Diplomatın bədduası - Alpay Azərin hekayəsi

Diplomatın bədduası - Alpay Azərin hekayəsi
31 avqust 2024
# 15:00

Kulis.az Alpay Azərin "Siyasi-psixoloji tipajlar” silsiləsindən "Diplomatın bədduası" adlı yeni hekayəsini təqdim edir.

İslam Sənaye və İnkişaf Təşkilatının prezidenti şeyx Əli İbrahim İsmayıl, protokol işlərinə baxan Ziyad Əl-Əsvaddan bir həftə əvvəl keçirilmiş beynəlxalq sərgiyə dəvət olunan səfirlərdən kimlərin gəlmədiyini soruşdu.

– Türkmənistan səfiri, cənab İsmayıl, – protokol müdiri cavab verdi.

– Niyə belə eləyirlər? Onlar keçən ilki iftarımıza da gəlməmişdi.

– İnişilki iftara da gəlməmişdilər. Bunlardan nə səfir, nə müşavir, hətta üçüncü katib belə dəvət etdiyimiz tədbirlərə gəlmir.

Əli İsmayıl əqiq daşlı gümüş üzük taxılmış barmağını gicgahına qoyub, bir qədər fikirləşəndən sonra dilləndi:

– Sən belə elə. Burdakı başqa səfirliklərdə, beynəlxalq təşkilatlarda işləyən diplomat dostlarından maraqlan, öyrən gör, onların tədbirlərinə Türkmənistan səfirliyindən kim gəlir. Bunu sözarası soruş, elə bilməsinlər, məqsədin onlardan məlumat qoparmaqdı. Amma mənim adımdan yox ha, öz adından soruşarsan.

– Oldu, cənab İsmayıl.

Bir ay sonra İslam Sənaye və İnkişaf Təşkilatının növbəti “Müsəlman ölkələrində aqrosənayenin inkişafı” adlı beynəlxalq konfransı keçiriləcəkdi. Yenə ofisdə işçilər qaynaşırdı, biri nota yazırdı, o biri faksla sənəd göndərirdi, başqa birisi konfransa gələcək rəsmi qonaqların “Hilton”da qalacağı otaqları rezerv edirdi.

İki günlük konfransa qırxdan çox ölkənin nazirləri, beynəlxalq təşkilat nümayəndələri, səfirləri gəldi, çıxışlar etdilər, niyyət protokolları, əməkdaşlıq sazişləri imzaladılar, onlarçün yüksək səviyyədə ziyafətlər, konsertlər təşkil olundu, nəhayət, qonaqlar öz ölkələrinə uçdu.

Üç gün sonra Əli İsmayıl protokol müdirini kabinetinə çağırıb xarici iştirakçıların təəssüratları barədə bir-iki sual verdi. Əl-Əsvad həvəslə dedi ki, qonaqların əksəriyyəti konfransın yüksək səviyyədə təşkilindən ağızdolusu danışıblar, nazir köməkçilərindən bir neçəsi şəxsən özləri ona yaxınlaşıb təşkilatçılığa görə təşəkkürlərini bildirib.

– Mənə də bir neçə nazir axşam ziyafətində eyni şeyi dedi, – Əli İsmayıl özündən razı kresloya yayxandı, – Lap yaxşı, indi keçək səfirlərə. Kimlər gəlmişdi, kimlər gəlməmişdi? – barmaqlarıyla masanı taqqıldatdı.

– Deməli, – protokol müdiri kağıza baxdı. – Səkkiz ölkənin səfiri, üç ölkəninsə səfir müşaviri gəlmişdi, – deyib diplomatların, təmsil etdiklərin ölkələrin adları yazılmış vərəqi Əli İsmayıla uzatdı.

– Türkmənistandan yenə heç kim gəlməmişdi? – Əli İsmayıl gözünü kağızdan çəkmədən soruşdu.

– Bəli, cənab İsmayıl. Bunlar açıq-aşkar təşkilatımıza hörmətsizlik edirlər.

– Yaxşı yadıma düşdü, sənə tapşımışdım, burdakı diplomat dostlarından öyrənəsən, Türkmənistan səfirliyi onların tədbirlərində iştirak edirmi.

– Öyrəndim, cənab İsmayıl. Bunların səfiri, bəzən müşavirləri BMT-nin, ATƏT-in burdakı nümayəndəliklərinin, ABŞ, Böyük Britaniya, Çin səfirliklərinin rəsmi tədbirlərində, ziyafətlərində iştirak edirlər. Elə əcaib şeylər eşitmişəm, danışsam, heyrətə gələrsiz.

– Aha, danış görək, – Əli İsmayıl gözlərini qıydı.

– Təsəvvür edin, Pakistan səfirliyində müşavir işləyən dostum danışır ki, iki il əvvəl İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin Ciddədəki iclasında başda xarici işlər naziri olmaqla Türkmənistan nümayəndə heyəti iki gün iclas boyu başqa dövlətlərin nümayəndələriylə söhbət etmək bir yana, birinə belə yaxınlaşmayıblarmış, tez-tez ətraflarına boylanırlarmış, elə bil, hamıdan şübhələnirlərmiş.

– Kaqebe (1) qorxusu?

– Düzü, elə düşünmürəm. İyirmi ildən çoxdu müstəqildirlər.

– Yox bilirəm, zarafatla dedim. Nə isə. – Əli İsmayıl əlini yellədi. – Sənə növbəti tapşırığım, sabah Türkmənistan səfirinin müşavirinin nömrəsini tapıb zəng edirsən, özünü təqdim edib təşkilatımız haqda əsas məlumatları verirsən, sərgiylə, son tədbirlərimizlə bağlı bizdən gedən notaların, məktubların nömrələrini, tarixlərini deyirsən, onların indiyə qədər bizim tədbirlərdə nümayəndə kimi heç kimin iştirak etmədiyini nəzərinə çatdırırsan. Sonda nəzakətlə deyirsən ki, bizə olan bu münasibətinizin səbəbini bilmək istərdik.

Eşitdiklərini tez-tez qeyd dəftərinə yazan Əl-Əsvad qələmini qaldırıb dilləndi:

– Məncə, yumşaq şəkildə çatdırmaq lazımdır ki, səfirliyin bu cür davranışını təşkilatımıza qarşı hörmətsizlikdir.

– Lazım deyil, – prezident üzünü turşutdu, – sənin məqsədin məhz elə onların bizə olan soyuq münasibətinin səbəbini öyrənməkdi, danlamaq yox. Hə, sözarası müşavirə belə bir sual ver, bəlkə biz tərəfdən onlara qarşı nə vatxsa saymamazlıq, ya hörmətsizlik olub? Və ya təşkilatımızın əvvəlki prezidentiylə bunlar arasında hansısa anlaşılmazlıq olub.

Protokol müdiri səhərisi üçüncü telefon zəngindən sonra Türkmənistan səfirinin müşaviri Azat Saparovu yerində tapa bildi, özünü təqdim edib ingiliscə öz şefinin dediklərini çatdırdı. Müşavir telefonun o başında “okey, mister” deyə-deyə, sabah zəng edəcəyinə söz verdi. Üç gün keçdi, səfirlikdən təşkilata zəng edən olmadı, səbirsizlənən Əl-Əsvad özü Azat Saparovu yığıb salam-əleykumdan sonra həmin məsələni yadına saldı. Müşavir dedi ki, bağışlayın, bu arada tədbirlərə başımız qarışıb, o məsələylə maraqlana bilməmişəm. Üç gün ərzində zəng edəcəyinə söz verdi.

Əl-Əsvad əmin oldu ki, bu adam nə üç, nə də beş gün sonra zəng etməyəcək. Şefi isə sanki onu izləyirdi, on dəqiqə sonra yanına çağırdı:

– Nə oldu Türkmənistan məsələsi?

– Cənab İsmayıl, tapşırdığınıza uyğun, artıq iki dəfə səfirin müşaviriylə danışmışam. Hələ də söz verir ki, bizi məlumatlandıracaq. Üç gün keçir, axırda məcbur olub özüm zəng edirəm ona.

– Çox nahaq. Niyə təşkilatımızın nüfuzunu aşağı salırsan? Əgər deyirsə zəng edəcək, deməli, gözləmək lazımdı.

– Cənab İsmayıl, söz verir, amma zəng eləmir.

– Lazım deyil! Bizi saymırlarsa, biz də onları saymarıq. Yeri gələndə, biz beynəlxalq təşkilatıq, onlarsa dünyada elə də tanınmayan bir ölkənin səfirliyi.

Üç gün sonra Türkmənistan səfirinin müşavirindən zəng gəlməyəndə, Əl-Əsvadın içi qaynamağa başladı, özünə söz verdi ki, saat üçə qədər səs çıxmasa, müdirinin tapşırığını, öz qürurunu vecinə almadan özü zəng edəcək. “Yox, bu alçaq mənə cavab verməlidi. Mən əlli altı ölkənin üzv olduğu beynəlxalq təşkilatın protokol şöbəsinin müdiriyəm, sənsə adi bir ölkənin səfirinin müşaviri,” – deyindi.

Və ertəsi gün dördün yarısı zəng etdi, səfirlikdən dedilər ki, Saparovun anası dünyasını dəyişib, dünən təcili Aşqabada uçub, birinci gün qayıdacaq. Öz-özünə deyinən Əl-Əsvad (“Anası da vaxt tapdı ölməyə”) eyni zamanda hiss etdi ki, konkret cavab alana qədər Türkmənistan səfirliyinə zəng etməyə sanki məhkum olub. Məhkumluq hissi ona “Niyə mən ona zəng etməliyəm?” sualını dedizdirəndə cavabı tezcə tapdı: “Bunlara səhv olduqlarını sübut etməliyəm. Tədbirlərimizə gəlməmələri cəhənnəm, heç olmasa səfir səviyyəsində üzr istəsinlər”. Protokol müdiri əməlli-başlı prinsipə düşmüşdü, halbuki, dəvət etdikləri beynəlxalq tədbirlərə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan kimi adlı-sanlı müsəlman dövlətlərinin, üstəlik, Mərkəzi Asiyadan Türkmənistan xaric, qalan ölkələrin yüksək səviyyəli nümayəndələri gəlirdi. Nə rəsmi, nə də qeyri-rəsmi səviyyədə bu ölkələrin heç biriylə təşkilat arasında heç vaxt narazılıq-filan olmuşdu.

Birinci gün axşamüstü Əl-Əsvad müşavirə zəng etdi, yerindəydi. Salamlaşdılar, anasına rəhmət dilədi, Saparovun gümrah səslə “Təşəkkür edirəm” deməsindən Əl-Əsvad nəticə çıxardı ki, anası çox güman, doxsan-yüz yaşlarında ölübmüş.

– Cənab Əl-Əsvad, mən o məsələni araşdırdım, məlum oldu ki, sizin təşkilatdan bizə sənədlər gəlməyib, – Saparov dedi.

– Ola bilməz, – protokol müdiri səs tonunu azca qaldırdı. – Biz bütün sənədləri ekspress poçtla göndəririk, ünvana çatmayanda, kuryer onları bizə geri qaytarır.

– Sizdən bizə sənədlər daxil olmayıb, – elə bil robotuydu danışan.

– Bu, mümkün deyil... Okey, biz də bu məsələni araşdırıb sizinlə əlaqə saxlayarıq.

Əl-Əsvad daxil olan və göndərilən sənədlərlə məşğul olan işçini çağırıb, son bir ilin poçt hesabatını gətirməyi tapşırdı. İşçinin gətirdiyi qeydiyyat jurnalında “Türkmənistan Respublikası səfirliyinə” sözlərinin qabağında “Qəbul etmədilər” sözlərini görəndə, Əl-Əsvad yumruğunu masaya çırpdı:

– Bəs indiyə qədər mənə niyə deməmisən ki, Türkmənistan səfirliyi bizim sənədləri qəbul etməyib?!

Yazıq görkəm alan işçi boynunu uzadıb qeydiyyat jurnalına baxdı:

– Cənab Əl-Əsvad, biz konfrans vaxtı ancaq sənədlərin göndərilməsiylə məşğul idik. Yəqin xatırlayırsınız, iş qrafikimiz necə sıx idi...

– Söhbəti azdırma! Sənin işin sənədləri ekspress poçtla göndərmək, onların ünvana çatmasını təmin etmək olub, məktub, ya nota yazmaq yox. Türkmənistan səfirliyinə göndərilən sənədlərsə bir müddət sonra geri qayıdıb və indiyə qədər bir dəfə də deməmisən ki, bunlar notalarımızı, təbrik məktublarımızı qəbul etmir.

– Düzdü, – deyib işçi başını aşağı saldı.

– Məsuliyyətsiz! Çıx otaqdan! – əliylə qapını göstərdi.

Texniki işçi suyu süzülmüş otaqdan çıxanda Əl-Əsvad dilləndi:

– Bir dəyqə. Al bunu, – qeydiyyat jurnalını ona uzatdı. – Get son üç ildə bizə daxil olan məktub, nota, dəvətnamələri araşdır gör, Türkmənistandan bizə hər hansı sənəd gəlib, ya yox, – bu ideyanın qəfil ağlına gəlməsi Əl-Əsvadın özünə qəribə gəldi.

Az öncə qovulan texniki işçi “okey” deyib yeni tapşırığı yerinə yetirib günahını yuyacağını hiss edirmiş kimi sevincək otaqdan çıxdı. İyirmi dəqiqədən sonra son üç ildə Türkmənistandan heç bir sənədin təşkilata göndərilmədiyi haqda məruzə etdi.

“Mən bu işin axırına qədər gedib çıxacam, qoymayacam belə qalsın,” – deyinən Əl-Əsvad əsəbi soyuyan kimi, Türkmənistan səfirliyinə zəng etdi:

– Zəhmət olmasa, məni cənab Saparovla birləşdirin...

Zənglərə cavab verən qızın “Bağışlayın, kimdir zəng edən?” sualını eşidəndə, cin vurdu təpəsinə, heç nə demədən dəstəyi yerinə çırpdı. Həmin an ağlına gəldi ki, Saparova indiyə qədər göndərilən sənədləri səfirliyin qəbul etmədiyini sübut etsə, aralarında xoşagəlməz mübahisə yaranacaq, hansısa kobud söz çıxacaq ağzından, söz-söhbət yüz faiz gedib Əli İsmayıla çatacaq, şef də dişinin dibindən çıxanı ona deyəcək. Belə xırda şeyə görə söz götürməyi şəninə sığışdırmayan Əl-Əsvad eyni zamanda nə cürsə türkmən müşaviri acılamaq istəyirdi.

1980-ci illərdə Sorbonna universitetinin hüquq fakültəsinin bakalavr diplomunu almış tunisli Ziyad Əl-Əsvad diplomat kimi dünyanın otuzdan çox ölkəsində olmuşdu, müxtəlif səfirliklərdə işləmişdi, bir çox millətlərin psixologiyasına az-çox bələdiydi. Ətalətli, tənbəl, məsuliyyətsiz şərqlilərlə yanaşı, çevik düşüncəli, sözünə vaxtında əməl edən qərbli diplomatlarla yetərincə ünsiyyətdə olmuşdu. Amma həyatında ilk dəfəydi bu dərəcədə tənbəl, məsuliyyətsiz, yalançı şərqli diplomata rast gəlirdi və onu ən çox əsəbiləşdirən bu cəhətlərin bir adamda cəm olması idi. “Adətən biz ərəblərə tənbəl, məsuliyyətsiz deyirlər, amma bunlar bizdən betəriymiş”. Elə bir həddə gəlib çatmışdı ki, nəinki müşavirin, hətta səfirin dilindən belə “Biz sizdən gələn sənədləri qəbul etmək istəmirik” sözlərini eşitməyə hazır idi, təki uzatmasınlar, konkret bir şey desinlər.

Günlər sonra For Siznz (Four Seasons) otelinin restoranında, ABŞ-ın müstəqillik gününə həsr olunmuş bayram ziyafətində Əl-Əsvad öz həmkarıyla söhbət edən adamın döşünə sancılmış Türkmənistanın milli bayrağını görəndə, onun Saparov olduğunu təxmin etdi. Yavaşca onların yanından keçdi, o biri diplomatın döşünə sancılmış bayrağın ağ, qara, qırmızı rənglərindən, qulağına rus dilində çatan sözlərdən anladı ki, mümkün Saparov Rusiya səfirliyinin nümayəndəsiylə danışır. Nəhayət, türkmən diplomat tək qalanda, Əl-Əsvad tez ona yaxınlaşdı.

– Ziyad Əl-Əsvad, İslam İnkişaf və Sənaye Təşkilatının protokol şöbəsinin müdiri, – əlini uzatdı. – Məncə, siz Azad Saparovsuz, – gülə-gülə deyib pencəyinin cibindən çıxartdığı vizit kartını ona uzatdı.

– Oo, çox gözəl, – Saparov protokol təbəssümüylə onun əlini sıxdı. – Çox şadam, – o da öz vizit kartını protokol müdirinə verdi. – Necə bildiz ki, mən Azad Saparovam?

– Fəhm, – Əl-Əsvad əliylə ürəyini göstərdi.

Türkmən diplomatın onunla isti görüşməyi Əl-Əsvadın kefini açdı, əmin oldu ki, bu dəfə o, nota, məktublara veto qoyulmasının səbəbini öyrənəcək.

Başladılar olduqları ölkələrdən, şəhərlərdən, kim harda, hansı səfirliklərdə neçə il işləməyindən danışmağa. Əl-Əsvad onun qırımından hiss etdi ki, Saparov söhbəti uzatmaqla əsas məsələdən yan keçib aradan çıxmaq istəyir. Protokol müdirinin yenə qürur hissi baş qaldırdı, ürəyində dedi ki, özünüz bilərsiz, istəyərrsiz bizim tədbirlərə gələrsiz, istəməzsiz gəlməzsiz, siz bizi saymırsızsa, biz də sizi saymarıq. Sonda əsas məsələyə toxunmadan qərara gəldi ki, Əli İsmayıla bunları deyəcək: “Bir də, bu ölkənin nazirlərini və səfirlərini heç bir tədbirimizə dəvət etməyək, nə də bayramlarda təbrik məktubları göndərək”.

Və prezident onu kabinetinə çağıranda protokol müdiri bu məsələni birdəfəlik həll edəcəyinə ümidləndi. Əli İsmayıl təmtəraqlı tonda dedi:

– Əl-Əsvad, gələn il yanvarın səkkizi, doqquzu Kazan şəhərində beynəlxalq konfransımız olacaq. Yəqin ki, bu şəhər haqqında məlumatın var.

– Əlbəttə. Rusiyada müsəlman tatarların yaşadığı belə bir şəhər var.

– Düzdü, Kazan Rusiyanın Tatarstan adlı regionunun əsas şəhəridir. Xəbərin olar yəqin, Rusiya keçən il İƏT-də(2) müşahidəçi statusu alıb, Qərblə münasibətləri gərgindi deyə, müsəlman dünyasıyla çalışırlar yaxın əlaqələr qursunlar. Mən keçən il Moskvada tatar biznesmenlərlə görüşdə təklif verdim ki, Rusiyada müsəlman ölkələrindən olan iş adamlarının iştirakıyla beynəlxalq konfrans keçirək, bir şəbəkə yaransın, müsəlman ölkələri biznes layihələri vasitəsilə öz aralarında əlaqələr qurub inkişaf etsinlər. Artıq Rusiya, bir neçə müsəlman ölkəsi ilkin razılıqlarını veriblər. Deməli, bu yaxınlarda Blumberq agentliyinin dünya ölkələri üzrə statistikasıyla tanış oldum, dəhşətə gəldim. Təsəvvür elə, Almaniya və Fransanın ümumdaxili məhsulu bütün İƏT ölkələrinin ümumdaxili məhsulundan cəmindən çoxdur. Yəni, vəziyyət belə acınacaqlıdır, ona görə elə bilirəm, bu konfransla ümmətimizin inkişafı üçün faydalı işlər görmək olar. Nə isə, al bu kağızı, – protokol müdirinə A4 kağızı uzatdı, – burda tədbirin adı, tarixləri yazılıb. Bu biri kağızda isə – masadan götürdüyü ikinci kağızı uzatdı, – nota göndərəcəyimiz ölkələrin və nazirliklərin siyahısı var. Sən sabah notanın ilkin variantını yazıb verirsən mənə. Mən təsdiqləyəndən sonra, həmişəki qaydada səfirliklər vasitəsilə siyahıdakı ölkələrə sənədlərin çatmasıyla məşğul olursan.

Əl-Əsvad “okey” deyib, sol əlində tutduğu ölkələr siyahısına göz atdı, orda Türkmənistanın adını görəndə, narazı tonda dedi:

– Cənab İsmayıl, çox xahiş edirəm, mümkünsə, Türkmənistan səfirliyinə bizdən nota getməsin. Bu yaxınlarda bilmişəm ki, onlar son üç ildə bizi öz tədbirlərinə çağırmayıblar.

– Bəlkə heç tədbir keçirməyiblər.

– Ən azı, müstəqillik günləriylə bağlı ziyafətə çağıra bilərdilər. Üstəlik, Amerika səfirliyinin müstəqillik günüylə bağlı...

– Əl-Əsvad, söhbəti uzatma. Kazanla bağlı siyahı artıq Rusiyanın İqtisadi İnkişaf Nazirliyilə razılaşdırılıb. Nəzərə al ki, Türkmənistan öz qazının çoxunu Rusiyaya satır. Sonra Rusiya rəsmiləri bizə etiraz edəcək ki, niyə bizimlə məsləhətləşmədən Türkmənistanın adını razılaşdırdığımız siyahıdan çıxarmısız. Üstəlik, bizdən İƏT-ə şikayət edə bilərlər. İndi əsas məsələ notaların səfirliklər vasitəsilə ölkələrə vaxtında çatdırılmasıdır. Əgər Kazan konfransıyla bağlı Türkmənistandan cavab olmasa, birdəfəlik onları siyahımızdan silərsən. Razı qaldın?

– Bəli, cənab İsmayıl, – protokol müdirinin sevincdən gözləri parıldadı.

Ertəsi gün Əl-Əsvad müdirinin təsdiqlədiyi nota mətnini klaviaturada F12 düyməsinə basa-basa, ölkə, uyğun nazirlik adlarıyla yeniləyib ayrı-ayrı fayllar yaratdı. Sənədləri poçtla, faksla Türkmənistan səfirliyinə göndərdilər: təşkilat adından göndərilən notada dərin ehtiram və hörmətlə əlavə olunan sənədlərin Türkmənistanın İqtisadiyyat və Ticarət Nazirliyinə çatdırılması lütfən xahiş olunurdu.

İki gün sonra Türkmənistan səfirliyinin növbəti dəfə sənədləri qəbul etmədiyini bilən Əl-Əsvad masaya necə yumruq vurdusa, qəbulda oturan qız qaça-qaça onun otağına gəldi:

– Nə oldu, cənab Əl-Əsvad?

– Sənlik bir iş yoxdu. Qayıt öz yerinə.

Heç nə anlamayan qız aralanan kimi, Əl-Əsvad ayağa durub otağının qapısını örtdü, telefonun dəstəyini götürüb Türkmənistan səfirliyini yığdı.

– Azat Saparovu zəhmət olmasa... İslam İnkişaf və Sənaye Təşkilatının protokol şöbəsinin müdiri Ziyad Əl-Əsvad...

Dilucu salamlaşmalardan, “Necəsiniz?”lər, “Yaxşıyam”lardan sonra, Amerika səfirliyinin verdiyi bayram ziyafətindəki görüşlərini xatırladan Əl-Əsvad onu bezdirən, günlərdi içində gəzdirdiyi məsələni açıq şəkildə dedi:

– Niyə yenə sizin səfirlik bizim notanı qəbul etmir? – “niyə” (why?) və “yenə” (again) sözlərini vurğuyla dedi.

– Elə şey ola bilməz.

– Necə yəni ola bilməz? İndiyə qədər göndərdiyimiz bütün sənədləri qəbul etməmisiz, kuryer onları bizə geri qaytarıb. Niyə konverti açıb baxmırsınız ki, içindəki kağızlarda nə yazılıb? Siz mənə vatsap nömrənizi versəz, bütün poçt məlumatları masamın üstündədir, hamısının şəklini çəkib bir-bir sizə göndərərəm. İkincisi, martda Kazanda keçiriləcək beynəlxalq konfransla bağlı sizə sənədlər göndərmişik. Üstəlik, notada xahiş etmişik, onları sizin ölkənizin Ticarət və İqtisadiyyat Nazirliyinə çatdırasınız. Yenə sizdən heç bir cavab yoxdur

– Mənə on dəqiqədən sonra zəng edə bilərsiniz? – müşavir bu cür danışıq tonunu heç gözləmirdi deyə, çaşan kimi oldu.

– Problem deyil. Yeri gəlmişkən, siz də mənə zəng edə bilərsiz.

– Hə, elə də olar.

– Keçən dəfə də söz vermişdiz, amma zəng etmədiz. Olmaz axı belə, ən azından təmsil etdiyim təşkilata hörmət edin...

Sağollaşdılar, Əl-Əsvad arada qol saatına baxırdı, görəndə ki, son danışıqlarından artıq iki saat keçib, hələ də telefon susur, hirsli-hirsli səfirliyi yığdı. Özünə söz verdi ki, əgər dəstəyi götürüb “Türkmənistan səfirliyi sizi eşidir” deyən qız Saparovun yerində olmadığını desə, onda bu sözləri döşəyəcək: “Zəhmət olmasa, ona çatdırın, İslam Sənaye və İnkişaf Təşkilatı olaraq bir saatın içində Türkmənistan Xarici İşlər Nazirliyinə səfir və Saparovun adlarını çəkməklə, indiyə qədər bizim təşkilata qarşı etdikləri hörmətsizlik haqda nota yazıb göndərəcəyik”. Bu dəfə bəxtindən müşavir yerindəydi, elə sözə də o özü başladı:

– Cənab Əl-Əsvad, az öncə mən bu barədə cənab səfirlə danışdım. Məsələ belədir, biz islam adı olan təşkilatlarla əlaqə saxlamırıq.

Protokol müdiri öncə elə bildi səhv eşidir, dəqiqləşdirmək üçün sual verdi:

– Deyirsiz ki, təşkilatımızın adında islam sözü olduğuna görə, sizin səfirlik sənədləri qəbul etmir? Düz anladım sizi? – bu sualı verəndə Əl-Əsvad ikili hisslər keçirdi. Bir tərəfdən, nəhayət, uzun müddət axtardığı suala cavab tapdı, o biri tərəfdənsə içində yeni qəzəb vulkanının püskürəcəyini hiss etdi. Eyni zamanda anladı ki, diplomat olduğuçün nəyin bahasına olursa-olsun, bunun qarşısını almalıdır.

– Bəli, bəli, cənab Əl-Əsvad, düz anladınız.

“Aman Allah, bu nə danışır?” – fikirləşən protokol müdiri həyəcandan titrəyən səslə dilləndi:

– Axı mən sizə ilk telefon danışığımızda demişdim, biz beynəlxalq təşkilatıq, qeyri-hökumət təşkilatı deyilik. Bizim də sizin kimi diplomatik münasibətlər haqqında Vyana konvensiyasına əsasən diplomatik toxunulmazlığımız var.

– Başa düşürəm, – türkmən diplomat cavab verdi, – amma bu, məndən asılı olan məsələ deyil. Yəni bu, səfirliyimizin qərarırıdır.

– La havla və la quvvata, – duanı axıra qədər oxumağa səbri çatmadı. – Siz məgər indiyə qədər İslam Əməkdaşlıq Təşkilatı haqda heç nə eşitməmisiz? Üstəlik, sizin xarici işlər naziriniz bu təşkilatın illik sesiyalarında iştirak edir. Hələ sammitləri demirəm.

– ...

– Demək istədiyim odur ki, ölkəniz həmin qurumun üzvüdür. YUNESKO, BMT-nin ixtisaslaşdırılmış qurumu olduğu kimi, bizim təşkilat da İslam Əməkdaşlıq Təşkilatının ixtisaslaşdırılmış qurumudur. Və biz üzv-ölkələrdə sənayenin inkişafı üçün...

– Bunlar aydındır, amma cənab səfirin tapşırığı belədir ki, biz...

– Cənab Saparov, – “Lənətə gəlsin səfiriniz” ürəyində dedi. – Sizin bu hərəkətləriniz bilirsiz nəyə bənzəyir? Siz elə bil, YUNESKO-dan gələn məktubu qəbul etmirsiniz və buna səbəb kimi onların nümayəndəsinə deyirsiz ki, səfirliyimizdə elmi əməkdaşlıq sahəsiylə məşğul olan attaşe yoxdur deyə, sizdən gələn sənədləri qəbul edə bilmərik. – Qəfil Əl-Əsvad dayandı, sonrakı sözlər güllə kimi çıxdı ağzından. – Mən indi hər şeyi başa düşdüm. Başa düşün, adımızda İslam olsa da, biz terrorçu təşkilat deyilik, nə Əl-Qaedəylə əlaqəmiz var, nə də Hizbullahla, Həmasla. nə də terrorçulara maliyyə dəstəyi göstəririk. Quqla axtarış verib buna əmin ola bilərsiz. Sizcə domeni org olan təşkilat necə qeyri-leqal fəaliyyət göstərə bilər? Hələ mən bu ölkənin bizimlə ev sahibliyi haqqında imzaladığı müqaviləni demirəm.

– Yox, mən elə söz demədim...

– Bəs onda bizim məktubları qəbul etməmənizin səbəbi nədir?

– ...

– Xahiş edirəm, dediklərimin hamısını cənab səfirə çatdırın. Əks halda biz ölkənizin xarici işlər nazirliyinə nota yazıb yarıtmaz fəaliyyətinizdən şikayət edəcəyik.

Əl-Əsvadın gətirdiyi arqumentlər qarşısında türkmən diplomat deyəsən, indiyə qədər etdiklərinin, öz səfirinin verdiyi tapşırığın absurdluğunu dərk etmişdi, ona görə etiraz etməyə söz tapammırdı. Axırda sönük səslə sabah axşama qədər zəng edib məsələyə aydınlıq gətirəcəyinə söz verdi.

Əl-Əsvad dərindən nəfəs aldı, uzanıb gedən bu söhbətlərin gərginliyi neçə müddətiydi onu çox sıxmışdı, ürəyini boşaltdığından, yüngüllük hiss etdi. Əmin idi ki, sabah müşavir zəng edib ya səfirin, ya da öz adından üzr istəyəcək, Kazan konfransıyla bağlı yardım edəcəyinə söz verəcək və məsələ birdəfəlik həll olunacaq.

Ertəsi gün Saparovun zəng etməyi Əl-Əsvadın əminliyini gücləndirdi. Salamlaşmadan sonra müşavir həlim səslə dedi:

– Mən dünən cənab səfirlə bu məsələni müzakirə elədik, sizin dediklərinizi ona çatdırdım, təşkilatınızın ixtisaslaşdırılmış qurum olduğunu...

– İslam Əməkdaşlıq Təşkilatının ixtisaslaşdırılmış qurumu.

– Bəli, o cür də dedim. Təşkilatınızın diplomatik statusa malik olduğunu da dedim.

– Çox gözəl, çox şadam, – Əl-Əsvad sevincək dilləndi.

– Amma cənab səfir bu məsələylə bağlı xahiş etdi ki, təşkilatınızın sədri Türkmənistan xarici işlər nazirliyilə əlaqə saxlayıb onlardan sizin təşkilatdan sənəd qəbul etməyimiz haqda bizə göstəriş vermələrini xahiş etsin. Yəni, bundan sonra sizdən gələn hər hansı sənədi qəbul etməmizçün bizə öz nazirliyimizin icazəsi lazım olacaq.

– Tam anlamadım. Yəni, siz xahiş edirsiz ki, biz sizin xarici işlər nazirliyilə əlaqə saxlayıb onlardan xahiş edək ki, sizə bizim nota və başqa sənədləri qəbul etməkçün xüsusi icazə versinlər? Düz başa düşdüm?

– Bəli, tamamilə düz başa düşdünüz.

– Yəni sizi iftar dəvəti göndərməkçün biz öncə Türkmənistan Xarici İşlər nazirliyinə nota göndərməliyik? – acı tonda güldü.

– Onu... dəqiq... bilmirəm..., – Saparov hıqqına-hıqqına dedi, başa düşdü ki, “Hə” desə, lap pis vəziyyətə düşəcək.

Vəziyyəti anlayan Əl-Əsvadın ona yazığı gəldi, heç nə demədən dəstəyi yerinə qoyub key-key telefona baxdı, gicgahlarını ovuşdurdu. Bu söhbət barədə şefinə heç nə demədi, o məsələ deyəsən, Əli İsmayılın yadından çıxmışdı.

Əl-Əsvad Türkmənistan xarici işlər nazirliyinə iki gün sərasər etdiyi zənglərdən sonra Protokol şöbəsinin müdirini tapdı, yenə təşkilat haqda, səfirliyin əvvəlki notalar, təbrik və dəvət məktublarından tutmuş Kazanda keçiriləcək konfransla bağlı notanı qəbul etməmələrinə, onların buna görə nazirlikdən icazə-tapşırıq gözləmələrinə qədər olanları danışdı. Aşqabaddakı türkmən həmkarı soruşdu ki, bəs siz niyə indiyə qədər Kazan konfransıyla bağlı sənədləri birbaşa bizə göndərməmisiniz. Əl-Əsvad da cavab verdi ki, diplomatik qaydaya görə, bu cür sənədlər öncə səfirliklərə göndərilir, səfirliklərsə öz növbəsində onları təmsil etdikləri ölkənin ya xarici işlər nazirliyinə, ya da beynəlxalq tədbirin istiqamətindən, mövzusundan asılıq olaraq müvafiq nazirliyə göndərir. Türkmən protokol müdiri dedi ki, narahat olmayın, biz səfirliyə lazım olan tapşırığı verəcəyik, üç gündən sonra onlarla əlaqə saxlayın. Həmkarıyla sağollaşan Əl-Əsvad kresloya yayxandı, qalstukunun düyününü boşaldıb dərindən nəfəs aldı. “Şükür Allaha, axırı, anlada bildim bunları,” – dedi.

Üç gün sonra Saparova zəng etdi, aydın oldu ki, məsələylə bağlı hələ də Aşqabaddan səfirliyə nə zəng edən olub, nə də nota göndərilib. Əl-Əsvad istədi desin, bəlkə, sənədləri bir də göndərək, siz onları qəbul edin, onsuz da sizə Xarici İşlər Nazirliyindən zəng edib bunu tapşıracaqlar, vaz keçdi, bildi ki, Saparov deyilənlə razı olmasa, yenə əsəbiləşib kobud danışacaq onunla. Sağollaşıb Türkmənistandakı həmkarına zəng etdi, köməkçisinin dediyinə görə iclasdaydı. İki saat sonra yenə zəng etdi, cavab verən olmadı. İnternetdə dünya şəhərlərinin cari saatlarına baxıb Aşqabadda axşam saat on olduğunu bilən Əl-Əsvad dilxor oldu.

Ertəsi gün səhər telefon zənginə cavab verən Türkmənistandakı həmkarı ona dedi:

– Cənab Əl-Əsvad, keçən dəfə vacib bir məsələni deməyi unutdum. Kazan konfransıyla bağlı biz prezident aparatından icazə almalıyıq. İndi onlardan yazılı cavab gözləyirik. Cavab gələn kimi sizinlə mütləq əlaqə saxlayacağıq.

– Hmm... Siz prezident aparatına demisiz ki, Türkmənistan bizim ixtisaslaşdırılmış üzv-qurum kimi bağlı olduğumuz İslam Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvüdür?

– Əlbəttə demişəm. Bir şeyi mənə deyərdiz, təşkilatınızın sədri kimdir?

– Şeyx Əli İbrahim İsmayıl. Yeri gəlmişkən, artıq iyirmi ilə yaxındır o, İslam Sənaye və İnkişaf Təşkilatına rəhbərlik edir, yəni təcrübəli diplomatdır.

“Saytımıza girib baxmağa da vaxt tapa bilmiyib guya,” – Əl-Əsvad fikirləşdi.

– Çox gözəl, bir dəyqə... Mən bunları özümdə qeyd edim... Bir də, zəhmət olmasa, dediklərinizi təkrar edərdiz... Aha yazdım, təşəkkür edirəm. Oldu, sizinlə əlaqə saxlayacağıq.

Sağollaşan kimi Əl-Əsvad telefona baxıb dedi: “Aman Allah. əgər bunların xarici işlər nazirliyi belə işləyirsə, mən niyə neçə vaxtdı səfirliyi qınayıram? Götürüb bir nota yazasan bunlara, sonda da belə bir cümlə. Fürsətdən istifadə edərək, təşkilatımız adından bir daha sizə dərin nifrətimizi bildirir və səmimi qəlbdən gələcək işlərinizin iflic olmasını arzu edirik”. And içdi ki, bir də, nə Aşqabada, nə də səfirliyə zəng vuracaq.

Bu söhbətin üstündən bir gün sonra qəbulda Saparov Əl-Əsvada zəng etdi.

– Assalamu aleykum cənab Əl-Əsvad... Necəsiniz?... Sizə şad xəbərim var... Az öncə bizim xarici işlər nazirliyindən zəng vurub dedilər ki, o sənədləri götürə bilərik...

– MaşaAllah, çox xoş oldu bunu eşitmək, – Əl-Əsvad də sevindi.

– Təşəkkür, cənab Əl-Əsvad, sizdən bir xahişimiz olacaq. Mümkünsə, o sənədləri bir də bizə mümkün qədər tez çatdırardınız. Onları alan kimi, ən qısa zamanda Türkmənistanın Xarici İşlər Nazirliyinə göndərəcəyik. Yeri gəlmişkən, səfirimiz şeyxə öz salamlarını çatdırmağı rica etdi.

– Şeyxə? Hansı şeyxə? – Əl Əsvad xahişdəki “şeyx” sözündən çaşan kimi oldu.

– Şeyxə, sizin təşkilatın prezidenti Əli İbrahim İsmayıla. O, şeyx deyil ki?

– Hə, anladım, əlbəttə çatdıraram. Biz də cənab səfirə öz salamlarımızı göndəririk. İnşaAllah yaxın zamalarda cənab səfiri, sizi ofisimizə dəvət edəcəyik, çay süfrəsi arxasında oturub Kazan konfransını müzakirə edərik...

Sonda mobil nömrələrini bir-birinə verdilər. Sağollaşandan sonra Əl-Əsvad bərkdən güldü. “Bunlar elə bilir, şeyx hansısa əlahiddə tituldu (3), ya varlı körfəz ölkəsinin, Qətərin, ya Küveytin vitse-kralıdı. Ona görə belə operativ reaksiya verdilər”. Əli İbrahim İsmayıl misirli idi.

Bu söhbətin üstündən üç gün keçmişdi, Əl-Əsvad əminiydi ki, sənədlər artıq Türkmənistan İqtisadiyyat və Ticarət Nazirliyinə çatıb. O, Kazan konfransıyla bağlı başqa müsəlman ölkələrindən gələcək nazirlik nümayəndələrinin, şirkət rəhbərlərinin adlarını, telefon nömrələrini, imeyllərini excel faylında yerbəyer etməkdəydi.

Nahardan sonra Mərkəzi Asiya ölkələri haqda ingilisdilli xəbər saytlarından məlumatlar götürəndə, ilk gözünə dəyən linklərdən birində dünən Türkmənistanın xarici işlər nazirinin, birinci müavininin və konsulluq idarəsi sədrinin korrupsiyaya görə həbs edildiyi xəbərini oxudu. Qəfil iki gün əvvəl etdiyi bəddua, ardınca Saparov yadına düşdü, mobil nömrəsinə zəng etdi, əhatə dairəsində deyildi. Səfirliyə zəng etdi, onun bu səhər səfirlə bir yerdə Aşqabada uçduğunu dedilər. Əl-Əsvada elə gəldi ki, onları həbs etməkçün öz ölkələrinə çağırıblar.

Üç gün sonra Saparov Əl-Əsvada zəng edib ondan özü haqda “xarakteristika” (reference) istəyəndə, protokol müdiri təəccüblə dedi: “Cənab Saparov, mən sizin haqqınızda necə xarakteristika yaza bilərəm? Mən beynəlxalq təşkilatın protokol şöbəsinin müdiriyəm, yəni siz bizim əməkdaşımız deyilsiz. Hətta siz bizim təşkilatda işləsəydiz belə, xarakteristikanı mən yox, prezidentimiz yaza bilərdi”. Saparov telefonun o başında bir qədər susandan sonra dedi: “Cənab Əl-Əsvad, narahat olmayın, bizim ölkədə belə sənədlər keçərlidir. Yəni heç kim yoxlamayacaq ki, mən sizin təşkilatda işləmişəm, ya yox”. – “Yox, elə şey olar? O sənədin bir nüsxəsi də bizdə qalacaq, sabah bizdə daxili audit aparsalar, məsələ üzə çıxsa, bilirsiz necə skandal baş verə bilər? Heç demirsiz, Kazan tədbiriylə bağlı sizə xarici işlər nazirliyindən tapşırıq gəlibmi?” Saparov soyuq tonda “Yox” cavabı verdi ki, Əl-Əsvad ona başqa sual verməsin.

İki gün sonra türkmən diplomat zəng edib dil tökdü: “Bir müsəlman kimi, Allah rizası üçün mənə yardım edin, yazın o xarakteristikanı”. Bu adamın ağzından ilk dəfə “Allah rizası üçün” sözlərinin çıxdığı Əl-Əsvadın diqqətindən yayınmadı, ürəyində dedi ki, təşkilatımızın adında İslam adı olduğuçün notalarımızı, dəvətlərimizi qəbul eləmirdiz, indi Allah rizası, mənim müsəlman olmağım yada düşdü. Telefonda isə bunları dedi: “O gün dedim axı, biz fərqli qurumlarıq, siz səfirlik, biz isə beynəlxalq təşkilatıq. Siz heç olmasa üç ay bizim təşkilatda təcrübə keçsəydiniz, o sənədi yazmaq mümkün olardı. Sirr deyilsə, xarakteristikanı hara təqdim edəcəksiz?” – “BMT-nin burdakı ofisində vakansiya var. Ora müraciət edəcəm”. – “İnciməyin, amma bu, heç cürə alınmayacaq”.

Bir həftə sonra səfiri və Azad Saparovu Aşqabada çağırdılar, trapın ağzında hər ikisinin qollarını qandallayıb qara avtomobilə oturtdular. Ölkədə korrupsiyaya qarşı mübarizədə həbs olunmuş Saparovun adı ticarət nazirinin dayısı oğlu kimi tez-tələsik tərtib olunan qara siyahıya salınmışdı.

7 dekabr 2017 – 6 mart, 2024,

Bakı

(1) SSRİ dövründə fəaliyyət göstərmiş Dövlət Təhlükəsizlik Komitəsinin rus dilində olan variantının abrevviaturası

(2) İslam Əməkdaşlıq Təşkilatı

(3) Bir çox ərəb ölkələrində “şeyx” sadəcə, yaşlı kişilərə deyilir, hardasa “ağsaqqal” mənası verir.

# 1556 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #