El bir olsa dağ oynadar yerindən... - Safura Əlizadə

Safura Əlizadə

Safura Əlizadə

13 dekabr 2021
# 20:10

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Safura Əlizadənin “El bir olsa dağ oynadar yerindən...” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Zəfər sinif otağında oturmuş, az əvvəl oxuduğu Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri haqqında düşünür, ağlından keçən suallar onu qəzəbləndirdi. O düşünürdü, görəsən, ermənilər bizdən nə istəyir?! Axı biz onlara nə etmişik?! O bayaq şagirdlərlə görüşməyə gələn qazilərin dediklərini xatırladı, onlar l Qarabağ müharibəsi qəhrəmanları idi. Qazilər ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən danışırdı. Xocalıda törədilən qətliam qəhrəmanların dediyi faktlar onu həm kədərləndirir, həm də düşmənə nifrətini biraz daha artırırdı. O eşitdiklərinə inanmaq istəmirdi, çünki məğlubiyyəti, günahsız yerə tökülən qanlı göz yaşlarını qəbullana bilmirdi. Yenə suallar onu boğurdu, niyə torpaqlarımız hələ də düşmən tapdağı altındadır?! Bütün bu eşitdiklərini düşünən balaca 10 yaşlı Zəfər O gün özünə söz verdi böyüyüb əsgər olacaq ermənilərdən onların törətdikləri faciələrin, Xocalıda qətlə yetirilmiş körpələrin, qadınların işğəncələrə məruz qalmış bütün insanların qisasını alacaq. Amma tək Zəfər deyil, o gün sinifdəki bütün uşaqlar da gələn qəhrəman qazilərimizdən təsirlənmişdilər. Sinifi sükut bürümüşdü...

Zəfər evə qayıdırdı, amma hələ 2 ay sonra keçəcəyi şeir dilindən düşməyirdi. Qəzəb dolu göz yaşlarını silir şeiri oxumağa davam edirdi.

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi, Şəhidlər!

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən göylərinə çəkdi, Şəhidlər!

Günlər keçdikcə Zəfər nə o günü, nə də bu şeiri unutmadı, o artıq şeirə musiqi də bəstələmişdir, şeir onun üçün marşa çevrilmişdi. Tək amalı torpaqlarımızı işğaldan azad etmək, düşmənin belini bükmək, ermənilərə layiqli cavab vermək idi.

Beləliklə, O, bu məqsədinə gec də olsa çatdı, düz 14 il sonra ll Qarabağ Müharibəsi başladı. Zəfər Səfərbərlik elan olunanda siyahıya adını ilk yazdıran əsgərlərdən idi. Zəfər və komanda yoldaşları döyüşərək düşmənə ağır zərbələr endirib torpaqlarımızı işğaldan azad etmək istəyirdilər. Çünki inanırdılar ki döyüş Azərbaycan ordusunun qələbəsi ilə başa çatacaq. Ordumuz elə ilk gecədən 7 kəndi işğaldan azad etdi. Zəfər çox xoşbəxt idi, çünki çoxdandır arzusunda olduğu bu istəyinə çatmışdı, müharibədə idi, addım-addım düşmən üzərinə irəliləyir, torpaqlarımızın qarış-qarış azad olunmasında o da iştirak edirdi. İtkilər versək də şəhidlərimizin qanı yerdə qalmır, müzəffər ordumuz düşmənə dağıdıcı zərbələr endirirdi. Füzuli şəhərinin işğaldan azad olunmasında iştirak edən döyüşçülərdən biri də Zəfər idi. O qürur hissi keçirirdi. Çünki hələ 10 yaşında məktəblərinə gələn qazilərdən biri Füzuli şəhərində ayaqlarından birini itirmişdi. Bu gün böyük gün idi, qan su yerinə axır, tökülən qanların qisası alınırdı.

Müharibənin 28-ci günü idi, hava əvvəlki günlərə nisbətən bir az daha soyumuş vəziyyət bir az daha çətinləşmişdi, su, yemək qıtlığı vardı. Döyüşçülərimiz təyinat yerindən çox uzaq olduqları üçün hər gün ərzaq göndərmək qeyri-mümkün idi, bəzən olurdu ki Zəfər komanda yoldaşları ilə birgə 1-2 sutka yuxusuz qalırdı, çünki gecə-gündüz döyüş davam edirdi. Amma çətinliklər bir an olsun döyüşçülərimizi həvəsdən salmır, rayonlarımız azad olunduqca ordumuz bir az daha həvəslənir, mətin addımlarla irəliləyirdilər. Zəfər hər gün olduğu kimi yenə ən çox sevdiyi şeirini oxuyurdu.

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də,

Yıxıb köləliyi ürəyimizdə,

Cəsarət mülkünü tikdi Şəhidlər!

20-si yağışlı bir oktyabr səhəri yenə qızğın döyüş davam edirdi, bu gün Zəfərin anasının doğum günü idi. Amma o anasına zəng edə bilməyəcəkdi, çünki ev ilə əlaqə saxlayanda müharibədə olduğunu bildirmirdi ki narahat olmasınlar. Zəfərin bu gün üçün bircə arzusu vardı nə olur olsun bu döyüşdən sağ-salamat çıxmalıdır. Çünki bu gün özəl gün idi. Anası hər doğum günün də onun üçün pis olmasını istəmirdi. Elə bu vaxt göydən milamiyot Zəfərin 10 m uzağına düşdü, qəlpələr ətrafa səpələndi, göz gözü görmür, nəfəs almanı çətinləşdirən qoxu ətrafı bürümüşdü. Az sonra ara sakitləşdi, Zəfər huşunu itirmişdi, bir qədər sonra özünə gəldi, xoşbəxtlikdən qəlpələr onun kaskasına, branjetinə batmışdı. Zəfər gücünü toplayıb ayağa qalxdı ,ətrafa göz gəzdirdi, dostu şəhid olmuşdu, Zəfər bu hadisədən sonra nəinki bu gün bu müharibədən sağ çıxacağına qalib olacağına and içdi.

Müharibənin 44-cü günü. Şuşa 2 gündür işğaldan azad olunub. Zəfər hər nə qədər mübarizə aparmağa davam etsə də ,gücü taqəti qalmamışdı, çünki ərzaq təminatı yox idi, təyinat yeri də kilometrlərlə uzaqda idi, ərzaq gətirmək üçün müəyyən yol qət etməli idi. Bu da çox təhlükəli idi. Qayıtsaydılar hər an düşmən gülləsinə məruz qala bilərdilər. Bu an Zəfərin iki gün öncə oxuduğu 15 yaşlı bir məktəblidən gələn məktub yadına düşdü. Məktubda yazılmışdı - “Salam, Əsgər, mən Elmurad, dayım 10 gün öncə şəhid oldu, mən döyüşə gələ bilmirəm, çünki yaşım çatmır, amma sizə inanıram ki dayımın qisasını alacaqsınız və alırsınız. Biz sizə güvənirik, Siz hər şeyin ən yaxşısına layiqsiniz, Sizinlə fəxr edirik! Allaha əmanət olun!!! Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!”

Arxa cəbhədən gələn məktubların, yardımların sayı hesabı bitmirdi. Bu göstərilən dəstək ordumuza stimul verən ən böyük amillərdən biri idi. Elə həmin gün xəbər gəldi ki Ermənistan itki çoxluğundan hərbi sursat qıtlığından təslim olub və nəhayət müharibə Azərbaycanın qələbəsi ilə sona çatdı. Xəbəri eşidən Zəfərin gözlərində həm sevinc, həm də kədər hissi vardı, axı o dostlarını itirmişdi, amma o bilirdi ki ,nəinki dostlarının bu vaxtadək bütün şəhid olmuş əsgərlərimizin ,günahsız yerə qətlə yetirilmiş körpələrin, Gəncədə, Bərdədə törədilən bütün qətliamların qisası alınmışdı. Zəfər məğrur addımlarla irəli gəldi, bayaqkı yorğun taqətsiz halından əsər-əlamət qalmamışdı. Çünki ayaq basdığı bu torpaqlar əbədi olaraq öz dədə baba yurduna qayıtmışdı. O bir qədər duruxdu, sonra kaskasını çıxardı. Ona uşaqlıqdan stimul verən ürəyində həm yanğı ,həm də düşmənə olan nifrətini artıran şeirin son bəndini söyləməyə başladı.

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə,

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumunu əkdi şəhidlər!

Yazdıqlarım Zəfərin qəhrəmanlıq salnaməsinin sadəcə kiçik bir hissəsi idi. Onun kimi neçə-neçə el qəhrəmanlarımız mərd oğullarımız bizə bu qələbənin sevincini yaşatdı. Ön və arxa cəbhədə Laçın nənədən balaca Bəxtiyara kimi hər kəs quzu cildindəki o qoca qurdun doğru, düz şəklini 44 gün ərzində düşmənə, dünyaya tanıtdılar. Bir sözlə, el bir oldu dağ oynatdı yerindən!

# 2596 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #