Yazıçıları əl meymununa çevirən Şahbaz Xuduoğlu – Ulucay Akif yazır...

Yazıçıları əl meymununa çevirən Şahbaz Xuduoğlu – Ulucay Akif yazır...
30 may 2023
# 13:04

Kulis.az Ulucay Akifin “Yazıçıları istismar edən naşirlər” adlı yeni yazısını təqdim edir.

Dünən kitab sərgisinə getmişdim. Əvvəlcədən deyim ki, yazıçı kimi bütün sərgilərdən, festivallardan imtina etmişəm. Həmin sərgi və festivallara ancaq oxucu, kitabsevər biri kimi ayağımı qoyuram.

Hə... Dünən V Milli Kitab Sərgisinə getmişdim. İçərişəhərdə təşkil olunub. Mənzərə dəyişməyib. Hətta daha pisdir. Yazıçı dostlara bir daha yazığım gəldi.

Sərginin təşkilatçılarından olan Günay xanım mənə də bir paneldə çıxış təklif etdi. Üzrxahlıq edib razılaşa bilməyəcəyimi dedim. İmtinamı şəxsi qəbul etməməsini də söylədim.

Sağ olsun, anlayışla qarşıladı.

Nədir məsələ?

Mən yazıçıların sərgidə qarşısına kitab yox, “kartoşka-soğan” düzüb satırmış kimi rəftar görməsini və özünü bu rəftara layiq bilməsini heç vaxt qəbul etmərəm.

Oxucunu qolundan tutub saxlayıb “Gəl, kitabımı al” deyən müəlliflər gördüm yenə. Həmin adamların yerinə də xəcalət təri tökdüm.

Azərbaycanda kitab müəllifləri yazıçı yox, dilənçi münasibəti görür. Əlbəttə, bunda özlərinin də böyük əməyi var, amma bu haqda daha sonra danışacam. Çünki bundan əvvəl toxunmalı olduğum məsələlər var.

Birincisi odur ki, dövlət kitab sənayesinin yaradılması, kitabların ölkə səviyyəsində satılması və yazıçıların da yazdıqları əsərlər hesabına öz dolanışığını təmin etməsi üçün şərait yaratmır, addım atmır.

Müvafiq qurumlar, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi bu vəziyyətin düzəlməsi üçün heç nə eləmir. Vəziyyət get-gedə daha da bərbad hala düşür.

Və təəssüf ki, kitaba, yazıçıya qarşı bu laqeydlik, etinasızlıq “Qanun” nəşiyyatının rəhbəri Şahbaz Xuduoğlu kimi adamların əl-qolunu açır, onun və onun kimilərin yazıçını istismar etməsinə, yazıçının zəhmət və istedadı hesabına öz ciblərini doldurmasına şərait yaradır.

Bəli, az qala hər kəsin (xüsusən də, yazıçıların) ziyalı, kitab fədaisi adlandırdığı Şahbaz Xuduoğlu yazıçıların zəhmət və istedadını qul əməyi kimi istismar edir!

Bilirəm, bunları dediyim üçün mənim üstümə düşəcəklər, amma olsun. Qoy, mən pis adam olum. Qoy, həqiqəti yazdığım, dediyim üçün mənə nifrət etsinlər. Onsuz da həmin adamlardan heç bir asılacağım yoxdur.

Şahbaz Xuduoğlu nə ziyalı, nə də kitab fədaisidir.

Şahbaz Xuduoğlu yazıçıları istismar edən bir biznesmendir. Onun kartof-soğan, ya da pal-paltar satan ticarət adamlarından heç bir fərqi yoxdur.

İndi hansısa özünə və ən əsası yazdığına hörmət etməyən yazıçılardan biri deyəcək:

”Şahbaz bəy mənim kitabımı pulsuz çap elədi”

Bəli, Şahbaz Xuduoğlu hansısa müəlliflərin kitablarını pulsuz çap edir. Digər nəşriyyatlardan və naşirlərdən tək müsbət fərqi də elə budur.

Amma Şahbaz Xuduoğlu kiminsə kitabını pulsuz çap edəndən sonra neyləyir?

Bilməyənlər və bilib dərk etməyənlər üçün deyim.

Kitabı 500, ya 1000 tirajla çap edir, sonra yazıçıya həmin tirajdan bəlli sayda – 20-30, ən yaxşı halda 50 ­– kitab verir. Ruslar demiş, fso! Proses burdaca bitir.

Yəni yazıçıya deyir ki, ala, bu sənin 50 kitabın, get harda, kimə, necə satırsan sat, pulunu qoy cibinə, qalan 450, ya 950 kitabı da özüm satıb pulunu qatlayıb qoyacam cibimə, onun sənə dəxli yoxdur.

Özünə və yazdığına hörmət eləməyən, dilənçi, kölə təfəkkürlü yazıçımız da sevinir ki, “Şahbaz bəy sağ olsun, mənim kitabımı pulsuz çap elədi, hələ mənə öz kitabımdan 20 dənə də pay verdi”.

Ta həmin kölə təfəkkürlü, dilənçi yazıçıya başa sala bilmirsən ki, ay qardaşım, ay bacım, sən həmin o 20-30, ya 50 kitabı satıb maksimum 500 manat (kitabının qiyməti 10 manatdırsa!) pul qazanacaqsan, bir hesabla gör, ziyalı, kitab fədaisi Şahbaz Xuduoğlu qalan 450, 950 kitabını satıb nə qədər pul qazanacaq?

Yoxsa hesab-kitab etməyi də bilmirsiniz?

Sata bilməyəcəksə, çap edər? Etməz!

İndi hansısa kölə təfəkkürlü, dilənçi, özünə və yazdığına hörmət etməyən bir yazıçı deyəcək ki: “Kitabımızı satır daaaaa! Pis şey eləyiiiir?!!!”.

Ay debil, adamın işi kitab satmaqdır da! Satmalıdır da! İşinin adı nədir? Pulu kitab satmaqdan çıxır da!

Bəlkə, ayaqqabı, ya göy-göyərti satan adama təşəkkür edirsiniz, mənim xəbərim yoxdur?

Bu nə məntiqdir?

Bu nə təfəkkürdür?

Mən başımı götürüb hara qaçım sizin əlinizdən?!

Hə, dövlətin kitab sənayesinin qurulmasında maraqlı olmamağı Şahbaz Xuduoğlu kimi mədəni, ziyalı fürsətçilərin ortaya çıxmasına və yazıçıların da bu cür kölə təfəkkürünə, dilənçiliyə yuvarlanmasına səbəb olur.

Şahbaz Xuduoğlunun xətrinə dəyməsin, dəysə də, heç vecimə deyil. Yazıçılara bu cür rəftar edən adamın xətrini gözləyəsi deyiləm.

Digər nəşriyyatlara və naşirlərə də aiddir sözüm.

“Hədəf” nəşrityyatının rəhbəri Şəmil Sadiqə, “Mücrü” nəşriyyatının rəhbəri Müşfiq Xana, “Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariqə və istisnasız bütün digər nəşriyyat və rəhbərlərinə aiddir yazdıqlarım.

Bu nəşriyyatların heç biri yazıçını adam yerinə qoymur, əməyinə, istedadına hörmət etmir!

Çox yox, azca sivil olan ölkələrdə vəziyyət necədir?

Nəşriyyat yazıçı ilə müqavilə imzalayır, müqavilədə yazıçı-nəşriyyat arasındakı bütün şərtlər müəyyənləşdirilir, rəsmiləşdirilir və kitab çap olunur.

Nədir həmin şərtlər?

Məsələn, yazıçıya kitabı üçün qonorar ödənilir. Yeni başlayan, gənc müəllifdirsə, tiraj sayından minimum 20 faizin pulu yazıçıya qonorar kimi ödənilir. Daha nüfuzlu, tanınmış imzadırsa, bu rəqəmlər 40-50 faizə kimi yüksəlir.

Yəni kitabın 1000 (min) tirajla çap edilirsə, 200 (iki yüz) kitabın pulu müəllifə bəribaşdan qonorar kimi ödənilir.

Hə, kitabı da yazıçı öz cibindən pul verib çap eləmir ha! Birdən elə bilərsiniz ki, Şahbaz Xuduoğlunun pulsuz kitab çap etməyi xeyriyyəçilik, ürəyigenişlik, səxavətdir.

Dünyanın heç bir yerində kitabın çap xərclərini yazıçı öz cibindən qarşılamır.

Ancaq bizim mağmın, bədbaxxx yazıçılarımız buna sevinə bilər ki, nəşriyyat kitabını pulsuz çap elədi.

Hə...

Harda qalmışdım? Nəşriyyatın yazıçı ilə müqavilə bağlamasında...

Sivil ölkələrdə həmin müqavilələrdə nəşriyyat yazıçının müəllif hüquqlarını alır. İllik müqavilələrdən gedir söhbət. Məsələn, filan müəllifin bir ildə (ya 3, ya 5, ya 10 ildə) yazacağı bütün əsərlərin müəlliflik hüququnu alır, yazıçı həmin müddətdə əsərlərini başqa yerlərdə çap edə bilməz, başqa nəşriyyatların imza günlərində, sərgilərində, kitab festivallarında nəşriyyatın razılığı olmadan iştirak edə bilməz.

Bu cür şərtlərin hamısı müqavilə ilə rəsmiləşdirilir.

Bizdə yazıçı ilə müqavilə imzalayan nəşriyyat var?

Bəlkə, Şahbaz Xuduoğlunun belə şeylərdən xəbəri yoxdur?

İlboyu beynəlxalq sərgilər, kitab festivallarına gedir, bilmir necədir bu işlər?

Bilir, çox gözəl bilir, amma tətbiq etmək sərf eləmir.

“Filankəsin kitabını pulsuz çap elədim” deyib həm xeyriyyəçi kimi görünmək, həm də daha çox pul qatlayıb cibinə qoymaq daha çox sərf edir axı.

Sualım yazıçılaradır: Şahbaz Xuduoğlu indiyə kimi hansınızla müqavilə imzalayıb?

Şahbaz Xuduoğlu indiyə kimi hansı müəllifi yanına çağırıb sifariş verib ki, "filan mövzuda bir roman yaz, bütün ölkəyə sataq". Halbuki, belə olmalıdır. Yəni Şahbaz Xuduoğlu heç nəşriyyat işinin prinsiplərini, reklam və marketinqini də bilmir.

Yazıçıyla müqavilə imzalayan, nisbətən beynəlxalq standartlarla işləməyə çalışan “TEAS Press” nəşriyyatıdır, amma onların da iş prinsiplərində xeyli nöqsanlar var. Bu haqda başqa bir yazıda daha ətraflı yazacam.

Dərd orasıdır ki, yazıçılar da onlara bu cür rəftar edilməsinə razılaşıblar. Mən bu şeyləri deyəndə “Neyləyək e? Şahbazla aramız yaxşıdı, belə şeyləri desək, münasibətimiz korlanar” deyirlər.

Korlansın da. Bu nə münasibətdir ki, korlanmasından qorxursunuz? Anlamasanız, yazını bir daha oxuyun, görəcəksiniz hansı münasibətin korlanmasından qorxursunuz.

Sən necə yazıçısan ki, şəxsi münasibətə, şəxsi mənfəətinə görə bu şeylərə göz yumursan, özünə və yazdıqlarına hörmət etmirsən? Heç utanmırsan?!

Hə. Yazıçıların hüquqlarını müdafiə etməli olan əsas qurumlardan biri də Azərbaycan Yazıçılar Birliyidir. Adı üstündə! Amma Yazıçılar Birliyi bu məsələlərdə də funksional deyil. Hətta öz üzvlərinin yazıçı hüquqlarını da müdafiə etmir. Bu cür özbaşınalıqlara göz yumur.

Yazıçılar Birliyi buna görə tənqid olunmalıdır, Anarın 35 ildir orada sədr vəzifəsində əyləşdiyinə görə yox.

Azərbaycan Yazıçılar Birliyi nəsə eləsin!

Mədəniyyət Nazirliyi nəsə eləsin!

Dövlət yazıçısına bu cür münasibət göstərilməsinə razı olmasın! İmkan verməsin ki, kimlərsə də bundan istifadə etsin!

Yazıçılarımız çox əla əsərlər yazırlar, oxucuların da marağı var, kitabları da satılır.

Bəsdir yalandan “Yerli müəlliflərin kitabları oxunmur, satılmır” kimi yalançı fikirlərlə yazıçıları əzdikləri.

Bu yazını necə əsəblə yazdığımı ağlınıza belə gətirə bilməzsiniz.

Yenə deyirəm, mən Şahbaz Xuduoğlu, ya digər nəşriyyatlar, naşirlərlə münasibətimin korlanmasından qorxmuram, çünki onları heç nəşriyyat saymıram.

Onlar nəşriyyat yox, mətbəədir.

Onsuz da nə vaxt kitabımı çap eləmək istəsəm, gedib istənilən yerə pulumu verib kitabımı çap etdirəcəm. Puluma minnət! Kiminsə geydirmə minnətini niyə götürməliyəm ki?

Pulunuzu verib kitabınızı çap etdirirsiniz. Bu, mətbəədir. Nə özünüzü kiminsə qabağında gözükölgəli kimi aparırsınız? Bu nə kölə təfəkkürüdür?

Əksər yazıçılarımız belə edir. Sonra gedir kitablarını götürür, özü kitab mağazalarına paylayır, gözləyir ki, kitabı satılar, pul gələr bir az. Orda da kitab mağazaları müstəqil yazıçı ilə faiz söhbəti edir. Gəlirin 40 faiz qalır mağazaya.

Niyə?

Bu faiz söhbətləri də kitab mağazaları ilə nəşriyyatlar arasında olan məsələdir, bunun yazıçıya təsiri olmamalıdır. Amma sistem olmadığı üçün belə vəziyyət yaranır.

Yazıçı öz cibindən pul verib kitabını çap edir, sonra kitablarını paylayır mağazalara və məcbur qalıb onların faiz şərtləri ilə razılaşır.

Kitab mağazalarının hamısı da elə nəşriyyatların öz əlindədir. Burdan çap edir pul qazanır, ordan satır qazanır.

Yazıçı da baxa-baxa qalır.

İlk kitabım 2016-cı ildə çap olunub. İkinci kitabım 2020-ci ildə. Kitablarımın bir dənəsini belə hansısa mağazada satışa çıxarmamışam.

Bu da mənim etirazımdır.

Çıxış yolumuz budur.

Yazıçıların ləyaqəti olmalıdır, ən azından sanballı imzalar bu vəziyyəti düzəltmək üçün bu cür "şərtlərlə" kitablarının çap olunmasından imtina etməlidirlər.

Yazıçılar öz şərtlərini, tələblərini qoymalıdılar nəşriyyatların qarşısına.

“Şahbaz Xuduoğlu kitabımı pulsuz çap elədi, mənə də 20 dənə kitab verdi” deyib sevinməməlidirlər.

Yazıçının ləyaqəti olar!

Yazıçı özünə hörmət edər!

Yazıçı yazdığına, yaratdığına hörmət edər!

Yazıçı imkan verməz ki, onu bu cür əl meymununa çevirsinlər!

Yazıçı gedib kitab sərgisində “kartoşka-soğan” satırmış kimi kiminsə onun kitabını almağını gözləməz, dilənçi kimi “gəl kitabımı al” deməz.

Ayıbdır!

Ayıb olsun bu cür rəftar edənlərə də, bu cür rəftara razı olanlara da!

# 10206 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #