Corab oğrusu - Əli Zərbəlinin hekayəsi

Corab oğrusu - Əli Zərbəlinin hekayəsi
23 may 2023
# 09:00

Kulis.az "Hekayə günü" layihəsində Əli Zərbəlinin "Corab oğrusu" hekayəsini təqdim edir.

Müdirə koronavirusa yoluxduğunu bildir. Ona halsızlıqdan, əzələ ağrılarından, sinəni deşən öskürəkdən danış. Müdiri tanıyırsan, ürəyi daşdır. Kollektivin qeydinə qaldığını, heç kimi yoluxdurmadığına ümid etdiyini də əlavə et. Yox, yox, vallah əclafın ürəyi daşdır, onu inandırmaq müşkül məsələdir, ən yaxşısı sən fotoşopda saxta pozitiv nəticə sənədi düzəlt və emailə yüklə. Klik. Göndərildi. Vəssalam.

Səhər Vəfadan əvvəl oyan. Qəşəng bir pürrəngi çay dəmlə, bir tava pomidor çığırtması, bir tava göyərti küküsü hazırla. Tərəddüdlü adamsan, əvvəlcə internetdə “ən yaxşı kükü resepti” yaz, inqridientlərə yaxşıca göz gəzdir. Evdə keşniş yoxdur, eybi yox, belə də alınar. Süfrəyə nə tapdın düz: yağ, bal, qaymaq, pendir, zeytun, xiyar-pomidor, heyva mürəbbəsi.

Vəfa səsə oyanacaq. Yuxulu gözlərini ovuşdura-ovuşdura mətbəxin kandarında dayanıb əsnəyəcək. Çaşbaş bir sənə baxacaq, bir də süfrəyə. Ona baxıb gülümsə.

Səndən nə əcəb? Gün hatərəfdən çıxıb bugün? Adamın kefi çağ olanda hətta yola getmədiyi, illərdir boşanmaq istəyib boşana bilmədiyi arvadına da xoş davranır. Bunu ona demə. Niyə kefin belə kökdür? Niyə belə xoşbəxtsən? Ona izah etmə. Ancaq bu niyəni hər dəfə xatırladıqca məst ol, qasığını xoş bir həyəcan qıdıqlasın. Vəfa sənə tərs-tərs baxacaq. Özünü qəribə aparma. Bir şey fikirləş tap. De ki, yaxşı yatmısan, özünü gümrah hiss edirsən. Bu qədər sadə.
Yaxşıca yeyib doyandan sonra masadan qalx. O, hələ çayını bitirməyib. Yemək necə idi? Mütləq soruş. İlk dəfə üçün pis deyil. Hə, nə yaxşı. Çox şühbəli davranma. Telefonu tez-tez yoxlama. Təbii ol, hərəkətlərinə fikir ver. Aranızda həmişəki sükut var. Sükuta fikir vermə.

Üzünü qırx. Güzgüdəki əksində gözlərinin parıltısına, onurğandan barmaq uclarına dördnala çapan həyəcanın dodaqlarında yaratdığı bic gülümsəməyə bax. Bu an Vəfanın səsi hamama dolacaq, yaxandan yapışıb səni üstündə məst-xumar uzandığın xəyal tayalarından aşağı atacaq. Hazırsan? Hə, hazıram, üzümü yuyum çıxaq.

Onu avtobus dayanacağına kimi ötür. On dəqiqəlik yol boyunca səhərin xumarlandıran mehindən zövq al, ətrafa göz gəzdir. Eyni binalar, eyni adamlar, eyni kələ-kötür yollar. Heçnə dəyişməyib, ancaq sanki, bugün bir başqa gündür, bugün hər şey fərqli, daha canlı görünür. Bugün olacaqları, qurduğun planları düşün. İçində izaholunmaz bir hiss var. Sanki, bugün həyatının son anına kimi yaddaşından silinməyəcək. Xəfif əsən yarpaqlara fikir ver. Aranızda həmişəki sükut var. Sükuta fikir vermə.

Onunla sağollaş. Vaxt itirmə, dərhal telefonunu çıxar. Sevincdən, bəlkə də təlaşdan əllərin əsəcək. Elzanın nömrəsini tap. Zəng vur. Yox, yox, zəng vurmaq olmaz. Bəlkə hələ evdən çıxmayıb? Bəlkə makiyaj edir və telefonu mətbəx stolunun üstündə unudub? Bəlkə əri çörək diliminə yağ-bal yaxa-yaxa stolun üstündəki telefona zillənib? Biraz səbrli ol. Yaxınlıqdakı skamyada oturub bir siqaret yandır. Elzanı düşün. Onun yumşaq döşlərini və hərarətdən tərləmiş isti boynunu, qıvrım saçlarını düşün. Onunla keçirəcəyin anları təsəvvür et. Saata bax. Doqquz tamam. İndiyə yəqin ki, təhlükə sovuşub. Nömrəni yığ. Barmaqların hələ də titrəyir. Dayan, heç riskə getmə, ən yaxşısı mesaj yaz.


Əla. Hər şey plan üzrə gedir. Elza yoldadır. Onun işdən yayınmaq üçün müdirə yazdığı bəhanəyə gül. Koronavirus. Ha ha! Yox bir!
Təngnəfəs evə çat. Biraz tərləmisən. Hələ ki, ən azı yarım saatın var. Tez duşa gir. Günü-gündən seyrələn saçını dara. Biraz jele vur, heçnə olmaz. Dişlərini yenidən fırçala. Elza siqaret qoxusunu sevmir. Evin səliqəli olub-olmadığına fikir vermə, onsuz da çox vaxtınız yoxdur. Ona bugün deyəcəklərini təkrar-təkrar xatırla, verəcəyin vədləri əzbərlə. Moskvaya aldığın biletləri, nə vaxt, necə qaçacağınızı, onsuz yaşaya bilməyəcəyini və s. Ancaq bu sonrakı işdir. İndi divanda otur, sakitləş. Rahat ol. Evə girən kimi, onu necə qucağına alıb yatağa atacağını, şəhvətdən doğan səbirsiz tələskənliklə bir-birinizi necə soyunduracağınızı düşün. Sinəndən ayaqlarının arasına axıb çuğlayan şirin ehtiras ləpələrinə təslim ol.

Budur, mesaj! Elza demək olar ki, çatır. Beşcə dəqiqə. Cəmi beşcə dəqiqə sonra ehtirasın dəli sularında könüllü boğulacaqsan. Gözlərini yum. Fikrini cəmlə. Ona deyəcəklərini xatırla. Sənsiz yaşaya bilmərəm. Sənə düşkünəm. Gəl qaçaq buralardan.
Qapının kilidində burulan açar cingiltisi səni şəhvətli xəyallarından, şiddətli arzularından qoparacaq, jeleli saçlarından tutub uğursuz evliliyinə sürüyəcək. Yerindən dik atılıb girməyə deşik axtaracaqsan. Şişirtməsiz filansız, əgər bir deşik olsaydı həqiqətən girərdin. Çarpayının altına uzan. Belə şeylərə ya kinolarda, ya da kitablarda rast gəlmisən. Ancaq bu nə kinodur, nə də kitab. Bunlar həqiqətən baş verir və sən çarpayının altındasan. Qapı açılacaq. Əvvəlcə Vəfanın qaqqıltısını eşidəcəksən, sonra isə dedikərini anışdıra bilmədiyin bir kişi səsi. Sonra bu səs altında sinəsiüstə uzandığın çarpayıya yaxınlaşan bir cüt coraba çevriləcək. Vəfa qaqqıldamağa davam edir. Telefonun cibində bir neçə dəfə titrəyəcək. Telefonu ehtiyatla cibindən çıxar. Mesaj! Qapının ağzındayam. Niyə telefona baxmırsan?


Bugünü heç vaxt unutmayacaqsan. Mesajı görməyinlə qapı dəstəyinin bir neçə dəfə səbrsizcə aşağı dartıldığını eşidəcəksən. Bir an sonra isə qapı zəngi cingildəyəck. Ətrafa sükut çökəcək. Sükuta fikir vermə. Qarşında vurnuxan təlaşlı ayaqlardakı corablara fikir ver. Bunlar ki sənin Moskvada ezamda olarkən aldığın, topuğuna xırda ayılar səpələnmiş və aylar öncə itirdiyin corablardır.


Vəfanın əsəbi pıçıltılarını eşidəcəksən. Qarşında çarəsizliklə vurnuxan corablara diqqət kəsil. Onları aldığın günü xatırla. Otelə nahar üçün qayıtmamışdan əvvəl Moskvanın mərkəzi küçələrində biraz veyillənmişdin. Sonra vaxt öldürmək üçün qarşına çıxan paltar dükanlarından birinə girmişdin. Kassada növbədə durarkən qarşındakı qıvrım saçlara bir neçə dəfə oğrun-oğrun baxmışdın. İndi heç cürə xatırlaya bilmədiyin gic bir bəhanə ilə söhbətə başlamışdınız. Bıy siz azərbaycanlısınız? Təsadüfə bir bax, elə mən də bura ezamiyyətə gəlmişəm.

Möhtəşəm gün idi. Həmin günün ən unudulmaz günün olduğunu düşünərdin. Bugünə qədər. Çünki, artıq əminsən: bir neçə saniyə sonra çarpayının altında tək olmayacaqsan.

# 3209 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #