-gülmələrə nöqtə qoydu qadın:

– Ramil bu səhər gələcək, - dedi

Elçin uzun müddətdi Ramildən boşanmasını istəsə belə, qadın buna əhəmiyyət vermir, ərinin dənizdə olduğu bir ayı Elçinlə keçirir, Ramil gələndə isə Elçin bir aylıq unudulurdu. Əri gəmiçiydi, bir ay evdə, bir ay dənizdə olurdu. Ramilin adını eşitdikdən sonra kefinə soğan doğranan Elçin pəncərənin qarşısına keçib siqaret yandırdı. Şəhərin mum misalı öləziyən işıqlarında binalarını gəzdi gözü, burdan elə uzaqda deyildi evi. Şəhərin nə qədər balaca olduğunu düşündü və bu balaca şəhərdə, bu balaca evdə, bir balaca tapdığı rahatlığın, keçici xoşbəxtliyin lapdan necə rəngini itirdiyini gördü. Qadına baxmadan dodaqaltı pıçıldamağa başladı:

– Gəlir... Gəlir... Xoş gəlir... Elə bil şad xəbər verir qancıq. – Anidən üzünü çevirdi qadına. – Mənə bax, – dedi, – qərar ver də. Bu nədi belə, ortada qaldı oynamırıq ki...

Qadın Elçinə baxmadan telefonuyla oynaya-oynaya cavab verdi:

– Səninlə nə danışmışdıq? Biz sadəcə əylənirik... – susub Elçinin nəsə deməyini gözlədi bir az, sonra yenidən sözünə davam elədi, – hər şeyi bu qədər çətinləşdirmə...

Elçin pəncərədən küçəyə baxa-baxa:

– Onda bu gün sonuncu günümüz, hətta sonuncu saatlarımızdı, - dedi

Qadın gülərək:

– Amma bir aylıq fasilə kimi düşün, - dedi

Elçin gözucu qadına baxaraq:

– Yox, bir dəfəlik... - deyə pıçıldadı.

Pəncərəni bağlayıb, divanda oturdu Elçin. Başını arxaya atıb tavanda gözlərini gəzdirdi, indi evində olsaydı, məsələn, atasıyla bir az içib, pəncərədə siqaret çəkərdilər birinci, sonra atası təkrar-təkrar danışsa belə, yenə məhəllənin köhnə əhvalatlarından söz açardı, çeçen güləşçiyə rəqib olduğu yarışdan danışardı bir az, ancaq adını eşitdiyi illər əvvəl ölmüş qonşuların xatirəsi dolaşardı gözünün qabağında.

Anasını itirdiyi gündən sonra böyümüşdü Elçin. Böyüyən kimi də Sevdada tapmışdı böyüyərkən itirdiyi şeyləri.

"Getmək vaxtıdı", deyə düşündü.

Köynəyinin düymələrini bağlayıb, ayağa qalxdı, heç nə demədən dəhlizə keçib ayaqqabılarını geyindi. Sonuncu dəfə çevrilib arxaya baxarkən Sevdanın ardıyca gəldiyini görmək istəyirdi, amma qadının yerindən durmağı bir yana qalsın, heç səslənməmişdi belə onunçün. Əlini dəstəyə uzadarkən qapının tıqqıltısına diksindi Elçin. Sevdanın tələm-tələsik ayaq səsləri eşidildi, gecə 4-də gələnin kim olduğunu heç kim bilmirdi. Amma hər ikisi onun Ramil olmamasını istəyirdi...

Tanınmaz halda olan cəsədə baxan adamlar bu gecə evə gəlməyən yaxınlarıyla fərqliliklərini axtarıb, ürəklərinə toxtaqlıq verməyə çalışırdılar.

# 1260 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #