Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
23 aprel 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən səkkizinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

I HİSSƏ

II HİSSƏ

III HİSSƏ

IV HİSSƏ

V HİSSƏ

VI HİSSƏ

VII HİSSƏ

VIII HİSSƏ

IX HİSSƏ

X HİSSƏ

Hava qaralanda avtobusla Mahmudlu stansiyasına gəlib çatdıq. Avtobusda bir neçə ortabab geyimli kişi vardı. Hamımız avtobusdan düşüb taksilərin dayandığı səmtə getdik. Ətrafda on-on beş kişi olardı. Çoxu da siqaret çəkirdi. Anam bir neçə taksiyə yaxınlaşıb bizi rayonun mərkəzinə apara bilib-bilməyəcəklərini soruşdu. Təəccüblü və bir az da kinayəli baxışlarla bizə baxan sürücülər başlarını buladılar. Təxminən yarım saata qədər stansiyanın taxta oturacağında oturduq. Üzü rayona gedən bircə maşın da getmirdi. Tək-tük halda rayondan içi yorğan, döşək, xalça-palazla dolu yük maşınları gəlirdi. Taksilər başqa rayona müştəri olmadığını görüb getmək istəyirdilər.

Birdən uzaqdan sarı bir “Raf” gözə dəydi. Anam maşını görəndə ayağa qalxdı. Çünki rayonda bu maşından təkcə bizim qonşumuz Çingiz dayıda vardı. Bəlkə başqa adamlarda da vardı. Amma mən təkcə onda görmüşdüm. Gələn həqiqətən də Çingiz dayı idi. O, maşını bizdən iki üç metr aralıda saxladı. Maşından çiyinlərində silah olan üç əsgər düşdü.

Onlar kəndin yaxınlığında yerləşən hərbi hissəyə doğru addımladılar. Çingiz dayı bizə yaxınlaşıb hal-əhval tutdu. Üz gözündən yorğunluq və əzab yağırdı. Anam ondan atamı xəbər aldı. Çingiz dayı atamı iki gün əvvəl rayon mərkəzində gördüyünü söylədi. Anam ondan bizi evimizə aparmasını xahiş etdi. Çingiz dayı əvvəlcə boyun qaçırmaq istədi, amma neçə illik qonşuluqdan keçə bilmədi. O, yol uzunu məhəlləmizdə kimin evinə “Qırad” düşdüyündən, kimin yaralandığından, kimin öldüyündən danışdı. Hər xəbərdə anam içini çəkib, “Can-can!”, “Anan ölsün!”, “Bədbəxt olduq!” – deyirdi.

Anamın dediyinə görə Çingiz dayının atası ilə anamın atası çox yaxın dost olublar. O, maşını ilə rayondan-rayona, kənddən-kəndə adam daşıyıb pul qazanardı. İran sərhədi açılanda işləri xeyli yaxşılaşdı. Rayondakı alverçi qadınları “Raf”a doldurub Cəlilabada aparardı.

Biz rayona çatanda hava qaralmışdı. Tək-tük adam gözə dəyirdi. Onlar da harasa tələsirdilər. Məşhur çinarın yanından keçəndə onun altındakı boşluq uşaq qəlbimə qəribə ağırlıq gətirdi. Əvvəllər burdan gündə iki-üç dəfə ötüb keçirdik. Həm də məktəb yolumuz idi bura. Qardaşımla əl-ələ tutub yanından o qədər keçmişdik ki! Ürəyimi basan ağırlığa o günlərin dərin yoxluğu da qarışmışdı.

“Raf” Cəmil Əhmədovun heykəlinin yanından burulub üzüyuxarı qalxdı, məhəllənin ayağında dayandı, düşdük. Çingiz dayı dedi:

– Mən evə gedirəm. Səhərdən ayaq üstəyəm. Gedim bir az çimir alım. Səhər 6-da çıxarsınız “Peymka”nın yanına, sizi də götürərəm.

Məhəllədə indiyə qədər görmədiyim sakitlik məni həyəcanlandırırdı. Elə bil kimsə gəlib bir gecənin içində buranın adamlarını sehrli çubuqla yoxa çıxartmışdı. Qonşularımızın qapılarının yanından ötə-ötə gəlib böyük əmim Qiyasın evinə çatdıq. Ayaq saxlayıb onların açıq qalmış qapısından içəri boylandım. On ildən çox idi ki, əmimgillə qonşu idik, amma bu on ildə olsa-olsa üç, ya dörd dəfə onlara ayaq basmışdım. Sonuncu dəfə isə atamla davasına şahid olmuşdum.

Yeddi il əvvəl – qardaşımın sünnəti olanda əmim hansısa bir iclası bəhanə gətirib məclisə gəlməmişdi. Allah üçün deyək ki, onun özündən beş yaş böyük olan arvadı, Şövkət bibi səhərdən axşama qədər ocağın yanında plov bişirmişdi. Gedəndə də qoynundakı bənövşəyi 25-liyi çıxarmı, stolun üstünə qoyub atama demişdi: “Bunu qardaşın göndərib, gün o gün olsun, oğlunun böyük toyuna gələk!” Qardaşı arvadının xətrini çox istəyən atam heç nə deməyib o biri otağa keçmişdi. 25-lik də elə stolun üstünə qalmışdı.

Gecə saat 1-i göstərəndə atam içkinin təsirindən əməlli-başlı “düzəlmişdi”. Birdən stolun üstündəki həmin 25-liyi götürüb qapıdan çıxmışdı. Mən atamın hara getdiyini bildiyimdən onun dalınca götürülmüş, atama çatıb əlindən tutmuşdum. O da nədənsə etiraz etməmişdi. Əmimgilə çatanda onların işığı sönmüşdü. Atam var gücü ilə qapını döyüb əmimi harayladı. Qapını bibim açıb bizi içəri buraxmışdı. Biz pilləkənləri qalxanacan bibim onu danlayıb yaxşı hərəkət etmədiyini, ərinin təzyiqinin qalxdığını söyləmişdi. Nə xeyri. Əmimin otağına girəndə o, yarıyuxulu yerinin içində oturmuşdu. Atam yaxınlaşıb 25-liyi onun üzünə çırpmış və qapıdan çıxmışdı. Mən də dalınca…

O gün-bu gün gediş-gəlişimiz kəsildi. Biz bir məhəllədə yad adamlar kimi gəzib dolanırdıq.

Onların divar qonşuluğunda Ruhiyyə adlı rəfiqəm vardı. Sarı, uzun saçlı bu qız bütün rəfiqələrim kimi yaşca məndən xeyli böyük olsa da, tay-tuş kimi idik. Qaçqınlıqdan sonra Ruhiyyə avtomobil qəzasında rəhmətə getdi. Universitet tələbəsi idi. Elə qəzaya da dərsə gedəndə düşmüşdü. O, həmişə əmimgilə həsrətlə boylandığımı görüb onlarla küsülü olub-olmadığımızı soruşardı. Mən də hər dəfəsində onu aldadırdım. Tez-tez gedib onların həyətindən əmimgilə boylanırdım. Ora getmək mənə qadağan idi. Həyətdəki rəngbərəng qızılgülləri sulayan bibim məni görsə də özünü o yerə qoymazdı.

Anam məndən xeyli irəlidə gedirdi. Onun uzaqlığından istifadə edərək darvazanı aralayıb əmimgilin həyətinə boylandım. Evlərinin qapısı qıfıllı idi. Həyətdəki güllər elə bil onları tərk edən insanların acığına daha da pardaqlanmışdı. Mənə qadağan olunmuş həyətə diqqətlə baxıb köks ötürdüm. Bu həyətdə nə qədər qonaqlıqlar, məclislər keçirilmişdi. Qohumlar hamısı burda olsalar da biz bu qapıdan içəri keçə bilməmişdik. İndi səssiz-səmirsiz həyətə ayaq basmaq istəyirdim. Artıq ürəyim istəyən qədər bu həyətdə gəzər, gül-çiçəklərdən yığa bilərdim. Lap istəsəm evin birinci mərtəbəsindəki otaqlara da girərdim.

“Ay qız, nə gəzirsən xalxın həyətində! Gəl, cəhənnəm ol belə! Görüb eləyən olar!” – anamın səsi məni diksindirdi.

Həyətdən çıxıb qapını bayaqkı kimi aralı qoydum.

Darvazamız adi məftillə sarınmışdı. Bu o demək idi ki, atam bizdən əvvəl evdə olub. Anamın gəlmə ehtimalını nəzərə aldığı üçün darvazanı qıfıllamamışdı.

Həyətə girəndə öncə qardaşımın ermənilərin Hərəkül kəndindən gətirdiyi velosiped sataşdı gözümə. Dəhlizin divarına söykənmişdi… O velosipedin bizim evimizə gəlib çıxması qardaşımın igidliyi yox, fərasətsizliyi kimi qiymətləndirilmişdi.

Həmin gün rayonun sərhəd ərazilərindən bir neçə gün atəş səsləri eşidilmişdi. Heç kim bu atəş səslərindən narahat olub gizlənmək üçün zirzəmilərə qaçmırdı. Bilirdik ki, hücuma keçən bizimkilərdir. Üç gün keçməmiş rayona xəbər yayıldı ki, bizimkilər ermənilərin səkkiz kəndini alıblar. Xəbərin yayılan günün səhəri ayağı yer tutan hər kəs boş və viran qalmış erməni kəndlərinə axışmağa başladı.

Gedən bütün yük maşınları dolu qayıdırdı. Mebel, xalça, palaz, yorğan-döşək, televizor, soyuducu, bahalı qab-qaşıqlar rayonun ən kasıb adamlarını bir günün içərisində varlandırmışdı. Ağır və bahalı əşyaların dalınca ərzaq daşımağa başladılar. Çuvallarda gətirilən un, qənd, pesok, noxud, meyvə qurusu, çaxır, şoraba boçkaları bir neçə il rayon əhlini aclıqdan qoruya bilərdi. Ən axırda bayır-baca ləvazimatları maşın karvanlarının yük yerinə təpişdirilmişdi.

Yaxşı bağ-bağat arzulayan qonşularımız erməni kəndlərində yenicə əkilmiş ağac, gül kolluqlarını dibindən qoparıb gətirir, öz həyətlərində əkirdilər. Bir qonşumuz vardı, ömrü boyu kasıbçılıqdan şikayətlənsə də, özünə görə ev-eşiyi vardı. O, erməni kəndlərindən nəhəng bir darvazası gətirmişdi. Məftillərlə əhatələnmiş həyətində nəhəng sarı darvaza o qədər gülməli görünürdü ki… Deyəsən bunu kişi özü də yaxşı başa düşmüşdü… Həftə tamam olmamış sökdürüb maşına yüklədi və aparıb qonşu kəndlərin birində satdı. Əvəzində daha münasib və yığcam bir darvaza alıb gətirdi.

Həmin vurhavurda, el dili ilə desək, qaraçılıq edənlərin çoxu məişət əşyalarına ehtiyacı olan kasıblar idi. Başa düşən insanlar həmin kənddən gətirilən əşyalara baxanda köks ötürürdülər. Sanki belə bir günün bizim üçün də gələcəyi ürəklərinə dammışdı. Müəllim atam da bütün bunlara baxıb köks ötürənlərdən idi. Bircə məsələ vardı ki, kiçik yaşlı qardaşımın uşaqlara qoşulub yağmalanmış kəndlərə getməsinə nə atam, nə də anam etiraz edirdi.

Hər dəfə qardaşım həmin kəndlərdən qayıdanda atam oğlunun fərasət kəcavəsinə mindiyini düşünürdü. Əllərini boş görəndə isə təəssüf hissini birtəhər ört-basdır edirdi. Qardaşım səfərlərinin birindən əlidolu gəldi: özüylə bu velosipedi gətirdi! Atam velosipedi görəndə, qardaşıma acığını belə ifadə etdi: “Hamı gedir quş gətirir, Şaqqulu bayquş!”

İndi məzlum-məzlum divara söykənib qalmış hansısa erməni uşağının bu velosipedi ikinci dəfə yiyəsiz qalırdı.

Həmişə mən o velosipedin sahibini xəyalən təsəvvür edirdim. Göygöz, sarı saçlı, yaxud qarayanız, dolu bədənli və s. Amma nə fərqi vardı? Əsas o idi ki, o da qardaşım kimi bir evin oğlu, bir nəslin davamçısı idi. Bəzən, bəlkə həmin oğlan qaçaqaçda ölüb, deyə düşünürdüm. Lakin biləndə ki, kəndlər heç bir canlı itki olmadan boşaldılıb, xeyli toxtayırdım.

Deyilənə görə bizimkilər kəndlərə girəndə ins-cins gözə dəyməyib. Bütün canlılar gecəylə sanki buxarlanıb yoxa çıxıblar.

Anamın, atamın qarasına deyinə-deyinə qapını açanda düşündüm ki, ilahi, ədalət deyilən şey doğrudan da mövcuddur və indi cəza çəkmə növbəsi bizə gəlib çatıb. Biz də həmin kəndin taleyini yaşayırdıq. Bəlkə də daha ağır formada! Taleyinə atılmaq yazılan həmin sovet istehsalı velosiped yeni işğalçı sahibini gözləyirdi.

Evə keçəndə gözlərimizə inanmadıq. Ev xeyli boşalmışdı. Stol, stul, Bakı istehsalı olan kreslolar, televizor, şkaflar yox idi. Hər birinin yerində xəfif toz izi qalmışdı. Anamın cehizlik servantı da yox idi. Atamın günlərlə yoxa çıxmasının səbəbi bizə indi-indi aydın olurdu. O, çox güman ki, qonşu kəndlərdəki tanışlarının birinin evində özünə sığınacaq düzəldib ev əşyalarımızı ora daşımışdı.

Çox sonralar atam evimizi necə yır-yığış etdiyini danışanda göz yaşını gizlətməyə çalışacaqdı. Hər şey mənim fikirləşdiyim kimi asan başa gəlməmişdi.

O, evimizdəki əşyaları daşımaq üçün neçə yük maşınıa yalvarmalı, külli miqdarda pul xərcləməli olacaq, amma bütün bunlar heç biri fayda verməyəcəkdi. Ətrafda yaşayan hər kəs rayona girməyin təhlükəli olduğunu bilirdi. Əli hər yerdən üzüləndə İmişlidən cavan bir sürücü onunla gəlməyə razılaşmışdı. Ancaq allah kəssin elə gəlməyi! Rayona girhagirdə atışma başlamış, döyüş görməyən, silah səsi eşitməyən sürücü yarı yoldan geri dönmək istəmişdi.

Atam onu birtəhər dilə tutub evimizə aparmış, təkbaşına ev əşyalarını maşına yükləmişdi. Elə bu dəngdə atışma güclənmiş, işıqlar kəsilmişdi. Sürücü tələsdirəndə, atam çıxartmaq istədiyi sonuncu əşyanı yerə qoyub uşaqların yatdığı otağa keçmiş, kiçik bacımın tapşırdığı gəlinciyi axtarmışdı. Sürücü dayanmadan maşının siqnalına güc veribmiş. Atam qaranlıqda kibrit çəkə-çəkə gəlinciyi tapmaqdan ötrü allaha nə qədər yalvarır.... Axırıncı kibrit çöpü sönməyə az qalmış ayağının altında gəlinciyi görmüşdü.

O, qaçaraq gəlib maşına əyləşib, sürücüdən danlaq, töhmət eşidə-eşidə yola düzəliblər. Maşın yola düşəndə o, gəlinciyi sinəsinə sıxıb hönkürtüylə ağlayıb.

Evimizə girən kimi anam mətbəxə, mən öz otağıma tərəf addımladım. Bilirdim ki, uşaqlıq arzum olan qara rəngli alman pianinosunu heç kim yerindən tərpədə bilməz. Buna görə onunla vidalaşmağa tələsirdim.

Yataq otağına girəndə ilk sirdaşımı - pianinomu yerində gördüm. Əllərimi toxundurub qarşısında dayandım. Bilirdim ki, illər uzunu etinasız yanaşdığım bu aləti bir də heç vaxt görməyəcəm. Etinasız ona görə deyirəm ki, uşaq təxəyyülümlə onun nə vaxtsa mənə xəyanət edib ümidlərimi məhv etdiyini düşünürdüm.

O vaxtlar rayonun bütün ziyalıları öz uşaqlarını musiqi məktəbinə qoyurdular. Anam da qəti qərara gəlmişdi ki, məni pianino, qardaşımı tar sinfinə qoysun. İlk təcrübə qardaşımın üzərində aparıldı. İki ay keçməmiş qardaşımın cavabı gəldi: qarlı qış günü tarı xizək kimi altına qoyub dikdən sürüşdü... Təbii ki, alət parçalandı və anamın oğlu haqdakı yaxşı tarzən xəyalları birdəfəlik məhv oldu.

Üçüncü sinifdə cavab növbəsi mənə çatdı. Anam sənədlərimi hazırlayıb uzaq qohumluğu çatan məktəb direktoruna verdi. Həmin il musiqi məktəbinə qəbul olundum. Anamın sevincinin həddi-hüdudu yox idi. Sözün açığı bu maskaradın nəyə lazım olduğunu anlamırdım. Dəfələrlə dedim ki, mənim musiqiyə həvəsim yoxdur! Anam istəyində israrlı idi. Sonralar anamın qohumlarının çoxu musiqi təhsil aldı. Hətta Asəf Zeynallını, konservatoriyanı fərqlənmə ilə bitirənlər oldu. Amma heç biri musiqi sənətinin ardınca getmədi. Hətta 80-ci illərdə adı həmin dövrün məşhur müğənniləri ilə bir sırada çəkilən dayım da gözəl səsi olmasına baxmayaraq, əsl sənəti yox, toyxananı üstün tutdu. Zorla deyildi ki! İstedad olsa belə zəhmət və sevgi bizə yad idi. Eləcə də mənə.

İki il həvəssiz musiqi məktəbinə ayaq döydüm. Günlərlə dərsə getmirdim, anamın müəllimələr üçün ayırdığı hədiyyələri həftələrlə şkaflarda, çarpayıların altında gizlədirdim. Yalançılığımın üstü açılanda anam acığa düşüb bildirdi ki, nə olur olsun 7 illik musiqi məktəbini bitirməliyəm. Lap ölsəm də! Vəziyyətin ciddiləşdiyini görüb ortalığa yekə bir səbəb tolazladım. Axı 2 il idi ki, pianinom yox idi. Pianosuz yeddiliyi necə bitirə bilərdim?! Arqumentim tutarlı oldu. Çünki, pianino çalmaq üçün həftədə iki dəfə qonşuya gedirdim. Rəfiqəm Aynurun qəhvəyi rəngli təzə “Belarus” pianinosu vardı. O vaxtı rayonda pianino tapmaq çətin məsələ idi. Aynur məndən fərqli olaraq pianinonu daha yaxşı çalırdı. Mən çox vaxt özümdən nəsə uydurub çalırdım.

# 2810 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #