Rüzgara oxunan söz - Nəriman Əbdülrəhmanlı yazır...

Rüzgara oxunan söz - <span style="color:red;">Nəriman Əbdülrəhmanlı yazır...
11 iyul 2017
# 15:03

Nəriman Əbdülrəhmanlı

Neçə illərdi ki, necə deyərlər, bir qulağım Gürcüstandan gələn xəbərlərdədi, həmişə ruhumuzun bir parçası yaşayan o torpaqda Fərhad Xubanlının, Allahverdi Təhləlinin, İbrahimxəlilin, Tapdıq Yolçunun, Afiq Muxtaroğlunun, Cambul Məmmədlinin, Mirzə Məmmədoğlunun, Dilsuzun, Coşğun Cəfərin, Anar Rafiqoğlunun, Afayət Afiqin, Kamuranın, Oqtay Kazımovun və əlbəttə ki, Rafiq Hümmətin... SÖZünü eşitməyə çalışmış, kitabını görməyi arzulamışam...

Yəqin bu səbəbdən Rafiqin Tbilisinin “Universal” nəşriyyatında nəşr olunmuş “Rüzgara oxunan söz” poetik toplusunu alanda bu intizarımı bölüşən Nurafizlə cevincqarışıq rahatlıq hissi də keçirdik. Neçə illərdən bəri “Bağışla, ay şeir, məni bağışla, Səni dustaq etdim boz qovluqlarda...” deyib SÖZdən əfv diləyən müəllifin də qələmə aldıqlarının bir hissəsini üzə çıxara bildiyindən oxşar hiss duyduğuna əmin olub digər misralarını yada saldıq:

Gördünmü, şeirmiş bu çəkdiyim ah,

Ahı çəkilənə təşəkkür eylə...

Bəlkə elə bu səbəbdən də kitaba görə Rafiqə qoşulun ŞEİRə təşəkkür eləmək fürsətini əldən vermək istəmirəm...

***

Rafiq Hümmətin ilk kitabının nəşrindən az qala iyirmi il keçib. Birgə çapa hazırladığımız, kiril əlifbasıyla, həm də cəmi 200 nüsxə tirajla işıq üzü görən, yarıdan çoxu da müəllifin bəxtindən izsiz-soraqsız yoxa çıxan “Salam, dünyanın yiyəsi” adlı həmin toplu indi yəqin nadir nüsxələr sırasındadı.

Rafiqsə bu müddət ərzində əlacsızlıq ucbatından gəldiyi Bakıda özünə yer tapa bilmədi, doğma yurduna qayıdıb fədakarlıq hesabına Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin yükünü çəkdi, üstəlik, “Varlıq” Mədəniyyət Mərkəzi yaradıb eyniadlı qəzet təsis elədi, bununla yanaşı, Bakıda başladığı işi Tbilisidə də davam etdirib müxtəlif mövzularda onlarla kitab çapa hazırladı, qələm dostlarının əsərlərini üzə çıxardı, gürcü dilindən tərcümələr elədi, amma özü demiş, hər gün şeirlə nəfəs aldı, duyğu və fikirlərimi ifadə eləyə bildiyi qədər sözə sığdırdı, uşaqlıq illərimdən bağlandığı poetik dünyadan, hətta gerçək dünyadan baş götürüb qaçmaq istədiyi anlarda belə ayrı qala bilmədi.

Elə o illərdə də “iki vətəni” olduğunu daha aşkar hiss elədi, xoşbəxtliyinin də, bədbəxtliyinin də ikiqat olduğunu bir daha dərk elədi:

Əgər xoşbəxtəmsə - iki dəfə çox,

Əgər bədbəxtəmsə - iki dəfə çox.

Bununla belə, Rafiq Hümmət ən ağır məqamlarda da maddi yaşantılarını əlində bayraq eləmədi, kitabının nəşri üçün qapılar döymədi, kimlərəsə ağız açmadı, uzun illər səbirlə gözlədi, yazdı ki:

Bu yığvalı seçmədim ki, ağlayam,

Tanrı özü verdiyinə min şükür...

Üstəlik, qəlbindəki İNSAN və SÖZ sevgisini də öləziməyə qoymadı, Allaha və onun verdiyi qismətə asi olmadı, öz-özünə təskinlik verdi:

...Səni sevgi ilə böyüdüb Allah,

Otur, Allahına min şükür eylə...

Məncə, elə bu səbəbdən də “Rüzgara oxunan söz” toplusu istedad və duyumla yanaşı, həm də səbrin nəticəsidi...

***

“Rüzgar” türkcəmizdə həm zamanı həm də küləyi ifadə eləyir...

Bəlkə Rafiq SÖZünü KÜLƏYə oxuyub ki, ZAMANın qulağına çatdırsın. Ona görə belə deyir:

Mən sözümü pıçıldadım ruzigara,

Rüzgar bilər, mən bilərəm, Söz bilər...

Rafiq Hümmət “Rüzgara oxunan söz”ünü oxucuya bəzəksiz-düzəksiz, olduğu kimi təqdim eləyir, hətta öz ibarəsincə desək, bu şirlər on yeddi yaşından indiyəcən yaşadığı çeşidli duyğulardan seçilmiş fraqmentlərdi, yazılma tarixi bəlli olsa da onları qeyd eləməyə və xronoloji ardıcıllığa ehtiyac duymayıb. Onun fikrincə, heç o şeirləri yazmayıb da:

Mən şeir yazmıram...

Açıb qəlbimi,

Dərdimin şəklini çəkirəm, dədə.

Hamı yatır...

Tanrı məni oyadır,

Ah çəkirəm – söz düzülür uc-uca...

Rafiq Hümmət xoşbəxtlikdən ŞEİRi kef üçün yazmayıb, hər misrasını, hər bəndini ağrıya-ağrıya qələmə alıb, ŞEİRdən və ŞAİRLİkdən heç nə ummayıb, əksinə ömrünün ən çətin anlarında SÖZə söykənib, SÖZdən güc alıb, əlləri hər yerdən üzüləndə dar otağına qapanın, olan-qalanına qail olub, deyib:

Bu dar odam gecələr səhralardan genişdir,

Çox məni bulmasa da azımla danışıram...

Elə “Şeir ki var – qara günün qazancı” qənaətinə də həmin məqamlarda gəlib. Amma heç vaxt SÖZü ucuzlaşmağa qoymayıb, SÖZÜnü SÖZ SƏRRAFIna çatdırmağı arzulayıb, hər sözə də meyil salmaq istəməyib, özünə və qədrini bilən oxucularına söz verib ki:

...Ay nurunda bir söz çiçək açmasa,

Min il keçə, mən o sözü qoxumam...

Məncə, Rafiqin SÖZü bu səbəbdən sanballı görünür, inanıram ki, heç vaxt dəyərini itirməyəcək...

***

Rafiq Hümmətin təxminən iyirmi il əvvəl mənə ad elədiyi şeirində SÖZə münasibətini bildirən, həm də onun yaradıcılıq kredosunu ifadə eləyən belə misralar var:

Sözmüş məni yeridən də,

Sözmüş məni yaradan da...

Bu, SÖZü öz taleyi kimi qəbul eləyən bir qələm adamının etirafıdı, Rafiq Hümmət o etirafını poetik missiyasının hədəfilə tamamlayır. O hədəfsə maddi yox, İlahi gözləntilərlə bağlıdı:

Daha getmişəm özümdən,

Özümə gələn deyiləm.

Sözüm Tanrıya çatmayıb,

Mən hələ ölən deyiləm...

Amma o hədəfə gedən yol hamar deyil, ömrün çalxantılarından, dözümdən, səbirdən, güzəran qayğılarından, bir də halallıqdan keçir, bunlar da Rafiq Hümmətə yad deyil, elə bu səbəbdən də arxayındı:

Allah nə yazıbsa, o da olacaq,

Mən halal yolumdan dönən deyiləm.

Sən Allah, yadıma salma, ay külək,

Mənə yaşamağın bahalığını...

Rafiq Hümmət əmindi ki, rüzgar da o SÖZü ZAMANa, ZAMANsa İNSANlara çatdıracaq, beləcə də SÖZÜ yaşayacaq...

Buna mən də şübhə eləmirəm...

11 iyul 2017

# 2629 dəfə oxunub

Müəllifin son yazıları

# # #