​​​​​​​Çürük və yaxud Son insan – Fəlsəfi hekayə

​​​​​​​Çürük və yaxud Son insan – Fəlsəfi hekayə
18 avqust 2022
# 09:42

Kulis.az Anar Qasımovun “Çürük və yaxud Son insan” hekayəsini əqdim edir.

fəlsəfi hekayə

Bir zaman yetişmişdi. Elə bir zaman ki, insan yaşamırdı, mövcud deyildi. Amma canlılar yenə var idi, onlar yaşayırdılar. Yəni dünya var idi, canlılar yaşayır, ancaq insanın izinə-tozuna rast gəlmək mümkün deyildi...

Son insanın bu dünyadan köç etməsi üzərindən çox sular axmışdı. Və sonuncu insanın ölümündən sonra heç bir şey əvvəlki kimi deyildi artıq. Hər şey çürüməyə üz qoymuşdu. Və bu çürüməyə üz qoymuş dünyada, sonuncu insanın ölümündən sonra insanabənzər varlıqlar ortaya çıxmışdı, meydan sulayırdılar. Onlar eyni ilə insan kimi idilər, sadəcə olaraq düşünmür, düşünmək istəmir, düşünmək iqtidarını özlərindən uzaq tuturdular. Bunlar manqurtlardan daha təhlükəli bir varlıq idilər, bəlkə də, yazıq. Çünki manqurt istəsə də, düşünə bilməzdi, onda düşünmə anlayışı artıq mövcud deyildi. Bu peyda olmuş insanabənzər varlıqlar isə düşüncənin nə olduğunu bilirdilər, amma düşünmək istəmir, düşünmək iqtidarını yaxın buraxmırdılar...

Hər bir canlı varlıq istər təhtəlşüur, istərsə də bilərəkdən özünün rahatlığını istəyir, arzulayır və buna can atır. Və bu istək, arzu və canatma hansı yolu getməyi tələb edirdisə, canlı varlıqlar da o yola qədəm qoyurdular. Beləliklə, bu gün son insanın qeyb olmasından sonra ortaya çıxmış “Çürüklər” adlanan bu canlı varlıqlar təhtəlşüur altında düşünməzliyi, dərketməzliyi və anlamazlığı özlərinə ən münasib yol seçmişdilər. Bu, bir növ, ağıl patlaması, düşüncənin “Big bang”ə məruz qalması idi...

Çürüklərin meydana çıxması dövründə hər şey, beləcə, çürüməyə üz qoymuşdu. Axı hər bir varlıq özünəbənzər cəmiyyətdə var olur, yaşayır, yoxsa o ölər, məhv olar. İnsan irqi də belə bir cəmiyyət yarada bilmədiyi üçün məhv olmuşdu, qeybə çəkilmişdi. Bu dünyaya hakim olmuş Çürüklər də, beləcə, özlərinəbənzər bir cəmiyyət yaratmışdılar. Bu cəmiyyətdə isə nələr çürüməyə üz qoymamışdı ki...

Çürüklərin əməllərinə nəzər yetirdikdə onların ən zərərli bakteriyalardan, viruslardan daha qorxunc və təhlükəli olduqları üzə çıxırdı. Və bu Çürüklər dünyanı dünya edən, onu yaşana bilən bir yer halına salan, yəni son insandan, insanlıqdan qalan dəyərləri çürütməsi ilə öz qorxunc və təhlükəliliklərini büruzə verirdilər...

Bakteriyalar, viruslar necə sürətlə yayılırdısa, düşünün ki, bu Çürüklər onların on qatı, bilmədin, yüz qatı sürətlə hər bir mənəvi dəyəri çulğalayır, onları məhv edirdi. İndi artıq hər şey çürümüş və yaxud çoxdan bəri çürüməyə üz qoymuşdu.

Və insanlığın yox olma və qeybə çəkilmə prosesinin son insanı da özünün insan olduğunu qəbul etməyərək, bunu rədd edərək Çürüklər cərgəsinə qoşulmuşdu. Çünki artıq dünyada insan olaraq yaşamaq, var olmaq mümkün deyildi, bu heç cürə alınmırdı. Son insan da, beləliklə, Çürük olmuşdu və insanlıq son nümayəndəsini də itirmişdi. Artıq o gün-bu gün cəmiyyət də gözəlləşib. Və insanoğlunun əksinə, Çürüklər hər zaman rahat yaşayır, ömür sürürlər...

Dünyanın var oluşunun, insanların yaradılmasının necə baş verdiyi bəlli idi, amma sonu, yox oluşu bilinmirdi. Çürüklərin meydana çıxması ilə bu proses də aydınlandı, başa çatdı...

# 1648 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #