Xəzəri kim qətlə yetirib?

Xəzəri kim qətlə yetirib?
3 sentyabr 2024
# 15:35


Kulis.az Eminquey Akifin yeni "Ah, Xəzər" köşəsini təqdim edir.

“Kasıb ömründə bir-iki dəfə ölkədən kənara çıxmağa imkan tapar, amma ömür boyu xatirəsini danışar, bitməz” – deyib Mövlanə.

İndi desəm ki, mən də kasıbam, inanmayacaqsınız. Qaşlarınızı düyünləyib deyəcəksiniz ki, bu qədər yazı yazırsan, çəkilişlərin olur, kitabını satırsan, sən niyə kasıb oldun? And olsun Bakının bozluğuna, mən də sizdənəm, mən də kasıbam. İndi desəm ki, ömrümdə bircə dəfə ölkədən kənara çıxmışam, dodaq büzüb, “göz qaytarır” deyəcəksiniz. And olsun Bakının bozluğuna, mən də sizdənəm, mən də kasıbam. Ömrümdə bircə dəfə, vallah, cəmi bircə dəfə keçmiş müdirimin saqqızını oğurlayıb özümü “reportaj” adı ilə istirahətə yollatdırmışam. Bir az müdirimdən, bir az dostlarımdan, bir az da maaşımdan beş-on manat – birtəhər üz qoymuşam Batumiyə, oradan da Trabzona. Və ömrümdə bircə dəfə hiss eləmişdim ki, nəfəs alıram, Bakının ağırlığı çiyinlərimdən azalır, ürəyimi sıxan borc, iş, maaş və sairə kimi məişət problemləri azı bir həftəlik məndən uzaqdır.

Bakıda doğulmuşam, Bakıda böyümüşəm, Bakını sevirəm. Amma ən azı Tiflisdən keçəndə, Batumiyə ayaq basanda Bakının bozluğunu anladım. Şəhərin də, şəhərin insanlarının da nə qədər boz və ağır enerji ötürdüyünü daha dərin hiss elədim. Və neçə ildir ki, bu sual məni girinc eləyib: Bakı niyə bu qədər bozdur?

Yadıma gəlir, iki minlərin əvvəllərində atam bizi həftədə azı iki dəfə bulvara aparardı, Dağüstü parkda çay içərdik. O vaxtlar Dağüstü parkda açıq havada kafelər vardı. Kafe düz Dağüstü parkın qurtaracağında – uçurumun qırağında idi. Hər dəfə orada oturanda qorxurdum. Çox qorxurdum ki, birdən atam uçurumdan aşağı yıxılar. Hər hərəkətini izləyirdim. Əlini telefona aparanda, qurcalananda, çay süzəndə. Elə bilirdim, bu dəqiqə yıxılacaq. Hər dəfə xətasız-bəlasız çayımızı içər, sonra maşına minib bulvara düşərdik. Ən çox da bu məqamı gözləyərdim. Çünki atraksionlara minəcəkdik, “Mirvari” restoranında şam yeməyi yeyəcəkdik. Orada – restoranın dənizə açılan kandarında oturardıq (hərdən özümüz olurduq, hərdən də atam qonşularımızdan, qohum-əqrəbamızdan kimlərisə qonaq edərdi), pişiklər şam yeməyimizə qoşulardı. Venesiya parkında qayığa minərdik, Xəzərdə gəmiyə. Skamyada oturub tum çırtlayardıq.

İndi nə atam var, nə də həmin Bakı. Atam dünyasını dəyişib (Allah sizin də ölənlərinizə rəhmət eləsin), Bakı isə mahiyyətini. Bakı deyəndə ki, İçərişəhəri, Tarqovını, Bulvarı nəzərdə tuturam. Çünki “şəhərə düşək” deyəndə buraları nəzərdə tuturuq. Heç görmüsünüz ki, kimsə 20 yanvar metrosu tərəfə “şəhərə düşək” deyib, getsin? İndi böyrünə “Ağ şəhər”i də əlavə eləmək olar. Bakıya “İçəri” də desək, “Ağ” da desək, Bakı bozdur ki, bozdur. İndi Bulvarda o qədər yeyib-içmək var ki, Xəzər qorxub özünə çəkilməyə başlayıb. Hara baxsan, kafedir, restorandır. Qəlyan, kabab, dönər. Pulun varsa, buyur, keç, yuxarı başda əyləş.

Başqa nə var bulvarda? Məsələn, hansı xüsusiyyətinə görə bulvara getmək hissi keçər içindən? Şəxsən mənim üçün artıq bulvarın heç bir marağı, mənası qalmayıb. Xəzərin sahili bunca bozluğa layiq deyil. Allah bizə göl verib, amma dənizdir. Bu bilirsiniz, nə deməkdir? Bilirsiniz, nə qədər ölkə var ki, dənizi yoxdur? Bilirsiniz, dünyanın supergücləri su üstündə necə müharibə aparır? Biz isə Xəzəri şeirdə-zadda sevirik, adını təxəllüs kimi istifadə edirik, oğlumuza ad veririk.

Xəzərdə nələr etmək olmazdı? Təsəvvür edin ki, Sahildə motorlu qayıqlar yan-yana düzülüb. Hərəsinin də bir adı var: Mirvari, Alov, Azər, Sünbül və könlünüzdən keçən başqa adlar. Təsəvvür edin ki, adambaşı 2 manatdan, yaxşı, lap 5 manatdan oturursan bulvarda motorlu qayığa, gedib düşürsən Əhmədli sahillərində. Sahil boyu mənasız daş döşəmələrin üstündə skamyalar qoyursan ki, camaat qışın soyuğunda, yayın istisində bu daş döşəmələrin, pilləkənlərin üstündə oturmasın. Balıqçılar balıq tutsun. Ən azından, bunları yaratmaq olardı Xəzərin sahilində. Xəzərin sahilə çırpılan dalğalarına ona xas cavab verərdik. Təəssüf ki, bunlar hamısı xəyaldır.

Bakı bulvarı muzey kimi bir şeydir. Bulvarda çevrəsi şüşələnmiş kaktus və digər maraqsız bitkilərin nə işi var? Nəyə xidmət edir bu bitkilər? Vaxtilə onların yerində şam ağacları var idi, bilirdin ki, ən azından, havanı təmizləyir. İndiki bulvarda nə varsa, onlarla ancaq şəkil çəkdirmək olar. Ki, addımbaşı şəkil çəkdirən insanlar çıxır adamın qarşısına. Bulvarda dayanıb “Üç alov qülləsilə” şəkil çəkdirməyin harası istirahətdir? Əvvəllər az-çox atraksionlar var idi, indi onların da bir çoxunu söküb, yerində restoran tikiblər. Elə bil, kimsə bulvarı baş-qulağı dinc qalsın deyə səssizləşdirib. Necə ki villaların çevrəsində olan məscidlərdə azan verilmir, bu da elə. İstirahət dediyimiz şey ağlımızda niyə səssizliklə, bozluqla assosiasiya olunur ki? Ümumiyyətlə, niyə bütün parklarda otdan çox mərmər döşəmələr var? Ölmüşük? Basdırıblar bizi bu parklarda?

İşdə stress, yolda stress, evdə stress yığırıq canımıza. Bu hirsi, qəzəbi hara tökək? İndi gedib Xəzərin sahilində qışqırsan, bir yandan səni dəli zənn edərlər, bir yandan da asayişi pozursan deyə cərimələnərsən. Bəs, nə edək? Bizim qışqırmaq haqqımız bir-iki manat verib mindiyimiz o atraksionlar idi, onları da əlimizdən aldınız. İndi biz bulvarda sadəcə gəzə, velosiped sürə, skamyada oturub gələn-gedənə baxa, uzaqbaşı, bir-iki boz şəkil çəkdirə bilirik.

Gözəl görünür, anlayıram. Cürbəcür qəribə binalar tikilir, amma bunların bizim istirahətimizə nə faydası var? “Bax, o ortası deşik bina necə gözəldir” deyib, həzz alan nə qədər insan var ölkədə? Yenə yaxşıdır, sahildə oturub gitar çalan gənclər var, arada onlar rəng qatır bulvara, hətta onların içində özünü apara bilməyən, qışqıran, bağıran birini görəndə kədərlənirəm. Ona görə yox ki, özünü apara bilmir, ona görə ki, o da qışqırmaq tələbatını belə ödəyir. Düşünür ki, qışqırığım bu çal-oynasın içində az da olsa it-bat olacaq.

Belə bir boz şəhərə turist cəlb etmək olar? Bura gəlsə-gəlsə, elə ərəb gələr, pakistanlı gələr. Onlar da niyə gəlir, hamı yaxşı bilir. Onların gəliş səbəbi xalq arasında deyimə, memə, üz qaralığına çevrilib. Bakı bu bozluğu ilə mavi Xəzərə yaraşmır axı.

Xülasə, məncə, Bakı hamıdan əvvəl Xəzərin Bakısıdır. Hansı ki, vaxtilə Qız qalasını qucaqlayıb dalğalanırdı. İndi Xəzər Qız qalasından nə qədər uzaq düşübsə, biz də Bakıdan o qədər uzaq düşmüşük. Üç Alov Qülləsinin zirvəsində tənha qalıb Bakı. Tənhalıq necə bozdursa, Bakı da elə bozdur.

Səssizdir...

Rəngsizdir...

Hə, bir də, Mövlanə “Kasıb ömründə bir-iki dəfə ölkədən kənara çıxmağa imkan tapar, amma ömür boyu xatirəsini danışar, bitməz” – deyə bir fikir deməyib. Sizə də nə desələr, inanırsız, Mövlanənin sözünü Hz. Əlinin adına, Hz. Əlinin sözünü Şekspirin adına yamayıb paylaşırsınız...

# 2473 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #