Qız tutmaq üçün it saxlayan gənclər

Qız tutmaq üçün it saxlayan gənclər
15 avqust 2019
# 14:03

Kulis.az Mir Çingiz Ağazadənin “Bu yazı yalnız qadın və kişilər üçündür” yazısını təqdim edir.

Özəlləşdirmə, yaxud aidetmə istəyi bəşərin ən təbii və instinktiv davranışlarının nəticəsidir. Məsələn, küçədə gəzişərkən qarşınıza iri bir köpək çıxır. Onun boynuna qalın, qızılı rəngli xalta vurulub. Xaltanın keçirildiyi zəncir isə arxada, dostları ilə söhbətləşən gənc bir oğlana qədər uzanır.

Belə şeylər ilk baxışdan imic formalaşdırılması üçün edilən səy kimi görünə bilər, lakin əslində şəxsin öz ərazisini böyütmək istəyinin cismani halıdır. Fikrimin anlaşılması üçün gəlin, əvvəlcə, dostları ilə söhbətləşən qəhrəmanımıza qulaq asaq. Onun altşüuru nə deyir?

"Mənim bədənim dörd nəfərlik dostluq mühitində gizlidir, lakin "əlim" çox uzaqlara çatır. Mənə hücum etmək istəsəniz, itim sizi parçalayar. Köpəyimin nəhəngliyindən çəkinirsinizsə, bu mənə zövq verir. Çünki həmin köpəyin hakimliyi mənə məxsusdur. Onun həyatı mənim əlimdədir. Mən bir candan ibarət deyiləm, başqalarını da yedirirəm, mən zənginəm, ailə başçısı ola bilərəm. İtlərdən qorxmuram, deməli, sərtəm, nəticədə, qorxaqlara nisbətən həyatımın daha geniş mənəvi ərazisinə yiyələnmişəm. Əksəriyyətin iti yoxdur, mən isə fərqliyəm, beləcə, iti olmayan insanların yaddaşına həkkolma ehtimalım daha çoxdur. Unudulmazlıq yolunda atdığım addımlardan biri olan bu it mənim həyat eşqimin təzahürüdür".

Yəqin, əksəriyyətiniz dostlarınızın gözəl qızlarla tanışlıq üçün it almaq istədiyinə şahid olmusunuz. İt sahibi olmaq şərt deyil. Tələb daha çox cana yiyələnməkdir. Bu mənada kişilər qadınlarla müqayisədə vəhşiliyə üstünlük verir, qadınlar isə əksərən kiçik heyvanları bəsləyir, kaprizli canlılara qulluq işində təcrübəyə yiyələnir, altşüurlu şəkildə əks-cinsə şirin bir mesaj göndərir:

"Səni digər qadınlardan yaxşı bəsləyə bilərəm. Çünki təcrübəm var. Mən dəqiq qadınam. Diqqətciləm və sən, bu pişik (və ya başqa heyvan) kimisən. Sənə həmişə qayğı göstərib, ən məhrəm anlarımı səninlə bölüşəcəyəm. Mən cəfakeş və sadiqəm. Məni seç".

Qeyd: Kiçik ev heyvanlarını bəsləməkdə uğur qazanan (və ya heç, buna ehtiyac duymayan) qadınların öz kişilərini öküz adlandırması qeyri-adi bir şey deyil. Onlar bəsləmə aktının yeni mərhələsinə adlamış sayılırlar.

Yaxşı görək, utanmayın. Bu - elmdir.

Maraqlıdırsa, gəlin mövzunu heyvanlıq kontekstindən bir qədər irəli aparıb nəqliyyat vasitələrinə bağlayaq (belə rəsmi olur, ən yaxşısı, maşın deyək). Məsələn, niyə qadınlar evlənəcəyi kişidən çox vaxt maşın tələb edir?

Maşın burada nəqliyyata yararlı vasitə olmaqla bərabər, "həyat keyfiyyətinin" artırılmasına xidmət edir. Maşını olan şəxs mürəkkəb mexanizmə (deməli, məsuliyyətə) yiyələnmişdir, maşına baxmağı bacaran kişi maddi cəhətdən ailəsini də "dolandırmağı" bacarar. Maşın alacaq qədər böyük maddiyyata yiyələnmək cazibəli səslənir, deyilmi?

Biz kişilərin "Ferrari", "Lamborghini" kimi markalara üstünlük verməmizin səbəbi həmin avtomobillərdə qadınlıq cigzilərinin olmasıdır. Maşına sahib kişi problemin bir qismini artıq çözmüşdür. Maşın praktikadır. Qadınlar nəzəriyyədən daha çox təcrübə görmək istəyir. Maşın geniş ərazi, qısa yollar, uzunmüddətli evliliyin zəmanət talonudur. Maşın universal və lal evlilik təklifidir.

Maşına sahib qadının şüur aysberqi öz gələcək namizədinə səslənir:

"Daha çoxunu etməlisən. Bu missiya çoxdan tamamlanıb. Mən çətin qadınam. Betta kişisisənsə, ən yaxşı halda, maşınım qədərsən!"

Yəni, əziz kişi oxucu, betta, yoxsa alfa erkək olduğunu öyrənmək üçün sevgilinin telefonuna göndərdiyin mesajı oxu. Oxuya bilirsən? Yox, yəqin ki, telefon kilidlidir, hə? O zaman, sən Betta kişisən. İşdir əgər, mesajı oxuyursansa, deməli, Alfa kişisən. Sən canı, günahımdan keç.

Dünya alfalıq üzərində dövr edən bir kürədir. Və hazırda patriarxın liderlik etmə səbəbi də məhz Alfalığın dominantlıq üçün ən ideal forma olmasıdır. Alfalıq tarixən kişilərə xas şəxsiyyət konsepsiyası olmaqla yanaşı, Angela Merkel kimi qadınlar da var, lakin onların sayı nisbətən az olduğu üçün varlıqlarına şahid olarkən bunu təqdirəlayiq hal hesab edirik.

Niyə qadına bənzəyən kişiləri qınayır, (cəsarət, qüdrət və qəddarlıq kimi cəhətlərdə) kişi xarakterli qadınları isə alqışlayırıq? Cavab çox sadədir.

Alfa (xarakterli) olmaq çətindir. Çətini bacarmaq isə dominantlıq yaradır.

Modern dünyada feministlərin bu qədər aqressivlik sərgiləməsi də Alfalığa yiyələnmə arzusunun nəticəsidir.

Dünyada Alfalığın təbii örnəyi qarşımızdadır - Erkəklər.

Eyni təbiət bizə Bettalığın daha çox qadınlara uyğun konsepsiya olduğunu da açıqlayır. Lakin fərdlərin daxili üstünlük arzusu bu həqiqəti basdırır, bir çox hallarda, mövcud həqiqəti dəyişmə cəhdi ilə sonlanır, qısası, qanqaraçılığın yaranmasına səbəb olur.

Hərçənd, əziz oxucu, təbiətdə üstün cins yoxdur. Şərtlərə uyğun olaraq ya Alfasan, ya da Betta. Yəni, düşünmək olmaz ki, Betta kişi Alfa qadından zəifdir, yaxud da əksinə. Xeyr, xeyr. Kişini Baş, qadını isə Boyun adlandıran atalarımız zənnimcə bu mövzunu bizdən əsrlər öncə tamamilə açıqlamağı bacarıblar. Güc sahibi olmaq hələ güclülük mənasına gəlmir, əsas olan, həmin gücü yönəltmək bacarığıdır. Şirkət rəhbəri olub həyat yoldaşından "pultu ala bilməyən" o qədər Betta kişilərimiz var ki.

# 4128 dəfə oxunub

Müəllifin son yazıları

# # #