İldönümü - İsa Süleymanlı

İsa Süleymanlı

İsa Süleymanlı

28 noyabr 2022
# 21:25

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən İsa Süleymanlının " İldönümü" hekayəsini təqdim edir.

- Bu gün, bəlkə, bir az gec gəldim. Bir neçə əməliyyatım var. Narahat olma- Anar çayını bir qurtum içərək dedi.
- Yaxşı, Mən də uşağı bağçadan götürərəm. Bəlkə bir az parkda gəzişdik. Çoxdandır məni parka apar deyir elə.
İkisi də bir-biri ilə səmimi olmadıqlarını gözəl bilirdilər. Gülnar səhər tezdən durmuşdu. O, masanın üzərinə yağ, pendir və ərinin sevdiyi ərik cemini qoydu.

O, masada hər şeyin səliqəli düzülüşünə çox fikir verirdi. Səbəbini bilməsə də, əşyalar üçün bir nizam-qaydası vardı. Məsələn, masada iki nəfər oturacaqdısa, boşqabların, qədəhlərin, çəngəl-bıçağın düzülüşü, onlar arasındakı məsafə məhz iki nəfər üçün olduğunu kənardan göstərməli idi.

Sanki Gülnar öz həyatında olmayan nizam-intizamı cansız əşyalara tətbiq etməklə təsəlli tapırdı.
Anarın masa arxasında tək oturmağı sevmədiyini bildiyi üçün Gülnar da özünə çay süzüb yanında əyləşdi. Beş illik evlilik dövründə bir-birilərinin xasiyyətlərinə bələd idilər. Anar onunla evlənəndə Gülnarın keçirdiyi depressiyadan xəbərdar idi. Hər şeyə rəğmən onunla ailə qurmağa razılaşmış, onun cəfasını çəkməyi gözə almışdı. Gülnar da valideynlərinin təkidi ilə bu evliliyə razılıq vermişdi. O da öz növbəsində nümunəvi həyat yoldaşı rolunu oynamağa çalışırdı. Üç il əvvəl oğulları dünyaya gələndən sonra aralarındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdu. Valideyn olmağın məsuliyyəti ilə bir-biri ilə daha çox ünsiyyətdə olurdular.

İndi də hər səhər olduğu kimi ərini işə yola salmalı idi. Anar səhər yeməyini yeyə-yeyə telefonda sosial şəbəkələrə göz gəzdirməyi adət etmişdi. “Feysbuk”a girib son xəbərləri gözdən keçirirdi. Maraqlı nəsə oxuyanda onu Gülnarla paylaşardı.

- Samir yadındadır? Bizim xəstəxanada pediatriya şöbəsində işləyirdi. Dünən toyu imiş. Nəcəb məni çağırmayıb? - maraqla soruşdu
- Belə yadımda qalmayıb, ver baxım üzü bəlkə tanış gələr, - deyib ərinin telefonunu əlinə aldı. Telefonun ekranında müxtəlif rakuslardan çəkilmiş bəy-gəlin şəkillərinə süni maraq göstərərək baxdı və:
- Hə, yadımdadı. Adını bilmirdim. Onu mən üniversitetdən tanıyıram. Məndən bir kurs aşağı oxuyurdu. Allah xoşbəxt eləsin - deyib söhbəti uzatmaq istəmədiyini hiss etdirdi. Bu Anarın diqqətindən qaçmadı.

Anar qəhvəaltını edib, axşam işlədiyi sənədləri çantasına yığıb hazırlaşmağa başladı. Gülnar onu qapıdan yola salardı. Qapının ağzında bir müddət dayanaraq pillələrdən düşməyini izləməyi özünə adət etmişdi. Anar gözlərini qaldırmadan səs tonunu qaldırmamağa çalışaraq “Yaxşı, salamat qal” - deyib tez çıxdı. Gülnar onun hərəkətlərində əsəbiliyi, narazılığı hiss elədi. Gülnar bir müddət qapının ağzında donub qaldı. Sonra uşağı bağçaya qoymalı olduğunu xatırladı və qapını örtdü.

O, bugünkü tarixin Gülnar üçün nə qədər önəmli olduğunu yaxşı bilirdi. Pillələri düşərkən indi Gülnarın nələr yaşaya biləcəyini düşündü. Onun üçün bu daha çətin olmalıdır. “Mən gərək ona anlayış göstərim”- deyə özünə təlqin edirdi. O, bəzən bunu eləməyin dildə demək qədər asan olmadığını da bilirdi.
Anar da Gülnarla işlədiyi xəstəxanada tanış olmuşdu. O, şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri idi. Gülnar isə həmin xəstəxananın kardiologiya şöbəsində həkim idi. O da öz Gülnarını ilk dəfə orada görmüşdü. Bugünkü kimi yadındadır. Gülnarı ilk dəfə görəndə praktikaya gələn tələbələrdən olduğunu zənn etmişdi. Ta ki, baş həkimin həftəlik olaraq keçirdiyi iclasların birində onu kollektivə təqdim edənə qədər. Bu qızda bir müəmma olduğunu sezirdi. Ortaboylu, saçları çox da uzun olmayan, nadir hallarda təbəssüm edərək qəmzəsini ifşa edən utancaq bir qız. Sanki iri qonur gözlərində bir kədər daşıyırdı. Çox danışmağı sevməzdi. Anar onunla bir neçə dəfə söhbət etməyə cəhd edəndə, soyuq tələsik cavablar verməklə söhbətin uzanmasına imkan verməzdi.

Gülnar güzgünün qabağında keçib bir müddət özünü süzdü. Son aylar heç özünə baxmırdı. Gözlərinin ətrafında azca qırışlar əmələ gəlməyə başlamışdı. Saçlarında əvvəlki canlılıq yox idi və düz alnının yuxarı nöqtəsindən arxaya uzanan bir neçə telinə dən düşmüşdü. Dəyişməyən çöhrəsindəki qəmzəsi idi. Saçları əvvəl çiyinlərini tam örtürdüsə, evləndikdən sonra o da öz “nəsibini” almışdı.

Bu gün Gülnarın onunla “görüş günü” idi. Anarın işdən gec gəlmək səbəbi də ona yaradılmış şərait olduğunu bilirdi. İllərdir bu cür davam edirdi. Anar onun yaşadıqlarına hörmətlə yanaşırdı. Sənanı yuxudan durğuzdu. Oğlu sifətdən Anara daha çox oxşayırdı. Onun kimi saçları düz, gözləri qıyıq və hər ikisinin çənəsi batıq idi. Sənan anasına çox bağlı idi. Ona görə də Gülnar analıq məzuniyyətini uzatmışdı. Uşağını bağçaya özü aparıb gətirir, onun bütün qayğıları ilə özü məşğul idi. Anar dəfələrlə ona işə çıxmağına təkid eləsə də ki, o hələ bunun üçün tez olduğunu düşünürdü.

Bağça avtobusla 5 dayanacaqlıq məsafədə yerləşirdi. Yolun uzaqlığı ona əziyyət vermirdi, əksinə avtobus pəncərəsindən baxıb fikirlərə dalardı. Ona elə gəlirdi ki, avtobusun ən son dayanacağında düşən sərnişinlərin daha böyük dərdləri vardı və onlar daha çox xəyallara dalmağa ehtiyacı vardı. O da yolboyu xatirələri ilə baş-başa qalmağı sevərdi. Avtobusun pəncərəsindən insan izdihamının o tərəf bu tərəfə hərəkəti, payız ab-havasına uyğun havada adını bilmədiyi ağacların rəngli yarpaqlarının uçuşmasını seyr etmək ona xüsusi zövq verirdi. Sənan yuxudan tam ayıla bilmədiyindən başını anasına söykəyib mürgüləyirdi. Haradasa 9-10 il əvvəl yaşadıqları gözündə canlanırdı. Elmir qonşu məhəllədə yaşasa da, onu ilk dəfə məktəbdə görmüşdü. Onlar eyni sinifdə oxuyurdular. Gülnar hər dəfə Elmiri xatırlayanda gözlərində yumru üzü, qonur iri gözləri, ağ bənizi olan bir az cüssəli hündürboy biri canlanırdı. Qaraqabaq görünüşü var idi. Çox nadir hallarda üzündə təbəssüm görərdin. Səliqəli geyinməyi sevərdi. Aramla danışar, səsini qaldırmağı sevməzdi. Ciddiliyinə görə çox qızlar onu maraqsız hesab edərdi. İlk əvvəllər Gülnar da o qızlarla həmfikir idi. Ta ki, onunla yaxından tanış olana qədər.

Hər şeyin başlandığı məktəb illərini xəyalən vərəqləyirdi. Elmirin ilk dəfə 9-cu sinifdə oxuyarkən necə ondan xoşlandığının etirafetmə üsulu xoşuna gəlmişdi. Elmir bir neçə gün xəstələndiyi üçün dərsə gələ bilməmişdi. Ondan buraxdığı dərsləri köçürmək üçün indi tam xatırlamadığı hansısa fənnin dəftərini götürmüşdü. Bir gün sonra dəftəri qaytaranda Gülnarın üzünə baxmadan ”içinə yaxşı baxarsan” deyib uzaqlamışdı. Dəftərin son vərəqində qırmızı mürəkkəblə yazılmış sadə səslənən ”Səndən çox xoşum gəlir” sözləri o vaxt ona o qədər doğma gəlmişdi ki. O indi anlayırdı ki, 90-cı illərin gəncliyi bir-birinə “sevirəm” sözünü rahatlıqla deyə bilmədiyindən bu sözlər daha az hissləri özündə ehtiva edən sözlərlə ifadə edilməli idi. Azadlığa yeni qovuşmuş, illərlə münasibətlərin “senzura” deyilən nəzarət sistemi ilə tənzimləndiyi cəmiyyət üçün bu anlaşılan idi. Birdən Gülnarın üzündə təbəssüm yarandı. Elmirin onun peşəsi ilə bağlı etdiyi zarafatı yadına düşdü. Gülnar ürək həkimi olmaq arzusunu ona bildirəndə, ”Yaxşı ki, həkim olmağı seçmisən. Çünki ürək xəstəsi olacam səninlə çox güman” - deyib uğunardı. Bu zarafat Gülnarın o vaxt xoşuna gəlməmişdi . Amma indi bu sözlər onu ovudan şirin xatirəyə çevrilmişdi.

Avtobusun çatdığını hiss edən Gülnar Sənanı qucağına alıb tələsik düşdü. Bağçada müəllimələr ilə salamlaşıb, Sənan barədə bir az hal-əhval tutdu. Müəllimə uşağın başını oyuncaqla qatıb anasından uzaqlaşdırdı. Sənan hər dəfə bağçaya çatanda anasının əlindən daha bərk yapışırdı. Gülnar da bir bəhanə ilə onu müəllimənin qucağına verib uzaqlaşırdı. Bu gün isə əvvəlki günlərdən fərqli olaraq bağçadan çıxandan sonra müəlliməyə heç zəng edib soruşmadı da, “Sənan dalımca ağlamadı ki?”.

Şəhər xəstəxanası yaşadıqları evdən maşınla 20 dəqiqəlik məsafədə yerləşirdi. Anar evdən həmişəkindən daha tez çıxmaqla tıxaca düşmədən iş yerinə rahat çatmışdı. Anarın bu gün bir neçə əməliyyatı vardı. İşə çatana qədər xəstələrin tarixçəsi artıq masasında olurdu. O bilərəkdən bu həftə keçirilməli olan əməliyyatları məhz bu günə salmışdı. Beləcə bu tarixin verdiyi qarışıq fikirlərdən özünü uzaqlaşdırırdı. İşə həmişəkindən tez gəldiyindən, qapısını içəridən bağlayıb öz fikirləri ilə tək qalmaq istədi. Ürəyi bir az sıxıldığını hiss edib, pəncərəsini açdı. Anarın 5-ci mərtəbədə yerləşən otağından şəhərə gözəl mənzərə açılırdı. Siyirtməsindəki siqareti götürüb yandırdı. O, ailəsinə ziyan olmasın deyə evdə heç vaxt siqaret çəkmirdi. Siqaret tüstüsünü ciyərlərinə doldurub dərin bir köks ötürdü. Elmiri, Gülnarın yaşadıqlarını, özünü, övladını düşünməyə başladı. Çətin idi ona. Onun nə yaşadıqları, hansı təlatümlərin içində olduğunu heç kim anlamırdı. Bəlkə də çoxu onu qınayırdı. Anar Gülnarı sevdiyini bir dəfə də olsun etiraf edə bilmirdi. Buna cəsarəti çatmırdı. Bu sevgiyə onun haqqı var idimi? O başqasının sevgisinə sahib çıxmaqla düz etmişdimi? Ən çox bir sual onu narahat edirdi? Görəsən Elmir həyatda olsaydı, ona haqq verərdimi? Yoxsa?.. Bəs oğlu, o necə ? Anar siqareti söndürüb, birinə də yandırdı. Ciyərlərinə dolan zəhərli tüstü indi ona şəfa kimi gəlirdi. Gülnarın özünü ailə həyatına uyğunlaşmaq üçün məcburiyyətlərini gördükcə özünü daha günahkar hiss edirdi. Görəsən bu münasibətlər məngənəsində ən çox əziyyət çəkən kim idi:

- Özü, Gülnar, yoxsa Elmirin rahatlıq tapmayan ruhu?

O, Gülnarı görəndə haradasa 33 yaşı var idi. O vaxta qədər anası, bacısının onu evləndirmək səyləri əbəs idi. Ta ki, xəstəxanaya yeni təyin olunmuş bu qızı görənə qədər. Anar onunla yaxından tanış olmaq cəhdləri boşa çıxandan sonra onun haqqında maraqlanmağa başlamışdı. Gülnarın yaşadıqları barədə məlumat topladıqca onun kədərli görünüşünün, kollektivə yovuşmazlığının heç də əsassız olmadığını anladı. Onun həyatında ağır itki baş vermişdi. Gülnarın nişanlısının 1-ci Qarabağ müharibəsində şəhid olmuş vətən oğullarından biri olduğunu öyrənəndə isə bütün daşlar yerinə oturmuşdu.

Anar hətta Elmirin ailəsinə xeyriyyə cəmiyyətinin “şəhid ailələrinə psixoloji yardım” bəhanəsi ilə baş çəkmişdi. Onun hansı şəraitdə şəhid olmasını da valideynlərindən təfsilatı ilə öyrənmişdi. Atası Vaqif dayı oğlunu daha yaxşı izah etmək üçün Anarı onun otağına apardı. Burada onun şücaətinə görə müxtəlif medalların vəsiqələri, onun hərbi forması, uşaqlıq, məktəb, tələbəlik illərində çəkdirdiyi şəkillərindən ibarət kiçik bir guşə düzəltmişdilər. Elmir ali hərb məktəbinin 3-cü kursuna keçəndə orduda zabit çatışmazlığını nəzərə alaraq cəbhəyə xidmətə göndərilmişdi. Divarda müxtəlif mətbu orqanlarda onun haqqında cap edilmiş məqalələrdən ibarət şüşə çərçivə var idi. Həmin çərçivənin aşağı küncündə rəngi solmuş səliqə ilə kəsilmiş bir qəzet parçası gördü. Üstündə bu sözlər yazılmışdı:

“Ötən gün cəbhənin Xocavənd rayonu istiqamətində gedən döyüş əməliyyatında Azərbaycan ordusunun hərbi qulluqçusu 1974-cü il təvəllüdlü, leytenant Ağayev Elmir Vaqif oğlu öz taqımı ilə pusquya düşmüş və bir neçə saat davam edən döyüşlərdə şəhid olmuşdur.” 05 sentyabr 1993-cü il.
Anar divardakı şəkilləri diqqətlə süzməyə başladı. Burada tanış sima görəcəyinə əmin idi. Divarda “Polaroid” foto-aparatı ilə çəkilmiş kiçik ölçülü, keyfiyyətini zamanla itirmiş bir şəkil diqqətini çəkdi. Bu ev şəraitində açılmış məclis masasının arxasında Elmir və Gülnar ətrafında valideynləri ilə çəkdirdiyi şəkil idi. Sanki hər iki gənc utancaq halda zorla kadra zəbt edilmişdi. Anar şəklə baxıb:

- Deyəsən, Elmirin nişan məclisidir? - deyib Vaqif kişiyə üzünü çevirdi.

- Elədir, sinif yoldaşına nişan aparmışdıq. Həm də qonşu məhəllədə qalırdılar. Nə qədər dedik toyunu edək. Razılaşmırdı. Sanki sonunu gətirə bilməyəcəyini hiss edirmişcəsinə.

Anar verdiyi suallarla ailənin yarasını təzələdiyini bilsə də, bu sualı verməsə ürəyi partlayardı:

- Sonra bəs o qızın taleyi necə oldu, gəlib-gedirmi sizə? - birnəfəsə soruşdu.

- Çox pis keçirdiyini bilirəm. Uzun müddət eşitdiyim qədər evdən çölə çıxmadı. Ölümündən hardasa bir neçə ay sonra bizə gəldi. Sonra valideynləri ilə danışdıq. Daha gəlməsin, - dedik. O da öz həyatını qursun. O qədər insanlar var nişanlanır, nəsə olur, ayrılırlar. Sonra bilmədim noldu. Amma daha gəlmədi - deyərək Vaqif dayı fikrə getdi.

Anar ailəsi ilə görüşdən çox şeyi öyrəndi. Elmirin ailəsi ilə sağollaşanda anasının əllərindən öpərək:

- Allah sizə səbir versin anacan, oğlunuzla fəxr edə bilərsiniz - cibindən əlaqə nömrələri olan vizitkasını onun ovcuna sıxaraq,- nəsə həkim müayinəsi lazım olsa sizin xidmətinizdəyik-deyərək tələsik evdən çıxdı.

O, bu görüşün təsirindən uzun müddət çıxa bilmirdi. Fikirləri çox qarışmışdı. Elmirin cəbhədə necə şəhid olmağını düşünürdü. Anar bir həkim kimi yaxşı anlayırdı ki, vaxtında tibb müəssisəsinə çatdırılsaydılar, bəlkə də onu xilas etmək mümkün olardı. Çünki ağır yaralanmış Elmir qan itkisindən həlak olmuşdu. Bəs o, sağ qalsaydı necə? Gülnarla gözəl cütlük olmazdılarmı?. Ümumiyyətlə, Anarın bu ailə ilə tanış olmaq ehtimalı heç var idimi? Görəsən, o son anında nə düşünürdü? Can verərkən arxasında qoyduğu insanlar gözünün qabağına gəlirdimi? O an ən çox nəyə heyfsilənirdi? Suallar hər gün daha da artırdı. Anar heç cürə rahatlıq tapa bilmirdi. O Gülnara olan sevgisinin bir bədəli olduğunu anlayırdı.

Evlilik tarixindən bir neçə gün əvvəl Anar söhbəti açmışdı:

- Sənin nə yaşadıqlarını səndən başqa kimsə tam olaraq dərk edə bilməz. İlk sevgini unutmaq yəqin ki, mümkünsüzdür bilmirəm, amma özünə bir şans verməlisən. Bir də bunu bilməyini istəyirəm ki, mənim səninlə münasibətim tam səmimidir. Mən həqiqətən də səni... - davamını gətirə bilməyərək sözlər boğazında düyünləndi.

Gülnar da bu sözlərin davamını eşitməkdən çəkinərək - ”Bağışla” deyib tez sağollaşıb getdi. Sonradan Anarın hər şeydən xəbəri olduğunu, Elmirin ailəsi ilə tanış olduğunu bilmişdi. Gülnarın evlilik təklifinə “hə” deməsinin də yeganə səbəbi məhz onun Elmirin xatirəsinə olan ehtiramı idi. O buna görə Gülnarı qınamırdı, əksinə ona lazım olan dəstəyi verməyə çalışırdı.

Bu fikirlərindən onu qapının taqqıltısı ayırdı. Səsin şiddətindən başa düşdü ki, qapı bayaqdan döyülür. Tez divardakı saata baxdı. İş vaxtı çoxdan başlamışdı. Siqaretini söndürüb, ciyərlərində qalan tüstünü də pəncərədən çölə üfürüb qapını açdı.

Gülnar həyatının gözəl anlarını keçirdiyi bu məkanda idi yenə. Təklikdə buranın bu qədər vahiməli olacağını heç ağlına gətirməzdi. O dənizə gözəl mənzərəsi olan bu sahilə son dəfə nə vaxt gəldiyini xatırlaya bilmədi. Bu dəfə də son illər adət etdiyi kimi tək gəlmişdi. Sanki bu an Xəzər dənizi də Gülnarın halı ilə həmhal idi. Çünki dalğaların qayalara bu sərtliklə çırpılmasına başqa anlam verə bilmirdi. Bu məkanı ona doğma edən buranın ecazkar mənzərəsi ilə yanaşı bu gözəlliyə birgə şahidlik etdiyi Elmirlə keçirdiyi anlar idi. Bakı küləyi, sahilə yayılan dalğaların köpüklü rəqsi sanki onun xatirə dəyirmanını işə salırdı və yaşadıqları bir-bir gözündə canlanırdı. Bir dəfə etdikləri mübahisəni xatırladı. 90-cı ilin “Yanvar faciəsi”ndən sonra iki sevgililər arasında olan münasibətlərdə durğunluq əmələ gəlmişdi. Əvvəllər Gülnarı bir an diqqətdən məhrum qoymayan Elmirdən əsər-əlamət qalmamışdı. İlk günlər Gülnar buna çox pis olurdu, hətta ondan küsürdü də.

- Sən məni tamam unutmusan Elmir, Bu belə davam edə bilməz -demişdi ki, o da cavabında:
- Düz deyirsən, belə davam edə bilməz, Bu haqsızlıqlara bir son qoyulmalıdır.

Gülnar cavab verməyə macal tapmamış, o davam edərək fikrini belə tamamladı:

- Demə ki, sənə-mənə qalıb vətəni qorumaq? - deyib çevrilib getmişdi.

Bununla Elmir fərqli şeylər haqqında düşündüyünü ona göstərmiş olurdu. O gündən sonra sevgililər arasında bu mövzu bir də açılmadı.
Gülnar sahildə var-gəl edir, fikirlərini nizama salmağa çalışırdı. Bu illər ərzində nələr yaşamışdı. Elmiri itirməklə bir boşluğa düşmüşdü, uzun müddət bu itkini qəbul edə bilmirdi, bəlkə də heç vaxt qəbul edə bilməyəcəkdi. Sonra tale onun həyat yoluna Anarı çıxardı. Onunla münasibətlərində yarım qaldığını bilirdi. Bəzən Anarın halına acıyırdı da. O ki, hər şeyin ən yaxşısına layiq idi. Sonra Sənan dünyaya gəldi. Sənana analıq hissini layiqincə yaşada bilirdimi? Suallar çox idi. Səhər Anarla qapıda soyuq sağollaşmağı gözünün qabağına gəldi. Bu dəfə Anarı daha çox düşündüyünü hiss elədi. Sanki illər sonra yalnız indi o, Anarın bu münasibətlərdə daha böyük məsuliyyətin altına girdiyinin fərqinə vardı. Onun etdiyi fədakarlıq deyildimi? Anarın etdiyi fədakarlıq, Elmirin etdiyindən çoxmu fərqlənirdi? Bilə-bilə ki, evlənəcəyin qadının ürəyində başqa insana sevgi var, həyatını bu qadının sevgisini qazanmağa sərf etməyə cəsarət lazım deyildimi? Elmir ona haqq verməzdimi? Şəhidin sevdiyi qız ilə evlənməyi qınaq yeri olaraq görənlərə rəğmən bu yükün altına girmək asandırmı? Bəs Anarı itirsə necə?

Bu fikir ürəyinə ox kimi saplandı. Yox, axı o, Anarı da itirə bilməzdi. Ürəyi sıxıldı. Birdən çox həyəcanlandığını hiss elədi. Dəniz də cuşa gələn dalğaları ilə Gülnarın daxilndəki fırtınaya qoşulur, sanki nəsə pıçıldamaq istəyirdi. Canına üşütmə gəldi. Ruhuna işləyən soyuq cisminə də təsir edirdi. Əlini çantasına atıb telefonunu çıxardı. Bir müddət düşünüb “yes” düyməsini basdı, sonuncu yığılmış nömrəyə baxdı. Gözlərindən yaş süzüldüyünü hiss elədi. Dolmuş buludlar gözlərindən yanaqlarına azad olurdu. Bir müddət ürək döyüntülərinin sakitləşməsini gözlədi. Nəfəsini dərib həmin nömrəyə zəng elədi:

- Alo ?
- Bu gün evə tez gələ bilərsənmi? - titrək səslə Gülnar dedi.
- Nəsə olub ? Yaxşısanmı?
- Hər şey yaxşıdı, tez gəl sadəcə - deyib sağollaşdı. Sonra da telefonu söndürüb, həmin məkanı tərk elədi.
Telefonu əlində tutan Anar nə baş verdiyini anlamadı. Günorta saat 4-ə qalırdı. Hələ bir əməliyyatı qalmışdı. Bildiyi bir şey var idi ki, o indi Gülnarın yanında olmalı idi. O, əməliyyatlarda digər həkim-cərrahların onu əvəz etməsini xahiş edib xəstəxanadan tələsik çıxdı.

Anar evə gələndə Gülnar artıq evdə idi. Sənanı da bağçadan tez götürmüşdü. Qapıda onu qarşılayan Gülnar gözünü qaldırmadan :

- Salam, gəl, süfrə hazırdı - deyib, Anarın əlavə sual verməsinə imkan verməyərək:
- Bəlkə, parka bir yerdə çıxaq? Hava da qəşəngdir.
- Niyə də yox, gedək - içində müəmma ilə razılaşdı.

Sənan sevincək atasının ayaqlarını qucaqladı. “Ata, tez gedəy, tez gedəy”- dayanmadan təkrarladı. Sənanın hay-küyü Anarın bütün yorğunluğunu çıxarırdı.

Axşam Bakı bulvarında gəzişən bir ailə.. Gülnar, Anar və Sənan.. Sənan özü üçün oynayır, danışır. Arada uşaq saflığı ilə suallar verirdi. Sanki övladları ilə mənasız kimi görünən qısa dialoqlar onların ürəyinə su sərpirdi. İndi onlara ən çox lazım olan bəlkə də elə bu idi. Yoxsa bulvarda gəzən bu cütlük nədən danışacaqlarını bilmirdilər. Anar və Gülnar qarşıda atılıb-düşən Sənanın buraxdığı xəyali izin arxasınca sakitcə əl-ələ addımlayırdılar. İndi hər ikisi danışmasa da bir-birilərini gözəl anlayırdılar. Sanki soyuq əllərin bir-birinə toxunuşu ilə beyinlərindən keçən bütün fikirləri sözbəsoz oxuya bilirdilər.
Bu gün bir vətən qəhrəmanı-şəhidin ildönümü, bu gün həm dünənin xatirəsinə ehtiram, həm də gələcəyə aparan sabahların ümid günü idi…

# 3374 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
#
#
# # #