Milan Kunderanı oxumaq üçün lüğət

Milan Kunderanı oxumaq üçün lüğət
5 iyun 2014
# 12:15

Kulis.az yazıçı Nəriman Əbdülrəhmanlının tərcüməsində Milan Kunderanın “Yetmiş üç söz” essesini təqdim edir.

Milan Kundera 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub. 1968-ci il hadisələrinin fəal iştirakçısı olub və 1975-ci ildən Fransada yaşayır.

M.Kundera yaradıcılığa şair kimi başlayıb, 50-ci illərdə «İnsan: Böyük bağ»(1953), «Sonuncu may»(1955), «Monoloqlar»(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə «Açarçılar» adlı pyesini yazıb. Həmin vaxtı nəsrlə ciddi məşğul olan Milan Kunderanın novellaları, romanları və esseleri müəllifə böyük şöhrət qazandırıb. «Gülməli əhvalat» (1963-1968) novellalar toplusu, «Zarafat» (1965), «Burda olmayan həyat» (1973), «Gülüş və yaddaş kitabı» (1978), eyni zamanda «Mövcudluğun dözülməz yüngüllüyü», «Ölməzlik», «Arxayınlıq» romanları onu dünya ədəbiyyatının nəhəng simaları sırasına çıxarıb.

Bununla yanaşı, M.Kundera nəzəriyyəçi kimi də böyük şöhrət qazanıb. O, yazdığı esselərində öz romanları barədə mülahizələrini söyləyir, oxuculara təqdim elədiyimiz bu esseni «romanlarında olan başlıca sözlər və roman estetikasının başlıca sözləri» adlandırıb. Esse kiçik ixtisarlarla tərcümə olunur.

***

Məndən daim hansı dildə fikirləşdiyimi yuxu gördüyümü soruşurlar. Deyirəm, insan yuxuları görür, fikirlərlə də düşünür. Dil ancaq o vaxt reallıq olur ki, gördüyünü və fikirləşdiyini kimlərləsə bölüşmək qərarına gəlirsən.

İosif Brodski

1968 və 1969-cu illərdə «Zarafat» bütün qərb dillərinə tərcümə olunmuşdu. Amma nə qədər heyrətlənmişdim! Fransada tərcüməçi mənim üslubumu bəzəyib, romanı təzədən yazmışdı. İngiltərədə naşir romanı doğrayıb, refleksiyayla (öz hərəkətini təhlil eləmək, düşünüş - tərc.) bağlı bütün hissələri kəsib atılmışdı, musiqişünaslıq fəsillərini çıxarmışdı, hissələrin sıralanmasını dəyişmişdi. Ölkə başqa ölkədi. Tərcüməçimlə rastlaşıram: o çex dilində bir kəlmə də bilmir. «Bəs necə çevirmisiniz?» «Mənə qəlbim pıçıldadı»,- cavab verir və portfelindən şəklimi çıxarır. O, elə qanışiriniydi, guya qəlbin telepatiyası sayəsində doğrudan da tərcümə eləməyin mümkün olduğuna az qala inanmışdım. Əlbəttə, hər şey sadəydi: argentinalı tərcüməçi kimi, fransızcadan çevirmişdi. Daha bir ölkə: çex dilindən tərcümə. Kitabı açıb, təsadüfən Helenanın monoloquna rast gəlirəm. Hər biri bütöv abzası tutan uzun cümlələr çoxlu sadə cümlələrə bölünüb… «Zarafat»ın tərcüməsilə bağlı keçirdiyim sarsıntı qəlbimdə həmişəlik iz buraxdı. Xoşbəxtlikdən, sonralar dəqiq tərcümələrə rast gəldim. Amma təəssüf ki, eyni zamanda o qədər də dəqiq olmayan tərcümələrə… Bununla belə, məndən, çex oxucusundan tamamilə məhrum olmuş bir adamdan ötrü tərcümələr hər şey deməkdi. Bax, buna görə də bir neçə il qabaq, nəhayət, kitablarımın xarici nəşrlərində qayda yaratmağı qərara aldım. Bu mənə münaqişələr və yorğunluq bahasına başa gəldi: oxunuş, nəzarət, oxuya bildiyim üç, yaxud dörd dildə köhnə və təzə romanlarıma təzədən baxmaq həyatımın bütöv bir dövrünü tamamilə aldı…

Öz romanlarımın tərcümələrini var gücüylə çalışan müəllif vəhşi qoyun sürüsünün arxasınca cuman çoban kimi, saysız-hesabsız sözlərin ardınca qaçır; onun öz gözlərində miskinliyə və başqalarının nəzərində istehzaya layiq obrazdı. «Le Deba» jurnalının direktoru dostum Pyer Noranın mənim çoban vəziyyətimin kədərli-komik cəhətini yaxşı dərk elədiyinə şübhəm var. Bir dəfə o, mənə gizlədə bilmədiyi mərhəmətlə dedi: «Yaxşısı budu, nəhayət, öz əzablarını unut və məndən ötrü bir şey yaz. Tərcümələr səni hər sözün üzərində düşünməyə məcbur eləyib. Öz şəxsi sözlüyünü tərtib elə. Romanlarının sözlüyünü. Başlıca sözlərin, problemli sözlərinin, sevgi sözlərinin sözlüyünü”. Mən bunu elədim.

Aphorisme. Aforizm. Yunancada «tərif, şərh» mənasını verən aphorismos sözündəndi. Aforizm tərifin, şərhin poetik formasıdı.

Bander. Gərginləşmək, coşmaq. “Onun bədəni, passiv müqavimət göstərməkdən əl çəkdi. Eduard həyəcanlanmışdı. («Gülməli sevgi»)”. Mən «həyəcanlanmışdı» sözünün üzərində yüz dəfə narazı halda dayandım. Çexcə «Eduard coşmuşdu» olardı. Amma nə «həyəcanlanmışdı», «coşmuşdu» məni təmin eləmirdi. Qəfildən tapdım: «Eduard banda!». Bu qədər sadə ideya ağlıma niyə gəlməmişdi? Ona görə ki, çex dilində belə söz mövcud deyil. Bu nə rüsvayçılıqdı: mənim dilim bu sözün verdiyi mənanı bilmir…

Beaute (et connaissance). Gözəllik (və dərk etmə). Broxla (German Brox, Avstriya yazıçısı (1886-1951), «Ay adamları», 1931-1932, «Yoldan çıxaran», 1953, «Günahsızlar», 1950 romanlarının müəllifidi - tərc.) birlikdə dərketməni romanın yeganə əxlaqı sayanları, elmlə əlaqəsi üzündən həddən artıq gözdən salmış «dərketmə» sözünün dəmir haləsi çaşdırır. Buna görə də əlavə eləmək lazımdı ki, roman kəşf elədiyi mövcudluğun bütün cəhətlərini gözəllik kimi açır. İlk romançılar macəranı kəşf eləyiblər. Əgər bu gün macəra bizə görünürsə və əgər ona vurulmuşuqsa. Bu onların sayəsində baş verib. Kafka faciəvi tərzdə tələyə düşmüş insanın vəziyyətini təsvir eləyib. Bir vaxtlar kafkaşünaslar müəlliflərinin bizdən ötrü qoyub-qoymadığı barədə mübahisə eləyirdilər. Yox, söhbət ümiddən getmir. Məsələ başqa şeydədi. Hətta, bu dözülməz vəziyyətdə belə Kafka qəribə, tutqun gözəlliyi kəşf eləyir. Gözəllik - ümiddən məhrum olmuş insanın axırıncı mümkün qələbəsidi. Sənətdəki gözəllik - qəfildən yandırılmış işıq, ilk dəfə deyilmiş sözdü. Zaman böyük romanlardan sızan işığı söndürməyə qadir deyil, ona görə ki, insan varlığı nə qədər yaddaşlarda yaşayır, romançıların kəşfləri nə qədər köhnəlsələr də, həmişə bizi heyrətləndirməkdə davam eləyəcəklər.

Blaute. Göy rəngə boyanmış. Başqa heç bir rəng zərifliyin bu linqvistik formasını bilmir. Novalisin (əsl adı Fridrix fon Hardenberq (1772-1801) olan alman romantik yazıçısı filosofu, «Henrix fon Ofterdingen» «Gecələrə himn» romanlarının müəllifidi) sözüdü: «Zərif, göyümtül yoxluqla rənglənmiş ölüm». («Gülüş yaddaş kitabı»).

Caracteres. 1. Şrift. 2. Xarakterlər. Kitabları get-gedə daha xırda şriftlərlə çap eləyirlər. Ədəbiyyatın sonunu təsəvvürümdə canlandırıram: tədricən şrift o qədər kiçiləcək ki, tamamilə görünməyəcək və bunun necə baş verdiyini heç kəs sezməyəcək.

Celer. Gizlətmək. Ola bilsin ki, bu feldə ona görə xüsusi gözəllik tapıram ki, başqa bir sözə - «ərimək» sözünə oxşayır: gizlətmək = möhür mumu əritmək; əritmək, mum möhürlə möhür vurmaq; gizlətmək üçün əritmək.

Chapean. Şlyapa. Cazibədar əşyadı. Bir yuxumu xatırlayıram: nohurun qırağında iri qara şlyapalı on yaşında bir uşaq durur. Uşaq suya atılır. Onu ölmüş vəziyyətdə çıxarırlar. Qara şlyapası hələdə başındadı.

Chez-soi. Yurdumda. Domov (çexcə), das Heim (almanca), home (ingiliscə) «mənim kök saldığım və mənsub olduğum yer» mənasını verir. Topoqrafik sərhədlər yalnız qəlbin hökmüylə müəyyən olunur: söhbət bircə otaqdan, ərazidən, ölkədən, kainatdan gedə bilər. Alman klassik fəlsəfəsinin das Heim-i antik yunan aləmidi. Çex himni «Mənim domov-um hardadı sözləriylə başlayır. Fransız dilinə bu «mənim vətənim hardadı?» kimi tərcümə olunur. Amma vətənin başqa mənası var, domov sözünün siyasi, dövləti versiyasıdı. Vətən - qürurla səslənir. Das Heim - sentimental sözdü. Fransız dilində (fransız qavrayışında) vətənlə ocaq (mənim konkret evim) arasında boşluq qalır. Bu boşluğu yalnız o zaman doldurmaq olar ki, chez-soi sözünə malik olduğu əhəmiyyəti verəsən.

Comique. Komiklik. Faciəvilik insan əzəmətinin gözəl illüziyasını təklif edib, bizə təskinlik gətirir. Komiklik daha qəddardı – o bütün mövcudluğun boş bir şey olduğunu kobudcasına ifşa eləyir. Mənə belə gəlir ki, insana məxsus olan hər şeydə – birində etiraf, qəbul, istismar olunmuş, digərində gizlədilmiş şəkildə – komiklik cəhəti var. Əsl komik dühalar bizi daha çox gülməyə məcbur eləyənlər yox, komikliyin naməlum sahələrini kəşf eləyənlərdi. Deməli, tarixdə naməlum komik şeylər var…

Couler. Axmaq. Şopen məktublarının birində İngiltərəyə səyahətini təsvir eləyir. O, xanımların öz heyrətlərini daim «Ah, necə gözəldi! Su kimi axır ifadəsini təkrar eləyə – eləyə bildirdikləri salonda çalır. Bu Şopeni əsəbiləşdirirdi, tərcümə barədə «Rəvan axır», yaxud «Elə bil, fransız yazıçısı yazıb» sözlərini deyənlərdə məni hiddətləndirirlər. Heminqueyi fransız yazıçısı kimi oxumaqda yaxşı heç nə yoxdu! Onun üslubu fransız yazıçısı üçün ağlagəlməzdi! Mənim italiyalı naşirim Roberto Kolasso deyib: yaxşı tərcümə rəvanlığına görə yox, tərcüməçinin əsaslandırmaqla saxlamağa cəsarət elədiyi qeyri – adi və orijinal ifadələrə görə tanınır.

Crepuscule (et velocipediste). Alatoranlıq (və velosipedçi) «…velosipedçi (bus öz ona alatoranlıq kimi gözəl görünürdü)…» («Burda olmayan həyat»). Bu iki isim mənə əsir eləyiblər, çünki çox uzaqdan gəliblər. Crepusculum – Ovidinin sevdiyi sözdü. Velosiped texniki tərəqqinin meydana çıxmasının uzaq və sadəlövh dövründən bizə gəlib çatan sözdü.

Definition. Tərif, təyin. Romanın meditativ məğzi bir neçə mücərrəd sözün üzərində durur. Hər şeyi bildiklərini düşünənlərə qoşulmağı arzulamadan, mən dünyadan xəbərsiz nəinki bu sözləri həddən artıqdəqq seçməliyəm, həm də mənasını aydınlaşdırmalı və dəyişdirməliyəm… mənə belə gəlir, roman əlindən sürüşüb çıxan bir neçə təyini davamlı izləməkdən başqa bir şey deyil.

Destin. Tale. Elə məqam gəlib çatır ki,həyatımızın obrazı həyatın özündən aralanır, sərbəstlik qazanır və get – gedə bizim özümüzdən vacib olur. Artıq «Zarafat» - da: «…insan talelərinin ali palatası tərəfindən təsdiq edilmiş öz «mən»- imin obrazını dəyişməyə heç bir imkanım yoxudu: başa düşürdüm ki, bu obraz (mənə qədər oxşasa da) mənim özümdən sonsuzluğacan daha realıydı; başa düşürdüm ki, o heç mənim kölgəm deyildi, amma mən öz obrazımın kölgəsiydim; başa düşürdüm ki, onu mənə oxşamamaqda günahlandırmaq qətiyyən mümkün deyildi, amma bizim birbirimizə oxşamamağımızda mən özüm günahkaram

«Gülüş yaddaş kitabı» - ında: «Tale Mirenin xətrinə (onun xoşbəxtliyi, onun təhlükəsizliyi, sağlamlığı yaxşı ovqatı xətrinə) barmağınıda tərpətmək niyyətində deyildi, amma Mirek öz taleyi xətrinə (onun əzəməti, aydınlığı, gözəlliyi, üslubu ali mənası xətrinə) hər şeyi eləməyə hazırıydı. O, hiss eləyirdi ki, öz taleyinə görə məsuliyyət daşıyır. Amma tale ona görə məsuliyyət daşıdığını hiss eləmirdi

Mirenin əksinə olaraq qırx yaşlı gedonist (həyatın zövq səfadan ibarət olduğunu iddia eləyən qədim yunan əxlaq nəzəriyyəsitərc.) «öz talesizliyinin idilliyası»-ından yapışır Burda olmayan həyat») əslində, gedonist öz həyatını taleyə çevrilməkdən qoruyur. Tale bizim qanımızı içir, ağır yük kimi boynumuzdan asılır, ayağımıza dolaşır. (Ötəri qeyd eləyim ki. Personallarımın arasında qırxyaşlılar mənə hamısından yaxındı.)

Grapomanie. Qrafomaniya. Məktub, şəxsi gündəliklər, nəsil xronikaları (yəni özü öz yaxınları üçün) yazmaq düşkünlüyü yox, kitablar (naməlum oxucu auditoriyası üçün) yazmaq düşkünlüyü» («Gülüş yaddaş kitabı»). Nəsə yaratmaq düşkünlüyü yox, öz «mən»ini başqalarına sırımaq düşkünlüyü. Hakimiyyət ifadəsinin ən qroteen versiyası.

İdees. İdeya. Mənim əsərləri ideyalara bağlayanlara bəslədiyim nifrət. Qondarma «İdeyalar mübarizəsi»nə cəlb edilmək imkanının mənə təlqin elədiyi dəhşət. İdeyalardan gözü tutulmuş əsərlərə etinasız münasibət göstərən dövrə baxanda hiss elədiyim ümidsizlik.

İdylle. İdilliya. Fransada az istifadə edilən, amma Heksa, Höte, Şiller üçün əhəmiyyətli olan söz: ilk münaqişəyə qədər dünyanın vəziyyəti; yaxud münaqişələrdən kənar; ya da yalnız və yalnız anlaşılmazlıqlardan, yəni yalançı münaqişələrdən ibarət olan münaqişələrlə. «Qırxyaşlı kişinin sevgi həyatı həddən artıq çoxçalarlı olsa da, o, qəlbinin dərinliklərində idillik personajıydı…» («Burda olmayan həyat»). Sevgi avantürasını idilliyayla barışdırmaq gedonizmin mahiyyəti və onun mümkünsüzlüyünün səbəbidi.

İmiqination. Təxəyyül. «Taminanın adadakı tarixçəsiylə siz uşaqlara demək istəyirdiniz- məndən soruşurlar. Əvvəlcə bu tarixcə məni heyrətə salan yuxuydu və oyanandan sonra beynimdən çıxmırdı, onu yazanda, genişləndirdim və dərinləşdirdim. Onun mənası? Əgər istəyirsinizsə: infantokratik (yaşlı vaxtda uşaqlıq dövrünün xüsusiyyətlərini saxlamaqtərc.) gələcəyin qarabasma obrazı. Amma fikir yuxuya yox, yuxu fikrə səbəb oldu. Deməli bu hekayəni təxəyyülə tabe olub oxumaq lazımdı. Bununla belə, açılması lazım gələn rebus kimi oxunmamalıdı. Kafkaşünaslar məhz Kafkanı açmağa çalışa – çalışa onu öldürdülər.

İnexperiense. Təcrübəsizlik. «Mövcudluğun dözülməz yüngüllüyü» romanının ilkin adı «Təcrübəsizlik planeti»di. Təcrübəsizlik insan mövcudluğunun xassəsidi. İnsan yalnız bir dəfə doğulur, o, heç zaman əvvəlki həyatının təcrübəsindən istifadə eləyib, ikinci bir həyat yaşaya bilməz. O, gəncliyin nə olduğunu bilmədən uşaqlıq dövründən böyüyür,ailə həyatından xəbərsiz evlənir və hətta hara getdiyini sezmədən qocalır. Qocalar – qocalığın günahsız övladlarıdı. Bu mənada. İnsanın Yer kürəsi – təcrübəsizlik planetidi.

İnfantocratie. İnfantokratiya. Motosikletçi əllərini və ayaqlarını «O» şəklində əyib boş şəhərdə şütüyürdü; göy gurultusu içində prospektlə üzüyuxarı qalxa – qalxa onun üzü öz bağırtılarına böyük əhəmiyyət verən uşağın üzü kimi, ciddilik ifadə eləyirdi. (Müzil, «Sifətsiz adam»). Uşaq ciddiliyi texniki tərəqqi dövrünün sifətidi. İnfantokratiya bəşəriyyətə sırınmış uşaqlıq idealıdı.

İnterview. Müsahibə. Dialoq – ədəbiyyatın vacib formasıdı və boynuma alıram ki, mənim fikirləşdiyim, tərtib elədiyim və iştirakımla tərtib olunmuş bir neçə xoşbəxt müsahibəm olub. Təəssüf ki, əksər vaxtlar müsahibə başqa məna kəsb eləyir: 1) müxbir sizə sizi yox, özünü maraqlandıran suallar verir; 2) sizin bütün cavablarınızdan yalnız özünə lazım olanları istifadə eləyir; sizin cavablarınızı öz leksikasına, öz təfəkkür üslubuna uyğunlaşdırır. Amerika jurnalistikasını yamsılayıb, sizin deməyə məcbur olduğunuzu çap eləməyə icazənizi də almır. Müsahibə işıq üzü görür. Siz özünüzə təskinlik verirsiniz: tezliklə yaddan çıxacaq! Qətiyyən: ondan sitat gətirəcəklər! Hətta ən vasvası universitet professorları yazıçının sözləriylə jurnalistin özünün dedikləri arasında fərq qoymayacaqlar. (Tarixi misal: Qustav Yanuşun Kafkayla söhbətləri. Kafkaşünaslar üçün sonsuz sitat mənbəyi olan mistikləşdirmə.) 1985 – ci ilin iyununda qət elədim: daha heç bir müsahibə verməyəcəyəm. Mənim redaktə elədiyim, mənim nüsxəmlə çapdan çıxan dialoqlardan başqa bu tarixdən ortaya çıxan sözlərimin hər cür başqa formada ifadə edilməsi yalan kimi qəbul edilməlidi.

İronie. Kinayə. Kim haqlıdı və kim günahkardı? Emma Bavari dözülməzdi? Yaxud cəsur və riqqətlidi? Bəs Verter? Hissiyatlı və qədirbiləndi? Yaxud sentimental tərzdə təcavüzkar və özünəvurğundu? Romanı nə qədər diqqətlə oxuyursan, o qədər də bu suallara cavab vermək mümkünsüz olur, belə ki, roman təyinatına görə kinayəli sənətdi: onun «həqiqəti» gizlədilib, deyilməyib, ifadə olunan deyil. «Yadda saxlayın, Razumov: qadınların, uşaqların inqilabçıların bütün əsas instiktləri, hər cür əqidəni, hər cür qurbanı, hər cür fəaliyyəti inkar eləməkdi”, - bu kinayəni rus inqilabçı qadını Cozef Konradın (əsl adı Yuzef Teodor Konrad Kojenevski (1857 – 1924), polyak mənşəli ingilis yazıçısı; neoromantik məzmunlu «Olmeyerin şıltaqlığı» (1885), «Lord Cim» (1900) s. romanların müəllifidi) «Şərqin gözləriylə» romanında deyir. Kinayə əsəbləşdirir. Ona görə yox ki, guya insanı ələ salır və hücum eləyir, ona görə ki, dünyanın çoxçalarlığını kəşf eləyib, bizim inanımızı əlimizdən alır. Leonardo Şaşa (1921 – 1989, İtaliya yazıçısı, «Siciliyalı əmilər» (1958), «Kontekst» (1971) s. romanlarının müəllifi): «Kinayə qədər anlaşılması çətin, izahı mümkünsüz bir şey yoxdu”. Üslubun affektasiya (süni həyəcan yaratma, qızışdırmatərc.) hesabına «mürəkkəb» roman yaratmaq faydasız işdi; roman adlaşmağa layiq olan hər bir roman nə qədər aydın olsa da, mətndən ayrılması mümkün olmayan kinayə sayəsində yetərincə mürəkkəbdi.

Kitsch. Kitç. Mən «Mövcudluğun dözülməz yüngüllüyü»nü yazanda, «kitç» sözünü romanın dayaq sözlərindən biri elədiyimə görə azacıq narahat olmuşdum. Əslində, hələ bu yaxınlarda həmin söz Fransada ya tamamilə naməlumuydu, ya da çox məhdud şəkildə məlumuydu. German Broxun məhşur essesinin fransız versiyasında «kitç» «aşağı növlü sənət» kimi tərcümə olunub. Amma bu mənanın ziddinədi, çünki Brox onun təkcə pis zövqlü əsər olduğunu sübut eləmir. Kitçi təsdiq eləyən mövqe mövcuddu. Kitçi təsdiq eləyən hərəkət mövcuddu… Brox üçün kitç XІX yüzilin sentimental romantizmiylə tarixən bağlıdı. Ona görə ki. Almaniya və Mərkəzi Avropada XІX yüz il başqa yerlərdə olduğundan daha çox romantikiydi ( daha az realiscəsinəydi), kitç məhz burda həddən artıq çiçəklənmişdi, məhz burda «kitç» sözü doğulmuşdu və bizim günlərdə geniş istifadə olunur. Praqada biz kitçi sənətin başlıca düşməni sayırdıq. Amma Fransada belə deyil. Burda əsl sənətə qarşı əyləncəli sənət qoyulur. Böyük sənətə qarşı yüngül, ikinci növ sənət. Amma əgər söhbət məndən gedirsə, məni Aqata Kristinin polis romanları heç vaxt əsəbiləşdirməyib…

Leqerete. Yüngüllük. Mövcudluğun dözülməz yüngüllüyünü artıq «Zarafat»da tapmışdım: «Mən bu tozlu səkiylə gedirdim həyatımın üzərinə yük kimi çökmüş boşluğun ağır yüngüllüyünü hiss eləyirdim”.

«Burda olmayan həyat» romanında: «Yaromil hərdən dəhşətli yuxular görürdü. Yuxuda ona elə gəlirdi ki, lap yüngül əşyalarıfincanı, qaşığı, qələmi qaldırmalıdı bunu eliyə bilmir, əşya qədər yüngüldüsə, özü o qədər zəifdi, o, əşyanın yüngüllüyü altında haldan düşürdü”.

«Vida valsı» romanında: «Raskolnikov elədiyi cinayəti faciə kimi yaşadı axırı da onunla qurtardı ki, öz hərəkətinin ağırlığına dözə bilmədi. Yakubsa təəccüblənirdi ki, hərəkəti niyə bu qədər yüngüldü, niyə ağır yük kimi üstünə düşməyib, niyə çəkisizdi. Özündən soruşurdu ki. Bu yüngüllük rus qəhrəmanının isterik yaşantılarından daha dəhşətli deyil ki

«Gülüş və yaddaş kitabı»nda: «Bu, mədəsindəki boşluqdu, məhz bu dözülməz ağırlıq yoxluğudu, istənilən vaxt öz əksiylə əvəz oluna biləcək hər bir ifratçılıq kimi, son hüduda çatdırılmış yüngüllük yüngüllüyün dəhşətli ağırlığına çevrilib, Tamina da bilir ki, daha bu yüngüllüyə bir saniyədə olsun tab gətirməyəcək».

Yalnız kitablarımın bütün tərcümələrini oxuyanda, bu təkrarları məyusluq hissiylə sezdim! Sonra təskinlik tapdım: bəlkə də bütün romançılar müxtəlif versiyaları olan yalnız bir növ eyni mövzunu (ilk romanı) yazırlar.

Litanie. Litaniya. Təkrarlama – musiqi kompozisiyasının prinsipidi. Litaniya – musiqiyə çevrilmiş sözdü. Mən istərdim, hisslərdən ibarət, refleksiyayla bağlı roman arada bir nəğmə oxumağa çevrilsin. Bu da ev sözü üzərində qurulmuş «Zarafat» - dakı litaniya: «… mənə elə gəlirdi ki, bu mahnılarda mənim əlacım, mənim orijinal nişanım, xüsusən, mənim evim olan öz evim var, mən o evə xəyanət eləmişəm (ona görə ki, ən kədərli inilti öz evinə xəyanətdən yaranır); amma eyni zamanda başa düşürdüm ki, mənim evim bu dünyaya məxsus deyildi (bununla belə, əgər bu dünyaya məxsus deyilsə, necə mənim evim ola bilər, axı?) bizim haqqında oxuduqlarımızın hamısı, yalnız artıq olmayan şeylərin xatirələrindən, abidəsindən, xəstəhal qorunubsaxlanmasından başqa bir şey deyildi mən hiss eləyirdim ki, üstündə evimin durduğu torpaq ayaqlarımın altından qaçır, mən dodaqlarımın arasında klarnet illərin , yüzillərin dərinliyinə, dibsiz dərinliyinə sürüşüb düşürəm, təəccüblə özözümə deyirəm ki, mənim yeganə evim məhz bu eniş, bu hər şeyi süpürüb aparan acgöz yıxılmaydı mən başgicəlləndirici ləzzətlə ona tabe olurdum…» («Zarafat»)

Livre. Kitab. Müxtəlif verilişlərdə min dəfə deyilib: «…mənim kitabımda deyildiyi kimi…»

«Mənim kitabım» - özünübəyənmənin fonetik qaldırıcı liftidi.

Lyriqie. Lirik. Mövcudluğun dözülməz yüngüllüyündə qadın düşkünlərinin iki tipi barədə danışılır: lirik (hər bir qadında öz idealını axtaran) və epik (qadınlarda qadın dünyasının sonsuz müxtəlifliklərini axtaran). XVIII yüzilin sonunda Almaniyada yaranan və Hegelin «Betetika» əsərində mükəmməl inkişaf etdirilən klassik lirika və epos ( dramlar) bu tiplərə uyğun gəlir: lirika – subyektiv etirafın ifadəsidi; epos – obyektiv dünyanın dərk olunması ehtirasıdı. Məndən ötrü lirika və epos estetikasının sahəsi olmaqla məhdudlaşmır, onlar insanın özünə və dünyaya və başqalarına (lirik yaş = gəncliyin yaşı) münasibətinin iki mümkün mövqeyini təmsil edirlər…

Lyrisme (et revolution). Lirizm (və inqlab). «Lirizmsərxoşluqdu, insansa dünyaya uyğunlaşmaq üçün özünü sərxoş eləyir. İnqilab öyrənməyə araşdırmağa məruz qalmağı xoşlamır, özünün vahid, bütöv qəbul olunmasını istəyir, bu mənada, inqilab lirikdi liriklik ondan ötrü vacibdi». («Burda olmayan həyat»).

Dustaq qadın və kişilərin arxasında olduqları divara başdan ayağa şerlər yapışdırılmışdı və adamlar düz onun qarşısında rəqs eləyirdilər. Yox, ölüm rəqsi eləmirdilər.burda günahsızlıq rəqs eləyirdi! Qanlı təbəssümü olan günahsızlıq. («Burda olmayan həyat»).

Meditation. Meditasiya, düşüncə. Romançının üç çıxış imkanı: tarixçəni danışmaq (Fildinq), tarixçəni təsvir eləmək (Flober), tarixçəni dərk eləmək (Müzil). XІX yüzildə roman təsviri ruhla (pozitiv, elmi) harmoniya təşkil eləyirdi. XІX yüzildə romanı daimi düşüncəylə əsaslandırmaq dövrün daha fikirləşmək istəməyən ruhuyla ziddiyyətə girmək deməkdi…

Metapore. Məcaz. Mən məcazı yalnız və yalnız bəzək olduğu hallarda sevmirəm. Mən təkcə «çöllərin yaşıl xalısı» kimi çeynənmiş ifadələri nəzərdə tutmuram, amma məsələn, Rilke: «Gülüş ağızlarından yaralardan irin axan təki tökülürdü». Yaxud, «Dua artıq onun dodaqlarından quru ağac kimi çıxır və ətrafa dağılırdı». (Malta Lauridis Briggenin qeydləri). (Məncə, Kafka məcazdan qəsdən imtina eləyib, özürü şüurlu surətdə Rilkeyə qarşı qoyurdu.) bununla belə, məcaz mənə şeylərin, situasiyaların, personajların mahiyyətini gözlənilmədən açmağa nail olmaq üçün əvəz olunmaz vasitə kimi görünür… Mənim qaydam: romanda çox az sayda məcaz işlətməli; amma elə işləməli ki, onlar əsərin kulminasiya nöqtələri olsunlar.

Moderne (art moderne, monde modern). Çağdaş (çağdaş sənət, çağdaş dünya). Lirik vəcddə özünü çağdaş dünyayla eyniləşdirən çağdaş sənət mövcuddu. Apolliner. Texniki tərəqqidən nəşələnmək, gələcəkdən heyrətlənmək. Onunla birgə və onun ardınca: Mayakovski, Leje, futuristlər, avanqardçılar. Amma Apollinerin tamamilə əksi də var – Kafka. Çağdaş dünya içində insanın itdiyi dolanbac kimidi. Antilirik, antiromantik, skeptik, tənqidi modernizm. Kafkayla birlikdə və onun arxasınca: Müzil, Brox, Qambroviç, Bekket, İonesko, Fellini… Bizim gələcəyə hərəkətimizlə «antiçağdaş modernizm» irsinin əhəmiyyəti artır.

Moderne (etre modern). Çağdaş (çağdaş olmaq). «Yenilik, yenilik, yenilikbu kommunizmin ulduzudu ondan kənarda kommunizm ola bilməz,»- 1920-ci ildə məhşur çex avanqard yazıçısı Vladislav Vankura yazırdı.

Çağdaşlıqdan geri qalmamaq üçün bütün onun mənsub olduğu nəsil kommunist partiyasına daxil olmağa tələsirdi. Kommunist partiyası hər yerdə «çağdaşlıqdan kənar» qalandasa, onun tarixi süqutu artıq həll olunmuşdu. Ona görə ki, «mütləq azad olmaq lazımdı,» - Rembo yazırdı. Çağdaş olmaq – bu arxetip, yəni bizdə dərin kök salmış irrasional imperativ (fəlsəfədə «qəti tələ» mənasını verir – tərc.), bizə sırınmış, məzmunu dəyişkən və qeyri müəyyən olan formasıdı: özünü çağdaş elan eləyən çağdaş kimi qəbul olunan şey çağdaşdı…

Oktavio. Oktavio Pas və arvadı Mari – Yonun yaşadığı Meksikanın mərkəzində dəhşətli zəlzələ baş verəndə mən bu balaca sözlüyü tərtib eləməklə məşğuluydum. Doqquz gün ondan heç bir xəbər çıxmadı. Sentyabrın 27-də telefon zəng çaldı – Oktaviodan xəbər gəlmişdi. Mən onun sağlığına şüşənin ağzını açıram, mənə əziz olan adını bu yetmiş üç sözün qırx doqquzuncusu eləyirəm.

Ouvre. Əsər. «Qeydlərdən əsərəcən yolu diz üstündə keçirlər.» mən Vladimir Qolanın (çex şairi, «Ölüm zəfəri», «Əsinti» və s. poetik toplularının müəllifi) bu sözlərini unuda bilmirəm. Felitseyə məktubları və «Qəsr»i o səviyyəyə qoymaqdan imtina eləyirəm.

Opys. Əsər (musiqi əsəri). Bəstəkarların parlaq adətidi. Onlar yalnız «məqbul» əsərlərə nömrə qoyurlar. Qeyri – yetkinlik dövrünə aid təsadüfi şeylərə həsr olunmuş , yaxud məşqlərdən yaranmış əsərləri nömrələmirlər. Məsələn, Bethovenin nömrələnmiş «Salyeri mövzusunda variasiyalar»ı. Bu əsərlər doğrudan da, zəifdilər, amma bizdə təəssüf hissi doğurmurlar, bəstəkar özü bizi xəbərdar eləyib. Hər bir sənətkar üçün əsas sual budu: onun əsl yaradıcılığı hansı əsərdən başlayıb?..

Oubli. Unutqanlıq. «İnsanın hakimiyyət əleyhinə mübarizəsi unutqanlığa qarşı mübarizədi». «Gülüş və yaddaş» kitabının personajlarından biri Mirekin söylədiyi bu ifadə çox vaxt romanın ideyası kimi misalçəkilir. Ona görə ki, əvvəlcə oxucu romanda «artıq tanış olan»ı görür. Bu romanın «artıq tanış olan»ı – Ourellin (Ceyms Oruell – məşhur ingilis yazıçısı) məşhur mövzusudur totalitar hakimiyyətin sırıdığı unutqanlıq… Unutmaq arzusu hər şeydən əvvəl siyasi yox, antropoloji problemdi; həmişə insana öz bioqrafiyasını təzədən yazmaq, həm özünün, həm də başqalarının izlərini silmək arzusu tanışdı. Unutmaq arzusu – sadəcə, nəyisə gizlətmək cazibəsi deyil… Unutqanlıq eyni zamanda mütləq ədalətsizlik və mütləq təskinlikdi. Unutqanlıq mövzusunun roman şəklində öyrənilməsi nə bitkinliyi, nə nəticələri nəzərdə tutur.

Pscudonyme. Təxəllüs. Mən qanunun yazıçıları öz adlarını gizlətməyə və təxəllüslərdən istifadə eləməyə məcbur eləyəcəyi dünyanı arzulayıram. Bunun üç üstünlüyü var: qrafomanlığın kəskin şəkildə azalması; ədəbi həyatda təcavüzkarlığın azalması; əsərin bioqrafik interpratasiyasının yox olması.

Refleksion. Refleksiya, düşüncə. Dialoqları, təsviri yox, refleksiv passajları tərcümə eləmək daha çətindi. Mütləq dəqiqliyi (hər cür fikri qeyri – dəqiqlik düşüncənin səhvinə səbəb olur) və gözəlliyi də saxlamaq lazımdı. Refleksiyanın gözəlliyi refleksiyanın poetik formalarında aşkara çıxır. Mənə bu formaların üçü məlumdu: 1) aforizm, 2) litaniya, 3) məcaz.

Repetitions. Təkrar. Nabokov qeyd eləyir ki, rus mətnində ev sözü altı cümlədə səkkiz dəfə təkrar olunur və bu təkrarlar cəsarətli müəllif priyomudu. Bunula belə, fransızcaya tərcümədə «ev» yalnız bir dəfə, çex dilinə tərcümədə iki dəfə ortaya çıxır. Elə həmin kitabda da: Tolstoy hər yerdə «dedi» yazır, mən tərcümədə «dilləndi», «etiraz elədi», «birdən ağlına gəldi», «qışqırdı», «yekun vurdu» və s. tapıram. Tərcüməçilər sinonimlərdə dolaşırlar (mən «sinonim» sözü anlayışını qəbul eləmirəm: hər sözün özünün mənası var və semantik cəhətdən dəyişdirilə bilməz). Paskal: «Əgər nitqdə sözlər təkrar olunursa, biz onları dəyişməyə çalışanda, o qədər dəqiq olduqlarını görürük ki, əvəz eləsən, nitqi korlayarıq, bu onları saxlamaq lazım gəldiyinin əlamətidi». Söz ehtiyatının zənginliyi öz-özlüyündə qiymətli deyil: Heminqueydə məhz sözlərin məhdud seçimi, eyni sözlərin elə eyni abzaslarda təkrar olunması üslubun musiqisini və gözəlliyini yaradır. Fransız nəsrinin ən gözəl əsərlərindən birinin ilk abzasında təkrarların incə oyunu: «Mən qrafinya de… ni dəlicəsinə sevirdim; mənim iyirmi yaşım varıydı və sadəlöhvüydüm; o, mənə xəyanət elədi, mən haray-həşir saldım, o, məni atdı. Mən sadəlöhvüydüm, günahımı boynuma aldım; mənim iyirmi yaşım varıydı, o, məni bağışladı; bir halda ki, mənim iyirmi yaşım varıydı və sadəlöhvüydüm, hələlik aldadılmışdım, amma artıq atılmamışdım özümü sevgililərdən ən sevimlisi, deməli, adamların ən xoşbəxti sayırdım…” (Vivan Denon, 1747-1825, fransız yazıçısı, «Nə sabah, nə sonra» əsəri).

Rewritinq. Təkrar işləmə. Müsahibələr, söhbətlər, söhbətlər məcmuəsi. Uyğunlaşdırma, çevirmə, kinematoqrafik və televiziya versiyaları. Vaxt gələcək ki, keçmişin bütün mədəniyyəti tamamilə təzədən yazılacaq və öz rimeykinin arxasında tamam-kamal unudulacaq…

Roman. Roman. Müəlliflərin təcrübəli eqolarının (personajlarının köməyilə) insan mövcudluğunun bəzi vacib mövzularını lap mahiyyətinəcən araşdırdıqları iri prozaik formadı.

Roman (et poesie). Roman (və poeziya). 1857-ci il: yüzilin ən böyük ili «Şər çiçəkləri» (Şarl Bodlerin poetik toplusu): lirik poeziya öz ərazisini, öz mahiyyətini kəşf eləyir. «Madam Bovari» (Qustav Floberin romanı): roman ilk dəfə olaraq poeziyanın (niyyətihər şeydən əvvəl gözəlliyi axtarmaq; hər bir ayrıca sözün vacibliyi; mətnin ardıcıl melodiyası; hər bir detala orijinallıq tələbi” olan) yüksək tələblərinə cavab verməyə hazırdı. 1857-ci ildən romanın tarixi «poeziyaya çevrilən roman»-ın tarixi olacaq. Amma poeziyanın tələblərinə cavab vermək heç də romanı lirikaya çevirmək (ona xas olan kinayədən imtina eləmək, ətraf aləmdən üz çevirmək, romanı şəxsi etiraflarına çevirmək, bər-bəzəklə yükləmək) demək deyil. «Şair olan romançılar»ın ən nəhəngləri – Flober, Coys, Kafka, Qombroviç – antilirikdilər. Roman = antilirik poeziya.

Roman (europeen). Roman (Avropanın). Romanın (roman adlanan hər şeyin) tarixi (vahid davamlı təkamül) mövcud deyil. Yalnız romanın tarixləri – çin, yunan – roma, yapon, ortaçağ və s. – mövcuddu. Mənim Avropa romanı adlandırdığım roman Yeni tarixin başlanğıcında Avropanı cənubunda doğulur və tarixi hadisəyə çevrilir, sonralar coğrafi Avropanın hüdudlarından kənara (qismən hər iki Amerikaya) yayılır, formalarının zənginliyinə, təkamülünün başgicəlləndirici ardıcıllığına, sosial roluna görə, Avropa romanının (Avropa musiqisi kimi) digər heç bir sivilizasiyada oxşarı yoxdur.

Romancier (et ecrivoin). Romançı (və yazıçı). Mən Sartrın «Yazıçı nə deməkdi?» adlı essesini təkrar oxuyuram. O, bir dəfə də roman, romançı sözünü işlətmir. Yalnız yazıçı – nasir barədə danışır. Dəqiq fərqdi.

Yazıçını orijinal ideya və bənzərsiz səs fərqləndirir. O, hansı formadan (roman da daxil olmaqla) istəsə, istifadə eləyə bilər və onun yazdıqlarının fikirlərini əks etdirən və səsiylə çatdırılan əsərlərin hamısı yaradıcılığının tərkib hissəsi olacaq. Russo, Höte, Şatobrian, Jid, Kamu, Monterlan (Anri de Monterlan, 1895-1972, fransız yazıçısı). Romançı öz ideyalarına elə bir əhəmiyyət vermir. O, əlhavasına mövcudluğun naməlum cəhətləri üzərindən pərdəni götürən ilk fatehdi. O, öz səsindən yox, tapmağa çalışdığı formalardan zövq alır və yalnız arzularına cavab verən formalar onun yaradıcılığının tərkib hissəsini təşkil eləyir. Fildinq. Stern. Flober. Prust. Folkner. Selin. Kalvino. Yazıçı öz dövrünün, öz millətinin ruhi xəritəsinə, ideyalar tarixinin xəritəsinə daxil edilib.

Romanı başa düşməyin mümkün olduğu yeganə kontepst – Avropa romanının tarixidi. Romançı Servantesdən başqa kimsənin qarşısında hesabat verməməlidi.

Romancier (et sa vie). Romançı (və onun həyatı). «Sənətkar nəsilləri özünün mövcud olmadığına inanmağa məcbur eləməlidi», - Flober deyir. Mopassan öz portretinin məhşur yazıçılara həsr olunmuş seriyaya salınmasına maneçilik törədir: «İnsanın şəxsi həyatı, onun görkəmi kütlənin sərvəti olmamalıdı German Brox özü, müzil və kafka barədə: «Bizim üçümüzün həqiqi bioqrafiyamız yoxdu Bu o demək deyil ki, onların həyatı hadisələrdən kasıb olub. Bu o deməkdi ki, yazıçı kütlənin gözü qabağında olmamalı, bioqrafiyaya çevrilməməlidi. Karel Çapekə ünvanlanmış sual: niyə şer yazmır? Onun cavabı: «Ona görə ki, özüm haqqında danışmağa nifrət edirəm». Əsl romançının fərqləndirici cəhəti: özü haqqında danışmağı sevmir. «Mən öz burnumu böyük yazıçıların həyatına soxmağa nifrət eləyirəm heç zaman heç bir bioqraf mənim şəxsi həyatımın üzərindən pərdəni götürməyəcək», - Nabokov deyir. Folknersə «çap olunmuş kitablarından başqa, heç bir iz qoymadan insan kimi itibbatmağı, tarixdən silinməyi” arzulayır. Kitablar» «çap olunmuş» sözlərini qeyd eləyək, deməli, yarımçıq əlyazmalardan, məktublardan, gündəliklərdən söhbət gedir). Kafkanın məcazına uyğun olaraq. Romançı onlardan təzə ev – öz romanının evinin kərpiclərini sökür. Burdan belə çıxır ki, romançının bioqrafları onun tikdiyiniuçururlar, uçurduğunusa tikirlər. Onların tamamilə mənfi işi romanın nə dəyərini, nə mənasını aydınlaşdıra bilər: bu iş olsa – olsa, yalnız bir neçə kərpicə uyğun gələr. Kafka özü Jozef K-dan daha böyük əhəmiyyət kəsb eləməyən məqamda yazıçının ölümündən sonra ölməsi prosesi başlanır.

Rytme. Ritm. Ürəyimin mənə elə hey həyat möhlətinin sonna çatdığını xatırladan döyüntülərini eşitmək məndən ötrü dəhşətdi. Buna görə də partituradakı taktları ayıran xətlərdə həmişə nəsə mənhus bir şey görmüşəm. Amma böyük ritm ustaları bu nəzərdə tutulan yeknəsəq müntəzəmliyi susmağa məcbur eləməyi və musiqini «zamandan kənardakı vaxt» sahəsinə çevirməyi bacarıblar...

Valeuar. Dəyər. 60 – cı illərin strukturalizmi dəyər məsələsini mötərizə xaricinə çıxardı. Amma strukturalist estetikanın banisi deyir: «Yalnızobyektiv estetik dəyərin mövcudluğunun ehtimal olunması sənətin tarixi təkamülünü mənalandırır (Yan Mukarovski. «Estetik funksiya, norma dəyər sosial fakt kimi», Praqa 1934)… Yalnız dəyəri etiraf olunan və qeydə alınan əsər sadəcə faktların sıralanması yox, həm də dəyərlərin təqib eləyən «sənətin tarixi təkamülünün bir hissəsi ola bilər. Əgər dəyər məsələsini bir kənara qoyub, müəyyən tarixi dövrə, müəyyən mədəniyyətə və s. mənsub olan əsərin təsviriylə (tematik, sosioloji, formal) kifayətlənsək, əgər bütün mədəniyyətlər və bütün mədəni fəaliyyət növləri arasında (Bax rok, komikslər Prust) bərabərlik işarəsi qoysaq, əgər sənət tənqidinin (dəyər barədə düşüncələr) daha özünüifadə üçün yeri olmasa, «sənətin tarixi təkamülü» mənasını itirər, dağılar, əsərlərin nəhəng məzmunsuz yığınına çevrilər.

Vie (avec le V en majuscule). Həyat (böyük H hərfiylə). Sürrealistlərin «Meyit» hamfletində (1824) Pol Eluar Anatol Fransa qarşı kəskin müraciətlə çıxış eləyir: «Meyit, biz səni daha sevmirik» və i. A. Bunun ardınca gələn sübut məni tabuta vurulan təpikdən daha artıq maraqlandırır: «Daha göz yaşları tökmədən haqqında fikirləşə bilmədiyim həyat hələ bu gün əhəmiyyətsiz olan xırdalıqlardadı, indii bu həyata yalnız şəfqət kömək eləyir…»

Eluar bədbinliyə və abırsızlığa əhəmiyyətsiz xırdalıqları, göz yaşlarını, şəfqəti, Həyat, bəli, bəli baş hərfi böyük olan Həyat ehtiramını qarşı qoyur!..

# 2961 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #