Kulis.az Şərif Ağayarın “Hekayə günü” yayımlanan “Sonsuz” hekayəsi haqda tənqidçi Mehman Qaraxanoğlunin yazdığı “Arxetiplərə divan tutan yazıçı” məqaləsini təqdim edir.
Şərif Ağın pauza-pauza, söz-söz, cümlə-cümlə artdığını (təkamülünü!) gördükdə çox sevinirəm. Niyə məhz “pauza-pauza” əvvələ düşdü? Çünki yazıçı daha çox öz sükutunda, pauzalarındadır...
Həm də “artmaq” burada məcazilk qazanır; əsl yazıçı daha çox mətnin “artıq”ların kəsib atdıqda artır. Yazıçı zəhmətinin əzabı, üzücülüyü də bununla ölçülür. Məsafələrin eyniliyinə baxmayaraq, əgər o, “irəli”yə iki ayağı ilə gedirsə, “geri”yə tək qıçı ilə qayıdır...
Fərqi sezdinizmi?! Ona görə də yazıçıların çoxu “geri”yə dönüş eləmək istəmirlər. Amma Şərif Ağ, Mübariz, Ataqam, Pərviz Cəbrayıl, gənc Həmid Piriyev və başqaları bu yöndə bir addım irəlidirlər. “Başqaları” ilə canımı qurtarmaq istəmirəm, yaşlı, orta nəsil də öz yerində, sadəcə, indilikdə mütaliəm bu qədərdir...
“Sonsuz” Kulis.az-ın “Hekayə günü”ndə paylaşılan dördüncü hekayədir. Bundan əvvəl Nəcib Məhfuzun “Güllələnmiş xəyallar”, yazıçı-jurnalist Xalid Kazımlının “Çe Gevaranın bardür üstündə kəndirbazlıq edən adaşı” və çağdaş monqol yazıçısı Davaadorj Enxboldbaatarın “Dekabr qızı” hekayələri təqdim olunmuşdu. Hekayələrin ikisi haqda – “Güllələnmiş xəyallar” və “Dekabr qızı”ndan söhbət açmışdıq.
Xalid Kazımlının hekayəsini isə yenicə oxumuşam. Əsərdəki hadisə ilə çoxumuz bəlkə də rastlaşmışıq; orta yaşlı bir adamın bardür üstündə kəndir üstdə gəzirmiş kimi “maneə”ləri dəf etməyə hesablanan və kədərli gülüş doğuran sərsəri hərəkətləri süjetin əsas xammalıdır. Əslində, “maneə” yoxdur, kəndirbazlığının qızğın vaxtında əgər canlı “maneə”lər – bardür üstündə təsadüfən oturanlar onun yolundan kənara çəkilsələr, hər şey sülhlə sonuclanır.
Necə olursa, həmin gün təhkiyəçi dostu Ağası ilə kişinin “kayfı”nı pozur. Amma Ağasının mövcud dildən, öz leksikonundan ustalıqla “yararlanması” töküləcək qanın qarşısını alır. Yazıçı bizə məlum olan bəşəri bir postulatı yenidən xatırlayır: Dil həm faciələrə yol açır, həm də qarşısını alır...
Kamal Abdullanın “Çəngəl çiçəyi” hakayəsi yada düşür. Başqa vaxt eyni hərəkəti təkrarlayıb “kəndirbaz” üçün “maneə” törədənlərdən biri əməllicə bıçaqlanır. Amma bütövlükdə hekayənin qəhrəmanı Ernest bizə Çexovun “6-cı palata”sındakı qəhrəmanları, “Haqq mövcud”ları (Əbdürrəhim bəy Haqverdiyev) və “Qar” pritçasındakı (Kamal Abdulla) Həsən əmiləri xatırladır.
Monqol yazıçısınn Dekabr qızı ilə Ernesti birləşdirən ortaq nöqtə hər ikisinin absurdluğu yansıdan hərəkətləridir. Birincidə absurdluq dünyəvi ideyanı verməkdə yazıçıya kömək edib, ikincidə isə hadisə sanki dalana dirənir.
Xalid Kazımlının qələmə aldığı əhvalat nəsrimizdə təptəzədir, ustalıqla tapılıb, amma mətndən sıçrayan ideya təzə deyil. Elə bil əhvalatın – aysberqin alt qatı öz yükünü tam tuta bilməyib. Yazıçı unudub ki, aysberqi aysberq edən bütövlükdə ekosistemin özüdür...
Ümumən, hekayəninin təhkiyəsi, semiotik tamlığı, oxucuya ötürüyü hərarətli impulslar, doğurduğu assosiasiya, publikadan gözləntilərə və “effektiv” ədəbi oyunbazlıqlara hesablanmayan aram realistik tonu, təbiiliyi, detalların jurnalist inadkarlığı ilə mətnə oturdulması bizə imkan verir deyək ki, günü bu gün və ya yaxın gələcəkdə çox ciddi bir yazıçı ilə üz-üzə dayancağıq.
Qayıdaq “Sonsuz”a...
Sözü “əymədən” deyirəm: “Sonsuz” canımız, qanımız və ruhumuzda, bir sözlə, bu gün idbarcasına siyasiləşən “mentalitet” adlı absurd ruhsal dünyamızda oturuşmuş səfeh arxetiplərə qarşı müəllif dirənişliyinin ən parlaq təzahürlərini özündə əks etdirir. Həmin arxetiplər hansılardır?
- Ən sadaqətli heyvan olan itə qarşı tarixi qəddarlığımız.
Bu, həm də şərqli təfəkküründə qadın-kişi, oğlan-qız, dişi-erkək dilemmasını simvollaşdırır. Necə? Təhkiyəçinin özü də belkə heç sezmədən dilimizin itlə bağlı metaforik qatına enir. Himmət kişi oğlu Fəqana deyir: “O quduzdəymiş yenə küçükləyib. Gözləri açılmamış apar hamsını basdır!” Fəqan da etiraz edir: “Eləyə bilmərəm”.
Karl Qustav Yunqa (1875-1961) görə, arxetip kollektiv şüursuzluğun mirasıdır. Davranışlarımızın səbəblərini orada axtarmalıyıq. Belə çıxır ki, biz Himmət kişiyə bəraət qazandırmalıyıq.
İt balalarının gözləri hələ açılmamış aparıb diri-diri basdırılması (və ya öldürülməsi) adətinin – arxetipinin bəlkə min illərlə yaşı vardır. Açığı, bilmirəm, başqa xaqlarda belə adət varmı? Niyə it balaları gözləri açılmamış öldürülməlidir?! Tutaq ki, gözləri açıq olarsa, nə baş verər?
Elmi ədəbiyyatdan öyrənirəm ki, it balalrının gözləri 14-cü gündə, qulaqları isə 21-ci gündə açılır. Deməli, Himmət kişi haqlıdır. Nə qədər tezdir, ritual yerinə yetirilməlidir. Sual olunur: Dilimiz bu elmi informasiyanı necə olub ki, belə dəqiqliklə qoruyub saxlaya bilib? Cavab yoxdur! Bəlkə, cavabı mətndən ala bildik? Onda bir az gözləməli olacağıq...
- Atalar və oğullar məsələsi.
Təbii ki, bu arxetip yeni deyil. Bizim üçün maraqlıdır ki, Şərif Ağ bunun öhdəsindən necə gəlir? Arxetipə təslim olur, yoxsa Bazarov kimi bunun həllini gələcək nəsillərin öhdəsinə buraxır? Sözügedən variantların heç birisi keçmir. Müəllif, sadəcə, “qızıl orta”nı tapır: Fəqan ata sözündən çıxmır.
Maraqlıdır ki, Fəqanı razılaşmaya sövq edən səbəb hekayənin ideya üfüqlərini sonsuzluğacan genişləndirir. Məhz mərhəmət hissi Fəqanı “təslim” edir: “Dayan! – Yaxınlaşıb səsini alçaltdı – Sən yox... Sənə olmaz... Özüm gedəcəm...”
Fəqan bu sözləri qonşusu Qəzənfərə deyir. Bəli, sənə olmaz! Çünki Qəzənfərin balaları vardır. Onlara sədəmə toxuna bilər. Fəqan isə subaydır. Nə olursa, qoy ona olsun!
Müəllif öz tezisini ortaya qoyur: Məhz mərhəmət duyğusu ən qəddar arxetiplərə qalib gələ bilər!
- Ağrılı olsa da, deyəcəyəm: Dişi itə münasibət haradasa zərif cinsə münasibətlə eyniləşir. Bunu nə Şərif, nə də mən deyirəm. Bunu dilin özüylə gətirdiyi amansız informasiyalar deyir. “Dişi küçüklər kimin nəyinə lazımdı?” “...Nəhayətdə qadındır”. “İki erkəyini saxla! Birinin başında, o birinin quyruğunda ala var.” “...erkək it sahibinə dönük çıxmaz”.
“Arvadlara inanma! – Hümmət kişi nəsihətə keçdi – Yalan danışırlar! Arvad kişini üç şeydə çox asanlıqla aldadır. – barmaqlarını qatladı – Bir, namus məsələsində, iki, öz qohumlarının gətirdiyi pay-püşkdə, üç, itə yal verməkdə...”
Əvvəldə demişdim, müəllif özü də “hiss eləmədən” dilin ona məlum olmayan əcaib-qəraib məkanlarına gedib çıxır. O məkanda isə itlə bağlı etno-mifoloji işarətlər kodlaşıb.
Sizi inandırıram, əgər müəllif itdən yox, atdan yazsaydı, at kultu mətndə önə çıxardı. Bunları deməkdə məqsədimiz odur ki, Şərif Ağ öz xalqının dil işarələrinə, etno-psixoloji rişələrinə dərindən bağlı bir yazardır.
- Qəddarlığımızın kişi kökənli olması.
Hümmət kişi öz atalıq statusundan istifadə edib, oğlu Fəqanı yerli-yersiz danlayır. Fəqan haqlı olsa da, susur. Haqlı ola-ola susmağın özü sonralar bizə baha başa gəlir.
Ata kultu bizi həmişə qarabaqara izləyir. Qədim mifoloji inanca görə, Qartal Ata yer üzünə enərək bir qadınla sevişir və dünyanın ilk böyük şamanı dünyaya gəlir. Belə çıxır ki, kişi səmadan endiyinə görə ona verilən səlahiyyətlər də sonsuz göylər qədərdir. Qadın isə Yerlə məhdudlaşır...
“Hirslənəndə bığları əyilən” Hümmət kişi daha çox bığlı-tikanlı sözlər danışır. Təkcə oğlunu yox, “Fəqangilin qancığı balalayanda yada düşən” Sonsuz Səhradı da danlayırı... “Atası Fəqanla da bu cür davranırdı. Eyni sözlər, eyni səs tonu! Buna görə sınırdı, inciyirdi və bütün günü qorxa-qorxa öz bədənində, hərəkətlərində Sonsuz Səhrada oxşayan əlamətlər axtarırdı”. Yazıçı şüuraltı komplekslərə dərin psixoloji baxış sərgiləyir və gedib çıxır “kişidə qadın ruhunu əks etdirən anima”ya... (Karl Qustav Yunqa)
Yeri gəlmişkən, Yunq da Freydi bir ata kimi, Freyd də Yunqu bir oğul kimi sevirdi. Sonralar... araları dəydi...
- “Kütləvi şüursuzluğun nəticəsi” olaraq beynimizdə bir qorxulu arxetip də oturuşub. Onun adı Sonsuzdur. Hətta söyüd də bar vermədiyinə - sonsuz olduğuna görə biz onu sevmirik, həyət-bacadan uzaq tutmağa çalışırıq. Amma söyüd, zənnimizcə, bu lənət arxetipini sonralar qazanıb. O, dünyanın ən müqəddəs ağaclarından biri olub. Dahi Nizami “Sirlər xəzinəsi”ndə yazırdı:
Titrəyir salxım söyüd oxla vurulmuş kimi,
Lalənin manqalından qalxan dumanmı, çənmi?
Hekayədəki Sonsuz Səhradın da üstündə bir söyüd lənəti vardır. Amma unutmayaq, o da həmin lənəti “ustalıq”la doğruldur. “Tövrünü pozmadı: “Göldə söyüd ağacına bağladım, gecə canavarlar parçaladı”. Bunu Sonsuz Səhrad qonşunun iti haqqında deyir...
“Fəqan Sonsuz Səhrad haqda lətifə kimi danışılan eşq-meşq əhvalatlarına inanmırdı. Öz aləmində onun kişiliyini qüsurlu sayırdı”. Müəllif bu məsələ üzərində çox dayanmır. Düz də eləyir! Çünki onun hədəfi ayrıdır. Nəsrimizdə bu sirli-müəmmalı “qüsur”un ən incə psixoloji şifrələrini Mübariz Örən açmışdır; “İlıq” hekayəsində.
Müəllif Sonsuz Səhradın qəddar sonsuzluğa mübtəla olmasının anatomiyasına baş vurur. Qəddarlığın sirlərini çözməyə çalışır. Və məlum olur ki, Sonsuz Səhradın daxilində insanlıq hələ ölməyib. “Biri vardı, lap təzə doğulmuşdu, bədəni hələ qurumamışdı, quyuya atanda necə titrədisə məni ağlamaq tutdu!” - Səhrad kişi baxışlarını uzaqlara göndərib ah çəkmişdi.”
Obrazlı desək, insanlıq Sonsuz Səhradların daxilində tam qurumayıb, hələ istidir, titrəyir. Yetər ki, onu özümüzdən perikdirməyək...
Doğulandan yükləndiyimiz “kollektiv şüuraltı arxetiplər” (Yunq) çox zaman bizə hüzur içərisində yaşamağa mane olur. Amma onlardan qurtulmaq da asan məsələ deyildir. Şərif Ağ son dərəcə inandırıcı bir mətnlə bizə onlardan qurtulmağın alternativ variantlarını təklif edir.
Mətni işləyə-işləyə dahi Şoloxovun sözləri şüurumdan çəkilmirdi. O deyirdi ki, mətn (roman və ya hekayə, fərqi yoxdur) oxucunu dünyanın dərin dərkinə yönləndirməlidir. “Sonsuz” bu yöndə bizə sonsuz enerji ötürə bilir...
“Külək göl tərəfdən qamışlığın üstündə bir ağız uladı”.
Hekayənin son cümləsidir. Oxucu inanır ki, ulayan külək yox, on balası diri-diri basdırılan ana itdir...
Bu ulartı sonsuzluq üçündür...
Bizi də sonsuzluğa səsləyir...