Anarın icra başçısına ünvanladığı məktub - Mehman Qaraxanoğlu yazır...

Anarın icra başçısına ünvanladığı məktub - Mehman Qaraxanoğlu yazır...
12 iyul 2019
# 17:33

Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “Ədəbi imperiya” yazısını təqdim edir.

Ədəbi sezintilər

***

Sosrealizm ideloji maşını kuzovunun hər iki yanına qıprmızı bir şüar vurulmuşdu: “İncəsənət xalqa məxsusdur!”. Postsovet məkanı dağılandan sonra qoparılıb yerə atılmış həmin plakatları quşu gözündən vuran söz dəllalları gətirib evlərinin əndərununda (ən məhrəm yerində) “gizlətdilər”. Onlar kütlədəki ekstaz təkərlərinin boşalıb dolduğunu daima nəzarətdə saxlayır və uyğun zamanın gəldiyini gözləyirdilər. Kürəyinə “şair xalq” damğası vurulmuş bir xalqın ən “parlaq” ziyalıları hesab olunan bu şəxsləri düşündürən yalnız bir şey idi: Pul! Pul! Pul! Xüsusən, ədəbiyyatı kütləviləşdirmək sahəsində “qeyri-adi” səriştəyə malik olan bu tiplərin bugünkü fəaliyyəti (bəlkə, idbar canfəşanlıqları!) də buna hesablanıb. Yerindən duranı xoruz banı eşitməyən birliklərə üzv elətdirmək, az sonra onları avtobuslara doldurub ora-bura daşıtdırmaq, kuza-kuza kitablar çap elətdirmək, qəribə-qəribə, əcaib-qəraib mükafatlar təsis etməklə “xəstə” yazarları şirnikləndirib onlara süni nəfəs vermək, bununla da ədəbiyyatın anasını... ağlar qoymaq onların bir nömrəli vəzifəsidir. Siz gedin onların arxasında duranlara bir tamaşa edin! İmtiyazların hamısı onlarındır! İndi bildinmi bizdə boz, sarı, yaşıl (hansı rəng istəyirsən yaz!) ədəbiyyatın intişarına kimlər necə rəvac verirlər?!

***

İmperiya dağıldı. Amma ədəbi imperiya davam edir... Yerlərdə ədəbi bölmələrin saxlanması da buna xidmət edir. Üstümə yeriməyə tələsməyin, bilirəm ki, bir neçə nəfər oradan öz evlərinə çörək aparır. Amma və lakin... olmaz ki, o çörəyi ayrı yerdən tapıb verək onlara. Sormaq istəyirəm, nədir onların vəzifəsi? Hələ gör icra strukturları onları adam yerinə qoyur? Məndə onlarla fakt vardır, hörmətli Anar müəllimin rayon İcra Hakimiyyətinə ünvanladığı ştamplı, möhürlü məktub qalıb yaşı yetmişi, səksəni ötən yazarın əlində. Nədi, nədi o yazara rayon səviyyəsində bir yubiley düzənlənəcək. Cəmi ikicə il keçib, ay düzənləndi ha! Və həm də sual olunur: Niyə də düzənlənməlidir? Sovetdənqalma bu cür stereotiplər dağılmalıdır. Amma... ən dəhşətlisi odur ki, bunları bilə-bilə bəzi tənqidçilərimiz bölgələrdə ədəbi həyatdan danışırlar. Danışmaq nədir, kitablar bağlayırlar. Özü də bomboz kitablar... Sonra da təntənəli şəkildə onların təqdimatı keçirilir, satışı təşkil olunur. Mən məntiqi vurğunu məhz “satışı” sözünün üstünə salıram! Hətta ömründə şeir adına bir-iki çızma-qara edən də düşür o kitaba. Sonra da “fəxarətlə” deyir ki, filankəs filan kitabında məndən də yazıbdır. Sanki ədəbiyyat tarixinə düşüb! Hə, ədəbiyyat tarixinə düşənləri ağ günə çıxarmışıq, qalıb bunlar! “Fələk darvazamızı vurubdu”. Cənablar, sizin yaddaşınıza nə olub? Bu cür toplular, antologiyalar sovet dönəmində də vardı. İdeoloji bir vasitə idi, guya ziyalıları bir dostluq və qardaşlıq çətiri altında birləşdirirdi. Birləşdirə bildimi?! İndisə bu maskaradlar pul tələsidir. Bir tərəfdən ədəbi inteqrasiyadan danışırıq, digər tərəfdən isə özümüzü dünyadan (Hətta paytaxtdan da! Və Allahın paytaxtını da bizə çox görürlər!) təcrid edirik. Niyə? Yenə də bitib tükənməyən şəxsi maraqlarımıza görə. Amma yenə şübhə mənə güc gəldi, bilmək istədim ki, görəsən, dünyada belə bir ədəbi praktika varmı? Əlimə birinci Fransa keçdi: Lyonda ədəbi həyat, Tuluzada ədəbi həyat, Marseldə ədəbi həyat, Bordoda ədəbi həyat, Cənubi Pireneydə ədəbi həyat, Şimali Pireneydə ədəbi həyat, Yuxarı Normandiyada ədəbi həyat... (Bizdə işi korlayan bu “yuxarı” olacaqdır!) Yoxdur belə şeylər!

P.S. Belə getsə, gələcəkdə hər məhəllənin də öz ədəbi həyatı olacaqdır. Doğma kəndim üç məhəlləyə bölünür; Çətan məhəlləsi, Meydan məhəlləsi və Cavad məhəlləsi. Günün günorta çağı qalmışam kəndin ortasında, bilmirəm özümü hansı məhəlləyə aid edim. Həqiqətənmi bu sadə və dünyəvi həqiqəti yadda saxlamaq bu qədər çətindir: “Şairlər əyalətdə doğulur, Parisdə ölürlər”. Hə, cənablar, burada fiziki ölümdən – Fəxri Xiyabanda dəfndən söhbət getmir, ruhun Parisə uçuşundan söhbət gedir...

***

Çernobıl boyda bir faciəni öz şəxsi ambisiyalarına görə damarlarda qan donduran soyuq telefon danışığı ilə “gizlədə bilən” rejimə avtoritar rejim deyilir.

***

Romanda cümlə ovuna çıxan “söz sərraflarımız” vardır. Onlar həmin cümlələrin altını sanki qırmızı xətlə cizgiləyirlər. Bərə könülsüz-könülsüz sahildən aralanır... Ala-bəzək bir gediş...

***

Ədəbiyyatda belə bir ifadə vardır: “Bizdən sonra gələnlər”. Absurddur! Bizdən sonra gələn yoxdur! Biz də kimdənsə sonra gəlməmişik!

***

Yazar hər dəfə özünü sıfırlamalıdır...

***

Əgər biz yazdıqlarımızdan daha yaxşısını yazmağa qadiriksə, onda Simnar kimi tikdiyimiz mətnin başından aşağılara yuvarlanmağa məhkumuq... Kim nə qədər çox yuvarlansa, o, ölməzlik qazanar...

***

Görəsən, klassikanı inkar edənlər, ən sadə halda Krılovun “Ağac” təmsilini oxuyublarmı?!

***

Mətn – hakimiyyəti əlindən çıxmasın deyə öz körpə balalarını (yazarları!) udan qəddar Kron kimidir!

***

Biz həqiqətdən nə qədər aralandığımızın fərqinə varırıqmı?! Get-gedə kiçilib kiçikcə bir nöqtəyə çevrilirik...

# 3095 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #