Ana Vətənim - Günay Hacıyeva

Günay Hacıyeva

Günay Hacıyeva

11 dekabr 2021
# 14:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Günay Hacıyevanın “Ana Vətənim” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

O zaman hələ mənim 4 yaşım tamam olmazdı. 1993-cü ili tam yaxşı xatırlamıram, amma ətrafda baş verən hadisələr gözümün önündə canlanan səhnələr heç vaxt yaddaşımdan silinməyəcək.

Bizim kənd dağların zirvəsində yerləşirdi. Ona görə qışı çox sərt keçirdi. Kənd əhalisi isə buna öyrəşmiş öz yurdlarını sevib həmişə qayğısına qalırdılar. Atamgil maldarlıqla məşğul olurdu. Anamla nənəm inəklərin südündən pendir, şor, nehrə yağı hazırlyırdılar. Hər gün tezdən saat 6-da həyətdəki xoruzumuz banlayırdı. Hələ uşaq idim, xəyal-məyal xatırlayıram, xoruz banlayanda yuxudan durub qulaqlarımı tutardım. Anam yanıma gəlib məni sakitləşdirərdi. Həmin vaxt pəncərədən baxanda gördüyüm mənzərə məni valeh edərdi. Günəş doğmağa hazırlaşır, göyün üzü çəhrayı və qırmızı qarışığı bir rəngə boyanıb, qarşıda isə dağlar bizə çox uzaq görünürdü. Dağların ətəkləri yaşıl örtüyə, zirvəsi isə ağ qara boyanmış idi. İndi xatırlayanda həmin mənzərəni bir daha əmin oluram ki, başqa heç bir yerdə görə bilməyəcəyimiz valehedici mənzərə idi. Son günlər axşamlar əmim bizə tez-tez gələr, atamla nəsə haqqında danışardılar. Mən isə uşaq ağlımla onların nə haqqında danışdıqlarını bilməzdim, sadəcə ad günümə qalan günləri sayar, anama hər gecə “Sabahdı ad günüm?” sualını soruşardım. O isə gülərək:

- Hələ yenə yatacağıq, duracağıq sonra.

Mart ayının sonuna doğru havalar hələ də qızmırdı, üstümüzü qara buludlar da bir tərəfdən almışdı. Deyirlər o vaxtda kənd əhalisi çox gərgin narahat idi. Düşmənlər artıq Kəlbəcərin bir neçə əsas yüksəkliklərini tutmuşdular. Kəndin igid cavanları onlara qarşı mübarizə aparsalar da silahlanmış ordu qarşısında zəif idilər. Qonşumuz Fatma nənənin oğlu da həmin vaxt şəhid oldu. Anamgilin ağlamaq səsi qulaqlarımdan getmirdi.

Aprelin 1-i axşam saatlarında əmim qaçaraq bizə gəldi. Atamın yanına gəlib sakitcə nəsə dedi. Anam məni qucaqlayıb o biri otağa apardı.

- İndi yataq sabah sənin ad günün olacaq.

- Bir dəfə yatandan sonra?

- Hə, bu gecə yatacağıq, sabah ad günündü.

- Ana, biz heç yerə getməyək, evimizdə qalaq yaxşı?

- Heç yerə getmirik ki burdayıq. Bura bizim evimizdir.

Həmin vaxt atam içəri girdi. Anamı sakitcə çağırıb qayıtdı. Anam başı ilə “hə” deyib, məni yerimə qoyub otaqdan çıxdı.

Qonşu otaqda anam, atam və əmim nəsə danışırdılar. Sözləri eşidirdim ara-sıra amma heç nə başa düşmürdüm.

Atam: Əsas şeyləri götür, bir-iki paltar başqa heç nə.

Əmim: 10 saat vaxt veriblər, tələsməlisiniz. Gülsüm ilə Fatimə də sizinlə gələcək.

Anam: Bəs siz? Siz gəlmirsiz?

Atam: Yox siz Vüsal dayıgillə bir yerdə şəhər mərkəzinə gedərsiz. Orda vertolyotlar sizi burdan Bakıya aparacaq. Biz sağ qalsaq, orda görüşərik.

Anam: Nə danışırsan siz hara gedirsiz?

Atam: Biz meşə yolu ilə gedəciyik.

Səhər yuxudan ayılanda mənim üçün ad günü hazırlıqlarını gözlədiyim halda hər kəsin evini qoyub çıxdığını gördüm. Bakıya gələndən 15 gün sonra nənəm rəhmətə gedib. Həm yurd acısı həm də 2 oğlundan birdən xəbər almamaq ona böyük dərd olub, ürəyi buna dözməyib. Mayın sonlarında isə atam gəlib çıxıb, amma yalnız. Əmim uzun meşə yollarında ayağından zədələnib və soyuq aprel yağışlarının gücünə tab gətirə bilməyib, atamın qolları arasında canını tapşırıb. Bəlkə də bu səhnə atama o qədər təsir etmişdir ki, həyatı boyu onun gözlərinin içi bir daha əvvəlki kimi gülmədi. Mənim isə o gündən sonra bir daha ad günümü keçirmədim. Çünki, 2 aprel mənim, bizim ailənin, ümumilikdə torpaqlarını itirmiş insanların tarixinə qara hərflərlə yazıldı.

Bakıya gələndən sonra yataqxanaların birində məskunlaşdıq. 2 aydan sonra bağçaya yazıldım. Çox sakit olmuşam uşaqlıqda "ağzı var dili yox" ifadəsi tam mənə uyğun olardı deyərdim. Bağçada balaca yumrusifət oğlan ətrafdakı hər şeyi gözdən keçirib hər şeyi bu günki kimi xatırlayan biri. Amma heç kimə qarışmaz, müəllimlərdən çəkinərdi. İki müəlliməmiz var idi. Biri Günel müəllimə hansı ki bütün uşaqların sevimlisi bizə nağıl danışar şeirlər deyərdi. Digəri isə Hicran müəllimə, hamının qorxduğu, vahiməli qadın. "Matilda" filminin qorxulu direktoru roluna uyğun qadın. Yox, amma qəbul edək ki, xarici görünüşcə çox gözəl və baxımlı qadın idi. Elə bu Hicran müəllimənin dərsi olan günü, müəllimə otaqda yox idi. Bizdə bütün uşaqlar balaca dairəvi stolun ətrafında oturmuşduq, həmişə adamı yoldan çıxaran sinfin ən dələduz uşağı olur ya, bizdə də belə uşaq, bütün uşaqlara avtobus-avtobus oyunu oynayaq dedi. Özü qabaqda oturub, əlinə rol əvəzi bir şey götürüb sürücü rolunu üstləndi, qalan uşaqlarda onun arxasınca öz stullarını düzdülər, beləliklə, oynamağa başladılar. Bilin görək o otaqda öz stulu ilə bir küncdə oturan yeganə uşaq kim idi? Təbii ki mən.

Çətin vaxtlar idi. Müharibədən sonra, insanların sosial durumlarının zəif olduğu zamanlar, mənim kimi evindən, obasından, ailəsindən didərgin düşmüş, sevdiklərini itirmiş uşaqlarla eyni sıraları, yataqları hətta yeməklərimizi bölüşürdük. Hansı ki baxıcının bizi sıraya düzüb bir əlində kaşa dolu boşqabdan qaşıq-qaşıq ağzımıza yemək verdiyi zamanlar. Günortalar bütün uşaqlar yatardı, mən isə yuxuya gedə bilməyib vaxtın gəlib çatmasını gözləyirdim. Qardaşım məndən böyük olduğu üçün 1 sinif yuxarıda oxumağa başladı, həmin vaxtdan ancaq koridor aralığında ara-sıra rastlaşardıq. O yuxarı sinfə keçəndən sonra daha çox tənhalaşdım, bağçada mənim dayağım o idi. Hətta bizə hərbə-zorba gəlib saqqızımızı əlimizdən alan uşaqdan illər sonra intiqamımızı aldığını demişdi. Qürurlandığım bir ifadə deyil "intiqam" amma yenə də xoşuma gəlmədi deyə bilmərəm.

Elə məktəb vaxtı da sakitliyimi qorumuşdum. Bütün dərsi danışmayan ancaq ev tapşırıqlarını eliyən bir şagird idim. Çox zəkalı olub olmadığımı deyə bilmərəm müəlliməmin mənə yüksək qiymət yazması yaxşı şagird olduğumun dəlili ola bilər.

Yadımdadır məktəbdə hər kəs ad günü olanda şokalad gətirib paylayırdı. Mən də ad günümü keçirtmədiyim üçün heç vaxt paylamamışam. Bir müddət sonra uşaqların arasında mənim şokalad aparmamağım geniş müzakirələrə səbəb olubmuş. Hətta bəzi uşaqlar bunun səbəbinin bizim çox kasıb olmağımıza, şəhərdəki yataqxanaların birində qalmağımızla əlaqədar olduğunu deyirmiş. 6-cı sinifdə oxuyanda yenicə yeniyetməliyə addım atan oğlan qürurumu desək, ya da bəlkə də illərdir kənardan izlədiyim söz-söhbətə son vermək adına olsun mən də məktəbə şokalad apardım. Amma ad günümdə deyil mart bayramı ərəfəsində paylamışdım.

Zaman keçdikcə, böyüdükcə uşaqlıq xatirələri daha aydınlaşır. Biz o vaxt kənddən çıxanda, yolun kənarı ilə axan çaydan keçməli idik. Elə böyük çay deyildi, amma yazda dağların başındakı qarlar əriyib çaya qarışanda çayın suyu çoxalırdı. Ordan keçəndə anam məni qucağına almışdı ki, mənə kömək etsin. Mənim ayağımda böyük qardaşımın ayağına belə yekə olan çəkmə var idi. Anamın ayaqqabıları isə o suyun qarşısında tab gətirə bilməzdi. Bütün ayağı dizinə qədər soyuq çay suyunda islanmışdı.

Arzum var idi hərbiçi olmaq. Amma anam razı olmadı. Bəlkə də qorxurdu çünki, bilirdi ki, müharibə olsa bir gün mən mütləq gedəcəyəm. Anamın arzusunu ürəyində qoya bilmədim. Ona görə tibb sahəsinə yönəldim. Məktəbi bitirən ili sənədlərimi 4-cü qrup üzrə verdim. Nə həkimi olmaq istədiyim barədə düşünməmişdim. Bildiyim bir şey var idi, o da oxuyub lazım olan balı toplamaq.

23 sentyabr 2020 saat 10:00 telefon zəng çalır.

- Alo.

- Alo. Salam xanım səfərbərlik xidmətindən sizi narahat edirik. Əhmədov Əli Səfər oğlu gün ərzində xidmətimizə yaxınlaşsın.

- Yaxşı.

Telefonu yerə qoyandan sonra anam bir qədər fikrə getdi. İçəridən məni çağırıb zəng barəsində danışdı.

Mən: Gedərəm bu gün amma sən axşama xalagili, dayıgili, Gülsüm xalagili bizə çağır.

Anam bir söz deməyib başı ilə razılıq verdi. Axşam hamı bizə yığışmışdı. Hər kəs bir işlə məşğul olur, kimisi TV-yə baxır, kimisi son günlərdəki siyasi-sosial məsələləri müzakirə edir. Qadınlar isə yavaş-yavaş süfrəni yığışdırırdılar.

Mən: Hamıya bir söz demək istəyirəm. Ana, sən də gəl bura vacib sözüm var.

Hamı bir nəfər kimi mənim ağzımdan çıxacaq kəlməni gözləyirdi.

Mən: Bu gün səhər səfərbərlik xidmətindən zəng eləmişdilər. Mən könüllü müharibəyə yazılmışdım. Onun çağırışı idi.

Hamı bir ağızla “müharibə, nə müharibə” deyirdi.

Mən: Bu haqda hələki heç bir yerdə danışmayın. Mənə təlim olacaq dedilər, amma hər şey ola bilər. Sizlə sağollaşmaq üçün çağırmışdım.

Anam gözlərindən yaş axa-axa boynumu qucaqlayıb öpdü. Kaş atan da bu günləri görərdi dedi.

Mətbəxə keçəndə Fatimə arxamca gəldi.

Fatimə: Müharibəyə gedirsən?

Mən: Müharibə deyil, amma ola da bilər.

Fatimə: Mənə deməmişdin könüllü yazıldığını.

Mən: Bilirəm.

Fatimə: Müharibə olsa... O, sözünü davam edə bilməyib udqundu.

Mən: Gedəcəm, gələcəm vəssalam.

Fatimə: Söz verirsən? Atam kimi sən də məni tərk etmə.

Mən: Mütləq gələcəm deyib, onu bərk-bərk qucaqladı.

Amma ürəyimdəki səs: Bəlkə bir səhər qapı döyülər və iki zabit əlindəki bükülü bayrağımızı anamın ovuclarının içinə qoyarlar.

Yola düşəndə içimdə qəribə hiss var idi. Həm yenidən doğduğum, böyüdüyüm yerləri görə biləcəyəm, həm də illərdir içimdə qalan atamın, əmimin intiqamını ala biləcəm. Hə birdə hərbi həkim işləmək heç də otağında oturub isti kofe içərək xəstənin vəziyyətini müzakirə etməyə bənzəmir. Əllərinin arasında qanlar içində sevdiklərinin son cümlələrini eşidirsən. Bəlkə də həyatın boyu yaşayacağın ən qəribə məqamdır.

Rayonumuzun işğaldan azad olunması xəbərini eşitdikdən sonra icazə alıb ora getməyə qərar verdim. Biz ora çatanda gecə 02:30 idi. Rayonun girəcəyində əşyalarımızı qoyub, gecəni yerləşmək qərarına gəldik. Təxminən 2 saat sonra əsgərlərdən biri yavaşca gəlib məni çadırımdan çağırdı. Yarı yuxulu yarı oyanıq halda çıxıb çölə baxdım.

O mənzərə...uşaqlıqda yadımda qalan yeganə mənzərə artıq qarşımda idi. Xəyal deyil gərçək idi. Bu illər ərzində bunu gözləməyə dəyərdi. Bu anı yaşamaq isə heç bir şeylə əvəz oluna bilməzdi...

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #