Taun romanı: "Ümidsiz qiyamçılar"

Taun romanı: "Ümidsiz qiyamçılar"
6 dekabr 2012
# 13:10

Kamyunun “Taun”u işğal olunmuş şəhərin xronikasıdır. Təkcəmi?

Yaxud, roman “qəhvəyi taun”a - nasizmə qarşı müqavimətin tarixçəsidir. Bu, məsələni sadələşdirmək deyilmi?

Elədir ki, var. Problem daha dərin, məsələnin qoyuluşu daha genişdir. Necə ki, romanda doktor Rienin xəstələrindən biri deyir: “Başqaları təkrarlayır: “Bu, taundur, bizdə taun olub. Hələ özləri üçün orden də tələb edəcəklər. Əslində isə nədir taun? O da yaşamağın bir formasıdır”.

Yəni, “Taun” - gündəlik həyat haqda romandır. Bu həyatın basillərlə (çubuq şəkilli bakteriyalar-red.) yoluxduğunu isə heç də həmişə aydın görmək olmur.

***

Kamyu sualı daha qlobal qoyur: İnsan həyatı taunlu şəhərdə yaşamağa bənzəyir.

“Taunun köməyi ilə mən əzab çəkdiyimiz boğulma mühitini, yaşadığımız təhlükə və qovulma ab-havasını çatdırmaq istəmişəm. Eyni zamanda bu izahla ümumiyyətlə mövcud olmaq mövzusunu əhatə etmişəm”.

Sovet marksisti Samari Velikovski roman haqda yazmışdı: “Taun ilk növbədə təslim olanlar haqda yox, müqavimət göstərənlər haqda kitabdır. Mövcudluğun mənasızlığı içində axtarılan məna haqqında kitabdır”.

Başqa yerdə Kamyunun yazdığı kimi, “ümidsiz, ancaq barışmadan yaşayanlar” haqqındadır “Taun”. Və əsərdəki əsas obrazların hər biri də bu mövcudluqda məna axtarışına müxtəlif, fərqli cavabların simvollardır. Doktor Rienin öz cavabı var, Tarrunun öz cavabı, Kastelin cavabı isə hamısından diametral fərqlidir.

Əgər “Yad” fərdin müqavimətindən bəhs edirsə, “Taun” - kollektiv müqavimət haqqındadır. “Yad” gilyotina ilə bitirdisə, “Taun” qəfil gəldiyi kimi qəfil də çıxıb gedən taun üzərində qələbə ilə bitir. Ancaq bilənlər bilir: bu qələbə müvəqqətidir, taun yenə qayıdacaq.

Kamyunun bu acı həqiqətini Rie ilə Tarrunun dialoqunda da görürük:

“ - Anlayıram, - Tarru təsdiqlədi. - Ancaq sizin istənilən qələbəniz həmişə ötəri olub və ötəri olacaq - budur əsas məsələ.

Rie qaşqabaqlı görkəm aldı:

- Bilirəm, həmişə bu cür olacaq. Ancaq bu, mübarizəni dayandırmaq üçün dəlil deyil.

- Doğrudur, dəlil deyil. Təsəvvür edirəm ki, bu cür vəziyyətdə taun sizin üçün nə deməkdir.

- Bəli, - Rie dedi. - Sonsuz məğlubiyyət”.

Bütün romanın kvitessensiyası da elə bundadır: Bilərək ki, məğlubiyyət təkrarlanacaq, qələbə isə illüzordur, yenə də çarpışmaq.

Eynilə romanda Kamyunun yazdığı kimi: “İllüziyalardan məhrum həyat qısırdır”.

***

1947-ci ildə işıq üzü görən romanı Alber Kamyu fasilələrlə təxminən 10 il ərzində yazıb. Bu illər ərzində nələr olmayıb? İspaniya inqilabının məğlubiyyəti. Nasistlərin işğalçılığını beynəlxalq arenada legitimləşdirən Münhen sazişi. 2-ci Dünya savaşı. Osventsim və Buhenvald. Nasizmin məğlub edilməsi. Və bütün bunlara desert kimi amerikalıların Yaponiyaya tulladığı 2 atom bombası.

“Azadolmanın qəribə xüsusiyyəti var - bu vaxt Xeyirlə bərabər Şər də azad olur. Şər daha çox azad olur” - Jan Bodriyyar son müsahibələrindən birində demişdi. Amerikalıların “desert”i sanki filosofun sözlərinə tarixin dərinliyindən bir təsdiq cavabıdır.

Bu azadolma Azadlıq gətirməyib. Həyəcan yenə qalır. Və Kamyunun yazdığı kimi, “Həyəcan - sabahın gətirəcəkləri qarşısında gizli ikrah hissidir”. Romanı ilə yazıçı “Alarm!” siqnalı çalır.

***

1940-cı illərin Oran şəhərinə - Şimali Afrikadakı 200 minlik meqapolisə epidemiya gəlir. Oran - istənilən qitədə istənilən dövrdə mövcud ola biləcək bir şəhərdir. Deməli, həm də bizim yaşadığımız şəhər. Kamyunun təsvirində hər birimiz Oranın timsalında öz məkanımızı görə bilərik.

Diqqət kəsilək o təsvirə. Hələ epidemiyanın cənginə keçməmiş, adi dövrdəki şəhərin əsas xüsusiyyəti - fərdiyyətçilik və “yadlaşma”dır. İnsanlar dağınıqlıqdan vərdişlərlə, “ömürlərinin qalan günlərini kartda öldürməklə, kafedə oturmaqla və boşboğazlıqda keçirməklə xilas olurlar. Axı haralardasa elə şəhərlər var ki, orada insanlar heç olmasa bəzən başqa nələrinsə mövcudluğunu fikirləşirlər”. Taleyin küləklərinin Orana gətirdiyi Tarru öz gündəliyində Oran camaatını yaşayan yox, mövcud olan kütlə kimi təsvir edir. “Sadəcə vərdişlər əldə edin - günləriniz rəvan keçəcək”. Bu, Kamyunun “Absurd haqda esse”də “fərəhsiz mövcudluq” adlandırdığı yaşam tərzidir.

Oranlılar yaşamaqdan, “olmaq”dan imtina ediblər. Odur ki, dəyərlər iflasa uğrayıb və dağılıb. “İnsanların vaxtı və düşünmək qabiliyyəti olmadığından, Oranda sevginin adı yoxdur və ölüm-qeyri-komfortabeldir”. Və “insanları birləşdirməyin yeganə üsulu onlara taun göndərməkdir”.

Taun epidemiyasının timsalında Kamyu insan psixologiyasının fəlakət qarşısında metamorfoza uğrama fazalarını mükəmməl təsvir edir. Əvvəl-əvvəl oranlılar taunun reallığını qəbul etmək istəmirlər. O, canlar alır, ancaq həyat tərzi, vərdişləri dəyişmir. Yəni, fərdlər tauna müvəqqəti və tezliklə düzələcək bir xəta kimi baxırlar. Gələcəyə olan planları dəyişmək fikri onların ağıllarına da gəlmir. Bu, birinci mərhələdir, orada gələcəyə yer var.

Görəndə ki, taun çıxıb getmir, ölənlərin sayı isə həftədə 200 nəfərə çatır, insanlar gələcəyi unudub keçmişə sığınırlar. Tauna qədərki həyatın təsvir və xatirələri onların yaddaşını məşğul edir. Ancaq bu da uzun çəkmir: “İrəlidə heç bir ümid olmadan bildiyinlə və xatırladığınla yaşamaq ağırdır”.

Üçüncü mərhələdə isə artıq nə sabah var, nə də dünən. Yaddaşdakı xoş xatirələr daha rahatlıq vermir, yandırır. Və insanlar eynilə qapalı zona elan olunmuş şəhərləri kimi yalnız bu ana, bu günə sığınırlar. Əgər taun gəldiyi kimi qəfil də getməsəydi, bu mövcudluq tərzi daha hansı reduksiyaya uğrayardı? Bilmirik.

1992-ci ildə Argentina rejissoru Luis Puentso əsərin motivləri əsasında “Taun” filmini çəkəndə də 1940-cı ilin hadisələrini əziyyət çəkmədən 1990-cı illərə gətirə bildi. Filmdə şəhərin və personajların adları da həminkidir. Göründüyü kimi, Oran dünən də olub, bu gün də var, sabah da olacaq (Puentsonun filmi haqda rəyim: Kamyunun üslubu və fikirləri saxlanılıb, aktyor oyunu yaxşıdır, ancaq dekorasiyaların uğursuzluğu və pafos filmə maraqla baxmağıma əngəl oldu. Əlbəttə, subyektiv qənaətdir).

***

Epidemiya qəbul edilmiş reallığa çevriləndə böyük əksəriyyətin ilk reaksiyası qaçıb şəhərdən getmək olur. Oranda qalıb mübarizə aparan yadelli Tarru onların adlarını sadalamağı gərəksiz sayır, ancaq şübhə yaranmır ki, qaçanlar - adi günlərin qəhrəmanlarıdır.

Siyasətçilər, imkanlı vətəndaşlar, yazıçılar, şairlər... - onların heç biri “Taun”un qəhrəmanı deyil, romanın səhifələrində mübarizlər sırasında onların adları yoxdur. Əvəzində isə ekstremal şərait normal dövrlərdə üzdə olmayan, tanınmayan, görünməyən adamları önə çəkir. “Qəhrəman olmaq asandır, çətini adi insan olmaqdır” yazan Kamyu bununla da epataj qəhrəmanlığın icazəli dövrlərin, komfort illərin termini olduğuna işarə vurur. “Mühasirə vəziyyətində yaşayanda” qəhrəmanlar qeyb olur, avanqarda adi insanlar çıxır. Yəni, insani dəyərləri daşıyan, gözə soxulmayan susqun adamlar.

Tarrunun gündəliyindəki qeyddəki kimi: “Fəlakətlərin əvvəlində də, sonunda da ritorikanın dozası artıq olur. Birincidə vərdişlər hələ unudulmayıb, ikincidə isə qayıdıb gəlməyib. Yalnız fəlakətin gur dövründə həqiqətə öyrəşirsən. Yəni, susmağa”.

Tarru gündəliyində şəhərdən qaçmaq istəyənlərdən yalnız 1 nəfərin adını çəkir - jurnalist Ramber Parisdən gəlib və epidemiyaya görə qapalı şəhər elan olunan Oranda ilişib-qalıb. Ramberin simasında Kamyu bir daha insan ekzistensiyasına baş vurur: sonunda Ramber çıxıb getmək imkanına baxmayaraq, şəhərdə qalıb mübarizə aparmaq yolunu seçir. “Hər bir insanın gün ərzində - gecəmi, gündüzmü - elə bir saatı olur ki, onun təbiətində qorxaq təntənə çalır”. Ramber bu qorxudan qalib çıxır.

“Taun” romanı ilə Kamyu həm də ateist ekzistensializminin müddəalarını açır. Mübarizənin başında dayanan doktor Rienin dünyagörüşü üçün də, yezuit Panlyunun ruhani bioqrafiyası üçün də “sınma nöqtəsi” uşağın ölümüdür. Və daim emosiyalarını cilovlayan, sakit Rie bu dəfə Panlyuya xitabən “”Hətta ölüm ayağında da mən körpələrin məhvini Yaradanın bəxşişi kimi qəbul etməyəcəyəm” deyir. Həmin epizod taunu şəhərlilərin günahlarına görə Yaradanın göndərdiyi cəza elan edan Panlyunu da dəyişdirir: keşiş mübarizəyə qoşulur və xəstəlik onu da öldürür.

Rienin silahdaşlarından Tarru böyük ehtimalla Kamyunun “Yad”ında Merso üçün ölüm hökmü tələb edən prokurorun oğludur. Atasını bağışlamayıb, evdən uzaqlaşıb, müharibədə iştirak edib, Orana təsadüfən gəlib və tauna qarşı savaşa qoşulub. Onu Oranla bir məkan kimi heç nə bağlamır, ancaq çıxıb getməyi ağlına da gətirmir. Tarru epidemiyanın son qurbanlarından olur.

Digər maraqlı personaj - xırda çinovnik Qrandır. O, illərdir roman yazır, ancaq bu müddət ərzində romanın yalnız bir cümləsi yazılıb. Və Qran heç bu bircəcik cümlədən də razı deyil, daim onun üzərində işləyir, onu dəyişir və nə vaxtsa redaktorların onun romanını oxuduqdan sonra “Şlyapalarınızı çıxarın!” deyəcəkləri günün gələcəyinə inanır. Adi həyatda o, varlığı hiss olunmayan “balaca adamdı”, epidemiya isə onun ekzitensiyasını açır.

Eləcə də epidemiyanın bitməsindən dərdlənən yeganə personaj - Kastel çox diqqətəlayiq obrazdır. O, canidir, taunun hesabına əfvə düşüb, onun üçün taun - fəlakət yox, qazanc mənbəyidir. Epidemiyanın qurtardığını eşidəndə “bu dərdə dözə bilməyib” ağlını itirir.

***

Kamyu bu romanı ilə əxlaqi dəyərlərin qüvvədən düşdüyü və ya itirildiyi dünyada insan azadlığı probleminə cavab tapmaq cəhdi edir. Onun qəhrəmanları insanın mahiyyətini, kimin kim olduğunu açan “hüdudi vəziyyət”dədirlər. Ancaq bu vəziyyətin yaranması üçün heç də toplum ölümcül xəstəliklə üz-üzə qalmamalıdır. Səbəblər müxtəlif ola bilər (müharibə, zəlzələ, aclıq, repressiyalar, diktaturalar...), ancaq mahiyyət eynidir. Həmişə elə dəyərlər və ideallar var ki, onların məhvi insan qəlbində böyük etiraz doğurmalıdır. Başqalarının bədbəxtliyinə biganə qalmamaq bu dəyərlərdən biridir.

Müəllif necə çətin mövzuya baş vurduğunun fərqində olduğundandı ki, əsərin üzərində illər boyu işləyib, dəfələrlə işi yarımçıq saxlayıb və hətta onun nəşrinə də tərəddüd edib. Romanın uğurlu alınmasına və müsbət qarşılanacağına şübhə ilə yanaşan Kamyu 1946-cı ilin payızında “Qeyd kitabçaları”nda aşağıdakı qeydi edir: “Taun”. Heç vaxt indiki qədər uğursuzluq hiss etməmişəm. Hətta əminəm ki, sonadək getməyəcəyəm. Ancaq yenə də bəzən...”

Roman isə böyük uğur qazandı. Aktuallığı bu gün də zərrəcə azalmayıb. Məgər “Taun”un bu son abzası indi də müasir səslənmirmi:

“ O, şadlıq edən kütlənin bilmədiyi və kitablardan oxumaq mümkün olan həqiqəti bilirdi ki, taun mikrobu heç zaman ölmür, yox olmur, onillər boyunca hansısa mebelin qıvrımlarında, paltar dəstində mürgüləyə, yataq otağında, zirzəmidə, çamadanda, burun dəsmallarında, kağızlarda səbirlə öz vaxtını gözləyə bilir və ehtimal ki, insanlar üçün dərs olacaq dərdli gün gəlir, taun siçovulları oyadır, onları gəbərmək üçün xoşbəxt şəhərin küçələrinə yollayır”...

P.S. Müəllif sitatları “Taun”un Sovet tərcüməçisi N.Jarkova tərəfindən fransızcadan ruscaya tərcüməsindən dilimizə tərcümə edib.

# 7574 dəfə oxunub

Müəllifin son yazıları

# # #