Kamal Abdulla hekayələrinin interpretasiyasi

Kamal Abdulla hekayələrinin interpretasiyasi
9 mart 2016
# 11:14

Mehman Qaraxanoğlu

Mətnə yaxın oturun

Görəsən, hansı Məkan-dan gəlməyimizin bir önəmi varmı?!

Bəlkə, o Məkan heç yoxdu?!

Bəlkə, o Məkanın adı “Yuxu”-du?!

Onda cavabım çox sadə olacaq: Mən “Yuxu”-dan gəlirəm...

“Yuxu”, itkin bir Şəhər-in adıdır...

O, bizdə itib...

Kamal Abdulla bir yazar kimi o Şəhər-i bizə tanıtmağa gəlib. Onun qəhrəmanları da yuxudan kal duran adamlara bənzəyir. Bəzən elə şeylər danışırlar ki, oyaq vaxtında onu heç ağıllarına da gətirməzlər. Özünüz baxın: “Tez-tez dediyi söz bu idi: Adamdan hətta «adın nədir?» soruşsalar əvvəl düşünüb sonra cavab verməlidir” (“Kamera teatrı”) Diqqətli olun: Bunu əsrdaşımız söyləyir! Bu, yaşadığımız epoxanın təhtəlşüurumuzda qorxunc proyeksiyası deyilmi?!

“Mən içirəm bu badəni bizim aramızda axırıncı kim qalacaqsa onun sağlığına” (“Sağlıq”) Ağlınız nə kəsir: Huşu başında olan kəs belə sağlıq deyərmi? Nədənsə, sağlıq bir az tanış gəlir adama. Sanki çox-çox əvvəl eşitmisən. Harada?! Bax, istəsən də, bunu tapa bilməyəcəksən...

“Canım qardaşım... Bir az da belə getsə, ölləm. Sən bir evdəkilərin ağzını ara, gör mənim qa­yıtmağıma onlar nə deyirlər?!” (“Bir sevgi hekayəsi”) Dəhşətdi! İyirmi ildə xəbər-ətəri gəlməyən böyük qardaş Hamidin Samidə məktubundandır. Hamid və Samid...

Habil və Qabil...

Heç nə qeyb olmur; nə Şər, nə də Xeyir...

Şər, “qardaş” adını geyinib gələ bilər. Xeyir isə lümlütdü...

Bağışla, Xeyir, çılpaq olduğundan səni qapımdan qovmalıyam.

Axı, mənim sosial statusum var!

K. Abdullanın hər üç hekayəsi və buna qədərki ədəbi-bədii, elmi-fəlsəfi mətnləri oxucu kimi məndə bir inamı daha da qüvvətləndirir: Bu yazıçınn ədəbi-analitik, poetik-fəlsəfi resursları tükənməzdir! O, “yox”dan nəsə “var” edə bilir. O, mövzu üçün uzaqlara səyahət etmir. Lap gedəndə də hər şey bir göz qırpımında baş verir, uzun-uzun cümlələrin, təşbeh və metaforaların arasında Təkcənə oturub mürgüləmirsən. Məhz Təkcənə! Yazıçının gücü ona çatır ki, oxucusunu Təkcənəliyinə “qonaq” eləmir. Kədərli “ah-uf”larla kimin tərəfində durduğunu “nişan” vermir. Sözügedən hekayələrdə buna bənzər bir allyuziya (işarət) görmədim. Yalnız “Bir sevgi hekayəsi”ndəki “riyakarcasına” sözündən savayı: “Vaqzalda vida vaxtı idi. Samid onları ötürməyə gəlmişdi.

– Bilsələr burdayam, öldürərlər məni. – Samid riyakarcasına, irişə-irişə Hamidə dedi”

Maddi dünyanın geniş ərazilərinə (“Buradan Türkəyəcən!”) öz qucağını büsbütün açmış Samitlə, Təmizliyin iyirmi illik tənha uzaqlığına düşüb qalmış Hamid arasındakı münasibətlərin sirli qatlarından danışan hekayənin zahirən nəzəri-intellektual təhlilə ehtiyacı yoxdur. Çünki yazıçının bədii niyyəti çox aydındır. Hekayədə müəllifin üslub və ifadə manerası daha çox diqqəti cəlb edir. Bugün nəsrimiz məhz bu sindromdan əziyyət çəkir. Oxucu müəlliflə qəhrəmanın yerini səhv-dəyişik salır. Ədəbi qəhrəman danışmalı olan yerdə müəllif, müəllif danışmalı olan yerdə isə qəhərman dil boğaza qoymur. Necə deyərlər, müəllif öz-özünü qəzəblə çırpır...

“Sağlıq” hekayəsi də çox sadə bir süjet üzərində qurulub. Kamran sağlıq deyir. Aralarında axırıncı kim qalacaq onun sağlığına içmək istəyir. Məclisin axarı tamam dəyişir, qəribə bir psixoloji ab-hava yaranır. Yeddi dostun içərisində axırıncı qalacaq insanı “tapmaq” çox müşkül işdi. Buna könüllü razı olan da yoxdu. Və təhkiyəçi də yaranmış situasiyaya heç bir müdaxilə eləmir. Bir sözlə, nə qədər “axtarış” aparılsa da, dostlar içərisində axırıncı qalan tapılmır ki, tapılmır.

Yazıçının ustalığı ondadır ki, konkret bir məkanda iki ovqat dəyişimini verir. Məclisin əvvəlində dostların əhval-ruhiyyəsi çox yüksəkdir. Ta “sağlığ”a qədər. Elə ki, bu lənətə gəlmiş sağlıq məsələsi ortaya atılır, hər şey baş-ayaq olur. Əsl zəlzələ effekti... Müəllif sanki xəbərdarlıq edir: Unutma, söz baş verə biləcək zəlzələlərin episentridir.

Yazıçının “”Çəngəl çiçəyi” hekayəsi bu fikrin tam anlaşılması üçün başlıca qaynaq ola bilər. Təbii ki, “Sağlıq”da başlıca qayə sona qalan adamı tapmaq deyidir. Burada dostları itirmək qorxusu mətni məyusluqla müşaiyət edir. Ümumiyyətlə, K.Abdulla mətnlərinin alt qatında qəribə bir qüssə “üzür” O, obrazlar hələ suya baş vurmamış peyda olur. Bu, “Totalitar” bir qüssədir. Hər şey Qüssə İmperiyasına tabedir! Heç kəs ona qarşı üsyana qalxmır...

Bəzən qınağa tuş gəlirik. Guya K.Abdullanın demədiyini və ya şüurunda tutmadığını deyirik. Tamamilə yanlış fikirdir. Əvvala, sənət çox qəribə bir aləmdir. Bəzən yazıçının özü də hara gəlib çıxdığının fərqinə varmır. Bu, Kolumbun halına bənzəyir: O, ömrünün sonuna qədər Amerikaya varid olan ilk səyyah olduğunu ağlına belə gətirə bilmədi...

İkincisi, Freyd doğru buyurur: “Dil insanın altşüurunu açır” Bu fikir bu cür də radifikasiya oluna bilər: “Dil insanın altşüurunu açmır” Anti-tezis kimi səslənsə də, deyəcəyik: Dil heç də yazıçının dostu deyildir. Böyük yazıçılar daima Dillə müxalifətdədirlər. Dilin açdığını yazıçı düyünləyir. Axı, sənət Həyatın və Dilin “kopiyası” deyildir. “Mənim əsərlərim real həyatı əks etdirir” fikri görün nə qədər bəsitdir! Gələcəyə şütüyən incəsənət “bugün”ün səhərində, gündüzündə, gecəsində ilişib qalsa, zəncirvari qəzalar baş verəcək və onların arxasınca gələn gənc arabaların hərəkətləri iflic olacaq. Demək, yazıçı bugününü deyil, gələcəyini tirajlamalıdır.

K.Abdulla bu yöndə müstəsna sənətkardır. Təhlilə cəlb etdiyimiz hekayələr gənc nasirlər üçün əsl “master-klass” sayıla bilər...

İNANNANIN VAZASI

Oxucuya “xəstə” kimi yanaşıb ona pəhriz yeməkləri yedirtmək lazım deyil. Nəyi yeyib, nəyi yeməmək onun öz seçimidir. Zatən təhkiyəçinin hər addımbaşı Abzas Səngərindən başını qaldırıb oxucuya tərəf boylanıb gur səslə: - Mən burdayam! – deməsinin axırı yaxşı qurtarmır. Zaman snayperi həmişə ayaqdadır. Biz bunu yaxın keçmişmizdən görmüşük. Baxın, sosrealizm səngərində nə qədər olü mətnlər uzanıb... O ölü mətnlərin arası ilə bir qədər də irəliləyib XIX əsrin sonu və XX əsrin əvvəllərinə gedib çıxanda isə tamamilə başqa bir mənzərə ilə üz-üzə dururuq. Məlum olur ki, Ə.Haqverdiyev və Mirzə Cəlil nəsri yenə də dipdiridi, necə deyərlər, onların burnu da qanamayıb. Bilmirsən, sevinəsən, yoxsa ağlayasan... Bu yerdə istər-istəməz adamın beynini bir sual deşir: Bəs necə oldu ki, xələflər sələflərin yolu ilə getmədi? Başlıca səbəb klassik irsə - bu “burjua sərvəti”nə qarşı “ümumxalq” mübarizəsi idi. “Mübarizə bugün də var, yarın da. Mən də bu mübarizənin ən ön sıralarında” devizi idi. Və ya: “...H.Cavid, Müşfiq kibi alçaqlar öz kontrrevolüsyen fikirlərini ədəbiyyat sahəsində də aparmışlar. Bütün bu ciddi faktlar göstərir ki, biz qəbul zamanı Sovet Yazıçıları İttifaqının nizamnaməsini pozaraq sovet platformasında durmayan və sosializm quruluşunda iştirak etməyən bu xalq düşmənlərinə təşkilatımızın qapılarını açmışıq” S.Vurğun “Səhvlərimiz haqqında” “Ədəbiyyat qəzeti”, 9 iyun 1937-ci il. Yox, bu ölmüş tarix deyildir. Hərəkət edən tarixdir, “üzən dəyərlərimiz”dir. Və bugün də əla üzür...

Məsələ burasındadır ki, saxta epoxaya keçən Haqverdiyev və Mirzə Cəlil də repressiya maşınının onların üzərinə yeridiyini görüb öz mövzu və üslublarına “əl gəzdirdilər”, zamanın “ruhuna uyğun” əsərlər yazdılar. “Bəlkə də qaytardılar” təkcə satirik və nostaloji tonu ilə deyil, həm də nevrotik tonu ilə də diqqəti cəlb edir. Bir anlıq düşünün ki, qoca Molla Nəsrəddin də hekayə qəhrəmanlarının içərisindədir. Lakin onlardan fərqli olaraq o, gerçəkdən hər şeyin qayıdacağına əmindi...

K.Abdullanın öncərənliyi (Bu həm də konseptual bir dünyagörüşün nəticəsidir!) bundadır ki, o, XX əsrin sonu və XXI əsrin əvvəllərindən öz əlini məhz Mifə, “Kitab”a, Haqverdiyevə və Mirzə Cəlilə uzadır. (Təbii ki, daha çox Haqverdiyevə! Niyə? Bu, ayrı bir mövzudur!) Bu, asan iş deyildi. Ortada böyük bir qara dəlik var idi. Bu dəliyi açanlar isə onun öz müasirləri idi. Onlar Mirzə Cəlildən, Haqverdiyevdən, H.Caviddən... yazırdılar. Obrazlarını yeri gəldikcə yeni qiyafədə XX əsrə dartıb gətirirdilər, haqlarında kino-filmlər çəkilirdi. Əslində bütün bunlar maskarad idi. Xalqı “maarifləndirmə” hərəkatı idi, iki epoxanən arasında qalan sənətkarları xalqa bu cür təqdim etməklə sosializmin üstünlüklərini bəyan etmək idi. Saxta epoxa buna külli miqdarda pul xərcləyirdi... Bunlarda nə Mirzə Cəlil, nə Haqverdiyev, nə H.Cavid, nə də onların qəliz xarakterləri, yaşadıqları mühit, qaranlıq kontekst vardır. (Ç.Hüseynovun “Fətəli fəthi” romanı istisnadır!) Hətta az qala dünyaya nümayişkaranə bir şəkildə bəyan etmək istəyirdilər ki, baxın, biz Mirzə Cəlilin davamçılarıyıq, görün o, bizə nə qədər doğmadı. Axırı nə oldu?! Niyə bu yazılanları, filmləri dünyaya çıxara bilmədik? Dastan qəhrəmanlarının adlarında xırda fonetik dəyişimlər edib durduq. Bu çəkilişlər, bu saxta, təmənnalı, planlı çabalar Ditsin bircə ön sözü qədər də olmadı...

Klassik irsə münasibətimiz budur. Qoca çağdaşlarımız klassik irsi “ustadcasına” və ya öz miqdarınca inkar ediblər. Bugün açıq, yalın inkarı görəndə isə özlərini qaranəfəs klassiklərin boş qalan böyrünə dürtüb: - Qorxmayın, biz sizinləyik!”, - deyirlər!

Məhsuldarlıq ilahəsi İnannanın vazası üç sıradan ibarətdi: Yuxarı, orta və aşağı sıra. Bura dördüncü sıranı əlavə eləmək absurddu...

MƏN YAŞAMIRAM, MASKAM YAŞAYIR...

“Kamera teatrı”ndakı Əhməd müəllim öz balaca teatrının həm aktyoru, həm də tamaşaçısıdır. Özü daimi aktyordur, tamaşaçılar isə dəyişir. Lap bizim bu dünyamızdakı halımıza bənzəyir – sübhdən gecəyarısınacan, yəni işıqlar sönənəncən müxtəlif rollarda oynayırıq və məsələ burasındadır ki, işimiz bununla da bitmir, rollarımızın mabədini Yuxu-da və ya “Yuxu teatrı”nda davam etdiririk. Həm Oyaq (Guya!!!), həm də Yuxu teatrımızı viran qoyan isə Qadındır. Hekayədə təsvir olunan o “məşum” gündə qadın gəlib çıxmasaydı...

Əhməd müəllimin işləri pis getmirdi. . O günü ən yaxşı xarakterizə edən də elə onun özüdür: “V”si düşən vəziyyət sözü...

“Məndən niyə gizlənirsən?” Qadın bu sualı verdimi, teatrların qapısı bağlanacaq. Kişi bir teatrda çalışa bilər, bu, pantomima, yuğ, komediya və ya kamera teatrı ola bilər. Qadın isə bütün teatrların Cəmidir...

Başqa zamanlardan gələn adamlar üçün teatr yoxdur. Məlum olur ki, teatr yalnız Yerdə mövcuddur. Əhməd müəllim qayıtmaq istəmir. Görünür, Yerdə “oynamaq” ona xoşdu. Məlum olur ki, Yerdəkilərin hamısı yuxu içərisindədir. Üstəgəl, başqa zamanların adamlarını da öz Yuxumuzda tutub saxlamışıq. Hekayədə baş verən əhvalat da, iş yeri də, iş yoldaşları da, kamera teatrı da, görüşdükləri çayxana və aralarındakı söhbət də Yuxu içərisindədi. Yuxu Əhməd müəllimin (Və ya K.Abdullanın!) yaşadığı ölkədir. O, heç kəsi ora buraxmaq istəmir. Gələn qonaqlar da zorla onun yuxusuna giriblər. O, uzaq dünyada doğulsa da, bugün onu o dünya ilə heç nə bağlamır. “Yarpaqları xışıldamayan dünya”ya kim qayıtmaq istəyər? Amma bu adamları da buraxsa, yuxusu dağılar. Qəhrəman çarəsizlik içərisində çabalayır...

K.Abdulla bizə ismarıclar yollayır: Yuxudan çıxın!!! Əgər yuxudan çıxsaq, tutub saxladığımız dünyalar da azad olacaq. Bu fikrin özü dünya üçün təzədi. Onun bədii həlli də yepyenidir.

Baxın, bizdə iki üstəgəl iki “beş”dir! Bax, fəlakət elə budur. İnsanlığın fəlakəti! Biz dörd hesablasaq da, əslində təhtəlşüurumuzda həmişə beşin həsrətini çəkirik...

Əhməd müəllimin vaxtına az qalır. Cəmi bircə gün… Yalnız bircə gün kamera teatrının işıqları yana bilər. “İnsan eyni vaxtda iki adamı sevə bilər?” Selcan Xatunun sualıdır. Əhməd müəllimin bu suala cavabı vida nitqi kimi səslənir. Eyni zamanda mümkün deyil… Ard-arda olar. Bir qadın eyni zamanda bir neçə nəfərlə görüşsə fahişədir. Amma ard-arda yüz nəfərlə görüşsə, bu başqa məsələ…

Əhməd müəllimin kameral portreti “təntənəli” portretlə əvəzlənir…

Kamera teatrının pərdələri düşür. İnsan necə gəlirsə, o cür də gedir. Biz bu halları eyni zamanda yaşamırıq. Yaşasaq, fahişə olarıq. Hər şey ard-ardadır. Bax, nagahan gəlirik, sonra o cür də qeyb oluruq. Nəyi pisdi?!

Hər zaman “sonra”dan sonra gəlirik. Əvvəl də hansısa bir sonranın əvvəlidi, o da başqa bir sonranın… Beləcə, biz “Sonra”lar Səltənətindəyik. Müəllif işıq-kölgə effektinin qəddar “qarabasması” olan paralel dünyalara yol arayır… Həm özünü, həm personajları, həm də oxucularını xilas etmək istəyir. Bu isə ölümdən qurtulmaq kimi bir şeydi. Və nə yazıq ki, mümkünsüzdü... Fəqət Təhkiyəçi bu mümkünsüzlüklə (Xaosla!) barışmaq istəmir. Planetar hipotezalarla oxucunu üz-üzə qoyur. Ən sadə iksir Yuxu və Uçuşdu! Və ya Yuxunun Uçuşu! Buna rəğmən müəllifin əksər qəhrəmanları uçur...(Ən azından,“Uçuş”u xatırlayın!) Lakin bu, təkxətli uçuş deyildir. Çünki müəllif öz qəhrəmanlarını içindəki Xaosdan uçurdur! Məhz buna görə də K.Abdulla nəsri Labirint və Xaos təsiri bağışlayır. “Rəqs edən bir ulduz doğurmaq istəyənin içində xaos olmalıdır” (F,Nitşe)

Bunlar təfəkkürün ən amansız qatlarıdır. K.Abdulla Azərbaycan nəsrini üfüqi haldan şaquli hala keçirir. Azərbaycan nəsri XX əsrin “teatral” görkəmindən qurtularaq, mütəfəkkir görkəm alır. Tarixin bütün hissi kəsimləri (Bəli, məhz hissi! Çünki tarix sənsən!) burada rahat öz Oyununu qura bilər. Dil bu oyunların Baş Hakimi-dir. Bu, fasiləsiz olaraq gözəgörünməz interpretasiya ilə sevişən nəsrdir. Onları bir-birindən ayırsan, ortada iki qara kölgə qalacaq.

K.Abdulla ən qaranlıq quyulara enir. Və dostlarına qayçını özü verib deyir ki, ipimi kəsin! Dostlar da öz işini “cani-dildən” görürlər. Və hər dəfə o, yeni dibsiz dərinliklərə yuvarlanır – Xaosa…

# 1777 dəfə oxunub

Müəllifin son yazıları

# # #