4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi
19 aprel 2024
# 09:00

Kulis.az Mehriban Vəzirin "4-cü cild" hekayəsini təqdim edir.

Məşhəd-Yəzd qatarı iki saat sonra, 19:05-də yola çıxacaqdı. Lakin... kassa görəvlisi gözü önünə dikilmiş telefonda biletə baxıb qımışdı:
- Hacıağa, bir az tez gəlmisən, bu biletlər bir ay sonrayadı.
- Bir ay sonraya?
Arxadan gələn, nə donub yerində qalmağa, nə ikinci sualı verməyə aman verdi, çaşqın qalmış adamı yana itələyib kassanın önünə keçdi. Zatən ikinci sual ya deyiləsi bir söz yox idi. Qərib telefona baxa-baxa qalmışdı. Bu, nə işdi? Necə yəni bu bilet bu günə deyil, bir ay sonrayadı?

Baxdı. Baxdı. Və anladı: Ayları qarışıq salıb. Biletləri bu günə deyil, bir ay sonrakı bu günə, bu saata alıb.

Bu, hicri təqvimi ilə milad təqvimi arasında qalmağın növbəti fəsadları idi. Təqvim məsələsində başına dəfələrlə iş gəlmişdi, amma bu boydası olmamışdı.

İndi bu xəbəri eni-uzunu görünməyən sərnişin salonunda, çamadanların başında durub gözləyən Gülüzə xəbər vermək vardı. Qəribin ayaqları o tərəfə getmirdi.

...Səssizcə bir-birinin üzünə baxmışdılar. Gülüz də xəbəri eşidəndə fikri bir az qarışmış, yerində səndələmiş, məsələni anlayanda ürəyi gicgahlarında atmış, bir anlığa gözlərini yumub dərindən nəfəs almış və səsini içinə atıb susmaqdan başqa yol tapmamışdı.

Demək belə... bu günə, bu saata olan bilet düz bir ay sonrakı bu günə, bu saata imiş.

- Neyləmək... olacağa çarə yoxdu. Bəs Yəzd oteli? Onu da bir ay sonraya kiralamısan?
- Yox! Yox! O iş qaydasındadı. Otelin ödənişi sabahdan başlayır, pulu kartdan çıxıblar.

Bilet necə olub belə olub, başa düşmürəm...
- 30 il yaşamadığın bir vətən... hər şeyi fərqli... hər işi tərsinə. Heç olmasa sabaha bilet alaq...
- Bir həftə sonranın da biletləri satılıb...
- Bir həftə sonranın?
Gülüzün bu şəhərdə bir saat belə qalmağa tabı qalmamışdı. Axtardığı 4-cü cildi tapmamış bu işdə bir hiylə olduğunu düşünüb həm təəccüblənmiş, həm də incik düşmüşdü. Bir an öncə o qatara minib getmək istəyirdi. Bu çarəsiz istəyi ilə ərinin ağarmış bənizinə baxıb qara-qara düşünürdü: “Gülüz, bundan belə sözlərinə diqqət et. Sən ki yaxşı bilirsən... belə arxayın halına baxma, içi qaynayır. Hirsini tökməyə bəhanə gəzir. Hər an partlaya bilər. Sonra nə olar? Hər dəfə olan olar. Qan təzyiqi qalxarsa... olan sənə olar. Yollarda qalmaq başqa, yollarda xəstə düşüb qalmaq bir başqa”
- Avtobuslar da gecə gedir. Orada bilet olar, olmasa, yaxın bir otelə gedərik.
- Qatarla neçə saat gedəcəkdik?
- 12 saat-filan... elə Tehrandan Məşhədə gəldiyimiz qədər.
- Avtobus neçə saata gedər?
- Elə o da onu kimi... bəlkə, bir az çox, 13-14 saat...
- 14 saat?
- Bəli, xanım, 13-14 saat. 1000 km yoldu.

Gülüzü qəhər boğdu.

*

Qərib dədədən qalma kiçik bir bağçanın satış-sənəd işlərinə görə iki aydan bəri Təbrizdə idi. Səfəri xoş keçməmişdi. Varislərin ədalətsiz bölgüsünə üzülmüş, bu yaşda doğmaları məhkəməyə çəkməyi ar bilmiş, olub-keçəni unutmağın yolunu uzun bir səfərə çıxmaqda, əski xatirələri təzələməkdə görmüşdü. Çox götür-qoy etmədən Gülüzə xəbər uçurmuş, “nəyini, niyəsini sorma, sənə sürprizim var. Özünlə həm qış, həm yay paltarı götür. 5 dərəcədən 25 dərəcəyə düşə bilərik”, - deyib uçaq bileti göndərmişdi.
Son vaxtlar Bakıdan Təbrizə getmək məşəqqətə çevrilmişdi. Bakı-Təbriz uçaq reysi ləğv olunub, quru yol keçidləri – Astara, Biləsuvar bağlı, bircə Culfa keçidi açıqdı, oradan da yalnız Naxçıvan qeydiyyatı olanlar keçə bilər. Təbrizə getmək üçün Bakıdan Tehrana az qala min kilometr güneyə uçmalı, sonra Tehrandan Təbrizə 600 kilometr, üzü qüzeyə geri qayıtmalı idin.
- Bakıya yerləşməkdə səhv etdik, gərək İstanbula köçəydik. Türkiyədə heç bir halda, heç bir hökumət camaatın yolunu bağlaya bilməz.
- Nə bilim... dedim, bir ayağımız Bakıda olar, bir ayağımız Təbrizdə. Həm sizinkilərə yaxın, həm bizimkilərə. Bakıdan Təbrizə nə yoldu ki. Quru yolla gedib gələrik, dedim.
- Dəmir pərdə rejiminə qayıtdıq... sovet vaxtı da buna bənzər bir şeydi. Bakıdan Tehrana gedən gərək Moskvaya gedəydi, Moskvadan Tehrana uçaydı. O da hər adam yox, yalnız rusun xüsusi izni ilə, işgüzar səfərə-filana. Azərbaycandan gedənləri Təbrizə buraxmırdılar. Nə qədər talesiz bir millətik, gör hansı əsrdə, hansı işlərlə uğraşırırq.
- Biz də burada kommunizm uğrunda vuruşurduq. Atam dustaq, anam körpə uşaqlarla, yazı-pozu bilməyən çarəsiz bir qadın, mən, evin böyük oğlu... zindan qapılarında... kommunizm ideyaları uğrunda... Elə bilirdik ədalət o taydadı, orada camaat süd gölündə üzür. Nə böyük aldanış, heyif o illərə. Demə, bu millət o tayda da, bu tayda da eyni müsibəti çəkirmiş...

*

Bakıdan Təbrizə gedən yollar bağlı olduğundan Qərib Gülüzü qarşılamaq üçün Tehrana gəlmişdi. İki gün paytaxtı gəzib dolandılar.
- Bu şəhərin keçmişi yoxdu elə bil...
- Elə vaar, elə böyük keçmişi vaar...
- Təbii ki, var, amma görünmür. İstanbul hər addımda öz keçmişindən danışır. Ona görə heyranam İstanbula.
- İstanbulun taleyi ilə Tehranın taleyi bir deyil axı. Tehran öz keçmişi ilə savaşır.
...Günlərin birində Kərim xan Zənd, Astrabad hakimi Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmmədi qardaşı Hüseynqulu ilə birgə girov aparırmış. Ağa Məhəmmədin cəmi 13 yaşı varmış. Tehrandan keçəndə şəhərin coğrafisinə baxıb qardaşına deyir: şah olacam, Tehranı özümə paytaxt edəcəm. O vaxt Tehran Rey şəhərinin bir kəndi idi.
Gülüz Rey kəlməsinə gülüb dedi:
- “Ay alan! Məmləkəti-Rey satıram!
“Çox ucuz qiymətə hər şey satıram...”

Rey deyəndə bizlərin yadına bu misralar düşər...
- Bəli, Mirzə Ələkbər Sabir! İndi sən gerisini dinlə. Ağa Məhəmməd dediyi kimi də edir, öz hünəri ilə taxt-taca sahib çıxıb ilk Qacar şahı olur, sülaləsini hakimiyyətə gətirir. Tehranı da özünə paytaxt edir.
- Bu tarix görünmür. Bu şəhəri ilk dəfə paytaxt etmiş kişinin bir heykəli belə yoxdu. 136 il İranı yönəltmiş, bu dövlətin sərhədləri uğrunda canını, qanını vermiş, qurmuş, yaratmış Qacar səltənətindən heç nə qalmayıb. Qoymayıblar qalsın. Gülüstan sarayından, bazardan, bir-iki məsciddən başqa bir şey görmədik.
- Tale belə gətirdi! İngilislər əsl soyadları Palani olan Pəhləviləri hakimiyyətə gətirəndə bir şərtləri də “türk tarixini sil” oldu. Onlar da bu ölkənin tarixi ilə vuruşdular, memarlığına, ədəbiyyatına əllərindən gələn pisliyi etdilər. Rey başkənd olsa da, Tehran Səfəvilərin dövründən abad olub, 150 hamamı, 150 karvansarası varmış. Şah Təhmasibin əmri ilə Tehranın ətrafına altı min addım uzunluğunda qala çəkilibmiş, yüz on dörd qülləsi, altı qapısı varmış. Məhəmməd Rza Pəhləvi xatirələrində yazır ki, o qala mənim atamın əmri ilə dağıdıldı.
- Atası çox böyük hünər edib... Tehranı özü kimi şəcərəsiz qoyub. Oğlu da qanmayıb qələmə alıb. Bərəkallah. Elə o tayda da eyni işləklər oldu. Bakı qalasını da ruslar dağıtdı. Gəncə qalasını isə tamam yox etdilər, izi-tozu qalmadı.
- Qala nə deməkdi? Dövlət! Dava dövlət davasıdı.

*

Tehrandan Məşhədə yola düşəcəklərini biləndə Gülüz təəccüb içində qalmışdı:
- Məşhədə? Niyə? Bəs İsfahana - Səlcuqluların paytaxtına gedəcəkdik...
- İsfahan həm də Şah Abbasın paytaxtı olub, qismət olar, ora da gedərik. Bu dəfə Nadir şahın paytaxtına – Məşhədə gedirik...
- İsfahan nə oldu?
- Gələn dəfə...
- Niyə gələn dəfə?
- Öncə Məşhəd.
- Niyə öncə Məşhəd? Belə danışmamışdıq axı...
- Demirsən seyid nəsliyəm? İmam övladıyam? Demirsən imperiyaların tanıdığı şəcərəmiz var? Demirsən urus çarının notariusunun möhürü var əlimizdə? Vəssəlam da. Əmioğlun səni çağırır...
- Əmioğlum... demək, məni çağırır... sənə dedi?
- Hə, mənə dedi.
- Bəs indi niyə deyirsən?
- Sürpriz...
- Yaxşı, Məşhəddən sonra hara?
- O da sürpriz...
- Olsun. Amma düz olmadı. İndiyə kimi getdiyim bütün şəhərləri öncə araşdırıb sonra getmişəm. Nəyi görəcəyimi, hara gedəcəyimi əvvəlcədən bilməliyəm. Məşhəd elə-belə yer deyil axı. Məşhəd dərin tarixdi. Çox böyüklərimiz yatır orada. Nadir şah da Məşhəddə dəfn olunub, paytaxt etdiyi Məşhəddə. Fətəli şah Türkmənçay müqaviləsindən sonra vəliəhd Abbas Mirzəni Azərbaycandan alıb Xorasana atdı. O yazıq da orada çərlədi, öldü. İmam Rzanın ayaqları altda dəfn olundu.
- Lap yaxşı da. Bütün əzizlərini ziyarət edərsən.
- Elə İmam Rzanın məzarı da az zülm görməyib Xorasanda. O türbəni gah sökdülər, gah tikdilər, gah dağıtdılar. Səhv etmirəmsə, axırıncı dəfə ruslar topa tutdu. Gərək mənbələrə baxım.
- Baxarsan. Vaxtın çox olacaq.
- Amma bu qədər deyil axı. Xorasanın, Məşhədin tarixi Səlcuqluların, Səfəvilərin, Teymurilərin, Afşarların, Qacarların tarixi deməkdir. Bir az araşdırsaydım... orada kimlər yatır...
- Gələn dəfə...
- Gələn dəfə üçün daha bir bağça satmalı olacaqsan.
- Xanım, bağça-filan qalmadı. Görüb görəcəyimiz budu. Sürüdən ayrı düşən quzunu qurd yeyər. Nəzir-niyaz verək ki, bizim özümüzü yox, payımızı yedilər.

*

“Hərəm” - müqəddəs, məhrəm və möhtərəm məkan deməkdir. Əzəmətli İmam Rza kompleksi belə adlanır. Min ildən bəri gəlmiş getmiş şahlar, sultanlar, xanımağalar bu məkanın xidmətində durmuşlar. Gülüz internetdən qarşısına çıxan maraqlı qeydləri ucadan oxuyurdu.
- Qərib, İmam Rza kompeksu Yuneskonun siyahısındadır.
- Lap yaxşı...
- İmamın məzarı üstündə ilk günbəzi Səlcuqlular tikiblər. Sonrakı dövrdə Xarəzmşahlar yeniləmiş, türbəyə ilk dəfə kaşı döşətdirmişlər. Teymurilər dövründə Əmirin gəlini Gövhərşad bəyim məscid tikdirib. Əmirin oğlu Baysanqur öz əli ilə məscidin kitabəsini yazıb. Təsəvvür edirsənmi?
- Edirəm... – deyə hamamda üzünü qırxan Qərib Gülüzə cavab verdi.
- Gör necə dövrün memarlığı, rəssamlığı, xəttatlığı var Hərəmdə.
- Bəli...
- Amma İmam türbəsinə ən böyük xidməti Səfəvilər göstərib. Şah Təhmasib, Şah Abbas, Şah Süleyman xəzinələr axıdıblar Hərəmə. Türbənin günbəzini ilk dəfə Şah Təhmasib qızıla tutub. Yazır ki, ilk zərihi imamım məzarı üzərində Şah Təhmasib tikib. Zərih nədi, Qərib?
- Müqəddəs məzarlarının dövrəsində dəmir çəpər. Camaatın qəbrə toxunmaması, zərər verməməsi üçün tikilir.
- Aa, elə? Şah Təhmasib yazıq görüb ki, neçə yüz ildi hər gələn özünü dəli kimi məzara çırpır, heç bir söz, öyüd keçmir, dünyada ədəbsiz ədəblidən qat-qat çoxdur, ölüləri dirilərdən qorumağın çarəsini tapıb: dəmir zərih.
Qərib başını otağa uzadıb dedi:
- Dünyanın hər yerində belə olub. Hər yerdə qanan qanmayandan çoxdur. Məsihilər bu saat İsanın bir köynəyini tapsalar bir anda paran-parça edərlər. Zamanında ediblər də. Muzeylərdə niyə “əl vurma” yazılır? Çünkü insanoğlu əl vurmasa, gördüyünü götürməsə, ölər.
- Davam edirəm. Nadir şah paytaxtı Məşhədə köçürdükdən sonra Hərəmə aid minarələr və eyvanlar da qızıla tutulub. Hələ bax, yazır ki, Qacarlar dövründə Hərəm intibahını yaşamış, genişlənmiş, böyümüşdür. Abbas Mirzənin İmamın ayağı altında dəfnindən sonra şah xəzinəsindən Hərəmə böyük ehsanlar edilmişdir. Çox maraqlı. Bu Hərəmdə Şərqin – həm Turanın, həm İranın min illik siyasi tarixi yatır...

*

Hərəmlə yerləşdikləri otel arasında on dəqiqə piyada yol vardı. Gülüz girişdə sənəd ver, çadra al, doğru-düzgün bürün, yoxlamalardan keç, qara çadralı arvadlar çantanı, üst-başını əlləsinlər, ayaqqabı soyun, təzədən geyin, dönüşdə çadranı qaytar, sənədi götürməyi unutma... kimi işləklərə deyinirdi. Lakin bəzən gündə iki dəfə, bəzən üç dəfə, axşam qaranlığında belə Hərəmə gedirdilər. Məkan möhtəşəm idi...
Məşhəddə olduqları beş günün iki günü Abbas Mirzənin məzarını axtarmaqla keçdi. Tam iki gün “gördüm” deyən olmadı. Zəvvarlara yol göstərən çoxsaylı görəvlilər bu barədə heç nə bilmirdilər. Hiss olunurdu ki, Abbas Mirzənin adını belə duymayıblar. Onlar yalnız “saçın görünür”, “çadranı düzəlt” kimi işlərə baxırdılar. Bir də “bacılar bu qapıdan”, “qardaşlar o qapıdan” deyə keçidlərdə yol göstərir, qadınları İmam Rzanın məzarı olan türbəyə, hətta türbəyə aparan səmtə buraxmırdılar.
- Qadın dediyin imamın anası-bacısıdı da... imamı doğan anadı da qadın... biz o məzarı görsək nə olar ki... kişilərin üstünlüyü nədi... özlərindən hoqqa çıxardıblar...
- Sən əzəmətə bax...
- Baxıram. Çox gözəl. Bəs burada yatan min illik dövlət tarixinin əzəməti hanı? Görünür ki, bu məkanda başqa kimsənin görünməsi istənmir. Səmərqənddə belə deyildi. İki gündü gəzib dolaşırıq, o boyda Abbas Mirzənin məzarını tapa bilmirik. Bu adamlar bu dövlət üçün ömür verdilər axı...
- Deyinmə, xanım... yeri deyil, mənası da yoxdu...

*

Soraqlaşıb elmi araşdırma şöbəsini tapdılar. Gənc bir alim məzarın yerini bildiyini və məmnuniyyətlə göstərə biləcəyini söylədi. Qərib də, Gülüz də çox şad oldular, axtarış nəticə vermişdi. Axır ki, Dünyaya gəlmiş getmiş vəliəhdlərin ən ünlüsü olan Şahzadə Abbas Mirzənin məzarını ziyarət edəcəkdilər. Abbas Mirzə haqda söhbəti davam etdirən alim arxayın bir təbəssümlə nəsə deyir, Qərib dinlədikcə qaşqabağı tökülürdü. O, üzünü Gülüzə tutub alimin dediklərini farscadan türkcəyə çevirdi:
- Deyir, məzar yerində yoxdur, pəhləvilər dağıdıb. Deyir, məzarın yerini göstərəcək. Həmin yerdə, divarda Abbas Mirzənin adı yazılıb. Məzar daşı isə qaldırılıb, Hərəmin muzeyinə qoyulub.
Məzar dağıdılıb! Şadlığı bir anda qüssəyə dönmüş baxışlar bu sözləri söyləyən alimin üzündə donub qaldı. Onlar amansız bir gerçəklə üz-üzə gəlmişdilər: ömrünü verdiyi dövlətdə şahzadə Abbas Mirzəyə bir məzarlıq yer əsirgənmişdi.
Gülüzün qanı qaraldı.
- Nankorlar! Soysuzlar!
- İndi bu sözlərin nə mənası var, əzizim?
- Axı bu adam sizə neyləmişdi? Niyə məzarını dağıtdınız? Ömrü bu dövlət uğrunda çürüdü. Hansı mirasın təpəsinə qonduğunuzu qanmırsınızmı?
- Tamam... tamam...

Gülüz, Abbas Mirzənin məzarının heç olmasa yerini, adı yazılmış lövhəni görmək istəyirdi. Lakin şahzadənin məzarı İmam Rzanın məzarına çox yaxın olduğundan qadınları o məkana buraxmırlar. Qərib gənc alimə qoşulub türbə səmtə getdi, Gülüz meydanın bir tərəfinə çəkilib gözləyir, “niyə, axı niyə” deyə ürəyindən qara qanlar axırdı.
Qərib, Abbas Mirzənin adı yazılan lövhənin şəklini çəkib gətirmişdi, bu, iki kəlmə söz yazılmış əl yaylığı boyda kiçik bir lövhə idi. Gülüz o yasaq səmtə getməyi təkid edir, o yazını gözü ilə görmək istəyirdi.
- Olmaz! Qadınlara yasaq bölgədi. Görünür, şahzadənin məzarı İmamım məzarı ilə iç-içə olub. Orada imamın məzarının on addımlığındasan. O divarı görmək üçün üç qapı keçmək lazımdı. Hər bir qapıda iki-üç əli çubuqlu görəvli durub.
- Görmək istəyirəm...
- Olmaz!
- Görmək istəyirəm...
- Uşaqsan? Deyirəm, qoymurlar, deyirsən görmək istəyirəm... di yaxşı, gəl, gedək...
Meydanın türbə səmtinə yaxınlaşdılar. Ayaqqabılarını gözətçiyə verib nömrə aldılar. Ayaqqabı gözətçisi Qəribə təkidlə nəsə deyirdi. Gülüz eşitdiyi hər kəlməyə “nə deyir” desə də bu dəfə sual vermədi, nə deyəcəyi bəlli idi. Qərib gözətçiyə “çəşm, çəşm” desə də Gülüzün əlindən tutub qadınlara yasaq səmtə yönəldi, “gəl” deyə pıçıldadı.

Tünlüyün arasında birinci qapını keçdilər, yaxın məsafədə olan ikinci qapını da adladılar. Lövhə üçüncü qapının sağ divarında idi. Bu son qapıdan İmamın məzarı göründü. Bu qapıdan da keçsə vəliəhd Abbas Mirzənin özü kimi nakam məzarına... yox, dağılmış, yox edilmiş, ayaqlar altda qalmış məzarına çatacaqdı Gülüz. Çox az qalmışdı. Nəbzi gicgahlarında vururdu.
Budur, xalı-xalçalı, çıl-çıraqlı, günbəz tavanlı, divarlarına yaşılın, mavinin ən gözəl çalarlarında kaşılar düzülmüş, rəsmlər çəkilmiş əzəmətli bir salon... yer səthindən pillə-pillə eniş... özəlliyinə qəsd edilmiş özəl oda...

Kişilər və kişi cinsindən olan uşaqlar bardaş qurub yerdə oturmuşlar. Hər kəsin üzü İmama sarıdı. Gülüz Qəribin kürəyinə sığınıb o son qapını da keçmiş, pillələri enmişdi. Divardakı yazı göründü. Bu, sahibsiz bir tarixin yerə-göyə sığmayan niskili idi, boynu bükülü küncə sığınmış qutsal miras idi, böyük bir qəhrəmanın qəmli hekayəsi idi.
Demək, məzar bu otaqda olub. İmamla Abbas Mirzənin arasında on addım məsafə ola, olmaya, son mənzilləri iç-içə imiş. Demək, mötəbər şah oğlu müqəddəsin ən yaxınında yer alıbmış.
Gülüz qadınların ayaq qoyması yasaq olan yerdə, yarızəmin qatda, vəliəhdin son otağında durmuşdu. Önündə səltənət naibinin dağıdılmış xanəgahı, onun da irəlisində İmam Rzanın məzarı vardı.

Gülüz yan yörəsinə baxındı, əcəba vəliəhdin son yatağı hansı səmtdə imiş. Amandı, tapdalamasın...
O, pərişan nəzərlərlə, canlanan, biri-birinə süzülüb rəngini, görüntüsünü dəyişən təsvirlərə baxırdı. Bu anın üzərindən iki yüz il çevrilmiş, zamana sığmayan o matəmin içinə düşmüşdü. Gözlərində yaş donmuş səltənət xanımları qara bağlamışdılar.
Qeyblərdən vəliəhdin pişvazına gəlmiş birinin qüssəsi əzəmətli imam türbəsini aşıb ərşə dirənmişdi. Bu, vətəni düşmən əlinə düşmüş, vəliəhdlə birgə ümidini dəfn etməyə gəlmiş Qarabağlı xan qızı, Şəhid Şahbanu Ağabacı idi.

Gülüz, “getməyə yerim yox, ağlamağa gözüm...” deyən Xanqızının çarəsiz iniltisini eşidir, qəlbi həmahəng sızlayır, vücudu uçunurdu.
Bu anda həşir qopdu. Geri dönüb arxasında qadın görən kişinin gözləri bərəldi, əl-qol ata-ata, yana-yana danışmağa başladı. Bayaqdan gözə dəyməyən görəvlilər bir anda qarğa-quzğun kimi tökülüşüb Gülüzü əhatəyə aldılar. O, onu, bu, bunu çağırdı, səslər yüksəldi, qaşlar çatıldı, rənglər atdı. Gülüz deyilənlərdən təkcə “xanım” sözünü anlayırdı. Məlum idi ki “bu xanım bura necə gəlib” deyə bir-birini ittiham edirdilər. Qərib onlara bir şeylər izah edir, çəkdiyi fotonu göstərirdi. Görəvlilər isə bir-birini ittiham edir, qorxu dolu baxışlarla divarlara vurulmuş kameraları göstərirdilər. İkicə dəqiqədə bəlkə on nəfər qapıların ağzını tutdu, görünür, kamera nəzarəti “imamın hüzurunda qadın var” alarmı vermişdi.
Gülüz bütün duyğuları, vücudu, xəyalları ilə görəcəyini görmüşdü. Həyəcandan titrəyir, nə çığır-bağırı eşidir, nə ətrafı görürdü. Qərib onun əlindən tutub tünlükdən çıxarmağa çalışırdı.
Türbədən meydana çıxıb nəfəsini dərdi, yaxasını açmağa çalışdı. Qərib onun biləyindən yapışıb nəbzini dinlədi.
- Rəngin atdı. Gəl, gəl, orada su var...
- Çox sağ ol... çox-çox sağ ol... çox yaxşı oldu... nə oldu, bilmədim, amma çox yaxşı oldu...

Gülüz göz qapaqlarını zorla qaldırıb ətrafa baxdı. Fərəhlə parlayan qış günəşi, meydana döşənmiş rəngarəng xalçalar üzərində güllük, gülüstanlıq yaratmış, bu soyuq qış günündə dünyaya könülaçan bir sıcaqlıq gətirmişdi. Gülüzün üzü gülməkdə qəlbinə həzin bir hüzur çökməkdə idi.

*
- Məzarı dağıtmaq nə demək? Həm tərbiyəsizlik, həm insanlığa, həm İslama zidd...
- Demək, imama ən yaxın məsafədə Abbas Mirzə dəfn olunubmuş. Ehtirama bax!
- Bəs hanı o ehtiram? Çox üzgünəm, çox...
- Əsəbləşmə, xanım, tarixə sinirlənmək faydasızdır. Yəqin o qatdan götürüblər. Çox güman Şahzadənin gömüldüyü yer alt qatda qalıb. Səmərqənddə Gor Əmiri yadına sal, ziyarət yerində rəmzi məzar olur, nəş isə səkkiz metr dərinə, torpağa gömülür.
- Nə bilək ki oradadı? Bəlkə orada da yoxdu? Bəlkə məzardan çıxarıblar?
- Elə şey olmaz!
- Tutaq ki olmaz. Bəs o zaman o camaatı ömrünü vətənə vermiş o vəliəhdin qəbri üstündə bardaş qurdurub oturdublar? Belə olar? O, günah içində imama dua edilər? O dua keçər?
- Nə keçər, nə keçməz... biz bilmərik, xanım.
- Gedək o şöbəyə, burada dəfn olunanların kataloqunu soruşaq.
- Qalsın sabaha. İndi otelə qayıdaq, yaman yoruldum.

*

Ertəsi gün kataloqu soruşdular. Abbas Mirzənin məzarını göstərən gənc alim içəri keçib əlində 5 cild kitabla qayıtdı. Bu qalın kitablarda İmam Rza kompleksində min üç yüz ildən bəri dəfn edilmişlərin adları vardı. Cildlər statusa görə bölünmüşdü: müqəddəslər, müctehidlər, seyidlər, alimlər, şairlər, siyasilər. Siyasilər, 4-cü cild, yəni hakim xanədanlar, gəlmiş, keçmiş idarəçilər - şahlar, vəzirlər, hakimlər, valilər...
- Bax, budu, 4-cü cild, dövrün hakimlərindən - Səlcuqlulardan, Səfəvilərdən, Avşarlardan, Qacarlardan kimlər yatır burada. Hamısı bu cilddə toplanıb. İnanılmaz! Mənə lazım olan bu cilddi. Haradan ala bilərik bu kitabı?
Qərib Gülüzün dediklərini tərcümə edir, gənc alim cavab verirdi:
- İmamzadə kitabxanasından, Hacıağa.
- Sizdə pdf-i varmı?
- Xeyir, hacıxanım, yoxdu.
Kitabxananı tapdılar. Lakin kitabı tapmadılar. Bütün cildlər vardı, 4-cü cilddən başqa.
- Haradan tapmaq olar 4-cü cildi?
- Hacıağa, şəhərin kitab mağazalarında olar.
İş saatı bitməmiş kitab mağazalarına getmək üçün İmam Rza kompleksini tərk etdilər. Qərib yerli camaat kimi hər dəfə üzünü İmam Rzanın türbəsinə çevirib pıçıltı ilə nələrsə söyləyir, həyəcanla sağollaşır, əlini sinəsinə qoyub baş əyirdi. Gülüz paltonun üstündən geyindiyi uzun, geniş, qollu, çarşabı təhvil verib nəfəsini dərmək üçün tələsirdi.

*

- Demək, min ilin görkəmli ölüləri burada yatır... min ilin gəlmiş-getmiş hakimləri, xanımağaları, zənginləri bu məkana xidmət edib. Heç yerdə də düz-əməlli yazı yoxdur. Buranı bələdçisiz gəzmək olmaz. Bu neçə gündə neçə meydan, necə məscid, neçə türbə, neçə darvaza gördük... çoxu adsız. Qərib, oxusana, burada nəsə yazılıb.
Onlar əzəmətli bir məscidin qarşısında durmuşdular. Məscid, sanki ikiyə bölünmüş, tən yarısı inşa edilmiş, o biri yarısı taybatay meydana açılmışdı. Bu böyük meydanın bir küncündə İmam Rzanın türbəsinə aparan bir qapı vardı. Qadınlara yasaq olan o qapı Abbas Mirzənin yatağından keçirdi. Gülüz yenə o səmtə boylanır, fikri, xəyalı o sirli andan ayrılmırdı.
Qərib lövhəni oxuyub dedi:
- Yazır ki, bu məscid Teymurilər dövrünə aiddir. Gövhərşad xanım tikdirib. Həə. Yadıma düşdü. Burada olmuşam, rəhmətlik anamla...
- Bu həmin Gövhərşad xanımdı, Əmir Temurun gəlini, Uluq Bəyin anası! Ulu Uluq bəy! Əsil adı: Mirzə Məhəmməd Tarağay! Əmir Teymurun ən sevimli nəvəsi. Səmərqənddə gördük, dədəsi ilə bir türbədə yatır. Əmir Teymur Xorasanın, Heratın hakimliyini oğlu Şahrux Mirzəyə vermişdi. Şahruxun oğlu Uluq bəy Azərbaycanda doğulub, Sultaniyyədə. Görünür, Gövhərşad xanım bu məscidi ərinin Xorasana hakim olduğu dövrdə tikdirib. O vaxtın xanımağaları məscidləri, türbələri, mədrəsələri, ürəklərindən nə keçərsə yalnız öz şəxsi xərclərini inşa etdirə bilərdilər. Dövlətdən, xəzinədən bir qara qəpik götürə bilməzdilr. Çünkü bu, şəxsi təşəbbüs idi, xeyriyyəçilik idi. Varındı xeyriyyəçilik elə, yoxundu, dinmə. Qanun-qayda belə idi. Sərvətlərinin də iki mənbəyi vardı: mehr və cehiz. İdarəsi də öz əllərində idi. Peyğımbərimiz qadının mülkiyyət haqqını tanımışdı. Ona görə Şərqdə Qərbdən fərqli olaraq qadınların tikdirdiyi dini təsisat çoxdur.
Qərib öz dünyasına dalmışdı, Gülüzü eşitmirdi
- Anam bu Gövhərşad məscidində uzun uzadı oturardı. Mən də bax, burada, yerdə, böyründə oturardım...
- Allah rəhmət etsin...
- Amma Uluq bəyin adını eşitməmişdim. İlk dəfə Səmrqənddə gördüm. Məktəb bizə öz tariximizi öyrətməyib.
- Uluq Bəy astranomiya elminin birinci onluğunda üçüncü yerdə durur. Bax, bu məscidi tikdirən Gövhərşad xanımın oğlu Uluq bəy! Məşhəd hara, Səmərqənd hara? İndi bizə uzaq gəlir. Amma bir vaxtlar bu torpaqlar dünyanın əmiri Əmir Temurun imperiyasına aid idi...
Gülüz gah gülür, gah doluxsunurdu. Qərib onun bu həyəcanından çox məmnun idi.
- Dedim axı, sürpriz olacaq.
- Gör e... oğul Səmərqənddə, ana Məşhəddə. Boşuna deməyiblər: bu qala bizim qala, tikdim ki izim qala...

*

4-cü cild, kitab mağazalarından da tapılmadı. Vaxt bitdi. Beş gün bir gün kimi keçmişdi. Axşam qatarı ilə Yəzdə yola düşəcəkdilər. Nadir şahın gorgahını yalnız sonuncu gün, qəhvəaltıdan sonra ziyarət edə bildilər.
- Nadir şah burada niyə tək-tənha dəfn olunub? Nə əcəb Hərəmdə dəfn olunmayıb? Özü belə istəyibmi? Vəsiyyəti filan olubmu görən? Amma ölümü qəfil oldu, sui-qəsdlə öldürüldü. Səmərqənddə Maktumi-Azamın məzarı araxsında neçə şah, neçə sultan yatır. Şahlar müqəddəslərin arxasına sığınırdılar, bilirdilər ki o məkana heç kəs əl uzatmaz, axirətlərinə kimsə toxunmaz. Hətta dinsiz sovetlər belə o sofalara toxunmadı. Əcəba, Nadir şahın belə bir qorxusu yox idimi?
- Bilmirəm. Nadir şahın burada basdırıldığını indi görürəm. Biz Məşhədə yalnız Hərəmi ziyarətə gəlirdik.
Nadir şah məqbərəsinin qarşısında onaltıncı yüzilə aid poladdan tökmə top vardı.
- Bu nə topdu? Burada nə yazılıb?
- Yazır ki, Şah Abbas bu topu ispanlardan satın almışdı.
- Şah Abbasın ispanlardan aldığı top niyə buraya qoyulub? Bəs burada nə yazılıb?
- Yazılıb ki, Şah Abbas portegizləri bu topla atəşə tutub Hürmüz adasından qovdu.
- Maraqlıdı. Bilirsənmi, bir yazı oxumuşdum, Şah Abbas Hürmüz qalasını aldıqdan sonra oradakı portegiz əskərləri incitmir, “onlar əmr quludur, nə günahları var” deyib hər birini gəmilərlə evlərinə yola salır. Hələ yol xərci də verir. Bu, bilirsən nəyi yadıma salır. 1992-də rus əskərinin Azərbaycandan çıxarılmasını. Eynisi oldu. Elçi Bəy, “onların nə günahı var, onlar əmr quludu” dedi.
Gülüz, Hürmüz fatehi Şah Abbasın topu önündə durub həmin əskər çıxarışının xırdalıqlarını Qəribə danışır, 1622-ci il illə 1992-ci ili heyrətlə və həyəcanla müqayisə edirdi.
- Qərib, Türkün qanı insafla yoğrulub. Görünür genetika, irsilik bildiyimizdən daha ciddi məsələdi.
- Elə görünür...
- Burada söz soruşa biləcəyimiz bir uzman tapa bilərikmi?
- Çətin. Vaxt da azdı. Gələn dəfə...

*

Saat hələ 5-di, düz 5 saat əvvəl oteldən çıxmışdılar, şəhəri son dəfə gəzib dolanmış, axtardıqları 4-cü cildi tapa bilməmiş, yorulub əldən düşmüşdülər.
- Belə şey olarmı? Niyə hər yerdə bütün cildlər var, siyasilər yoxdur? Bu nə deməkdir? Bunun mənası nədir? Bu qədər təsadüf olmaz axı...
- Taparıq... taparıq...
Qərib son saata qədər “taparıq” desə də, tapacağına əmin olsa da tapa bilmədilər.
- Bu dördünü alaq, o birini də sonra taparıq.
- Lazım deyil, bu qədər kitabı bir yerdə görən kimi gömrükdə saxlayacaqlar. Nə olduğu bilinənə kimi... bizimki bizə dəyər. Bir də o cildlər lazım deyil axı, məni maraqlandıran yalnız siyasilərdir, 4-cü cild.
Bu faydasız axtarışdan sonra tərifli, lakin görkəmsiz bir ciyərçidə ciyər kababı yemişdilər. Məkan dar, yöndəmsiz, kabab yeməli idi. Artıq neçənci dəfə idi belə xəfə yerlərdə dadlı yeməklər yeyirdilər.
- Dəmir masa, dəmir kətil, dəmir sini, süfrəsi ucuz muşamba, filmlərdəki həbsxana yeməkxanası kimi... hər tərəf buz kimi, ürəkaçan, göz oxşayan bir çalar belə yox, amma yeməklər ləzzətli... qəribədi...
- Bu ləzzəti Avropanın ən lüks restoranlarında tapmaq olmur, xanım.
- Doğrudur, amma insan öncə gözü ilə doyur, sonra qarnı ilə. Gözün sevinmədiyi yerdə yeməyin dadından gedir. Bir az görüntüyə də fikir versələr o ləzzət ikiqat ola bilərdi.
- Bu da buraların özəlliyidir də, əzizim. Sən bu fikri o ciyərçiyə desən, deyər, “çəşm”, yəni baş üstdə. Səni gülə-gülə yola salıb o andaca unudar və daha əlli il belə davam edər.
- İştə, Şərq...heç nədən – nə sözdən, nə təcrübədən, nə tarixdən nəticə çıxmır.

Qəhvə içməyə vaxt qalsın deyə tələsik otelə dönmüş, çamadanlarını götürüb vağzala gəlmişdilər. İki saat yaxşı vaxt idi, səfər önəsi vağzal kafesində rahatca oturar, gələnə, gedənə tamaşa edər, tələsməməyin keyfini çıxarardılar.

Tehrandan Məşhədə gələndə də belə etdilər. Tıxac qorxusundan vaqzala 3 saat əvvəl gəldilər. O gün vağzalın gözləmə salonunda, ikinci mərtəbədə, bütün salona tamaşa edən bir kafedə oturub qəhvə içmiş, vaxt keçsin deyə qəhvənin üstündən dondurma, onun da üstündə kek yemişdilər. Gözəl satıcı qızın təriflədiyi, gözlərinə xoş gələn hər şeyi mədəyə endirmiş, sonra peşman olmuş, biri-birini suçlu çıxarmışdılar.
- Dedim, axı ikimizə birini al...
- Dedin, xanım... amma gec dedin...

*

Məşhəd vağzalında elə bayaqkı kimi ayaqüstdə, üz-üzə durmuşdular.
- Otur.
- Yox e. Tıncıxdım. Min kilometr?! Avtobusla. Tualet yox. Necə olacaq?
- Saxlayacaq da...
- Yolüstü tualetlər nə gündə olur...
- Üzgünəm, xanım, işin o tərəfinə heç bir əlacım yoxdur.
Saat 6 olmuşdu. Bir ay sonraya alınan biletin qatarı öz daimi cədvəli ilə bir saat sonra, 7-də yola düşəcəkdi. Dəfələrlə gedib gəldiyi kassada “son saatda imtina edən, bilet qaytaran ola bilər” demişdilər. Bu yalancı umud biletsizlikdən daha betər idi.
Qərib yenidən kassaya getdi.

Vağzal dolur, boşalır, çəkisindən azı 20 kilo artıq olan çadralı arvadlar, yekəqarın kişilər bir-birini əvəz edirdi. Geyimlər, hətta örpəklər belə qara, boz, tutqun idi. Ucdantutma – yaşlısı, cavanı, bütün qadınların qaşları pozulub yenidən yazılmışdı. Qaş xətti mövcud yatağından çıxarılıb döymə ilə üzüyuxarı, gicgahlara doğru dartılmış, təbii yataq suyu qurumuş çay kimi keçəl qalmışdı. Bəziləri əməliyyatdan təzə çıxmış, burun sarğısını hələ açmamışdı. Arada-sırada zəngin və rəngarəng geyimli, qələm qaşlı, burunları “nataşa” formasında kəsilib dikəlmiş, dodaqları köpürmüş, nümayişkarca başıaçıq yürüyən qadınlar da gözə dəyirdi. Amma o tiplərin sayları az idi.
Önündən keçən hər kəsi seyr etsə də Gülüzün fikri qarşıda duran min kilometrdə idi. Qara-qara düşünür, “otuz ildi bu ölkədən çıxmısan da, neyləyəsən?” desə də “Axı bu boyda yanlış olar? A kişi, adam aldığı biletin tarixinə baxmaz?” deyə içində od püskürürdü. Ətrafın tutqunluğu, yeməkxanadan salona yayılan ürək bulandıran qoxu da bir yandan səbrini tükədir, sanki ürəyi sinəsindən çıxıb qaçmağa yer axtarırdı.
Qərib kassadan qayıdıb dedi:
- Qatar 3 saat gec tərpənəcək...
- Nə qatar?
- Yəzd qatarı...
- ...
Gülüz gözünü döydü, “bizə nə...” deyib bağırmaq istədi. Lakin ərinin acı gülüşünə baxıb “bunun təzyiqi qalxacaq” fikri ilə sakitcə dedi:
- Bəlkə, biz daha tez yola çıxarıq...

*

Abtobus vaqzalı daha təmiz, hündür tavanlı, işıqlı idi. Yemək qoxusu yoxdu. Xoş rənglər də yoxdu, bütün çevrə, tavan və döşəmə belə soyuq metal rəngdə idi. Salonun ortasında dolaşan kişilər: “Yəzd”, “Rəşt”, “İsfahan” deyə bağırır, müştəri çağırırdılar.
Zər araxçınlı, boz əlbisəli, palıdı arxalıqlı, dərisi yanıb sümüyünə yapışmış, nazik, uzun, yaşı bəlli olmayan biri salona girdi. Yarım addım arxada öz irqindən, lakin daha nimdaş geyimli bir başqası da gəlirdi.
Gülüz dönüb onların arxasıyca baxdı.
- Nəyə baxırsan...
- Geyimlərinə... icazə versəydilər şəkillərini çəkərdim.
- Onların adından mən icazə vermirəm...
Gülüz Qəribin əsəbi etirazına “aha, başladı...” deyə düşündü.
Salon boyu düzülmüş oturacaqlar boş idi, yalnız iki nəfər – yaşlı qadın və kişi oturmuşdu.
- Türkdülər...
- Nə bildin?
- Türkcə danışırlar.
- Heç eşitmədim...
- Fikrin şəkil çəkməkdə qalıb ...
Gülüz üzünü yana çevirdi.

Yaxınlaşdılar, danışdılar, Xorasan türkləriymiş, onlar da Yəzdə gedirmişlər. Qərib çox sevindi, çamadanları oturacağa sarı daşıdı. “Sən burada otur, söhbət elə” dedi, sanki Gülüzü soydaşlarına – Xorasan türklərinə tapşırıb bilet dalıyca getdi.
Salona narıncı geyimli, enli şəltəli, ətəyi, yaxası baftalı, qırmızı arxalıqlı, başı çalmalı kişilər daxil oldular. Gülüz təzə tanışlarından “Bunlar kimdi?” deyə soruşdu. “Bəluclardı”, dedilər. Gülüz şəkillərini çəkmək istədiyi kişiləri göstərib soruşdu?
- Bəs onlar?
- Əfqandılar.
- Yerlidilər?
- Yox. İşləməyə gəlirlər.
- Yay-qış eyni geyimdə, səfalət...
- Sən hardansan?
- Bakıdan.
- Bəh-bəh...
Qadının gözləri güldü...
- Çox eşitmişik... oralar necədi?
- Gözəldi... gəlin...
Qərib vağzalın o başından iti addımlarla gəlir, üzü gülürdü.
- Aldım. VİP avtobus. Saat 7-də çıxacaq.
Gülüz saata baxdı, yeddinin yarısıdı.
- 7-də? Çətin... bu ölkədə bütün işlər sabaha qalır...
- Yox, yox... 7-də çıxacaq. Ürəyini sıxma, əzizim, sabaha qalmayacaq. Yorulmusan, bilirəm. Avtobusda dincələrsən. Gedək, yola su alaq...
- Alma da alaq.

*

7:15 də avtobus yola düzəldi. 14 saat yol gedəcəkdilər. Gülüz məsafənin min kilometr olduğunu düşünmək istəmirdi, indi mühüm olan yola düşmək idi. İnana bilmirdi, bu iş sabaha qalmamış, vaxtında yola düşmüşdülər...
- Rahatsan? İstidi. Paltonu çıxart, tərləyərsən. Dur, mən soyunduracam. Gündüz olsaydı çox maraqlı olardı. Yəzd tən ortadadı, bu yol Kəvirdən keçir.
- Kəvir nədi?
- Səhra... Kəvir çölü, Lut çölü... qırmızı qumsal...
- Lut yox, Lüt... adı üstündə lüt, yəni örtüksüz, ağacsız, kol-kossuz, lüm-lüt... yayda 77 dərəcə isti... yer üzünün ən isti bucağı... elə isti ki, ayaqqabıları alov qarsır, maşınların təkəri əriyir... ingilislərin çəkdiyi filmə baxmışdım.
- İndi qışdı, isti 45 dərəcədən yuxarı qalxmaz, Lutun turizm mövsümüdü...
- Axı niyə Lut deyirsən? Lüt! Lüt çöl! Yəni çılpaq çöl! .
- Xanım, niyə hirslənirsən? Elə bil dalaşmağa bahana axtarırsan.
- Niyə sözü düz demirsən? Lüt! Yəni çılpaq!
- Lüt? Doğrudan, heç fikir verməmişdim. Biz elə Lut yazıb oxumuşuq, fars dilində “ü” hərfi yoxdur, “ü”lər “u” olur. Demək, lüt imiş? Çılpaq! Afərin! Yenilik oldu! Yəzddən tur tapsaq səhraya gedərik...

Getmək? Lüt çölə? Qırmızı qum? Hər gün dəyişən, sovrulan səhra! Qaynar qumsal! Qarsan alov! Qum altda qalan ömürlər! Sürgün yeri! Rusiya Sibirinin ən əksi, atəş dərəcəsi. Yer iqliminin cənənəmi. Aman-aman, çox maraqlı olar!

Gülüzün içində baş qaldırmaqda olan “bəhanə” Lüt çölün qırmızı qum xəyallarında sovrulmuş kimi oldu. İlk dəfə səhraya ayaq basmış olacaq. Xivəyə gedərkən Turan ovalığından, səhralardan yan keçib, amma maşınla, asfalt yolla. Ağcaqum çölündən, Türkmənistan üzərindən uçub, nədənsə uçaqlar səhra üzərində çox alçaqdan uçurlar. Yer ovuc içi kimi görünür. Qurumuş, lüm-lüt qalmış, ucsuz, bucaqsız Ağcaqum çölünə ulaşmış Aral gölü... ağappaq qumsal... dünyaya yayılan tozanaq fəlakəti...

Gülüz “dünyaya, o ucsuz-bucaqsız çölləri keçib yayıldıq” deyə düşündü, qırmızı qumsalın həyəcanı onu bəyaz çöllərə götürür, yenidən geri qaytarırdı.
- Fətəli şah Qacar azğın rus səfirin qatillərini Lüt çölə sürgün etdi... şah camaatla insafsız davrandı... ömürlər diri-diri qumsala gömüldü. Bu nə taledi? O tayda Sibir buzlaqlarında donduq, bu tayda Lüt çöllərdə yandıq...
- Yata bilsən yat, həyatım...
- Nə vaxt dayanacaq avtobus?
- 4 saatda bir saxlamalıdı...
- 4 saat çoxdu... 14 saat, min kilometr... gərgin olanda tez-tez getmək istəyirəm.
- Gərginlikdən çıx da bə... yoldayıq, gedirik, gözlərini yum, özünü yuxuya ver... yuxun gəlmir alma ye...
*
Tək oturacaqlı sırada cavan bir hərbçi oturmuşdu. Məlum oldu ki, Urmiyədəndi, Yəzdə xidmətə gedir. Qərib bir vaxtlar Urmiyədə işlədiyini dedi, bir-birinə tanışlıq verdilər, Qərib onun böyüklərini tanıdı. Elə məmnun idilər, bircə qalxıb sarmaşmaları çatmırdı. Bir-birinə sual yağdırırdılar.
- Hacıağa, doğrudan Hölənd vətəndaşısısan?
- Bəli, oğlum.
- Lap elə pasportun da var?
- Var, var – deyə Qərib ucadan güldü.
- Hacıağa, qadalaruvu allam, sənün Hölənd pasportun varsa... bu xarabada nə işün var? Baba, nəyə gəlmisən buralara?
Qərib qəhqəhə çəkib güldü, üzünü Gülüzə çevirdi:
- Xanım, bu cavan oğlan da elə o tayda deyilənləri deyir. Deyir, nə gəzirsən buralarda?
- Neyləsinlər? Ayağı yer tutan başını götürüb qaçır. Elə yolüstü tualetlərin halı buralardan getmək üçün yetərlidir. Getsinlər, dünyanı görsünlər, əməkli olanda qayıdarlar... bizim kimi...
- Xanım, sənin tualetdən başqa dərdin yoxmu?
- Şu anda yox...
Söhbət saatı bitmiş, hamı yatırdı. Gülüz başını, ağız-burnunu bərk-bərk bürümüş, ürəyində “ondörd saat... on dörd saat...”, “min kilometr, min kilometr”, “Allahım, özün rəhm et” deyə-deyə gözlərini pəncərədən görünən sonsuz qaranlığa zilləmişdi. Məsafəni düşünmək istəməsə də beyni, “min kilometr” sözünü saat kimi vururdu. Qasığında qalxacaq ağrıları xof içində gözləyirdi. Vaxt ağır keçirdi. Qərib Gülüzün əlini ovcuna alıb yuxuya getmişdi, xoruldayırdı. Qarşıda hələ 12 saat, uzun gecə, bitməz yol vardı...

*

Tehrandan Məşhədə də 12 saata gəlmişdilər, amma qatarla. Tualet iki addımlıqda, tər- təmiz, xidmət ali. Çay, kofe, su, meyvə, yemək, salat, quru dəsmal, nəm dəsmal, zibil torbaları, məhrəba, təmiz yataq, televizor, hətta bir işlətməlik başmaq... tam bir lüks. Bələdçi qızlar nazik tənli, gülərüz... fərq yalnız beretin altından bağlanmış qara yaylıqda idi. Tanışlardan biri demişdi: “Məşhədə gedən qatarlar lüks olur, o birilər kimi olmur”.
O gecə, o kupedə də, bu avtobusda olduğu kimi hər kəs yatmışdı. Bircə Gülüz oyaq idi, dizlərini qucaqlayıb pəncərədən baxırdı. Qatar, gur işıqlı bir stansiyada durdu. Üzbəüzdə başqa bir qatar da dayanmışdı. Çadralı qadınlar, əbalı, əbasız kişilər vaqonlardan tələm-tələsik enib perron boyu harasa yürüyürdülər. Büzüşmüş qaçışlar sübhün soyuğundan xəbər verirdi.
Qərib qatarın səssizliyinə oyanmışdı.
- Yata bilmirsən?
- Yox... bu camaat hara qaçır?
- Sübh namazına.
- Namaz qılmağa gedirlər? Qatar getsə?
- Getməz, namaz vaxtıdı.
- Qatar namazı gözləyəcək???
- Bəli, xanım...
- Qatar namaza durub???
- Bəli xanım... qatar sübh namazına durub... 20-30 dəqiqə çəkəcək. Axşam namazına da durmuşdu, başını telefondan qaldırsaydın xəbərin olardı.

*

Gülüz avtobusun pəncərəsindən qatı qaranlığa baxır, qarnının altında başlamış xəfif sancıların güclənə biləcəyini düşünüb gərginləşirdi. Saat on-onbir arası idi. Avtobus dayandı. Bu, yoldan iki-üç pillə aşağıda olan bir dükanın önü idi. Avtoban dayanacaqlarındakı marketlər sayağı tualetə gedən yol dükanın içindən keçirdi. Yəni gözün görsün, könlün sevsin, əlin cibində olsun siyasəti. Amma bu dükan o dükanlardan deyildi.
Dükanın içi sahmansız, qarmaqarışıq, təpələmə dolu idi. Daha çox anbara bənzəyirdi. Paketlənmiş, qablanmış növ-növ şirniyyat üst-üstə qalaqlanmışdı. Çeşidlər iştah pozacaq qədər çox və cazibəsiz idi. Keçidlər dar, adam çox, sevimsiz bir tünlük... lakin hər kəs gümrah, məmnun... Yeyəcək alan kim, içəcək alan kim... gözün görüb könlün sevməyi vasvasılıq tanımır.
Və əsas məsələ - tualet! Tualetə tələsənlər ərzaq qutularına, açıq yeyəcəklərə sürtünüb keçərək yarıqaranlıq, torpaq həyətə çıxır, kimsə kimsənin üzünə baxmadan səssizcə növbəyə düzülürdülər. Cəmi iki tualet vardı, ikisi də tutqun metaldan qurulmuşdu. Biri kişilər, biri qadınlar üçün. Hər ikisinin önündə bir avtobus adam dayanmışdı. Kişi və qadın tualetləri və növbələri o qədər yaxın idi ki, bəzən sıra bir-birinə qarışırdı.
Fasilə bitdi, gərginlikdən çıxmış Gülüz hər kəsdən öncə gəlib yerinə oturdu. Digərləri də yavaş-yavaş yerlərini tuturdular. Bayaqkı əfqanlar bir sıra arxada oturmuşdular. Zər araxçınlı əfqan yanından keçərkən əyilmiş, Gülüz o fürsətdə adamı yaxından görmüşdü. Üzü gildən yapılmış kimi, torpaq rəngdə, cadar-cadar idi. Hədəqəsindən çıxmış gözləri quş yumurtası boyda, mas mavi, baxışları donuq... üzündə viran qoyulmuş Əfqanıstan yarlığı vardı.
Gülüz düşündü ki, bunun gerçək görüntüsünü tutmaq üçün azı əlli dənə çəkiliş etmək lazımdı. Amma misilsiz bir “bədbəxt əfqan” tablosu çıxar.

*

İki-üç saat sonra avtobus yenidən durdu. Sürücülər endilər. Gülüz “nə yaxşı oldu, tualetə gedək...” deyib yerindən qalxdı. Kimsə qalın bir adyala bürünüb keçiddə, orta qapının ağzında, ayaq altda yatırdı, yolu tutmuşdu. Gülüz duruxub qaldı.
- Yerdə yatan var.
- Əfqandı.
- Axı o arxa sırada idi.
- Sürücü onun yerini başqa birinə verdi. Bəlkə satdı, bəlkə əvvəldən belə danışıblar, bilmirəm.
- Bileti varmış görəsən?
- Biletsiz kim onu avtobusa alar?
- Bileti olanın yerini necə satmaq olar?
- Bileti olanın yerini satmaq olmaz. Bunlar bədbəxtdi...
- Bəluclar da var. Onlar oturublar.
- Bəluc bu ölkənin vətəndaşıdı, yarısı da Pakistandadı, arxalıdılar, kimin hünəridi ona söz desin. Bu yazıqlar sahibsizdi.
- Dəhşət!
- Keç...
- Yol yoxdu axı...
- Üstündən keç...
- Necə yəni?
- Ayağına yer elə keç da bə...
- Keçə bilmərəm!

Qərib kəskin bir hərəkətlə irəli keçdi. Əfqanın başı ilə çiyni arasında ayağına yer elədi, sonra ikinci addımına yer axtardı. Ayağı əfqanın qarnı ilə dizləri arasına düşdü. Çönüb eyni sərt hərəktlə Gülüzün əlindən yapışdı, səbirsiz bir tərzdə “gəl” dedi.

Əfqanı aşıb qapıya çatdılar, qapı bağlı idi. Sürücülər görünmürdü. Aşağıda çayxanaya bənzər, pəncərəsi qalın, qırmızı pərdəli, daxma kimi bir tikili vardı. İçəridən buxar çıxırdı.
- Tiryək çəkirlər...
- Nə?!
- Tiryək çəkirlər.
- Tiryək çəkib maşın sürəcəklər? Bu qədər adamın həyatı təhlükəyə düşəcək?

Gülüzün fikrindən hər cür dəhşət, qəza, qan-qada keçdi.
- Qəza olacaq!
- Niyə qəza olur ki? Kefləri kökələcək, yuxuları qaçacaq, nəşələnəcəklər...

Qorxudan bağrı yarılmış Gülüz Qəribin arxayınlığına mat qalmışdı. Gülüz üçün tiryək çəkmiş adam kefli adam demək idi. Keflinin maşın sürməyi hazır ölüm idi. Qərib isə işin əslini bilirdi.
- O tayda araq içirlər, bu tayda tiryək çəkirlər. Onun təsiri başqa, bunun təsiri başqa. Bunların işi budu... tiryəksiz keçinməzlər...

Vaxt keçir, sürücülər görünmürdü. Qəriblə Gülüz bağlı qapını kəsdirib durmuşdular.
- Çox təcilidi?
- Çox!

Salon yatırdı, maşın dayansa da kimsə yerindən qalxmamışdı. Gülüzə qəribə gəldi, yəni bu qədər adamın içində ondan başqa tualet istəyən yoxdurmu? Qərib qapını döyəcləməyə başladı.

Səsə gələn olmadı. Siqnalı basdı, nərilti ətrafa yayıldı. Sürücü köməkçisi gəlib qapını açdı.
- Qapını aç, camaat tualetə getsin da bə...
- Burda tualet yoxdu...
- Bə niyə durmusan?
- Vaxtından tez gəlmişik ona görə...
- Lap yaxşı da... qapını aç, camaat da işini görsün...
- Burda tualet yoxdu, dedim...
- Tualet olan yerdə dayan da bə...

Qərib “sən burda dur” deyib avtobusdan endi. Köməkçi qapını bağladı. Gülüz bağlı qapının dalında qaldı. Siqnal səsinə sürücülər də bayıra çıxmışdılar, birinin əlində isti çay buxarlanır, o biri əl-qol ata-ata bağırırdı. Qapı bağlı olduğundan səs gəlmirdi, amma dalaşdıqları bəlli idi. İki sürücü, bir köməkçi ağız-ağıza verib əllərini havaya çırpa-çırpa qışqırışırdılar. Qəribin də əlləri yanında deyildi...

Gülüz avtobusun içinə boylandı: “Nə bərk yatıblar? Bu kişilərdən heç olmasa biri düşüb qahmar çıxsaydı. Onlar üç, bu tək. Əsəbləşəcək. Təzyiqi qalxacaq. Necə olacaq? Bu nə iş idi düşdük?” Lakin qapı bağlı, camaat yatılı idi. Gülüz açıq bir göz ümidi ilə arxa sıralara da boylandı. Hər kəs dərin yuxuda idi. Yerində qurcalanan, gərnəşən, əsnəyən bir nəfər belə gözünə dəymədi. Yenə qapıya döndü. Üz-üzə duran adamların əl-qolu yenə havada oynayır, boğazları uzanır, rəngləri qızarır, gözləri bərəlir, ağızları köpüklənirdi.

Bu vaxt köməkçi qapını açdı, bağırtı içəri doldu. Gülüz bir ayağı irəlidə, bir ayağı geridə yenə salona boylandı, yenə hamı yatırdı. Dışarda isə... qırmızı pərdəli daxmadan başqa hər tərəf zil qaranlıq idi.

Uzun çığır-bağırdan sonra sürücünün biri qəzəblə sükan arxasına atıldı. Çayxanaya bənzər komadan nazik tənli, qısa paltolu, iki cavan oğlan da tamaşaya çıxmışdı. Üzlərindən xumar bir şadlıq yağırdı, gülə-gülə dava-dalaşı seyr edirdilər.

Bayaqdan qəzəb püskürən ikinci sürücü avtobusa sarı gələrkən dönüb oğlanlara göz vurdu. Cavanlar gülüşdülər. Sürücü də elə nəşə ilə güldü ki, sanki bayaqdan boğazını yırtan, qızaran, bozaran bu deyilmiş. Bu gözləşib gülüşməyə mat qalan Gülüz tələsik aşağı endi. Hava buz kimi idi, külək bıçaq kimi kəsirdi. Havada səhradan gələn qırmızı tozanaq vıyıldayırdı. Demək, Lüt çöl haradasa yaxındadı. Qaranlıq, səhra, tozanaq... tualet haqqı uğrunda savaş... tiryaki sürücülər...

Qorxuya düşmüş Gülüz ərinin qoluna sığınıb ətrafa baxdı, qaranlıq bir yer gəzdi.
- Sən narahat olma, mən o qaranlığa gedərəm...
- Dayan...
Sürücü sürüb getmək istəyir, Qərib onu hədələyirdi. Köməkçi araya girdi: “Oturun, 5 dəqiqəyə çatdıracam sizi tualetə”. Qərib köməkçinin sözlərinə əhəmiyyət vermədən mühərrikin nəriltisi içində var səsi ilə bağırırdı:
- Sən get... get, gör, sənin başına nə oyun açıram...
- Vallah, billah, imam Hüseyn haqqı 5 dəqiqəyə... – deyə köməkçi yalvardı.
Gülüz Qəribin qolundan tutub avtobusa sarı çəkdi...

Avtobus tam bir sükunət içində idi. Salonda, bu boğuşmanın bir addımlığında, artıq bir addımlıqda deyil, yanaşı, iç-içə... zaman dayanmışdı, hər kəs alatoran rahatlığında mışıl-mışıl yatırdı. Piyli gövdələri oturacaqdan daşmış, qalın, qara geyimlərlə yüklənmiş adamlar, qulağı qulaqlıqlı cavanlar dərin yuxuya dalmışdlar. Bu qədər hay-küyə, dava-dalaşa kimsə yerindən qıpırdamamış, başını qaldırmamış, gözünün ucu ilə baxmamış, ölü kimi düşüb qalmışdılar.

Gülüz bu an ağlına gələn “nə yaman yatdı bu oğlan, ölüb ə” fikri ilə öz oturacağına doğru addımladı və yerə sərilmiş əfqana yetişdi. Adyalın altındakı əfqan ikiqat olmuşdu, bu dəfə qarnı ilə dizləri arasındakı çökək aydın görünürdü. Tərəddüdə yer yox idi, Qəribin hirsinin üstünə hirs gətirə bilməzdi, yerinə getməliydi.

Addımının birini həmin boşluğa, o birini əfqanın başı ilə çiyni arasına qoydu. Ayağının altında nəsə xırçıldadı, bəlkə, əli, bəlkə, qolu, bilmədi, “ayy” deyib geri atıldı. Bu dəfə ayağı geridəki boşluğa, adamın dizi ilə qarnı arasına deyil, buduna saplandı. Əfqan yuxulu bir ərincəkliklə tərpəşdi, tənbəl tərpənişlə ayağının birini uzatdı.

Qərib geri dönmək istəyən Gülüzün yolunu kəsdi:
- Get... get...
- Tapdaladım axı bu yazığı...
- Heç nə olmaz... onlar elə tapdalanmayıblar ki...

Gülüz oturub nəfəsini dərməyə macal tapmamış avtobus dayandı. Demə, tualet tiryək dükanından iki dəqiqəlik məsafədə imiş. Tez yerindən qalxdı. Çantasını alana, yaxasını düymələyənə kimi keçid adamla dolmuş, basabas düşmüşdü. Hər kəs əfqanın üstündən adlayıb özünü dışarı atırdı. Bir göz qırpımında camaatın yarısı yerə düşmüş, yarısı keçiddə basabas salmışdı.
- Bunlar bayaqdan ölü kimi yatırdılar... necə oldu bir anda oyandılar?
- Yeri, xanım, yeri... bura Şərqdi... burda yatmırlar, özlərini yuxuluğa vururlar...

*

Avtobus gecənin qaranlığında sürətlə irəliləyir, şəhərlərarası polis məntəqələrində dayanır, sürücülər sənəd göstərib, imza alıb yola davam edirdilər. Qarşıda hələ yeddi saat yol vardı. Gülüz bir an belə huşa getməmiş, Qərib yuxusunu almış, oyanmışdı. Məşhəd vağzalından aldıqları almaları yeyir, sakit-sakit söhbət edirdilər.
- Axı niyə Məşhəddən Bəndər Abbasa uçmadıq? Yəzdə niyə gedirik?
- Yəzd dünyanın ən böyük gil şəhəridi, xanım. Görəcəksən, rəngi eynən Xivəyə bənzəyir. Amma Yəzdin tunel küçələri Xivədə yoxdur, dünyanın heç yerində yoxdur. Üçayrıclı, dördayrıclı, hətta beşayrıclı, üstü qapalı küçələr. Memarlıq möcüzəsi. Əmir Teymur zamanından qalmış Əmir Çaxmaq meydanı, Səfəvilərin karvansaraları, qədim yelçəkənlər... Qacarlardan qalma su sistemi, yeraltı hamamlar. Yəzd bizim tariximizdi, xanım. Görməlisən! Hələ Meybuda gedəcəyik.
- O da min kilometr?
- Yox, əzizim. Gözün qorxub sənin. Yəzdlə Meybudun arası 50-60 km ola, olmaya. Meybud möcüzədi. Şah Abbas məscidi, Narın qala... eynilə Tiflisdə gördüyümüz Narın qala. Şah Abbası orda diri görəcəksən, hər addımında, daşında, divarında imzası var. Hürmüzdən Dərbəndə kimi hər vilayətdə Şah Abbasın izi var.
Gülüz pəncərədən qaranlığa baxıb “Şah Abbas cənnət məkan...” deyə pıçıldadı.
- Bizə öz tariximizi öyrətməyiblər. Nə sənə, nə mənə, nə o tayda, nə bu tayda. Ömrümüzün bu çağında tariximizi gözümüzlə görməyə çıxmışıq. Sürprizin gerisini deyimmi?
- De...
- Bir zamanlar Gemburun adlanan limanı Şah Abbas portegizlərdən aldı, adını dəyişib Bəndər Abbas qoydu. Körfəz yolunu açdı. Sonra Hürmüzü aldı. Bəndər Abbasdan o tərəfə, taa Hürmüz adasına kimi gedəcəyik. Şah Abbasın Səfəvi imperiyasına qatdığı torpaqları görəcəyik. Hürmüz fatehi Şah Abbasın portegizləri qovduğu qalaya aparacam səni, xanım...
- Hürmüz fatehi Şah Abbas! Bu, çox gözəl! Amma 4-cü cild tapılmadı, Qərib...
- Taparıq...
- Nə vaxt?
- Gələn dəfə...

Avtobus sürətlə irəliləyirdi. Ağarmaqda olan alatoranın ardından qırmızı qumsal görünməkdə idi.

# 2544 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #