Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə
3 iyun 2019
# 09:03

Kulis.az “İşdən kənar” layihəsindən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə müsahibəni təqdim edir.

- Akif bəy, istəyirəm söhbətimizi müharibə haqqında yazılmış əsərlərdən başlayaq. Dünya ədəbiyyatından və bizim ədəbiyyatdan bəyəndiyiniz hansı müharibə əsərləri var?

- Dünyada bəlkə də ən çox oxunan mövzu müharibə mövzusudur. Keçmiş SSRİ dövründə yaşamışıq. O zaman istənilən yazıçının müharibə xəttində yazılmış əsərləri vardı. Sizə deyim ki, sovet müəlliflərinin müharibə haqda yazılan əsərləri canlı, oxunaqlıydı. Filmləri də maraqlıydı. Bəlkə də bizim uşaqlığımız müharibə dövrünə düşdüyü üçün belə düşünürəm. Eləcə də dünya ədəbiyyatında hesab edirəm ki, çox gözəl əsərlər yazılıb. Birini desəniz yadıma düşərdi.

- Məsələn, Tolstoyun “Hərb və sülh”ü. Ən məşhurlardan...

- Bəli. O əsər həddindən artıq maraqlı əsərdir. Bəlkə də müharibəyə həsr olunmuş ən yaxşı əsərlərdən biridir. O əsərdə çox maraqlı epizodlar var. Qəhrəmanların həyatı, onların düşüncələri, ata-oğul münasibəti.

- Ən çox yadınızda qalan epizod hansıdır?

- Əsas qəhrəmanlardan Balkonskinin atası qraf idi. Onun həvəskar bir peşəsi də vardı, dülgərçiliklə məşğul olurdu. Oğlu uzun müddət müharibədə, daha sonra əsirlikdə olur, öldü-qaldısı bilinmir. Və o oğlu ilə hər dəfə görüşmə rejimini dəyişmir. Görüşdükləri yerə gedir və bu adətini davam etdirir. Müəllif xarakter məsələsini qoymuşdu ortaya...

- Bir digər maraqlı obraz da Pyer Bezuxov idi. Könüllü müharibəyə yollanır...

- Zəif bir adamıydı, amma özünə borc bilmişdi ki, getsin müharibəyə. Düzdü, bunun bir məhəbbət tərəfi də vardı. Özünü orda təsdiq etmək istəyirdi.

- Akif bəy, müharibə haqqında yazılmış əsərlər pasifist olur, müharibənin əleyhinə mesaj verir, insanlara barışa səsləyir. Sizin fikrinizcə, yazıçının müharibəyə mövqeyi əsərdə öz həllini necə tapmalıdır? Bu sualın əsas tərəfini bizim yazıçılara aid edirəm. Biz müharibə şəraitində yaşayırıq. Bunu necə tənzimləməliyik?

- İstənilən hadisədən, eləcə də müharibədən onun üstündən 50 il keçəndən sonra daha real nəsə yazmaq olar. Hadisələrin içindəsənsə, onunla bağlı əsər yazmaq da çətinləşir. Çünki o hadisənin iştirakçıları, şahidləri sağdır.

- Həssas məsələdir...

- Bəli, həm həssasdır, həm də hamının tələbini ödəmək çətindir.

- Qarabağ haqda yazılmış hansı əsəri bəyənmisiniz?

- Tutaq ki, Aqil Abbasın “Dolu” romanı mənə görə Qarabağ haqqında yazılmış ən mükəmməl əsərlərdən biridir. Mən bilirəm ki, o əsəri oxuyanların fərqli fikirləri var. Müharibədə iştirak edənlər bəzən irad bildirirlər ki, orda elə olmamışdı, belə olmuşdu. Yəni müəllif üçün bu cür çətinliklər var.

- Yazıçı bu incə xətti necə müəyyənləşdirməlidir?

- Ümumiyyətlə, insan ideyası humanizmə söykənməlidir. Müharibə ölüm-itim deməkdir axı. Müharibəyə çağırmaqla böyük bir əsər yaratmaq çətin məsələdir. Bu, insanlıqdan kənara çıxmaqdır. Deməli, bir var, müharibə şəraitində yaşayırsan və həmin dövrdə əsər yazırsan. Həmin əsərlərdə təbii ki, sən müharibəyə çağırış etməlisən. Çünki təbliğat xarakterlidir.

- Düşünürsünüz ki, Qarabağdan yazılan əsərlər müharibəyə səsləməlidir?

- Bəli, səsləməlidir. Çünki bizim torpaqlarımız işğal altındadır. Və torpaqlar işğaldan azad olunmalıdır. İkinci Dünya Müharibəsində yazılan əsərlər də təbliğata və təşviqata xidmət edirdi. Dünya da belədir, bizdə də belə olmalıdır. Müharibə şəraitində yaşayırsansa, müharibədən yazılan əsərlərdə müəlliflər insanları müharibəyə səfərbər etməlidir.

- Bəs o əsərlər sizcə, qalıcı olacaqmı? Yəni bir yazıçının işi Hərbi Komissarlığın, səfərbərliyin işimi olmalıdır?

- O sənətkarın gücündən asılıdır. Məsələn, Elçin Hüseynbəylinin “Gözümə gün düşür” hekayəsi...

- Qarabağ haqda yazılan hekayəsi...

- Bəli. Mən o hekayəni oxuyub onun özünə dedim ki, sənin ideyan mənim xoşuma gəlmədi.

- Niyə?

- Hekayədəki qəhrəman sağalmaz xəstəliyə düçar olur və öz həyətindəki torpaqda basdırılmaq istəyir. Yəni bədbin əhval-ruhiyyə vardı hekayədə. Mübarizlik yox idi. Ondan sonra Varisin “Bir ovuc torpaq” romanını oxudum. Orda bir qədər mübarizlik vardı. Əsərin qəhrəmanı uşaqdır, onun babası xəstə yatağındadır və deyirlər ki, doğulduğu torpaqdan bir ovuc gətirib üzünə töksən, can verə bilər. Elə bir şey var, təbii, insan can vermək üçün nəyisə gözləyir. O uşaq uşaqlığıyla yola çıxır, başına işlər gəlir, amma axır-əvvəl torpaqdan bir ovuc gətirə bilir. Müəyyən mənada qalib gəlir, ordan sağ qayıdır. Ancaq bu əsər də məni qane eləmədi. Mən hərdən dostlarla söhbətdə deyirəm ki, bizim istədiyimiz əsəri Mübariz İbrahimov yazdı. Keçdi düşmənin cəbhəsinə, gücü çatan səviyyədə düşmənləri məhv elədi və sonda da həlak oldu. Siz o yazılan əsərlərin qalıcı olub-olmadığını soruşdunuz. Məsələn, Mübariz İbrahimovun bu əsəri əsrlər boyu qalıcı olacaq. Hər hansı müəllif də əsərini elə yaza bilər ki, həm müharibəyə çağırış ola bilər, həm də qalıcı.

- Siz bayaq dediniz ki, insanın ideyası humanizmə söykənməlidir. Müharibəyə çağırışda isə təzad yaranır. Mən həmin bu incə xətti müəyyənləşdirməyə çalışırdım. Təbii, sizin dediyinizdə də həqiqət var.

- Bu məsələnin həllini tapmaq çox çətindir. Hazırda Qarabağ haqda əsərlər yazılır, biz də təşkilat olaraq o əsərləri müzakirə edirik. Ədəbiyyatımızda Qarabağ mövzulu əsərlərdən danışırıq hər dəfə. Hətta kitab çap etmişik, orda publisistik yazılar da var, bədii əsərlər də. Təbii, müharibədən bədii əsərlər yazılmalıdır. Yazılmaya bilməz. Bəzən kiminsə fikrinə rast gəlirəm ki, müharibənin şah əsəri müharibədən sonra yazılmalıdır.

- Deyəsən, Seyran Səxavət demişdi bunu...

- Hə, deyəsən Seyran müəllimin fikri idi. Mən bu fikirlə də razı deyiləm.

- Seyran müəllim demişdi ki, biz Qarabağı işğaldan azad edəndən sonra ondan yazmalıyıq...

- Baxın, sizə nümunə də deyim. “Dolu” əsəri. Onun filmi də çəkildi. Biz müharibədə məğlub olmuşuq. Ancaq “Dolu” romanı bizim döyüşdüyümüzdən, mübarizə etdiyimizdən bəhs edir. Yəni bizim müharibədə fərdi və kollektiv qəhrəmanlıq nümunələrimiz var və düşünürəm ki, bu bədii əsərdə göstərilməlidir. Məsələn, bəyəndiyim bir əsərin də adını çəkim. Məlahət Mürşüdlünün “Zəngulə” əsəri. Bir azərbaycanlı qızın əsir düşməsi, Avropaya gedib çıxması əsərdə öz əskini tapıb. Həmin qəhrəmanın həyatda prototipi də var, faciəli bir həyat yaşayıb və xanım da onu bədiiləşdirib. Mən düşünürəm ki, bizim müharibə haqqında yazılan əsərlərimiz reallığı əks etdirməlidir. Bizim də döyüşdüyümüzü, mübarizə apardığımızı göstərməlidir. İndi əsərlər yazılır, biz də oxuyuruq. Görürəm, söhbəti tuta bilməyiblər. Bu da nədən qaynaqlanır? Birtərəfli yazılır. Birtərəfli olanda da oxunaqlı olmur. Ermənilər işğalçıdırlar, vəhşidirlər, təbii, bu, öz yerində. Sovet vaxtı müharibədən yazılan əsərlərdə də faşistlər pis obraz kimi təqdim edilirdi və bu oxunmurdu. Ancaq bəzi müəlliflər həmin faşistlərin ya mərhəmətli, ya da ağıllı tərəfini göstərirdi, o zaman balans qorunurdu, istər-istəməz oxucunu cəlb eləyirdi. Ona görə deyirəm ki, hər iki tərəf real şəkildə əks olunmalıdır.

- Akif bəy, biz müharibə, Qarabağ haqda yazılan əsərlərdən danışdıq. Yeni yazarlardan da bu mövzuya müraciət edənlər olub. Məsələn, Seymur Baycanın “Quqark”, Əli Əkbərin “Artuş və Zaur” və s. Onlar bir az fərqli yanaşmışdılar müharibə mövzusuna, sizin dediyiniz kimi humanizmə söykənmişdilər. Bu cür əsərlərə münasibətiniz necədir?

- Təbii ki, müasir yazarlarımızı da izləməyə çalışırıq. Ancaq yeni yazarlar sanki sensasiya arxasınca düşürlər. Söyüşlərlə diqqəti cəlb eləmək istəyir, postmodernizmə uyğunlaşmağa çalışırlar, Ekoya oxşamağa cəhd göstərirlər... Hesab edirəm ki, təbii prosesdir. Ancaq hərdən görürsən ki, hər kəsi rədd eləyən, qəbul eləməyən yazarlar da ortaya çıxır. Deyir, hamı zəifdir, mən hamıdan yaxşı yazıram və s. Sizə deyim, sovet vaxtı Azərbaycan yazıçılarının çox yaxşı, səviyyəli nəsli yetişmişdi. İdeologiya var idi, razıyam, amma əsərlər elə yazılırdı ki, biz gənclik dövrümüzdə bir əsəri də oxunmamış buraxmırdıq. Kimsə bizə məcbur etmirdi o əsərləri oxumağı, biz özümüz ürəyimiz istədiyi üçün oxuyurduq, özü də böyük maraqla... İsmayıl Şıxlının “Dəli Kür”, Fərman Kərimzadənin “Qarlı aşırım” kimi əsərləri yazılmışdı. Mən müasir yazarları da izləyirəm, çalışıram onların yazdıqlarını oxuyum, məlumatım olsun. Gələk, sualınıza. Seymur Baycanın “Quqark” romanını oxumamışam. Ancaq təxminən onun mövqeyinin necə olduğunu bilirəm. Bilirsiniz ki, Quqarkda azərbaycanlıların başına çox böyük faciələr gətirilib.

- Əsər bir jurnalistin Quqark düşərgəsinə getməsi və orda olan hadisələrdi... Təbii, burda keçmişə də bir keçid var...

- Hə, orda Quqark düşərgəsi yaradıldı. Təxminən bildim məzmununu. Seymur fərqli mövqedədir, maraq naminə o romanı oxuyardım.

- Bəs Əli Əkbərin “Artuş və Zaur” romanı?

- Onu oxumuşam. Hətta xeyli hissəsini bizə, yəni təşkilatımıza həsr etdiyi üçün oxumuşdum. Romanda mənim də obrazımı yaradıb. Vəhşi obrazımı. Əsərdəki Akif Nağı ermənilərə zülm eləyir, ermənilərlə əlaqə yaratdığı üçün Zaura zirzəmidə işgəncə verir. Mənim adımı dəyişib əsərdə, ancaq Qarabağ Azadlıq Təşkilatının adını saxlayıb. Bədii cəhətdən o əsər xoşuma gəlmədi. Çığırqanlıqla, hay-küylə bədii əsər yaratmaq olmur. İdeyası da bundan ibarətdir ki, millətlər bir-birinə yaxın olmalıdır. Hətta qeyri-ənənəvi cinsi oriyentasiyaları olanların birlikdə yaşamasını normal hesab edir. Deməzdim ki, bunu təbliğ edir, həyatın bir parçası kimi normal sayır. Romanın ideyası sülhə çağırışdır, ermənilərlə azərbaycanlıları barışa səsləməkdir. Müəllif düşünür ki, bu məsələni qurtarmaq, yekunlaşdırmaq lazımdır. Amma axı Azərbaycan torpaqları işğal altındadır. Niyə sülh olmalıdır? Mənim torpağımı işğal etmisən və mən səni sülhə çağırıram. Bu alınmır axı. Məntiq yoxdur burda. Sülh ancaq müharibədən sonra olmalıdır. “Köhnə tüfəng” filmi var. Orda müqavimət göstərilib. Özü də sənətkarlıqla. Bax mən istəyərdim ki, Azərbaycanda o cür əsərlər yazılsın.

- Akif bəy, gündəlik nə qədər vaxt ayırırsınız mütaliəyə?

- Açığı, qrafikimiz o qədər yoğun olur ki, bədii ədəbiyyat oxumağa elə də vaxt qalmır.

- Necə kitabları sevirsiniz? Janr olaraq deyirəm...

- Tarixi kitabları çox sevirəm. Məsələn, Nadir şah haqda Lokardın kitabını sevərək oxumuşam. Napoleon haqda maraqla oxuyuram. Tarixi şəxsiyyətlər haqqında yazılmış kitabları xoşlayıram. Məndə bir xasiyyət var, eyni vaxtda dörd-beş kitab oxuyuram. Kitabın arasına kağız qoyuram, keçirəm növbəti kitaba. Ancaq bu kitabların əksəriyyəti bədii əsərlər deyil.

- Şeirlə aranız necədir?

- Şeiri o qədər də sevmirəm. Şeir gözəl sənətdir, insanın daxilini əks etdirən təbii prosesin göstəricisidir. Bu gün isə şeirə böyük həvəs var. Mən isə düşünürəm ki, bu gün torpaqlarımız işğal altındandır və insanlarımız bütün gücünü ora sərf eləməlidir.

- Şeir yazmaqdansa...

- Bəli. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq düşünürük ki, insanlar yığılmalı, müharibə tələb etməli və torpaqlarımız işğaldan azad olunmalıdır. O istiqamətdə fəallıq görmürük. Ancaq insanlar içlərindəki enerjini şeir yazmaqla çıxarırlar. O şeirə həsr olunan enerji mübarizəyə, döyüşə həsr olunmalıdır.

- Yəni belə deyək: şair çoxdur, əsgər az.

- Söhbət bundan gedir. Çox düzgün ifadə elədiniz. Əsgər yalnız əlinə silah götürüb vuruşan deyil. Qarabağın azad olunmasını istəyən fərddir. İctimai ordu deyirəm mən buna. Biri silahlı qüvvələrdi, biri də ictimai ordudur. O ictimai ordu Qarabağın işğaldan azad olunmasını tələb etməlidir. Müharibə başlayanda döyüşdə silahlı qüvvələr, informasiya müharibəsini də ictimai ordu yerinə yetirməlidir. Mən insanları burda görmək istəyirəm. Ancaq adamlar şeir yazmaqla işlərini bitmiş hesab edirlər. Biri gəlib deyir ki, gördün nə boyda poema yazdım, Akif müəllim? Deyir, ermənilərin atasını yandırmışam, ingilis dilinə tərcümə eləsən ermənilər qaçıb gedəcək (gülüşmə). Kütləvi şəkildə şeir yazılması məndə şeirə qarşı soyuqluq yaradıb. Şeir yazdığını deyən olanda bir az özümü pis hiss eləyirəm.

- Özünüz nə vaxta şeir, hekayə, yaxud bədii nəsə yazmısınız?

- Uşaq vaxtı şeir yazmışdım. Orta məktəbdə.

- Çap olunub?

- Yox. Hətta özümə plan da qoymuşdum ki, günə bir şeir yazacam. “Dədə Qorqud”da ana südü, dağ çiçəyi epizodu var e, ona aid poema da yazmışdım. Vətən və sevgi mövzusunda yazırdım. 8-ci sinifdən isə tarixi kitablara maraq saldım.

- Şairliyi buraxdınız və əsgər olmağı seçdiniz...

- Bəli. (gülür)

- Sonda... Çətin olacaq, amma sevdiyiniz yazıçılar kimlərdir? Tez-tez oxuduğunuz...

- Sevə-sevə oxuduğum və tez-tez qayıtdığım müəllif Dostoyevskidir. Həyata mübarizliyinə görə isə Cek Londonun əsərlərini sevirəm. Azərbaycandan isə Ordubadinin, İsmayıl Şıxlının əsərlərini dönə-dönə oxuyuram.

# 5061 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #