Sənan Əlləz: “Utanmasam hönkür-hönkür ağlayaram” – Müsahibə

Sənan Əlləz:  “Utanmasam hönkür-hönkür ağlayaram” – Müsahibə
3 mart 2023
# 09:00

Kulis.az aktyor Sənan Əlləzlə müsahibəni təqdim edir.

– İlk sualım belədir, sizi necə salamlayım?

– İndiki halda xoş gəlmisən, Şeyx...

– Xoş gəlmisiniz, Şeyx...

– Xoş gördük (gülür).

– Hüseyn Cavid deyirdi ki, “Mənim tanrım gözəllikdir, sevgidir”, bəs sizin üçün sevgi və tanrı konsepsiyası necədir?

– Mən Cavid əfəndini oxuyandan, onun ruhuna bələd olandan onun sehrinə düşmüşəm. Cavidin külliyatını oxumuşam. Hər dəfə də, oxuyanda bu cümlə məni təsirləndirir və bu cümlənin gerçəkliyindən əmin oluram. Hüseyn Cavid bunu o vaxt deyib ki, dini ədəbiyyat xalq arasında güclü idi. Cavid əfəndi də dini təhsil almışdı. Allahı ən gözəl vəsf edən də, məncə, elə o olub. Məncə də, tanrı gözəllikdir, sevgidir, eyni zamanda, eşqdir.

– Sovetlər dönəmində islam dininə rəğbət göstərilmirdi. Sizcə, Cavidin o vaxt belə deməyi asan deyildimi, birdə, nə üçün məhz Allah yox, Tanrı?

– Cavid böyük mütəfəkkir olub, dərin şəxsiyyət daşıyıb. Onun əsərlərində gizli və aşkar simvolikalar var. Cavidi simvolikasız oxumaq mümkün deyil. Şeyx Sənanı 1914-ci ildə qələmə alıb. Həmin dövrlərdə Azərbaycan Çar Rusiyasının tərkibində idi. Cavid də Çar Rusiyasının tərkibində olan bir məmləkətin şairi idi.

Nə üçün Allah deməyib? Çünki Cavid həm də böyük türkçü idi. Tanrı sözü Tenqridən gəlib. Tenqri türklərdə yaradıcı idi. O, simvolika ilə danışırdı. Məncə, buna görə tanrı deyib. Türkçülüyə işarədir. Yəni mən türkəm, türk şairiyəm.

– Sənandan “Şeyx Sənan”a necə ucaldınız? Yoxsa siz elə Şeyx Sənansınız?

– Bilmirəm buna ucalmaqmı, uçmaqmı, yerində qalmaqmı deyək. Mən 1987-ci ildə Tiflisdə doğulmuşam. Cavid əfəndi də “Şeyx Sənan”ı yazmağa qərar verəndə Tiflisə gəlib. Naxçıvanda başlayıb, Tiflisdə bitirib. Orada David kilsəsinin olduğu dağ var. Gürcülər ora Müqəddəs David Dağı deyirlər. Orada yaşayan türklər isə Şeyx Sənan dağı. Şeyx Sənanın dəfn olunduğu dağ. Deyilənə görə, bu əsəri yazmamışdan əvvəl Cavid dəfələrə bu dağı ziyarət edib. Şeyx Sənanın ruhunu mənimsəyib. Mən elə yerdə doğulmuşam ki, həmin o dağ görünən yerdə... Böyüklərim mənim adımı məhz o dağa baxaraq qoyublar.

35 il sonra Xəyyam Abdullazadə və Elçin Elxanlı məni “Şeyx Sənan” bədii filmində Şeyxi canlandırmaq üçün dəvət edəndə, bunun bir işarə olduğunu düşündüm. Biz Xəyyam və Elçinlə böyük pazılı birləşdirməyə başladıq. Aktyor Sənan Əlləzdən “Şeyx Sənan” yaratmağa başladıq.

– “Şeyx Sənan” sizin yaradıcılığınızın hansı mərhələsidir?

– “Şeyx Sənan”da belə bir hissə var. Sənan Tamaraya deyir ki, səni hər dəfə görəndə ürəyim elə döyünür ki, ürək döyüntülərim qulağımı batırır. Bunu oxuyanda Xəyyama dedim ki, belə sevgimi olar? Çünki o hissəni ssenariyə yazmışdı. Dedi ki, Şeyx elə bu cür sevər. Doğrudan da, mən həmin hissəni canlandıranda, o hadisə baş verdi. Həm məndə, həm də Esmeraldada. Səhnə bitdi biz rejissorların yanına qayıdanda, onlar bizə eşitdikləri səsdən danışdılar.

Xəyyam və Elçinlə işləmək çox maraqlı idi. Onlar aktyora təzyiq etmir, öz ideyaları ilə aktyorun fikrini birləşdirirlər.

Bu gün düşünürəm ki, həqiqətən də, həyatımın pik mərhələsi Şeyx Sənandır. Çünki məni onunla bir bağ birləşdirir. Şeyx Sənandan danışanda, utanmasam hönkür-hönkür ağlayaram. Bəlkə də, bunu heç kim başa düşməz, amma bunu ağlayan və ağladan bilər.

– Bu filmi kino tariximiz üçün xüsusi edən nədir?

– Bu film tolerantlığa həsr olunmuş ilk filmdir, kino tarixində ilk real xaç suyu “Şeyx Sənan”dadır. Müqəddəs İordan çayından gətirilən su, xaç. Real keşişin udi dilində gerçəkləşdirilən ayini ilə xaç suyuna girdim. Xaç suyuna girmədən öncə, o xaçı taxmadan islamı simvolizə edən ay-para taxırdım. Maraqlı hadisə baş verdi orda. Elə ki, xaç suyuna çəkilmə anı yaxınlaşdı, ay-para itdi. Hansı ki film boyu boynumda idi. Bakıdan alıb gətirdilər. Yenidən meşədəykən ay-para itdi... Prodüserimiz Elməddin tapdı, saxlayıram indi də. Film çəkilərkən bir çox belə qəribə hadisə baş verdi. Sonra xaçı taxdım.

– Bəs xaç hardadır?

– Düşünürəm ki, çəkiliş rekvizitlərinin toplandığı sexdədir.

– Canlandırdığınız obrazlardan sonra özünüz ola bilirsiniz?

– Mən aktyorluq təhsili almamışam. Bu isə bir çoxunu qıcıqlandırıb. Qəbul etməmək kimi öhdəlik mənimsəyiblər, bu onlarda hardan yaranıb bilmirəm. Mən daha nə etməliyəm ki, məni qəbul etsinlər? Mənim rola hazırlıq metodum onlardan fərqlənir. Ruhsal olaraq da özümü rola hazırlayıram, yəni, Şeyx Sənan kimi hiss edirəm, araşdırıram, oxuyuram, lap dərinlərədək. Burada tədris olunan metodlardan fərqli çalışıram. Bütün hər şeyi araşdırıram. Obraza girməyim öz xüsusi texnikamla reallaşır, bundan çıxmaq da mənim üçün çətin olur. Qalıntılar qalır hər obrazdan məndə.

– Bəs bu qalıntılar böyük bir partlayış yaradıb gerçək Sənanı yox edə bilərmi?

– Bunu yaşamış bir aktyor nümunəsi var dünyada. Mənim bir devizim var: “mənim oynaya bilməyəcəyim rol yoxdu, rejissorların məni çəkə bilməyəcəkləri rol var”. Deniel Day-Luis, onunla texnikamız hardasa oxşayır. O, bir müddət sonra bu partlayışı yaşadı. Dedi ki, bəsdir, sanki ayıldı, mənim işim bu qədərdir söyləyərək, çəkildi bu sektordan. İndi gedib özü üçün taxta yonur. Düşünürəm ki, aktyor belə olmalıdır. Bir müddət sonra çıxıb getmək, bəlkə də, elə ən yaxşısıdır. Bəlkə də, məndə də elə bitər, bu gedişlə...

– Azərbaycanda gender bərabərliyi ilə bağlı statusunuzu gördüm. Sizcə, bu məsələ gündəmə çevrilməlidirmi?

– Bəli, Azərbaycanda gender bərabərliyi bu gün gündəmə gəlməlidir. Nəyə görə şiddət mövzusunda alt bənd var. Qadına şiddət! Demək ki, ən çox qadına şiddət var. Kişilərə aid belə bənd yoxdur. Qadının xəyanəti faciə, döyülmə ilə bitir. Kişinin xəyanəti nə üçün normal qarşılanır? Azyaşlı nikahın qurbanı nə üçün qızlarımızdır? Nə üçün üç rəfiqələr yoldan keçən hansısa kişiyə təcavüz etmir? Bunu kişilər xanımlara qarşı edirlər... Haqqı-hüququ tapdalanan hər zaman xanımlar olur?

– Düşünürsünüzmü cəmiyyətimizin kişilərə yüklədiyi məsuliyyətlər onları qorumalı olduqları varlıqlara, xanımlara, analara qarşı aqressiv edir?

– Bəli. Tərbiyədən çox şey asılıdır. Tərbiyə dediyimiz metodlarımız basqı üzərində qurulub? Nə üçün qız övladımızı çağırıb demirik ki, bir xalaları söy görüm, yaxud soruşmuruq ki, məktəbdə kimi istəyirsən? Oğlan uşağını isə bu vəziyyətə gətiririk. Qıza isə “bu olmaz, o, olmaz” deyə-deyə, olmazlarda böyüdürük... Mən gecə 1-də evə gəlsəm, deyərlər kişidir, edər, qadın bunu etsə, hamı dəhşətə gələr. Yəni kişidə hər şeyi normal düşünüb, qəbul edirik. Mental dəyərlərimiz və tərbiyə məsələmizdə boşluqlar var. Uşaqlara eşq, sevgini, sevməyi öyrətmirik.

– Kulisin “ən yaxşı aktyorumuz kimdir?” sorğusunda özünüzü ən yaxşı aktyor saydığınızı dediniz. İstedadlı və məhsuldar aktyorların mühitində bu cavabınızı nə ilə, necə əsaslandıra bilərsiniz?

– Aktyorluq elədir ki, ya doğulmusan, ya da yox. Hər şey edə bilərsən, səliqəli rol oynaya bilərsən, üzərində çox çalışarsan hətta, daha çox, hamı sənə heyran olar. Ancaq Allah sən doğulanda ruhuna bunu üfürməyibsə, boş şeydir. Sən maksimum texnikan ilə yadda qalarsan. Texnikalı olmaq, yaxşı aktyor olmaq deyil. Siz mənə sualı göndərəndə də, mən də içimdəkini bidiyim üçün elə cavab verdim. Mən aktyor olmaq üçün doğulmuşam. O ki qaldı digər aktyorlar, əlbəttə, Azərbaycanda yaxşı aktyorlar var, əksəriyyəti dostlarımdır. Amma mən kiminsə adını desəydim, o birlərin xətrinə dəyərdi. Mən də özümü deyib hamının xətrinə dəyməyi seçdim.

Bir dəfə Rejissorumuz Xəyyamla Elçinin studiyasında söhbətdə bunu danışmışdıq. Deyirdilər ki, bir nəfər aktyor var, onu dəvət etsəydik texniki məqamda əla oynayardı, yaxşı, səliqəli, ancaq sənin kimi o ruhu daşıya bilməzdi, Şeyx Sənan olmazdı.

– Sənət adamı ilə evlənmək çətin məsələdir deyirlər. Oynadığınız obrazı evə daşıyırsınızmı, bu problem yaratmır ki?

– Məncə, aktyoru ən gözəl anlayan jurnalistlərdir. Məni çox gözəl anlayır, danışıram xanımımla. Öyrəşib. Dəstək olur, yanımda olur. Açır qapını, görür ki, rola hazırlaşıram, obrazı canlandırıram. Başqa bir sahənin xanımı ilə ailə qursaydım, bəlkə də, çoxdan dəlixanaya zəng vurmuşdu (gülür)...

# 4994 dəfə oxunub

Müəllifin son yazıları

# # #