Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır

Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
23 avqust 2019
# 17:29

Kulis.az Mehman Qaraxanoğlunun “Mirzə Cəlil nəsrində son cümlə” essesini təqdim edir.

“Ziba anasının qucağında bir az ağlayıb yuxuladı”. (“Danabaş kəndinin əhvalatları”)

Müəllifin ən irihəcmli əsərinin bu cümlə ilə bitməsi bir oxucu kimi mənə inanılmaz dərəcədə “qəribə” gəlir. Cümlə sanki tufandan sonrakı müvəqqəti sakitliyi xatırladır. Bir qədər əvvəl “Xudayar bəy cəld ayağa durub hücum çəkdi Zibanın üstə. Qız övdən çıxıb qaçan vaxtda ayağı ilişdi astanaya, üzü üstə dəydi yerə. Xudayar bəy yetişdi. Zibanın başına-gözünə bir-iki yumruq vurub, baxdı gördü ki, qızın burnundan qan gəlir”. Bədbəxt Vəliqulu bacısını o vəziyyətdə anası Zeynəbə çatdırır. Zibasını qucaqlayan ana tifilinin yaş olduğunu hiss edir. Amma elə zənn edir ki, bunlar göz yaşıdır. Hətta oğlunun: “Ana, axı Ziba səni buladı qana” sözlərinin də eşitmir. Çünki özü də canlı meyidə çevrilib. Azərbaycan realist (şiddətli realizm!) nəsrinin ilk faciəvi qadın qəhrəmanı olan Zeynəbin qanı göz yaşı ilə “səhv-dəyişik” salması, görəsən, bizə hansı mesajlar verir?!

“Danabaş kəndinin əhvalatları” povesti (Monumentallığına görə roman da deyə bilərik!) bir matəm hekayəsidir. Müəllif, Lağlağı Sadıqla mətnin üzünə sanki niqab çəkmişdir. Yalnız əsərin bir yerində “geri çəkilib” qəzetçi Xəlili “önə” buraxır: “O məhəllədə binəva Zeynəbin və uşaqların matəmi, bu məhəllədə yazıq Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən əminin eşşəyini alıb getsin şəhərə. O məhəllədə də fəqir Məhəmmədhəsən əminin və bütün külfətinin matəmi”. “Əhvalatlar” Azərbaycan xalqının matəm hekayəsidir. Realist nəsr tariximizin matəmlə başlandığını heç bir zaman unutmamalıyıq...

“Xan bir qədər fikir elədi”. (“Poçt qutusu”)

Cümlə xanın sonrakı taleyinə güzgü tutur. Elə zənn eləməyin ki, xan yalnız Novruzəliyə görə fikrə gedir. “Novruzəli əhvalatı” xanı düşündürməyə bilməzdi. Çünki xanın özünün də artıq bir müqəvvaya çevrilməsi labüddür. Və çevrilib də! Mirzə Cəlil prosesin sonluğunu bizə göstərir. Proses isə XIX əsrin əvvəllərindən başlanmışdır. Çar üsuli-idarəsinin yerlərdə bərqərar olması xanlığın və bəyliyin tədricən süqutu demək idi. Amma bu proses gözlənildiyindən də tez başa çatmaqda idi. “Bəy” və “xan” adları simvolik olaraq qalırdı. Qurbanəli bəy də həmin prosesin qurbanıdır. Ona görə də Vəli xanlarla Qurbanəli bəyləri oxşar aqibətlər birləşdirir. “Pristavın arvadının ad qoyulan günü”ndə Qurbanəli bəyin özündən çıxıb qədərindən çox içki içməsinin sosial-psixoloji səbəbləri var idi. Qurbanəli bəylər zamanlarının bitdiyini sövq-təbii hiss edirdilər...

Novruzəlini zaminliyə götürəndən üç gün sonra xan xəstə övrətinə görə İrəvana gedir. Əslində Novruzəlinin “işi” onun yadından çıxır. Xanın hətta “iş”ə xitam verilməsini düşünməyə də haqqı vardı. Çünki kişi özü pristavın yanında olub və Novruzəliyə zamin durmuşdu. Həm də xan dövlət strukturları qarşısında öhdəsinə düşən işləri sədaqətlə yerinə yetirirdi. Bir sözlə, xidmətləri müqabilində belə düşünməyə haqqı vardı. Amma “sən saydığını say, gör fələk nə sayır”. “Ay yarımdan sonra Novruzəlini divana gətirdib ”qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Novruzəli günahı boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İrəvanda Vəlixana çatdı”. Belə çıxır ki, Novruzəli altı aydır ki, zindandadır. Hələ nə qədər qalacağı da məlum deyil. Verilən cəza ilə “cinayət”in proporsiyası pozulur. Amma “başqa” yol da yoxdur; əgər “İtqapan” kəndinin sakit, fağır bir bəndəsi dövlət qulluqçusuna bugün əl qaldırırsa, ondan “nümunə” götürənlər sabah əlinə silah alıb divanxanaya hücum da təşkil edə bilərlər. Başqalarına görk olsuh-deyə Novruzəliləri yerində oturtmaq lazımdır. Novruzəlini gözləmədiyi yerdən it qapır... (Ax, “İtqapan” kəndi!) İndi özünüz düşünün, xan kimə və nəyə lazımdır?! Ağır taledir!

“Sübh saat doqquzda dəmir yol ilə Muğdusi Akopun oğlu gəldi vətənə”. (“Usta Zeynal”)

Cümlənin sakit tonu adamı bir az “qorxudur”. Elə bil baş verən həngamənin bu cümləyə heç bir dəxli yoxdur. Amma gerçəklik budur ki, baş verən qəziyyənin əsas “günahkarı” elə bu “sakit”, “üzüyola” cümlədir.

Muğdusi Akop “oğlunun bu tezliklə gəlməsini gözləmirdi”. Amma buna baxmayaraq, tez-tələsik oğlunun otağını təmir etmək istəyir. Ona Usta Zeynalı məsləhət görürlər. Günə iki manata razılaşırlar.

Usta Zeynal ümumiləşdirilmiş tipik bir sənətkar obrazıdır. Mirzə Cəlilin də məqsədi onun bütün xarakterik cizgilərini açıb ortaya qoymaqdır. Azərbaycanlı ustalarına (sənətkarlarına!) xas olan astagəllilik, sadə bir işi bilərəkdən qəlizləşdirmək meyli, ev sahibinin tələb etdiyi tempi nəzərə almamaq şakəri, işi ilə məşğul olmaq əvəzinə işə dəxli olmayan suallar vermək azarı (“Xozeyin, bu otaqları hansı usta tikib? “Xozeyin, Urusetdən gələn oğlun neçə yaşında olar?” və s.), “arxı hoppanmamış “hop” eləmək mərəzi, zamanı dəqiq hesablamadan səfeh vədlər vermək xəstəliyi (“Xozeyin, heç narahat olma, niyə ürəyini sıxırsan? Mən ölü də olsam, günortaya kimi qurtarram”), ev sahibinin fikrini nəzərə almadan yalnız öz dediyini yeritmək iddiası, qarşısıalınmaz eqo və digər xoşagəlməz cəhətlər onda da vardır. Bu xarakterik keyfiyyətlər həm də çağdaş milli ustalarımızın da “bəzəyi” sayıla bilər. Müəllifin də başlıca məramı mentalitetdə “oturuşmuş” və metastaz verən bu xəstəlikləri Usta Zeynalın simasında göstərmək və oxucunu onun profilaktikasına cəlb eləməkdir. Amma biz nə edirik? Hekayəni düzgün təhlil etmək əvəzinə, hər şeyi gətirib erməni ləyəni ilə bağlayırıq. Açıq deyirəm, heç erməni ləyəni olmasaydı da Usta Zeynal başqa bir bəhanə gətirib işi yarımçıq qoyardı. Çünki hadisələrin gedişatı onu deyir. Mətn deyir bunu! Amma ləyən rupor rolunu oynayır. Həm də Usta Zeynalın dini, islami dəyərlərə aşırı dərəcədə bağlılığı haçandan gerizəkalılıq, dini fanatizmə yuvarlanmaq hesab olub?! Usta Zeynalın yerinə hər hansı bir başqası da olsaydı, o cür edərdi.

Kiçik bir haşiyə: Bu günlərin söhbətidir, dostlarımdan biri nəql edib: “Qardaşımın “Urusət”dən gələn “urus” dostu ehtiram əlaməti olaraq nənəmi öpmək istədi, amma nənəm öz hərəkəti ilə “urus”u peşman etdi. Qarı sifətini ninzalar kimi bir anın içərisində örpəklə elə bürüdü ki, “urus” nənəmin çevikliyinə məəttəl qaldı. “Urus”un gücü “amansızcasına” dartınan nənəmin əllərini öpməyə çatdı. Əsl həngamə bundan sonra başlandı. Qarı axşama qədər əl-üzünə su ilə salavat çəkdi.

“Əgər mən sənin işini sabaha qurtarmasam, mən səndən bir qəpik də istəmirəm”. Usta Zeynal deyir bunu. Usta Zeynal Muğdusu Akopu inandırmaq istəyir ki, hər şey Allahın ixtiyarındadır. Allah istəsə bu iş qurtarar, istəməsə, mənim günahım nədi? Usta Zeynalın öz köməkçisi Qurbana dediyi sözlər də onun xarakterini daha gözəl başa düşməyə imkan verir: “Qardaş, bir az tez gedək, o kişinin işini qurtaraq, çünki işdi qurtarmasaq, xəcalətlik çəkərik... Və bir də Hacı Rəsuldan da ayıbdı...” Çünki sonuncusu Usta Zeynalı Muğdusi Akopa nişan verib. Usta Zeynalın Akop haqqında fikirləri də insanidir: “Yaxşı adam olmağına yaxşı adamdı, Allah dinə gətirsin; amma nə fayda?”. Bu da Muğdusi Akopun “kadrarxası” çirkinliyi: “Muğdusi əvvəl istədi ki, işi yarımçıq qoyub, ustaların hesabını kəsib, rədd etsin, amma övrəti razı olmadı...”. Usta Zeynal inanır ki, Muğdusi Akop müsəlman olmadığından cəhənnəmlikdir. Muğdusi Akop də “borclu” qalmır, öz erməni xislətini o andaca göstərir. O, Hacı Rəsulun yanına qaçıb Usta Zeynalı çuğullayır. Həmin vaxt Usta Zeynal Muğdusi Akopun simasında ermənilərin daha bir murdar sifətindən danışır: ”- Qurban, görürsən bu erməni millətini. İstiyirsən yüz min dəfə imama, peyğəmbərə and iç, qəsəm elə, heç vaxt sənin sözünə inanmayacaq”.

Ümumiləşdirək: Kimdir Usta Zeynal? Hacı Rəsulun onun haqqında dedikləri haqdırmı? “Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, nəhayət dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya uğramayıb”. Bu fikirlər mətnin iki yerində olduğu kimi təkrarlanır və Usta Zeynalı çox dəqiq xarakterizə edir. Biz şərti olaraq bu xarekteristikanı iki hissəyə bölə bilərik: 1. Ustanın əsl mömin kimi təqdim olunması. 2. Onun digər insani keyfiyyətlərinin təqdimatı. Əslində ikisi də bir-birini tamamlayır. Bu keyfiyyətlərə görə Usta Zeynal niyə qınaq hədəfinə çevrilməlidir? Onun Allaha, onun Kitabına, İslami dəyərlərə sadiqliyi niyə tənqid olunmalıdır? İndi gəlin sualı belə qoyaq: Kimdir Muğdusi Akop? Doğrudur, o, oğlunun təhsil alması üçün canını fəda edən maarifpərvər bir atadır. (Mirzə Cəlilin yaralı yeri də elə buradır!) Universitet bitirmiş oğlu üçün bu darmacalda otaq təmir etməsi də onun sevincinin hüdudsuzluğunu göstərir. Muğdusi Akopun digər müsbət keyfiyyətləri haqqında danışa bilərikmi? Əlbəttə, yox. Diqqət edin; 1. Usta Zeynal işi sabaha bitirməsə, pulu almayacağını deyir. Muğdusi Akop isə işin guya çox “ləng” getdiyini görüb ustaların pulunu vermədən onları rədd etmək barəsində düşünür. 2. Usta Zeynal ifrat dərəcədə mömindir. Bəs Muğdusi Akop?! O da ifrat dərəcədə allahsızdır. 3. Usta Zeynal işi sabaha qurtarmasa, Muğdusi Akopun yanında xəcalətli qalacağını düşünür. Muğdusi Akop isə Usta Zeynala xəbərdarlıq eləmədən Hacı Rəsulun yanına qaçıb onu çuğullayır, müasir leksikonla desək, “işverənlik edir”. 4. Müəllif Muğdusi Akopun simasında bütün erməni millətinin son dərəcə imansız, etibarsız və inamsız olduğunu deyir. Bu fikir onun ilk əsərlərindən olan “Kişmiş oyunu” daram əsəri və eyniadlı hekayəsindən də qırmızı xətt kimi keçir.

“Dəxi bilmirəm mərəkənin axırı hara çatdı”. (“İranda hürriyyət”)

Mirzə Cəlil nəsrinin üslubi özəlliklərini çağdaş dünya nəsri kontekstində təhlilə cəlb etsək, heyrətlənərik. 1. Çağdaş dünya nəsrində olduğu kimi Mirzə Cəlildə də sözdən maksimum dərəcədə qənaətlə istifadə olunur. 2. Mətndə müəllif görünmür. Bu, “Müəllifin ölümü” konsepsiyasına uyğun gəlir. 3. Yalnız “Demə, göstər!” prinsipi əsas götürülür. 4. Mətn Oyun üzərində qurulur. Hərəkətlilik əsas şərtdir. 5. Adlar təhrif olunur. (“Don Kixot”da olduğu kimi!) Amma təhrif olunmuş adların bir zahiri qatı dolayısı yolla mahiyyətlə əlaqələnir. 6. Müəllif-oxucu proporsiyası gözlənilir. Oxucu “danışan” yerdə müəllif susur. Və ya əksinə. “İranda hürriyyət” hekayəsinin son cümləsi də müəllif “susqunluğu”nu simvollaşdırır. Bu cür “gözlənilməzliklər”i onun digər hekayələrində də görmək olar. “Yazıq Fatma xala!!!” (“Fatma xala”), “Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım”. (“Pirverdinin xoruzu”), “Nə səbəbə qəmgin oldum. Bunu daha söyləmək istəmirəm”. (“İki qardaş”), “Qalan söhbətlərimizin o qədər də əhəmiyyəti yoxdur” (“Proletar şairi”) və s.

“Məmmədvəli bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdənbir at kimi kişnəyirdi”. (“Dəllək”)

Təsadüflərin gerçəkliklərlə üst-üstə düşməsi insanın hər hansı bir hadisəyə inamını gücləndirir. Bunsuz mümkün deyildir. “ “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” (M.F.Axundzadə), “Yerdəkilərin göyə şikayəti” (S.Ə.Şirvani) məhz belə təsadüflərin insan psixikasına necə təsir göstərib şübhələrə son qoyulmasını şəkilləndirir. Qədim insanlar müqəddəslərin dediklərinin praktik şəklini görmədən inanmırdılar. Elə ki, gördülər, imana gəlirdilər. Ədəbiyyatın da missiyası göstərməkdir. Müəllifin təhkiyəsi o zaman inandıra bilir ki, təsvir edilən hadisə ilə üzvi şəkildə birləşə bilir. Hadisə haqqında danışmaq deyil, onu birbaşa göstərmək lazımdır. Mirzə Cəlil də, Ə.Haqverdiyev də məhz bu yolla gedir və oxucunu inandıra bilirlər.

Göz ağrısının burnunu qanatmaqla sağalmasına inanan on yaşlı Məmmədvəliyə (Çünki bir gün əvvəl qonşusu Əhməddən görüb!) anası deyir: “Bala, get sən də burnunu qanat”. İndi də qan kəsmir! Əri Sadıq kişini dəllək Usta Hüseynin yanına göndərir. Çünki dəlləyin belə işlərdə səriştəsi vardır. Dəllək başı tüklü Sadıq kişiyə müsəlmanlığın şərtlərini “öyrədə-öyrədə” ülgücü alır ələ. Məmmədvəlinin burnunun qanının kəsilməməsini də müsəlmançılığa əməl etməməklə bağlayır. “Allahın qəzəbi”nə tuş gələn Sadıq kişi başını qırxdırır. Orada da oğlu Məmmədvəlinin burnunun qanının kəsilir...

“Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım”. (“Pirverdinin xoruzu”)

Mirzə Cəlil nəsrində şərtiliklər aparıcı rol oynayır. Əsərin adından tutub, hadisələrin gözlənilməzliklərincən uzanıb gedir bu. “Pirverdinin xoruzu” da istisna deyildir. Niyə Pirvedinin xoruzu?! Atası Qasım əmi ulaqla şəhərə gedəndə Pirverdi heyvanın quyruğundan bərk-bərk yapışır, qoymur getməyə. Qayıdarkən Zübeydə xalasından bir xoruz alıb gətirməyini istəyir. Bu, hadisənin gerçək qatı! Hadisənin simvolik qatı isə atası Qasım əminin axund Molla Cəfərin “təhriki ilə” özünə siğə elətdirib ulağın tərkində kəndə gətirdiyi Pərinisə ilə açılır. Əsərin lap son cümləsindən məlum olur ki, Qasım əmi evə “topuqları şam tirindən yoğun” olan arvad deyil, əsl döyüşkən xoruz alıb gətirib; övrətlərinin dava-mərəkəsi fonunda bu öz təsdiqini və məntiqi sonucunu tapır. Belə baxanda Pirverdi də öz arzusuna “çatır...”.

“Yazıq Fatma xala!!!” (“Fatma xala”)

Ruzigar Fatma xalanı heç bir qadının ağlının ucundan belə keçirmədiyi bir situasiyanın “qurbanı”na çevirir. Müəllif bizə mesaj verir: Haqqınızda danışılan bütün gözəl “mif”lər o andaca dağılıb bir heç ola bilər. Yetər ki, çərxi-fələk atının cilovu tək bircə dəfə sizin əlinizdən çıxa. “Niyyətin hara, mənzilin də ora” - deyirlər. Amma Fatma xalanın niyyəti onu mənzilə çatdıra bilmir. İnsan psixologiyasına dərindən bələd olan yazıçı təsadüfi hadisələrin insan taleyində dağıdıcı və yaradıcı rolunu göstərir. Sözügedən hekayədə birincisi! Belə vəziyyətdə insanın yazıqlaşması labüd olur. Necə ki, Fatma xala olur.

“Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə”. (“Qurbanəli bəy”)

Hər dəfə bu sakit tonlu son cümləni oxuyanda az qala qışqırmaq istəyirəm: İnsanı belə faciəvi, ağır durumda qoyub necə getmək olar? Qayıdın!!! Amma ruzigarın təkrlərini geri qaytarmaq olmaz! Qurbanəli bəy Azərbaycan bəyliyinin cah-calallı, ehtişamlı keçmişinin süqutunu göstərən ümumiləşdirilmiş bir obrazdır. Onu Vəli xanların (“Poçt qutusu”) mənəvi qardaşı hesab etmək olar. Çar üsuli-idarəsi satqın “milli” yasavullar, yüzbaşılar, onbaşılar, ana və bacılarını siğə elətdirməklə saxta “bəy” adını qazanan Xudayarlar hesabına yerlərdə möhkəmləndikcə Vəli xanlar, Qurbanəli bəylər sıxışdırılıb tədricən tarixin səhnəsindən silinməyə doğru gedir. XX əsrin əvvəllərində bu proses yekunlaşmaq üzrə idi. Artıq “bəy”, “xan” adları simvolik bir məna kəsb eləməyə başlayır. Təsadüfi deyildir ki, müəllif Qurbanəli bəyi bu cür təqdim edir: “... Bu qonaq da girdi həyətə. Bu da “Qapazlı” kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi”. Bəli “Qapazlı” kəndinin... Çar üsul-idarəsinin qapazı altında olan bir kəndin... Mirzə Cəlil özü də son dərəcə “ehtiyatla” davranır. Ona görə də adların simvolikasından gen-bol istifadə edir. Əgər diqqət eləsək, Qurbanəli bəyin psixoloji təpki altında olduğu bilinər. O, sonunun yaxınlaşdığını sövq-təbii hiss edir. Ona görə də “görünən” narahatçılığını müəyyən jestlərlə ört-basdır eləmək istəyir. Pristavın evinə o cür “sərbəst” gəlişi də dediklərimizi sübutlayır. Seçdiyi ifadələr də onun narahat psixi durumundan xəbər verir: “Malades sobak”, çığır-bağırla pristavın xanımına “İzdrasti” deməsi, sonra yuxarı qalxıb “Urra!” qışqırması və s... “Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım. Xanım bir az güldü və dedi: - Spasibo”. Əgər toplum içərisində müəyyən ictimai statusa malik olan bir bəy yersiz olaraq bunu deyirsə, özü də pristavın arvadının doğum günündə, onda o acı sonluğu özü üçün haqq eləmiş olur.

Mirzə Cəlil vətən bəylərinin nökər psixologiyasını - bizi bizə göstərir. Dünya ədəbiyyatında az-az sənətkar tapmaq olar ki, Mirzə Cəlil qədər öz xalqının “xəstəlik tarixi”ni (Qoqol istisnadır!) və diaqnozunu doğru-dürüst göstərə bilsin... Amma nə yazıq ki, biz o dahini eşitmədik...

“Allah xana ömür versin”. (“Quzu”)

Novruzəli obrazını səhv təhlil etməyimizin acılarını hələ də çəkirik. Şüurumuzda oturuşmuş acı bir arxetip vardır: Kənlidirsə, Novruzəlinin davamçısıdır, deməli, avamdır! Bugün kəndə yaşayanları əyalət təfəkkürü ilə suçlayanlar da o qədim arxetipin daşıyıcılarıdır. Mən onlara “Quzu” hekayəsini təkrar-təkrar oxumağı məsləhət görərdim. “Bir sümüknən bir dəridən savayı bir şeyi” olmayan bir quzunu Əziz xana üç dəfə satıb müəyyən məbləğə sahiblənən Kəblə Məmmədhüseynin simasında kəndli təbiətinin “gözlənilməz” qatları açılır. Qonşudan “Əziz xanın öz səsi aşkar eşidilirdi:

Nə durmusan dağ başında qar kimi

Məmələrin baş veribdi nar kimi, nar kimi”.

Bu təfəkkürdə olan “milli” xanlarımızı aldadıb onlardan təkrar-təkrar pul qoparan Kəblə Məmmədhüseynlərə bəraət qazandırmaqdan başqa çarəmiz qalmır. Əgər belə tiplər olmasa, “quşu gözündən vuran”, yaranmış situasiyanı dəqiq qiymətləndirib öz istəyini həyata keçirən kəndlilərimiz kimləri axmaq yerinə qoyardılar? Əlbəttə, “Allah xana ömür versin”. Əgər “Poçt qutusu”na yeni baxış bucağından baxsaq, heç Novruzəlinin də avam olmadığını görərik. O da özünün gizli niyyətini həyata keçirmək istəyir. Amma Kəblə Məmmədhüseyndən fərqli olaraq bir qədər qapalı, gizli şəkildə...

“Bir həftədən sonra eşitdim ki, Xeyransanın təlağını verib, yığışıb gedib İran vətəninə”. (“Molla Fərzləli”)

Bir xalq olaraq nə kimi yaxşı, pis, normal, qeyri-normal, mentalitetə uyğun və mentalitetdən kənar keyfiyyətlərimiz vardır, Mirzə Cəlil hamısının üzərinə işıq salır. “Molla Fərzəli” hekayəsində ifrat qonaqpərvərliyimizin öz başımıza bəla olduğunu müəllif incə detallarla göstərir. Qonağa dünyanın yaxşılığını eylə, arzu və istəklərini keçir həyata, hələ dur onu evləndir də, xeyri yoxdur. Günlərin bir günü bircə istəyini həyata keçirə bilməyib “yox” desən, bütün elədiklərin sıfırlanacaq. Mirzə Cəlil sinema kimi göstərir, lenti istəyirsən düz, istəyirsən tərsinə fırlat, demək istəyir ki, biz buyuq, vəssalam...

“Həqiqət, dünyada bu nigarançılıqdan pis şey yoxdur”. (“Nigarançılıq”)

İnanmıram, dünyada nigarançılıq hissini kiçik bir hekayə daxilində Mirzə Cəlil qədər təravətli, canlı və çoxspektrli göstərə bilən ikinci bir yazıçı olsun. Tiflisin “İslamiyyə” mehmanxanasına düşən altı müsafirin altısı da nigarançılıq içərisindədirlər. Üstəgəl, onları az qala qapı deşiyindən pusan polis məmuru da. Mənə qalsa, hekayəni “Nigarançılığın yeddi rəngi” adlandırardım. Hər rəng öz çalarına görə digərindən fərqlənir...

“Çünki xanın təsbehi gərək boş qayıtmaya”. (“Xanın təsbehi”)

Avtoritarlığın da öz “nişanələri” (simvolları) vardır. Onlardan biri də xanın təsbehidir... Mirzə Cəlilin təsvirindən məlum olur ki, Nəzərəli xan pis adam deyil, əksinə, çox qonaqpərvər və insan adamdır. Amma... “Məhkəmə də özü idi, qəzavat da özü idi, şəriət də özü idi. Hər bir kəndin bir kəndxudası kəndi idarə edirdi, cəmi kəndxudaları da İkramüddövlə idarə edirdi. Vəssalam”. Xanın təsbehi ortaya gələndə kəndli yerin deşiyindən də olsa, fərraşın tələb elədiyini tapıb verməlidir. Kimin hünəri var xanın təsbehini boş qaytara?! Dəhşətli mənzərədir. Allah beləsindən qorusun!

“Nə səbəbə qəmgin oldum. Bunu daha söyləmək istəmirəm” (“İki qardaş”)

Mirzə Cəlilin sözügedən hekayəsi onun yaradıcılıq manerasına müəyyən qədər “ziddir” – çünki bu əsər lirik-epik-psixoloji səpkidədir. Yazıçının birpərdəli “Lal”, “Dəli yığncağı”ndakı bəzi səhnələr və “Kamança” əsərində olduğu kimi. “İki alma” hekayəsində də bu keyfiyyət qabarıqdır. Belə bir fikir yaranmasın ki, biz Mirzə Cəlil nəsrində lirik-psixoloji xətti görmürük, əksinə, bu fikirdəyik ki, Azərbaycan nəsri və dramaturgiyasında psixologizmin banisi Cəlil Məmmədquluzadədir. Amma buradan bir “əmma” doğur: Bəs Əbdürrəhim bəy Haqverdiyevin haqqı harada qaldı?! “Kamança” ilə “Qoca tarzən” arasındakı arxeloji bağı görməmək ədəbi korluqdur! Bəs “Pəri cadu?” Ona görə də Azərbaycan ədəbiyyatında gen-bol istifadə etdiyimiz “bani”dən imtina edirik. Hələ də bəzi ədəbiyyatşünaslara elə gəlir ki, kimisə tezbazar “bani” eləmədən onun ədəbiyyat tarixində qalması sual altına düşür. Qəti şəkildə deyirik: Əbdürrəhim bəy Haqverdiyevin də, Mirzə Cəlilin də belə bir qorxusu yoxdur.

“Qalan söhbətlərimizin o qədər də əhəmiyyəti yoxdur”. (“Proletar şairi”)

“Proletar şairi” adlı kiçik hekayə 1929-cu ildə yazılmışdır. Repressiya maşınının tam sürət yığdığı və ziyalıların linç olunduğu bir dövrdə. “Mənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır”. İlk növbədə hər iki şəxsin zahiri porteti verilir. Elə təhkiyəçini də onların zahiri görünüşü “aldadır”. Proletar şairi zənn etdiyi adam Mirzə Cəlilin təsəvvürlərini alt-üst edir. Ağzında proletar şairi deyirsən! Onun geyimi də bu statusa uyğun olmalıdır. Amma belə deyildir. Nuruxanın oğlu Şahverdixanı hökumət heç bir səbəb olmadan doğma kəndindən Şamaxıya köçürtdürür. Səbəb, təbii ki, mülkədar ailəsindən olması idi. Təhkiyəçi məhz onu proletar şairi hesab edir. Amma “yanılır”. Əsl proletar şairinin portret cizgilərinə diqqət edin: “...biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təp-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi”. Mirzə Cəlil o nadir sənətkarlardandır ki, nəinki bir cümlədə, kiçik bir mətndə, hətta böyük mətnlərində də eyni bənzətməni təkrar işlətmir. Amma yuxarıdakı təsvirdə biz bunun əksini görürük. 1. Proletar şairinin saçı qız saçı kimi daranıb. 2. Üzü qız üzü kimi tüksüzdür. 3. Beli qız beli kimi incədir. Deməli, proletar şairində kişi siması yoxdur! Bu, təkcə proletar şairinin deyil, bütövlükdə Azərbaycan proletar ədəbiyyatının əsl siması idi. Dahi Mirzə Cəlil eyhamla öz sözünü deyir! Haqlı olaraq bundan sonrakı söhbətin heç bir əhəmiyyət daşımadığını dilə gətirir. Böyük yazıçını məhz bu mətnə görə sürgün etmək və ya öldürtdürmək olardı...

Biz diqqətimizi dahi yazıçının bəzi nəsr nümunələrindəki son cümləyə yönəltdik və gördük ki, son cümlə son cümlə olaraq qalmır, əsər bitəndən sonra da onun öz içinə topladığı enerji (günəş batareyasında olduğu kimi) mətndənkənar yayılmağa başlayır...

Mirzə Cəlil, Allah sənə rəhmət eləsin!

# 3103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #