“Bozbaş”ın Şirini: “Onunla üz-üzə gəlməkdən çəkinirəm” – Müsahibə

“Bozbaş”ın Şirini: “Onunla üz-üzə gəlməkdən çəkinirəm” – Müsahibə
9 sentyabr 2019
# 09:00

Kulis.az aktyor Nicat Rəhimovla müsahibəni təqdim edir.

- İncəsənət Universitetində İlham Namiq Kamalın tələbəsi olmusunuz. Amma teatr sahəsinə, yox kinoya istiqamətləndiniz.

- Mən 2005-ci ildə İncəsənət Gimnaziyasını bitirmişəm. Elə ondan bir il sonra da İncəsənət Universitetinə qəbul olundum. İlham müəllimdən səhnə mədəniyyətini öyrəndik. Amma aktyor olmaq üçün gərək elə anadan aktyor kimi doğulasan. Aktyorluq istedadı qanda olmalıdır. Aktyorluq məktəbi deyilən sözlərlə mən razılaşmıram. Çünki mən qohumum, dayım Yaşar Nuriyevdən daha çox şeylər öyrənmişəm, nəinki başqa müəllimlərimdən. Yaşar Nuriyev anamın doğma dayısı oğludur. Amma mən elə uşaqlıqdan ona dayı demişəm. Universitetdə oxuya-oxuya düz iki il Yaşar dayımgildə qalmışam. O, məni çox istəyirdi, mənimlə nəfəs alırdı. Özü də mənə demişdi ki, sən aktyor olmalısan.

- Bir parodiyanız bütün həyatınızı dəyişib...

- Elədir. Bir dəfə ümumiləşmiş insanların parodiyasını etdim. Yaşar dayı gözləri yaşarana qədər güldü. Ondan sonra mənə dedi ki, aktyorluq bizim qanımızdadır, sən də bu yolla getməlisən. Amma sizə deyim ki, mən elə uşaqlıqdan onu izləmişəm, tökdüklərini yığmışam. Onda o qədər də dərk etmirdim ki, belə böyük sənətkarın qohumuyam. Şüuraltı həmişə onun yanında həyəcanlanırdım. Böyüdükcə ondan öyrəndiklərim üzə çıxdı. Sizə deyim ki, o, hər adamı da özünə yaxın buraxmazdı. Çox ciddi adam idi. Amma müəyyən adamlar vardı ki, onların yanında çox zarafatcıl idi. Mənimlə də zarafatları alınırdı. Mən heç vaxt aktyor kimi özümü ona oxşatmamışam. Amma bəzən qrim olunub, bığ taxanda deyirlər rəhmətliyə oxşayırsan. Ondan daha çox müəyyən aktyor priyomlarını, sözün deyilişini, intonasiyasını mənimsəmişəm. Həm də elə onunla oturub-durmaq, söhbət etmək özü artıq bir məktəbdir.

- Yaşar müəllimin qəbri üstünə gedirsiniz?

- Əlbəttə, gedirəm. Qızları ilə də əlaqə saxlayırıq. Sadəcə əvvəlki kimi get-gəlimiz yoxdur. Həm vaxt olmur, həm mənim işlərimin çoxluğu imkan vermir.

- “Bakılı oğlanlar” komandasında da fəaliyyətiniz olub. Niyə axıra qədər orda davam etmədiniz?

- Mən elə universitetdə oxuya-oxuya “Bakılı oğlanlar” komandası ilə üç il işləmişəm. “Bozbaş Pikçərs” layihəsinə də ordan gəldim. Amma elə mənim istedadımı üzə çıxaran da “Bozbaş pikçərs”dəki çıxışlarım oldu. “Bakılı oğlanlar” komandasında bir az qadağalar vardı, özündən improvizələr etməyə icazə verilmirdi. Aktyor da improvizə etmədisə, onun üçün səhnədə çətin olur. Ona görə də orda mənə rahat deyildi. Düzdür güclü komanda idi, intellektual idilər. Amma aktyoru rahat buraxmaq lazımdır ki, o, etmək istədiyini edə bilsin. Elə rejissorlar var ki, aktyorlara deyirlər ki, ssenaridə nə var onu yerinə yetir. Mən bununla razılaşmıram.

- Şirin obrazı sizə uğur gətirən obrazdı. Bəs aktyor, yaradıcı insan kimi digər işlərinizdə bu obraz sizə mane olub?

- Məncə, yox. Şirin obrazı yaradılarkən ssenari müəllifimizlə, digər yaradıcı qrupla xeyli məsləhətləşmələrimiz olub. Mən də rolumu ifa edəndə elə yerlər olub ki, orda çərçivədən kənara çıxmamışam. Fikirləşmişəm ki, nəsə artıq-əskik zarafat edərəm, sonra yaxşı qarşılanmaz. Qaldı ki, sənət baxımından Şirin obrazının mənə mane olmasına. Bu ola bilməz. Mən çox istəyirəm ki, dramatik rollar ifa edim və inanmıram Şirin mənə maneçilik törətsin. Özümü istənilən obrazda görə bilirəm. Misal üçün “Buğlama” layihəsində mən ayrı-ayrılıqda beş fərqli obraz, xarakter ifa edirəm. İnsanlar da həmin layihəyə maraqla baxırlar.

- Tamaşaçıların sizi izləməməsi baxımından hansı rola çəkilməkdən ehtiyat edirsiniz?

- Bizdə dramatik məzmunlu ssenarilər yazan ssenaristlər də var, bu cür filmlər çəkən rejissorlar da. Amma məsələ burasındadır ki, bizim camaatımız hələ dramatizm söhbətini tuta bilməyib. Hamı bizdən komediya istəyir, hamı istəyir ki, kinoteatra gedib çoxlu-çoxlu gülsün. Məni hamı Şirin obrazı ilə tanıyıb sevdi. Ondan sonra başqa rollarımı adamlara sevdirmək bir az çətin oldu. Hamı deyirdi ki, Şirin yaxşıdır. Amma mən xarakter rollar ifaçısıyam. İstəyirdim ki, başqa obrazları ifa edə bilmək bacarığımı da göstərim. Ona görə də “Buğlama” layihəsindən sonra tamaşaçıların ordakı obrazlarımı bəyənməsi, “Bozbaş Pikçərs”dənsə bu yaxşıdır deməsi mənə xoşdur. Camaat bizim istedadımızı gördü və bildilər ki, biz tək Şirindən, Qılmandan ibarət deyilik.

- Tamaşaçı zövqü ilə hesablaşmaq sizcə bir az təhlükəli deyil?

- Bəzən sosial şəbəkələrdə adamlar bizim rollarımızı tənqid edirlər. Amma insanlar nəyə gülürlərsə, biz də onları edirik. Bəzi adamlar köhnə filmlərdəki aktyorların ifa etdikləri zarafatları edirlər. Mən indi götürüb onları təkrar etsəm, adamlar qəbul etməyəcəklər. Deyəcəklər, vaxtında olunub. Əgər müəyyən bir dövrdə köhnə filmlərdəki zarafatlar istifadə olunurdusa, indi də Şirinin, Qılmanın zarafatları dillərdə gəzir. Bizi çox məşhur xalq artistləri də dəstəkləyir. Afaq Bəşirqızı bizi o qədər sevir ki, ondan sonra kənar, savadsız adamların lağ etməsi bizim üçün o qədər də vacib deyil.

- Filmlərinizin beş, on ildən sonra da qalıcı, aktual olmasına inamınız var?

- Biz kinoteatr filmlərini ona görə çəkirik ki, ordan pul qazanırıq. Əgər teatr aktyora yaxşı pul versə, aktyor gedib orda işləyər. Mən özüm Musiqili Komediya Teatrının aktyoruyam. Bir, iki il olar ki, teatrın direktoru Əliqismət müəllim də bir neçə dəfə məni teatrda işə dəvət elədi. Dedi, istedadlısan, istəyirəm bizim teatrda səhnəyə çıxasan. Amma mən razılaşmadım. Çünki həm vaxt, həm də maliyyə baxımından teatrda işləyə bilmərəm. Teatr mənə yaxşı məvacib versə, əlbəttə ki, gedib işləyərəm. Vermir axı. Mənim də sənətim aktyorluqdur və bundan başqa heç yerdən pul qazana bilmərəm. Özüm də ailə başçısıyam. İndi hər şey pul tələb edir. Əgər mənim soyuducum boşdursa, mən pul qazanmıramsa, niyə özümə əziyyət verib boş-boş işləməliyəm?

- Axı teatr canlı sənət sahəsidir. Hər tamaşa aktyoru bir az inkişaf etdirir, diri saxlayır...

- Bilirəm. Teatr səhnəsinə çıxıb rol ifa etmək də asan deyil. Bilmək olmaz. Bəlkə gələcəkdə bizim “Buğlama” layihəmiz teatr tamaşası kimi çəkilsin. Biz bu haqda İlkin Miskərli ilə düşünürük. Əvvəllər Yaşar Nuri, Səyavuş Aslan kimi sənətkarlarımız ancaq teatrda çalışırdılar. Ona görə ki, indiki qədər seriallar, televiziya verilişləri, layihələr yox idi. Həm də onlar teatrla nəfəs alan adamlar idilər. Amma indi dövr dəyişib. Bu gün mənə televiziya verilişindən də, teatrdan da iş təklifi gəlsə, əgər televiziya kanalının təklif etdiyi məbləğ teatrdan çox olsa, təbii ki, televiziyanı seçəcəm. Mən ortabab imkanı olan ailədə böyümüşəm. Amma ailəmiz gözü tox olub.

Image result for bozbaş şirin

- Aktyor üçün yaş həddi var?

- Mənim üçün yoxdur. Mən səksən yaşımda belə kinoya, seriala çəkilərəm. Lap gəzə bilməsəm də, oturduğum yerdə çəkilmək istəyərəm. Çünki aktyorluq sənəti ilə nəfəs alıram. Bu həm mənim işimdir, həm sevdiyim sənət. Bir ay çəkiliş olmayanda özümü narahat hiss edirəm.

- Filmlərinizdə qurşaqdan aşağı zarafatlar olur. Buna görə tənqid olunursunuz...

- Biz qurşaqdan aşağı zarafatları da elə edirik ki, qəbul olunur. Bizim filmlərimizə ailəvi gəlib kinoteatrlarda baxmaq mümkündür. Zarafatlarımızın nəyə vurğulandığını uşaqlar yox, böyüklər başa düşürlər. Köhnə filmlərdə də belə zarafatlar olub. Bizi sosial şəbəkələrdə tənqid edənlər insanların bizə olan sevgisinə paxıllıq edirlər. Mən buna ancaq bu ad verə bilərəm. Amma peşəkar tənqidçilərin fikirləri ilə razıyam. Tənqidçi fikri hökmən olmalıdır ki, biz bilək növbəti filmlərdə nələri etmək olar, nələri yox. Bilirsiniz, bizim işimiz də çox çətindir. Bəzən elə günlər olub ki, çəkilişlərdən sonra yorğunluqdan özümü itirmişəm. Hələ bunun soyuğunu, istisini demirəm. Qarlı, şaxtalı havalarda günlərlə çəkilişlərimiz olub. Aktyorluq sənətində psixoloji hazırlıq çox vacibdir.

- Aktyor potensialınıza hara qədər güvənirsiniz?

- Şirin obrazından sonra hamı deyirdi ki, Nicatın potensialı bura qədər idi. Amma “Buğlama” layihəsindəki rollarım sübut elədi ki, mənim ifa edə biləcəyim rol tək Şirindən ibarət deyil. Əgər Şirindən sonra beş xarakteri tapıb ifa etmişəmsə, bundan sonra da on beş obraz tapa bilərəm. Müşahidə qabiliyyətim çox güclüdür. Şirin obrazı elə bizim məhəllənin uşağı olub. Uşaqlıqdan onu görmüşəm, müşahidə edib yadımda saxlamışam. Yəni elə bir insan hal-hazırda var.

Image result for bozbaş şirin

- Onu parodiya etməyinizdən xəbəri var?

- Ona deyiblər ki, Nicat səni parodiya edir. Amma mən özüm onunla üz-üzə gəlməkdən çəkinirəm. Xasiyyəti bir az başqa cürdü. (gülür)

- Komanda şəklində işləyirsiniz. Mübahisələr olur?

- Sonuncu filmimizdə mübahisəmiz olmayıb. Amma “Bozbaş pikçərs”in həftəlik verilişlərində ola bilər. Bizdə bunu eləmək olmaz kimi fikirlər səslənmir. Biz hamımız aktyoruq, azad insanlarıq. Kimin ürəyi hansı improvizələri etmək istəyirsə, edir. Həddi aşan zarafat da olanda mehribançılıqla, yaxşı mənada deyirik ki, bu məsləhət deyil. Komandada hərə öz obrazını yaxşı tanıyır. Ona görə də hamı bilir ki, nəyi eləsə qəbul olunacaq, eləməsə yox.

- Komandada özünüzün maraqla izlədiyiniz obraz hansıdır?

- Qılman həkim. Üzdə olan aktyorlarımızın hamısı istedadlıdır. Amma mənim üçün sənətkar İlkin Miskərlidir.

Image result for bozbaş şirin

- O biri dostlarınızın xətrinə dəyəcəyindən ehtiyat etmirsiniz?

- Yox. Hamısı bilir. İlkin də mənim haqqımda belə sözlər deyir. Amma həqiqətən də ona əsl aktyor kimi yanaşıram. İlkində yaxşı mənada köhnəlik var. Onun ifaları mənə köhnə aktyorları xatırladır. Yaşar dayı məni çox istəyirdi, istedadıma da bələd idi. Çox heyf ki, bu gün məni görmədi. İlkini tanıyandan sonra Yaşar dayının onu da tanımamasına iki qat heyifsləndim.

# 10085 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

17:51 10 dekabr 2024
# # #