Həvəssiz ər – Xardiel Ponselanın hekayəsi

Həvəssiz ər – Xardiel Ponselanın hekayəsi
15 oktyabr 2023
# 10:00

İspaniya dramaturqu, romançısı Xardiel Ponsela daha çox satirik əsərləri ilə tanınır. Uzun müddət müxtəlif qəzetlərdə çalışsa da, daha sonra sadəcə satirik əsərlərini yayımladığı “Buen Humor” qəzeti ilə çalışmağa davam edib. O, satirik və absurd teatrın ən mühüm təmsilçilərindəndir.

Çoxdanıncı illərdə qızılgüllərin çox-çox ətir yaydığı və akasiyaların çox-çox kölgə saldığı bir payız fəslində, kobud və acgöz Ramon Kamomila da hamının yaxşı tanıdığı mikroba yoluxdu: evlilik həvəsi.

– Yaxında evlilik görünür, cücələrim! – dostu Manolo Romaqoso ilə kazinoya qalxarkən can-ciyər dostlarıyla qabaqlaşanda salamlaşmaq əvəzinə belə dedi.

– Evlilik?

– Bəli, evlilik, – Ramon təsdiqlədi.

– Sənin?

– Mənim.

– Hansısa qızla?

– Əlbəttə! Brakonyerlə evlənəsi deyiləm ki.

– Bəs bu hadisə nə vaxt baş verəcək?

– Hələ bilmirəm.

– Necə yəni?

– Hələ ki, nişanlımla tanış deyiləm. İnnən belə axtarmağa başlayacam…

Və Ramon Kamomila qız tapmaq üçün dərhal şəhərin canına düşdü. İki saat ərzində Silviya ilə tanış oldu. O, bir az sarışın, bir az bəstəboy, bir az toppuş, bir az darıxdırıcı, bir az varlı və bir az da axmaq qız idi. Evin tək qızıydə və “La Moda y La Casa” jurnalının (özünə ər tapa bilməyən qızlar üçün nəşr) ən sadiq abunəçisi idi.

Bir il sonra bütün dostları toyda iştirak etmişdi. Toy deyirəm e! Bəh!… Bütün toylar kimi bir toy: hər yer bəmbəyaz, hər yerdə portağal çiçəkləri, xalılar, ruhani musiqi, gülüşlər, itələşmələr, bəylə gəlinin və xaç ata-ananın dizlərini qoyması üçün yastıqçalar; ziyafət, qurumuş sendviçlər…

On birinci sendviçə çatanda müqəddəs məkanda qəfil qaçhaqaç düşdü, bir avtomobil sürətlə keçdi və hamı qışqırmağa başladı:

– Hələlik! Hələlik! Yaşasın yeni evlilər! Yaşasın!

Sonra dostlar növbəti sendviçə – on ikinci – və növbəti badəyə keçdilər. Məsələ burda bitdi. Lakin Ramon Kamomila üçün məsələ burda bitmədi… Əksinə: hər şey elə burdan başladı.

O, şütüyən avtomobildə arvadı ilə gedərkən anladı, açıq-aydın anladı ki, nə Silviyanı sevir, nə ailəyə bağlılıq hiss edir, nə də dinc yuva qurmaq üçün zərrə qədər həvəsi var.

– Mən axmağam! – Ramon mızıldandı, – Mən ər olmağa layiq deyiləm və bunu ancaq evli vətəndaş olandan sonra anlayıram…

Qəzəblə dediyini təsdiqlədi:

– Bəli, mən axmağam!

Ramonun yanında küncə qısılmış Silviya qızardı və başını aşağı saldı, onda kişinin qəzəbi daha çox artdı:

– Aman Allah! – Ramon donquldandı, – Evliyəm! Özü də dünyanın ən darıxdırıcı qızı ilə!!! Mənim xilas yolum yoxdur! Yoxdur!

Əsəbini cilovlamaqda çətinlik çəkdiyi üçün Silviyaya ağır sözlər dedi.

– Yalandan özünü utanmış kimi göstərib yerə baxmaq qadağandır! – qışqırdı (Silviya itaətkar uşaqlar kimi ön şüşəyə baxmağa başladı).

Bu an Ramonun ağlına möhtəşəm çıxış yolu gəldi:

– Onun nifrətini qazanacam. Onu tezliklə elə həddə çatdıracam ki, özü boşanmaq istəsin. Əgər bir-birindən çılğın dörd-beş hoqqa ilə buna nail ola bilməsəm, deməli, bacarıqsızın biriyəm…

Bu çıxış yolu onu xeyli sakitləşdirdi.

Əvvəl foto çəkdirməyə gedərkən (toydan sonra klasik ziyarət) Ramon ilk axmaqlığa imza atdı. Mülayim və nəzakətli fotoqraf Ramonla Silviyaya yaxınlaşdı.

– Toy fotosessiyası, elə deyil? – soruşdu.

– Bəli, – dedi Ramon. Sonra əlavə etdi, – Amma bir qədər dəyişiklik olacaq.

– Necə?

– İndiyədək gördüyünüz ən orijinal əvəzləmə olacaq… Bəy fotoqrafın yerinə keçir. Bu gün fotonu mən çəkəcəm. Yaşasın orijinallıq!

Ramon fotoaparatın arxasına keçdi və heyrətlənmiş fotoqrafa təlimat verdi:

– Hə! Nə dayanmısınız? Gəlinin əlini tutun və həyəcanla gülümsəyin. Üzünüzdən sevinc yağsın! Diqqət! Bax belə! Hə!

Sonra Ramon əlindəkiləri bir kənara atıb fotoqrafı pul ödəməyə məcbur etdi. Pulları yığıb Silviya ilə birlikdə xoşbəxt şəkildə oranı tərk etdi.

– Maşına! – əmr etdi (Silviya artıq ağlamağa başlamışdı), – İşlər yaxşı gedir! – pıçıldadı Ramon.

Səhəri gün İruna yola düşdülər (Bu da toydan sonra klasik səfər idi).

Ramon Silviya ilə bir vaqonda getmək istəmədi.

– Mən maşinistlərlə səyahət edirəm, – dedi, – Lokomotivə keçəcəm… Hələlik!

Beləcə, lokomotivə mindi, orada kömür parçalamağa kömək etdi. İruna çatanda üst-başı antrasit rəngindəydi.

***

Burada lal-kar dilənçinin birindən cır-cındırlarını aldı, bunları əyninə keçirib mehmanxanaya Silviyanı axtarmağa getdi. Bu cır-cındırın içində Silviyanın zəif və zərif əlindən tutaraq İrunda gəzdi. Camaat heyrət içində onları izləmişdi.

Silviya hər gün daha çox əzab çəkirdi!

– İşlər yaxşı gedir! İşlər yaxşı gedir! – Ramon hələ də öz-özünə mırıldanırdı, – Tezliklə Silviya özü boşanmağı tələb edəcək. Axmaqlığa davam. Evlilik əleyhinə dərmana davam edirik, dozanı artırırıq.

***

Daha sonra Ramon ən gözəl fraklarını geyindi, Silviya ilə getdikləri hər ictimai məkanda, zalda, rəqs meydançasında xidmətçiləri təqlid etməyə başladı, əlində bez parçası ilə hər sifarişə qaçdı. Bir səhər də göz qapaqlarını qırmızı lakla boyadı.

Nəhayət onu ruhi xəstəxanaya köçürdülər.

Ramon öz xoşbəxtliyinə şahid oldu: nəhayət evliliyi pozulmuşdu və o başqa bir Silviya ilə başqa bir toyda iştirak edə bilməzdi.

İspancadan çevirən: İlahə Əkbər

# 1632 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #