TikTokda şəhid anasını ağladıb pul dilənənlər

TikTokda şəhid anasını ağladıb pul dilənənlər
16 sentyabr 2022
# 15:00

Kulis.az Mir Çingizin “Tiktokbaşlar” və ya “ Dövlətə niyə xəyanət edirsiniz?” adlı yazısını təqdim edir.

“Douyin” adı, yəqin, çoxunuzun xatirində olmaz. Sözə bax, hələ “d o u y i n”. Ancaq gəlin sizə o əcaib ifadənin millətçilik məramını açıqlayım.

“Douyin” Çin tərəfindən yaradılmış proqramdır və məqsəd təkcə dünya bazarına çıxarılası, layiqli məhsul istehsalı yox, həm də informasiya oğurluğunu sıfıra endirməkdir. Bəs arzusuna nail oldularmı gözüqıyıq irqin nümayəndələri? Bəli. Dünya bazarını ələ keçirdilərmi? Bəli.

ABŞ kimi nəhəng imperialist dövlət onunla mübarizə aparmaq üçün “Youtube”, “İnstagram”, “Facebook” və başqa proqramların axım tərzini bənzətdimi “Douyin” interfeysinə? Bəli, bənzətdi. Yəni Çin dünyaya çinlilik xislətini sırımağı bacardımı? Özü də beynəlxalq anlayışlarla, özü də qlobal, humanist istifadə şərtləriylə, özü də loqosunda Çini xatırladan heç bir simvolsuz...

Simvol demişkən, əgər məqalənin adını “TikTokbaşlar” qoymasaydım, əksəriniz hələ də söhbətin nədən getdiyini anlamayacaqdı. Çünki Çin öz məhsulunun ilk versiyasını bizim kimi üçüncü, dördüncü dünya ölkələri yox, öz xalqına rəva görüb və onların əyləncəsini təmin edəndən sonra proqramın beynəlxalq modelini hazırlayıb, adını da qoyub “TikTok”.

Yaxşı, mənası nədir bu ifadənin? Sözün açığı, bilmirəm və heç maraqlı da deyil. Nəyimə lazımdır? Belə baxanda mən özüm üç-dörd ay öncəyə qədər tiktoker olmamışam, heç üç-dörd ay sonra da olmadım, sadəcə bir hesab yaradıb ehtiyat üçün saxladım. O da çalışdığım holdinqin kanalını izləmək, yeri gəldikcə, yarana biləcək problemlərin həllinə kömək üçün. Vəssalam.

Daha bilmirdim tiktokda alqoritm necə işləyir, səviyyəsiz kontentlər necə gəlib məhz sənin əsas səhifənə düşür, tiktokerlər “şir”, “gül” kimi simvollar altında necə pul qazanır? Amma öyrəndim. Hətta gedib beş-altı dəqiqəlik reportaj da hazırladım. Ki, tiktokdan gəlir qazanmağın yolları hansılardır, görəsən? Kül başıma! Hazırlamazdım kaş. Bir də gördüm, onsuz da, artan tiktoker kütləsi bir az da böyüyüb, reportajın şərhlər bölməsində camaat bir-birini didir ki, qardaş, bizə də öyrət, noooooolar!

Sözüm onda deyil, qınamıram həmin adamları. Düyüylə, qızılla, lap makiyaj şəbəkələriylə qazanmağa çalışanlardır çoxu. Hərənin çörəyi bir yerdən çıxır. Çörək çıxan yerə söz demək də mənim başımçün deyil. Amma biri də var, çörəyi tiktokdan da yox e, gedib məzarlıqdan çıxarasan... Hə, bu bəlkə, ayrı vaxt sənin şəxsi mövqeyinin sərgisi ola bilər. İstəsən, deyərsən ki, lap sənə nə axı? Düzdü? Özüm bilərəm. Amma söhbət səndən getmir bu dəqiqə, əziz tiktokbaş gədə.

Söhbət şəhidlərdən gedir. Söhbət dövlətdən gedir. Söhbət milli maraqlardan gedir. O maraqlar ki, hazırda səninkimilər fəsiləsinin nümayəndələri həmin maraqları küçə müğənniləri önündəki gitara çantası tək qoyub qarşılarına və pul yeməklə məşğuldur. Şəhidlik məqamından danışmırsınız, qar, tfu, daşlar? Sizin məramınızın o məqama nə dəxli var bəs?

“Tıklayın, dostlar” deməyə ayrı yer tapa bilmədiniz? Gərək mütləq şəhid anası oğlunun başı üstə ağı deyə-deyə çıxasınız canlıya? Yəqin, başa düşürsünüz ki, həmin əsnada çıxdığınız yer təkcə canlı yayım deyil? Yox, vallah, efirdə aparıcının müğənnini ağlatmaqdan ötrü elədiyi hüznlü söhbətlər min dəfə mərifətlidir sizin hərəkətinizdən.

Bu üç-beş kəlməlik qınağım nəticəsiz qalacaq, söz yox. Amma məni daha çox VPN söhbəti yandırır hazırda. Təsəvvür elə, dövlətin başbilənləri qərar çıxarır ki, Tiktoka müvəqqəti qadağa qoyulsun. Özü də ona görə yox ki, tiktokda on iki, on üç yaşlı gələcəyi məzmunsuz varlıqlar dəxilsiz videolar çəkir, kimlərsə anası yaşında arvadlarla canlı-canlı öpüşür, kimlərsə beş-on “şir”ə görə oteldə yatmağa razıdır, hansısa mövcudluğundan bixəbər transgender də qara camaatı söyməklə məşğuldur... Yox, acınacaqlı belə olsa, səbəb bu tip iyrəncliklər deyil. Daha dəhşətli səbəb var: REYTİNQ NAMİNƏ XƏYANƏT!

Sən “bəli, dostlar, tıklayın, filan nöqtədə düşmənləri qırırıq” deyəndə ötürdüyün koordinatlarla, verdiyin bilgilərlə öz həmvətənlərindən çox, dilini, bəlkə, səndən də gözəl qavrayan ermənilərin havadarına çevrilirsən. Hə, sənə mənasız görünə bilər, çünki bəraətin “maraq”dır. Amma nəticədə insanlar ölür.

Nəticədə ordumuzun irəliləməsinə əngəl olursan. Nəticədə planlarımız alt-üst olur.

Nəticədə şəhid veririk!

Deməli, an etibarilə, səninlə erməni arasında qandan savayı, demək olar, heç bir fiziki fərq yoxdur. İkiniz də Azərbaycan dövlətinə əngəl törətməklə məşğulsunuz. İkiniz də Azərbaycan dövlətinin maraqlarına qarşısınız. Sadəcə sizi ermənilərdən ayıran daha dəhşətli fərqlilik var. Onlar heç deyilsə, öz dövlətləri naminə sosial mediada dezinformasiya yaymaqdan çəkinir. Siz isə açıq-aşkar xəyanətlə məşğulsunuz. İndi özünüz deyin, Tiktoku bağlamaq sizin kimi adamlardan ötrü çox yüngül qərar deyilmi?

# 1936 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #