Dişçıxaran - Rəna Vəliyeva

Rəna Vəliyeva

Rəna Vəliyeva

15 dekabr 2021
# 12:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rəna Vəliyevanın “Dişçıxaran” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ovdan sonra meşənin kənarında yerləşən ferma binasına getdik. Kənarları açıq soba yanan otaqda süfrə açılmışdı. Ev sahibi köhnə qoçulardan idi. Qonaqlar arasında bizdən başqa polis zabiti, gömrük müdiri, kənd təsərrüfatı məmuru və bir də "dişdüzəldən" deyə çağırılan lopabığ bir kişi vardı.

Gözlərində ağıldan kəm adamlarda rast gəldiyim gah alovlanan, gah da öləziyən qərarsız işıq gördüyüm üçün onun seyrək ağıllı biri olduğu qənaətinə gəldim. Bir ara ona diqqət göstərdiyimi nümayiş etdirmək üçün sual verdim:

- Bu tərəflərdə dişdüzəldənlik edirsiniz?

Ev sahibi, polis, müdir və məmur ucadan güldülər. O isə susaraq önünə baxırdı.

- Cavab versənə, - deyib yenidən gülüşdülər.

"Dişdüzəldən" də gülməyə başlamışdı. Kənd, çöl və şəhər həyatlarından aldığım təcrübə ilə bu gülüşlərdə bir cür qəribəlik və istehza hiss etdim. Hərçənd, hamınınkına bənzəməyən acı sərgüzəştlər, hətta fəlakətlər belə bu cür mühitlərdə əyləncə sayılaraq gülməli söhbətlərin mövzusuna çevrilirdi...

"Dişdüzəldən"in əlinə zorla dolu qədəh verərək:

- Danış. Bizə işindən danış. - deyə onu dilə tutmağa çalışdılar.

- Mən dişdüzəldən deyiləm, - o, söhbətə başladı - dişçıxaranam. Dişləri ustalıqla çıxarıram. Çənə sümüklərini dağıdaraq, didərək dişləri yerindən çıxarıram.

Müharibə vaxtları idi. Hər yolda, dərədə cəsədlərə, yaralılara rast gəlmək mümkündü. Mən sovet hərbi təhsili almış baş gizir idim. Sağ böyrümdən bir güllə yarası almışdım. Kəlbəcər dağlarında üç döyüş yoldaşımla birlikdə çətin vəziyyətdən çıxmağa çalışırdıq. Aşağıdan dağ çayı axırdı. Çayın kənarları boyu yarpaqları küləyin təsiriylə günəşə çevrilərək gümüşü rəng alan zərif qovaqlar sıralanmışdı. Sıx otlarla örtülmüş yamaclar get-gedə qabararaq heybətli bir görünüş yaradırdı. Bura nə qədər qorxulu görünsə də, Vətən idi. Yurdumuzdan sıxışdırılıb çıxarılmaq bizə olmazın əzabı verirdi. Yolda silah işlətmədən ölməkdən qorxurduq.

Dayanıb nəfəs almaq istədik. Birdən qayanın yuxarısından bağırtı eşidildi. Silahlar üzərimizə tuşlandı, əllərimizi yuxarı qaldırdıq. Səkkiz-on erməni yoxuşla sanki aşağı yumalandı. Saqqalları uzun, saçları dağınıq, üzləri şeytan üzünə bənzəyirdi. Bizi əsir götürə bilərdilər. Yoxsa nəyimizi alacaqdılar, nə pulumuz vardı, nə də qiymətli bir şeyimiz. Mən yaralı, yoldaşlarım nasaz idi.

Paltarlarımızı soyunmağımızı tələb etdilər. Soyunub güllələnməyimizi gözlədik. Silahlılardan biri yanımda dayanan yoldaşıma yaxınlaşdı. Bir əliylə çənəsindən, digər əliylə burnundan tutdu. Ağzını açaraq satın alacağı atı müayinə edəcəkmiş kimi dişlərini gözdən keçirdi. Narazı halda qarnına bir təpik vurub digər yoldaşıma yaxınlaşdı. Onun da nəyinisə bəyənməyib vurdu.

Nəhayət, növbə mənə çatdı. Ağzımı açıb təpiklənməyi gözləyirdim. Erməni sevinclə qışqırdı. Barmaqları ilə qızıldan düzəldilmə dişimi damağından çıxarmağa çalışırdı. Kirli dırnaqları ətimi deşirdi. O nə qədər əlləşsə də, dişimi çıxara bilmirdi.

Bacarmadığını anlayıb ayağıma təpiklə vurdu. Üzü üstə yıxıldım. Qəzəbli erməni mənim ana dilimdə bağırdı:

- Daş! Mənə daş gətirin!

Çopur bir daş gətirdilər. Onu ağzıma salıb qaldırıb-endirdikcə küt zərbələrdən ağzım, çənəm, başım, bütün bədənim göynədi. Böyrümdəki yara da bir tərəfdən əzab verirdi. Qırtlağımdan aşağı süzülən qan çılpaq bədənimi islatdı. Erməninin üzünə qan və ət qırıntıları fışqırırdı.

Necə oldusa huşumu itirmədim.

Özümdən getməyə hazırlaşanda aldığım növbəti zərbədən yenidən ayılır, beynimdə və yaralarımda zoqqultu eşidirdim.

Üç qanlı dişimi erməninin əlində gördüm. Qızıldan düzəldiləni saxlayıb digərlərini yerə atdı.

Huşumu itirmədən əvvəl ermənilərin mənim öldüyümü zənn edib yoldaşlarımı güllələdiyini, sonra isə paltarlarımızı yığıb ovdan qayıdırlarmış kimi ağır addımlarla təpəyə dırmaşdıqlarını gördüm.

Acı əhvalatın sonunu ev sahibi tamamladı:

- Sonra dişçıxaran oldu. Vəhşi ermənilər əsir götürdüyü qız-gəlinlərimizi zorlayır, qocalarımızın gözlərini çıxarır, uşaqlarımızı yandırırdılar. Kəndlərimiz dağıdılır, evlərimiz talan edilirdi. Sonradan öyrəndim ki, bizim bu dişdüzəldən sağ ələ keçirdiyi erməni cəlladlarının sinəsinə çöküb, əlindəki dülgər qısqacıyla hərəsinin bir dişini çıxarmadan onlardan əl çəkməzmiş.

Dişçıxaranın gözlərində mavi bir alov parladı:

- Bəli, – dedi – çox gözəl çıxarırdım. Ağızlarından qan axıda-axıda, çənə sümüklərini dağıda-dağıda.

O, sonra əlini köynəyinin düyməsinə atdı, sinəsini açdı. Boğazında iri daşlardan ibarət boyunbağı vardı.

Neft lampasının zəif işığında bu daşların nə olduğunu ilk əvvəl kəsdirə bilmədim. Ancaq birdən ocaqda bir kösöv çevrildi. Otaqda qırmızı alov parladı. Boyunbağıdakı daşların sağlam, ağ, eyni biçimli otuza qədər azı dişi olduğunu anladım.

# 1769 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
# # #