“Zori Balayana görə erməni qəzetini bağlatdırdım” MÜSAHİBƏ

“Zori Balayana görə erməni qəzetini bağlatdırdım” MÜSAHİBƏ
2 mart 2013
# 09:00

Kulis.Az sovet vaxtı Azərbaycan Respublikası Nazirlər Soveti yanında Mətbuatda Dövlət və Hərbi Sirləri Mühafizə Baş İdarəsinin redaktoru vəzifəsində çalışmış, “Vedibasar” qəzetinin baş redaktoru Sərtib İslamoğlu ilə müsahibəni təqdim edir.

- Uzun müddət Vedibasar mahalında yaşamısınız. Sovet vaxtı Vedibasarda ermənilərin azərbaycanlılara münasibəti necə idi?

- Doğulduğum Vedibasar mahalı ermənilərin gözünə ox kimi batıb. Nəyə görə? Çünki 1918-20-ci illərdə ermənilərə qarşı aparılmış azadlıq hərəkatının rəhbəri, xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski Vedidə vətəni sevən insanları ətrafına toplayaraq iki il Ararat Daşnak Respublikasının hakimiyyətini tanımayıb. Erməni nizami qoşunları Vedibasar mahalından başqa bütün Qərbi Azərbaycanı tabeliyinə keçirmişdi. Bunu məsuliyyətlə deyirəm ki, Abbasqulu bəy Şadlinski Azərbaycan Milli hökumətinin ilk nümunəsini Vedibasar Komitəsi adı altında yaradıb. Bu komitənin bayrağı, xarici işlərə baxan şöbəsi, Şərurda həbsxanası olub. Abbasqulu bəyin yaratdığı mübariz dəstənin əsasında “Qırmızı tabor” yaradılıb və Şadlinski taborun komandiri seçilib. Şura hökuməti qurulandan sonra Ermənistanda hakimiyyətə gələnlər mundirini dəyişmiş daşnaklar idi. O daşnaklar beş il əvvəl onlara toy tutan Şadlinski və onun taborundakı igidlərin etdiklərini unuda bilməzdilər. Abbasqulu bəy Andronik Ozanyanın yavərlərindən olmuş Yüzbaşyanı güllələyib. Həmin bu Yüzbaşyanın oğlu Şura hökuməti tərəfindən Vedibasarda NKVD-nin sədri təyin olunub. Bu vəziyyətdə ermənilər azərbaycanlılarla yaxşı münasibətdə ola bilərdilərmi?!

Vedibasarda 145 kənddən yalnız ikisində - Reyhanlı və Dəvəli kəndlərində ermənilər yaşayıb. Mən Ermənistanda azad komsomol təşkilatının rəhbəri olan zaman konfrans keçirilirdi. Konfransda raykom katibi, Ermənistan Mərkəzi Komitəsinin rəhbəri də iştirak edirdilər. Vedibasarın tarixindən danışan Arzumanyan soyadlı tarix müəllimi çıxışında dedi ki, əsrin əvvəllərində Vedibasar mahalının 145 kəndindən ancaq ikisində ermənilər yaşayıb. Birdən çıxışına fasilə verdi, sonra erməni dilində əsəblə dedi ki, qalan kəndlərdə müsəlmanlar yaşayırdı, çox şükür sovet hökumətinin apardığı siyasət nəticəsində Vedibasarda yaşayan əhalinin cəmi 10 faizi azərbaycanlılardır. Azərbaycanda yaşayan ermənilər rahat yaşayırdılar, nəinki Ermənistanda yaşayan azərbaycanlılar. Sovet hökumətinin azsaylı xalqlara verdiyi imtiyazlar Bakıda ermənilər üçün işləyirdi, amma bu imtiyaz Ermənistanda işləmirdi.

- Əziz Ələkbərlinin “Abbasqulu bəy Şadlinski” kitabında ermənilərin Abbasqulu bəyin taborunda vuruşduğu göstərilib.

- Ermənilər o vaxt iki qrupa bölünmüşdülər. Daşnaksutyun Partiyasının siyasətini dəstəkləyənlərlə bərabər, onun siyasətini qəbul etməyənlər də vardı. Abbasqulu bəyin taborunda döyüşən erməni olub, bəli, bu faktdır.

- Nazirlər Soveti yanında Mətbuatda Dövlət və Hərbi Sirləri Mühafizə Baş İdarəsinin redaktoru kimi uzun müddət erməni dilində çap olunan qəzetlərə nəzarət etmisiniz.

- Orta məktəbdə oxuyan zaman erməni dili ikinci dil kimi tədris olunurdu. Mən ali siyasi təhsilimi Yerevanda Marksizm-Leninizm İnstitutunda almışam. 1985-ci ildə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Mətbuatda Dövlət və Hərbi Sirləri Mühafizə Baş İdarəsinin redaktoru təyin edildim. Həmin dövrdə Azərbaycanda erməni dilində nəşr olunan bütün mətbu orqanların fəaliyyətinə nəzarət etmişəm. Azərbaycanda xeyli sayda erməni dilində qəzet nəşr olunurdu. Dağlıq Qarabağda, Xankəndində “Sovetakan Karabax” qəzeti, Martunidə “Mardakert” qəzetləri çap olunurdu. Gəncədə, Daşkəsəndə, Göygöldə və Şəmkirdə də erməni dilində qəzetlər çap olunurdu. Yazıçılar İttifaqının erməni dilində mətbu orqanı vardı. Dağlıq Qarabağda çap olunan qəzetlərə bütövlükdə mən nəzarət edirdim. Onların bütün qəzetlərini oxuyurdum. Hər həftə qəzetlərdəki yazılar haqda icmal rəis Cahangir İldırımzadənin stolunun üstündə olurdu.

- Erməni qəzetlərində Azərbaycan əleyhinə materiallar olurdumu?

- Kvartalda bir dəfə Qarabağda ermənilər yaşayan rayonlara gedirdim. Baş redaktorlarla görüşlər keçirirdim. 1986-cı ildə Xankəndinə getmişdim. Axşam şəhəri gəzməyə çıxdım. İnanın ki, Xankəndində Azərbaycandan əsər-əlamət görmədim. Şəhərdə evlər Yerevandan gətirilmiş tuf daşlarla tikilirdi. Bütün afişalar, küçə adları, musiqilər erməni dilində idi. Bakıya qayıtdıqdan sonra bu haqda arayış yazdım ki, Xankəndində Azərbaycana aid heç nə görmədim. Bundan başqa, 1988-ci il hadisələri zamanı “Sovetakan Karabax” qəzetinin birinci səhifəsində bir şəkil çap olunmuşdu: ana qucağını açır və bir körpə uşaq “ana, al məni qoynuna” deyib ona tərəf qaçır. Dərhal bu şəklin üstünə düşdüm. Şəklin üzərində işlədik, sənədləşdirdik. Mərkəzi Komitədə məsələ qaldırdıq. Dedilər ki, hər şeyə bir məna qatırsan. Qlavlitin işçisi kimi əsaslandırdım ki, bu körpə uşaq Dağlıq Qarabağdır, ana da Ermənistandır, birləşməyə çağırış var. Arayışı tərtib edib, imzaladım. Həqiqətən də iyirmi gündən sonra Xankəndində mitinqə başladılar.

- Sizdən əvvəl vəziyyət necə idi?

- Erməni dilində bir söz bilməyən adamlar erməni qəzetlərinə nəzarət edirdilər. Yazıları yoxlamadan ancaq möhürü vurub imzalayırdılar.

- Qarabağda çap olunan qəzetlərdə Zori Balayan, Silva Kaputikyanın yazıları çap olunurdu?

- 1990-cı ilin aprelində respublika təşkilat komitəsinin tərkibində Ağdama getdim. Ağdamdan hərbçilərin müşayiəti ilə Xankəndinə çatdıq. Arkadi Volski gedəndən sonra Dağlıq Qarabağa Polyaniçko və Radayev rəhbərlik edirdilər. Orda çap olunan qəzetlərlə elə olurdu ki, gün ərzində 15 saat işləyirdik. Masanın arxasından durmaq söhbəti yox idi, fanatikcəsinə işləyirdik. Həmin il aprelin 24-də ermənilərin qondarma soyqırımı günü Zori Balayan Xankəndinə gəlməli idi. Qəzetləri səhifə şəklində gətirirdilər. Materialları mənimlə birlikdə polkovnik Trunin oxuyurdu. “Sovetakan Karabax” qəzetində altı yazının üstündən xətt çəkdim ki, bu yazılar nəşrə gedə bilməz.

- Həmin materiallarda nə yazılmışdı ki?

- Yazıların məğzi belə idi ki, azərbaycanlılar qaniçən babalarına bənzəyir. Onlarla bir yerdə yaşamaq olmaz. Fəaliyyəti qadağan olunmuş “Amaras” dini təşkilatı haqqında yazılarla bərabər siz dediyiniz yazıçıların yazıları var idi. Sənədləşdirdim və imzaladım ki, bu yazılar nəşr olunmayacaq. Çox cüzi dəyişiklik edəndən sonra yenidən çapa gətirdilər. Yenə etiraz etdim ki, qəzet çapa getməyəcək. Aprelin 23-ü gecə saat 12-yə qalmış başda Polyaniçko olmaqla bütün hərbçilərin yığıncağı keçirildi. Polyaniçko, Safonov, SSRİ Sərhəd Qoşunları komandirinin köməkçisi general-leytenant Lelyuşenko, SSRİ Daxili İşlər Nazirinin müavini Varonov və başqaları yığıncaqda idilər. Onların içərisində cəmi iki nəfər azərbaycanlı vardı - Mərkəzi Komitənin təlimatçısı Ramiz Məmmədzadə və mən. Bizim səlahiyyətimiz demək olar ki, yox idi.

Polyaniçko soruşdu ki, nə baş verib? Dedilər ki, Məhərrəmov qəzetin çapına icazə vermir. Qayda belə idi ki, senzor qol çəkib, möhür vurmasa qəzet çapa gedə bilməzdi. Polyaniçko üzünü mənə tutdu ki, Məhərrəmov, izah et, görək nə olub. Məsələni izah etdim. Safonov dedi ki, üç gündür gəlmisən, aləmi bir-birinə qatmısan, sən gələnə kimi qəzetlər çıxmırdı? Həmin şəraitdə ya insanda qorxu hissi itir, heç nəyi düşünmürsən, ya da bir məqsədin olur ki, axıra kimi gedəcəyəm. Safonova cavab verdim ki, cənab general, sizin polkovnik erməni dilində bilmir, o, necə bu işi görə bilər? Safonov istehza ilə mənə baxıb, güldü. İndi mənə çatır. O gülüş o demək idi ki, barmağımı üstünə qoyub səni milçək kimi əzərəm, nəfəsin kəsilər. Məni asanlıqla öldürə bilərdilər.

Polyaniçko çox düşünəndən sonra dedi ki, arayışın hazırdır? Hazırladığım arayışı stolunun üstünə qoydum. Bütün hərbçilər diqqətlə mənə baxırdı. Özümü necə itirmişdimsə Polyaniçkonun başının üstündə durmuşdum. Polyaniçkonun başının üstündə dayanmaq olardı? (gülür) Məhərrəmov, keç otur, dedikdən sonra qəzetin nəşrinin dayandırıldığını elan etdi.

Gözləmədiyimiz halda “Sovetakan Karabax” qəzeti bağlanıldı. Qarakənddə vertolyotda həlak olan rəhmətlik Zülfi Hacıyev yığıncaqdan çıxanda dedi ki, oğlum, özünü qoru. O kişini də axırıncı dəfə orda gördüm. Səhər ermənilər gördülər ki, “Sovetakan Karabax” qəzeti yoxdur. “Sovetaxan Karabax” hardadır? Deyiblər ki, Bakıdan bir senzor gəlmişdi, qəzeti o, bağladıb. Polkovnik Trunin hər nömrəyə möhür vurmaq üçün ermənilərdən pul alırmış. Sonra Radayev məni yanına çağırdı. Soruşdu ki, Məhərrəmov, neçə uşağın var? Dedim, iki, dedi, get paltarlarını yığışdır, yeməkxananın arxasında maşın səni gözləyir. Təcili yardım maşınında məni Qarabağdan çıxardılar.

- Erməni yazıçı Zori Balayanın “Ruhumuzun canlanması” adlı kitabından tez-tez nümunələr göstərirlər. Həmin kitab həqiqətən var?

- Dediyiniz kitabdan hissələrlə tanışam, amma tam kitab halında oxumamışam. Bu haqda dəqiq bir söz deyə bilmərəm.

- Bir qədər də qəzetiniz haqda danışardınız.

- Bu il qəzetimizin on yaşı tamam olur. On il bundan əvvəl qərara gəldim ki, yerdə qalan ömrümü, enerjimi, qəzetçilik işinə sərf edim. Qəzeti təsis etdim və ata yurdum Vedibasarın adını seçdim. Qərbi Azərbaycandakı tarixi abidələr, məscidlər, körpülər haqda məlumat veririk. Əsas məqsədimiz odur ki, qaçqın düşən insanların arasına mənəvi bir körpü yaradaq. On ildir bu yolu tutduq, bu yolla da gedirik. Qəzetin bütün sayları hər il kitab şəklində nəşr olunur. Maarifçilik mövqeyi tutmuşuq, yazdığımız məqalələri bu gün də, bir ildən sonra da oxumaq olar. Bütün yazılarımızın şah qəhrəmanı Azərbaycandır. Qəzetimizin kollektivi ilə bu yolda usanmadan çalışırıq.

# 4367 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #