Ruh əkizi, yoxsa seks əkizi?

Ruh əkizi, yoxsa seks əkizi?
2 oktyabr 2019
# 11:20

Kulis.az Müşfiq Şükürlünün “Ruh əkizi varmı” yazısını təqdim edir.

Əvvəlcə ruhun mövcudluğunu dəqiqləşdirmək gərək. Dini-mistik düşüncələrə yox, elmi dünyagörüşə etimadımdan dolayı ruhu psixika, psixolji durum kimi qəbul edirəm. Yəni onun varlığına şübhə etmirəm. Amma abstrakt, qeyri-real yox, praktiki, daha anlaşıqlı predmet kimi anlayıram ruhu.

Əkiz nədir bəs? Zahiri bənzərlik! Bu arada, bənzər olmayanları da var. Mənim kimi. Onlar cüt yumurta əkizləri adlanır. Cinsləri fərqli ola bilir və şübhəsiz, bir-birinə oxşamırlar. Bizim əkizdən niyyətimiz isə uyğunluq, ahəng və oxşarlıqdır.

Ruh əkizi xarici özəlliklərdən çox, daxili keyfiyyətlərin bənzərliyidir. Amma bu da olur. Bəzən üz cizgiləri adekvat partnyor axtarır və tapır insan.

İfadə romantik-seksual ehtiyaclardanmı uydurulub, yoxsa faktiki adlandırmadır?

Mən insanların mütləq bütövlüyünə inanmıram. Yəqin, buna inanan da yoxdur. Sevdiyin qadın, yaxud kişi ilə yemək seçimləriniz, ağız dadınız tamamilə üst-üstə düşə bilərmi? O, boranı, sən lobya istəyəcəksən. Yoxsa maksimal oxşarlıq plagiat kimidir. Şəxsiyyətin yoxa çıxmağı anlamına gələrdi.

Ruh əkizi cütlüyün seksual bütövlüyüdür.

Bəzən belə fikirlər eşidirəm. Seksi çox böyüdürsüz. Harda gəldi seks. Bəsdi IP-ə işlədiz!

Mövzunun gerçək üzü sekslə bağlıdırsa, mən nə edim?

Seksin bu mövzuda ciddi və əhəmiyyətli faktor olduğunu vurğulamaq istəyirəm. Ona görə ki, bəhs etdiyimiz sevişmək ibtidai insanların anladığı mənada qavranılmamalıdır. Bizim seçimlərimiz, iradə azadlığımız varsa, əlbəttə, sevişmək primitiv mənada anlaşıla bilməz.

Sevgi bir az da ayaqqabı almağı xatırladır. Ölçüsü uyğun gəlməli, zövqünü oxşamalı, cibinə görə nəsə tapmalısan.

Bir dəfə bir qıza dedim ki, ümid edirəm sevdiyini taparsan. Dədəsinəmi söydüm? Axtarmıram dedi. Tapam da!

Gəlin bir-birimizi aldatmayaq. Sevgi axtarışdır. Uyğun olanı tapmalısan.

Bir kişini hər qadın məmnun edə bilərmi? Mümkün deyil. Hətta ola bilər ki, qadın həddən ziyadə gözəl və ya seksidir. Tutalım Mila Kunisə oxşayır. Ya gözəl səninçün kimdirsə ona. Ardına qulaq as. Sonu hüsran da ola bilər münasibətin. Heç sonu da lazım deyil. Yatağa girmədən, söhbətdən anlamaq çətindirmi? Belə yerlərdə spirtuallıq köməyə gəlir.

Lap eşq professoruna çöndük. Məsləhət sənindir. Bu, nə romantik bədii traktatdır, nə də didaktik qorqudnamə.

Ruh əkizi uyğun seks partnyoru tapmaqdırmı təkcə? Yox, məncə. Tam bu da deyil. Əgər elə olsaydı, “seks əkizi” deyərdilər.

Bu termini ya ifadəni mücərrəd, ilkin mənasında dərk etmək düzgün deyil. Qənaətim budur. Onsuz həyat da belədir. Həyat romantik göründüyü qədər də realistdir.

Ruh əkizi böyük partlayış kimi anlaşılmalıdır. Vladimir Nabokovun romanlarından birində dediyi kimi. Annabellə mən ilk görüşümüzdən əvvəl də eyni yuxuları görmüş, eyni xəyalları qurmuşduq.

Böyük təsadüf!

Amma bizim əkizimiz bir olmalı da deyil. Çünki romantik-seksual münasibətlərin belə bir özəlliyi var. Mübadilə müəyyən müddət sonra dayana bilir. İki nəfər arasında tükənmiş enerji nə zamanacan bərpa olunsun? Yoxa çıxdığı anda saxta uzatmalar da meydana çıxır. Ya da sadəcə özündən, bədənindən imtina edirsən ilişgi davam etsin deyə. Bu isə zülümdür. Ən sadə forması: münasibət dözülməz həddə çatır və ayrılırsan.

Deməli, ruh əkizi yox, əkizləri! Məhəmmədin Allahı yox, yunan tanrıları!

Məncə, insan qarşısındakını istismar etmədiyi kimi özünə də zülm etməməlidir.

Ruh əkizi var. Onu dəfələrlə axtarıb dəfələrlə tapmaq lazımdır.

# 6020 dəfə oxunub

Müəllifin son yazıları

# # #