Atlar su içəndə güllələndilər - Günün şeiri

Nadir Yalçın, gənc şair

Nadir Yalçın, gənc şair

29 avqust 2023
# 14:10

Bu gün gənc şair Nadir Yalçının doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və "Günün şeiri" layihəsindən onun "Atlar su içəndə güllələndilər" şeirini təqdim edir.

Yalman tərə batdı, çəmənlik qana.
Göynədi qamçının, tumarın yeri
Atların ahından qılınc tərlədi
Qınlar öz içinə - boşluğa düşdü
Sağ ayaq titrədi, sola dolaşdı
İnilti atların od nəfəsinə,
Atların gözləri közə qarışdı.

Atlar apardılar çatmaqaşları,
Gözü açıq qalan cansız başları
Qoşa gedənləri, tək gələnləri
Alovlu, tüfəngli təklənənləri
Tək qayıdan atlar qarğış yedilər...
Atlar, qıpqırmızı qızarmış atlar
Ağarmış, qaralmış, bozarmış atlar
Dürrətək dul atlar, talehsiz atlar...

Atlar qaça-qaça hələk idilər,
Atlar arzulara kələk idilər
Dul qalan Dürrəni qaçıran atın
Nalının cınqısı taya yandırdı
Ər ola bilmədi atı çapanlar
ər ola bilmədi dul qaçıranlar
əridi Dürrənin dürrəliyi də...

Gözləri qan idi, yorulmuşdular
Tər töküb, tər töküb kor olmuşdular
Güllə gələn səmti nə biləydilər
Olar çoxdan ölüb dirilmişdilər
Nallar ayaqlarda laxladı diştək
Yorğa addımları ölümdən gödək...
Atlar su içəndə güllələndilər....

# 4056 dəfə oxunub

Müəllifin son yazıları

# # #