İctimai nəqliyyat təcavüzkarları

İctimai nəqliyyat təcavüzkarları
23 avqust 2019
# 11:50

Əziz səsnişinlər!

Mən və xiffətinizdən ürəyi parçalanmış digər bütün günahsız sərnişinlər adından, sizdən xahiş edirəm, ictimai nəqliyyatda insana xas olmayan səslərlə qışqırmayasınız. Qohumluqda hansısa oğlana necə bir qız tapacağınızı bizim eşidəcəyimiz qədər gur səslə çığırmayın. Günorta yediyiniz kababdan sonra mədənizin qıcqırmasının bizə nə aidiyyatı var?

Əziz sərleşiylər!

Çox rica edirik, maddi durumunuza uyğun gəldiyi təqdirdə, dezodorantlardan istifadə edin. Heç olmasa, duş qəbul edin... Yanınızdakı adamlara qoltuğunuzun dramatik qoxusunu verməyə sizi nə məcbur edir?

Əziz sərilmişlər!

Metro qatarlarında oturarkən üç nəfərin yerini "zanit" edəcək qədər geniş "açılmayın". Təvəqqe edirik, oturacaqlara sərilməyin, tutacaqlara yayxanmayın, avtobus qapısı ilə doğmanızmış kimi qucaqlaşmayın. Heç kim sizin qıçlarınızı aralayarkən, necə rahat olduğunuzu görməyə məcbur deyil.

Təkrarən, özümün və digər bu hallardan əzab-əziyyət çəkən şəxslərin adından rica edirəm, sərnişin kimi davranın. Qatardan enməkdə olan adamları potensial minik obyekti kimi görməyin. Şort, qısaqol köynək, yubka geyinmiş qızlara baxmağınız cəhənnəm, heç deyilsə, özünüzlə salfet götürün, ağzınızın kənarlarını silin, sizdən bir az aşağıda əyləşmiş məsum insanlar var. Ağız suyunuzu dil muncuğu kimi başımıza tökməyin.

Və nəhayət, əziz sərnişinlər!

Gəlin, ictimai nəqliyyatda davranış mədəniyyətini formalaşdırmaq üçün güclü tənqidə başlayaq. Mehribanlaşmağı təkcə qatar və avtobusların mədəsində xatırlayıb, avtobus sürücüləri ilə dayanacaqdan kənarda saxlamadıqları üçün məhəllə davasına çıxmaq əvəzinə, sərleşiylərdən, səsnişinlərdən, yaxud sərilmişlərdən yox, sərnişinlərdən olaq ki, bizdən sonrakı nəsil tərəfindən xoş kəlmələrlə yad edilək, daha gecə saat 3-də “dörd gözünü” çığırdan sürücülərin motivə mənbəyi olmayaq.

"Nəqliyyat mədəniyyətini" bizə kimsə öyrətməyəcək, onu özümüz təlqin etməli, özümüz formalaşdırmalıyıq. Zənnimcə, ictimai nəqliyyat şəhərimizin qan-damar sistemidir. Lakin belə görünür ki, Bakı şəhərinin qanında çoxlu mikrob var...

# 2809 dəfə oxunub

Müəllifin son yazıları

# # #