"Mətbuata gəlməyimdə bekarçılığın da rolu olub" MÜSAHİBƏ

"Mətbuata gəlməyimdə bekarçılığın da rolu olub" MÜSAHİBƏ
1 aprel 2013
# 09:33

Bu gün publisist, "Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacının 40 yaşı tamam olur. Kulis.Az “Köhnə tüfəng” layihəsi çərçivəsində Zamin Hacıdan alınan müsahibəni yenidən təqdim edir.

- Adətən jurnalistikadan ədəbiyyata keçid baş verir. Ancaq deyəsən sizdə tərsinə olub...

- Mənim mətbuatda dərc edilən ilk yazım şeir olub. 1991-ci ildə “Gənclik” jurnalında ilk şeirlərim çıxıb. İlk yazımı isə “Araz” qəzetində Füzulidən olan bir şəhid haqqında 1992-ci ildə yazmışam. Qəzetdə işləməyə başlamağım isə 1994-cü ilə təsadüf edir. O vaxt “Azad söz” qəzeti vardı. Sonra “Ana Vətən”, “Ekonomiks” qəzetlərində çalışmışam. İşləmədiyim qəzet yoxdur, demək olar ki... İnsanın peşə seçməyində adətən ailənin təsiri olur. Atam Vəzir Hacıyev “Araz” qəzetinin müxbiri idi. Həm müəllim idi, həm də “Araz” qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərirdi. Yadıma gəlir, atamın bir felyetonunu oxumuşdum, yazıda kəndimizin içərisindən keçən yoldakı çalalardan bəhs edilirdi. Orada bir cümlə vardı, Qeybət İnformasiya Agentliyinin verdiyi məlumata görə, yoldakı çalalarda 1 milyon il bundan əvvəl yaşamış hansısa canlı tapılıb. Yəni, çalalar bu qədər qədimdir. Qeybət İnformasiya Agentliyi ifadəsi mənə çox maraqlı gəlmişdi. Təsəvvür edin ki, o vaxt iki televiziya vardı, AzTV və mərkəzi televiziya... Agentlik də deyəndə adamın yadına SİTA düşürdü, Sovet İttifaqı Teleqraf Agentliyi... Qəzetdə Qeybət İnformasiya Agentliyi adını görəndə əcaib və maraqlı gəlirdi. Ümumiyyətlə, ailənin təsiri doğrudan böyükdür.

7 yaşım olanda bizim evə “Pravda” qəzetinin müxbiri gəlmişdi. Raykom katibi bir həftə bizim evin qabağında keşik çəkdi ki, birdən “Pravda” müxbirinin ürəyi bir şey istəyər. O vaxt bu qəzetin müxbiri çox böyük bir vəzifə sayılırdı. “Pravda” qəzetinin müxbiri istəsə, bəlkə Mərkəzi Komitənin birinci katibini dəyşdirə biləcək bir yazı da yaza bilərdi. Bu mənada qorxurdular. Mənə belə bir mühit təsir edib. Amma mətbuata gəlməyimdə bekarçılığın da rolu olub. Mən iqtisadçıyam, gedib harada işləyəsi idim ki? Dövlət işinə işə düzəltmək üçün məndən pul istədilər, o vaxt həmin pulu tapıb versəydim indi bəlkə də jurnalist olmazdım. Mətbuatı seçməyimdə azad olmaq istəyinin rolu var. Jurnalistika ən azad peşədir. Başının üzərində redaktordan başqa kimsə yoxdur. Bəzən heç o da olmur. Bütün bunları nəzərə alaraq jurnalistikanı seçdik.

- Jurnalistikaya gəldiyiniz ilk dövrlərdə nədən yazırdınız?

- Hər şeydən yazırdım. İdmandan da yazdığım olub. Effektiv yazılar qələmə almışam, bəlkə də indiki idman müxbirləri heç elə yazılar yazmırlar. Mədəniyyətdən, iqtisadiyyatdan yazmışam, reportajlar hazırlamışam, müsahibələr götürmüşəm. Məndə janr məhdudiyyəti olmayıb. 1995-ci ildə “Ekonomiks” qəzetində satirik səhifə hazırlamağa başladım. Səhifənin adını qəzetin adına uyğun “Ekokomiks” qoymuşdum. Bu səhifə ilə bağlı bir xoş xatirəm də var. Artıq qəzetinin bağlanmasının üstündən iki-üç il keçmişdi, bir araşdırma ilə bağlı Elmlər Akademiyasının Kibernetika İnstitutuna getmişdim. Dəhlizdə gedəndə, əmr və elanlar vurulan lövhədə maraqlı bir şey gödüm: kimsə, nə məqsədləsə “Ekonomiks”dəki satira səhifəsini lövhəyə vurmuşdu. Belə görünürdü ki, səhifə üç-dörd ildir bura vurulub. Bu, mənə çox maraqlı gəldi.

- “Azadlıq” qəzetinə gəlişiniz necə oldu?

- “Azadlıq” qəzetinə 1994-cü ildən gedib-gəlirdim. O vaxtlar “Azad söz” qəzetində işləyirdim. Bu mətbu orqan Xalq Azadlıq Partiyasının qəzeti idi, partiyanın sədri Qənimət Zahid idi. Qənimət Zahid həm də qəzetin baş redaktoruydu, redaktor isə Pərviz Cəbrayıl idi. “Azad söz”ün bir neçə sayı çıxdı, sonra dayandı. “Azad söz” bağlanandan sonra “Ekonomiks”lə əməkdaşlıq etməyə başladım, eyni zamanda “Azadlıq” qəzetinin “Ədəbi azadlıq” səhifəsi üçün tərcümələr edirdim, şeirlərimi verirdim. Yaxud başqa birini tapıb gətirirdim, onun şeirləri dərc olunurdu. Yəni münasibət vardı. 1996-cı ilin aprelində Gündüz Tahirliyə dedim ki, “Azadlıq”da işləmək istəyirəm. O da dedi ki, problem yoxdur, onsuz da bizə işçi lazımdır. Amma o vaxt bu qəzetdə bir qayda var idi, sınaq müddəti olmadan heç kimi işə götürmürdülər. Birbaşa işə götürmək söhbəti yox idi. Məni də bir ay sınaq müddətinə işə götürdülər. Birinci yazımı Saraydakı uşaq evindən yazmışdım. Oradakı dəhşətli vəziyyəti qələmə almışdım. Sümükləri çıxmış uşaqların şəkillərini çəkmişdim. Bu yazını manşetdən verdilər. Yeni işə başlayan jurnalistin yazısının manşetdən verilməyi “Azadlıq”da görünməmiş şey idi. Reportaj gedəndən sonra Elçin Səlcuq dedi ki, bu adamı birbaşa işə götürmək lazımdır. Gündüz isə bildirdi ki, yox, bir ay hamı üçün qaydadır. Bir aydan sonra da ştata götürdülər. Bundan sonra Bakı Maşınqayırma Zavodunun vəziyyətindən tutmuş Qazaxın hansısa kəndində camaatın yolu kəsməsinə qədər çox sayda reportaj yazdım.

- İndiki Hacı Zamin həmin reportajları bəyənirmi?

- O reportajlar pis deyildi. İndi müəyyən kriteriyaları nəzərə alaraq o reportajlarda səhvlər tapa bilərəm. Amma elə mövzular olub ki, onları ilk dəfə mətbuatımızda mən işləmişəm. Məsələn, 1998-ci ildə “Azadlıq” qəzetində abort haqqında yazı yazmışam, o da manşetdə gedib. Qadağan olunan, çoxlarının çətin saydığı mövzulara müraciət etmişəm. Məsələn, Neft Daşlarında tətil olmuşdu, heç kimi ora buraxmırdılar. Mən neftçilərlə danışdım, məni öz işçiləri kimi vertolyota mindirdilər. Getdim Neft Daşlarına, orada fəhlələrlə birgə bir gün qaldım və reportaj hazırladım. Özündən demək kimi olmasın, yazdığım reportajlar pis olmayıb. Bəziləri elə bilir ki, mən əvvəldən köşə yazıram. Amma bilmirlər ki, mən bunların hamısını keçərək köşə yazmağa başlamışam.

- Yaxşı məqama gəlib çıxdıq. Necə oldu ki, köşə yazmağa başladınız?

- Mən ilk köşə yazımı 1998-ci ildə yazmışam. Bundan əvvəl satirik yazılar yazmışdım, bunları da köşə yazıları hesab etmək olardı. Ancaq o yazılar satirik səhifədə getdiyinə görə imza qoymurdum. Öküz imzası qoyurdum, özüm öküz ilindən olduğuma görə bu imzanı seçmişdim. Pis vaxtlar idi, senzura ilə dəfələrlə dava-qırğına çıxmışdıq. Ümumiyyətlə, “Azadlıq” yaranandan bu qəzetdə köşə tipli yazılar olub. Sadəcə, o vaxtlar tərtibat fərqli idi. Heç kimin ağlına gəlmirdi ki, müəllifin şəklini yazının üstündə versin. İndiki standartla götürsək, ilk köşəm, şəkillə olan ilk yazım 1998-ci ildə senzura ləğv olunandan sonra işıq üzü görüb. Ancaq yadıma gəlmir ki, köşə yazmağı təklif elədilər, yoxsa öz təklifim oldu.

- Və elə bir dövr gəldi ki, həm “Azadlıq”a, həm də “Yeni Müsavat”a köşə yazmağa başladınız.

- Bəli, iki ilə yaxın bu cür davam elədi.

- Bəs, “Azadlıq”dan niyə getdiniz?

- “Azadllıq”dan getməyimdə öz günahım olmayıb. Sadəcə olaraq razılığımıza əməl edilmədi, mən də getmək məcburiyyətində qaldım. O dövrdə “Azadlıq” qəzetində çoxlu dəyişikliklər olmuşdu. Aləm dəydi bir-birinə və razılıq yaddan çıxdı. 2000-ci ildən “Azadlıq”da müqavilə ilə işləyirdim. Müqavilədə ayda mənim nə qədər yazacağım və onların mənə nə qədər pul ödəyəcəyi yazılmışdı. Gündüz deyirdi ki, müqavilə lazım deyil, aramızda söhbət olub və heç bir problem yaranmayacaq.

Ancaq mən buna razılaşmadım, dedim ki, bilirəm, məni aldadacaqsınız. Müqavilə imzaladıq. Sonralar “Azadlıq”da işləmək mənə maddi baxımdan sərf etmədi. Az qonorarla 7-8 ay işlədim, amma alınmırdı. Getmək qərarı verdim, onlar da təkid eləmədilər. “Azadlıq”dan getmək mənim üçün ağır idi, 7-8 ilimi qoymuşdum, bu qəzetin “idman şərəfi”ni həmişə yaxşı saxlamışdım. Arxivə baxsalar, özləri də görərlər, ancaq hesab etdilər ki, mənə ehtiyac yoxdur. Yaxud da fikirləşdilər ki, mən də başqa əməkdaşlar qədər pul almalıyam. Amma pis çıxmasın, Messinin öz qiyməti var, Vaqif Cavadovun da öz qiyməti... Sən mənə deyirsən ki, dünən jurnalistikaya gələnlə eyni pula işlə. Mən də bu şərtlərlə işləmək istəmədim.

- Azərbaycanda jurnalistin pula görə iş yerini dəyişməsinə münasibət heç vaxt birmənalı olmayıb...

- Doğrudur, pul hər şey demək deyil, ancaq bir çox hallarda çox mühüm rol oynayır. Adətən mənə deyirlər ki, yazını niyə yazırsan? Mən desəm ki, vətənpərvərlikdən, başqa mənəvi məqsədlər üçün yazıram, qeyri-səmimi çıxar. Mən deyirəm ki, qonorar üçün yazıram. Halbuki, tam belə də deyil. Pul üçün çalışsaydım, öz ixtisasım üzrə çalışırdım. İnsanın əməyinə qiymət verilməlidir. Sən insanın əməyinə qiymət vermirsənsə, başqlarının hüquqlarını müdafiə edəndə qeyri-səmimi görsənirsən. Digər tərəfdən “Barselona” Messiyə az pul verə bilərmi? Az pul versə, o, gedib başqa komandada oynayacaq. Bu bədbəxt oğlu yaxşı yaşamalıdır ki, yaxşı məşq edə bilsin. Axşam arvadı sorğuya çəkməsin, fikri-zikri ailənin maddi problemlərinin yanında qalmasın. Özünü tam işinə aid edə bilsin. Bu mənada hər kəsin haqqı verilməlidir.

Müxalifət qəzetlərindən birinin redaktoru var idi, rəhmətə getdiyinə görə adını çəkməyəcəyəm, 90-cı illərdə uşaqlar bu adamdan maaşlarını tələb ediblər. O da gülməli bir cavab verib, deyib ki, nə maaş, biz fanatiklərik. Halbuki özünə baxanda aydın hiss olunurdu ki, bu adamda fanatiklikdən əsər-əlamət yoxdur. Minimum 150 kilo çəkisi vardı. İşçi görürsə ki, müdiri ən son model maşında gəzir, hardasa villası var, o işçidən heç kim fanatiklik tələb edə bilməz. Buna haqqı yoxdur. Amma bizim də pulsuz işlədiyimiz vaxtlar olub. Rauf Arifoğlu həbsdə olduğu müddətdə mən redaksiyadan pul-zad tələb etməmişəm və yaxud deməmişəm ki, maaşım niyə gecikir, qonorarım niyə az oldu? Adam zindandadırsa, nəsə tələb etmək təbii ki, doğru deyil. Amma adam zindandan çıxandan sonra tamam başqa söhbətlər eləmək lazımdır. Rauf bəy də sağ olsun, çıxandan sonra şəxsən məni çağırıb deyib ki, bir il ərzində çox işləmisən, indi mən bunun haqqını sənə ödəyirəm. İndi mən bu adamı niyə qiymətləndirməyim ki? O, məni qiymətləndirir, mən də onu qiymətləndirməliyəm. Ancaq tutaq ki, qəzet rəhbəri pul olmadığını, bundan sonra da pul olmayacağını deyir, jurnalistlərin pulunu kəsir və yaxud ümumiyyətlə, vermir, amma bu zaman onu cibində iki min dollar olursa, bu zaman tamam başqa mətləblər ortaya çıxır. Mən belə qəzetlərdə işləyə bilmərəm. Deyəsən, puldan çox danışdıq. (gülür)

- 90-cı illərin əvvəllərindəki jurnalistika ilə indi arasında hansı oxşar və fərqli cəhətlər var?

- 90-cı illərdə bir romantika vardı. Yadıma gəlir, rəhmətlik Elçin Səlcuq hansısa rayondan bir reportaj yazırdı və biz çayxanada bu yazını bir xeyli müzakirə edirdik. Mahal İsmayıloğlu “Xalq qəzeti”nin baş redaktoru idi, mən “Azadlıq”da Qarabağ əlillərinin vəziyyəti ilə bağlı bir yazı yazmışdım, Mahal bəy bizim redaksiyaya zəng edib təşəkkürünü bildirmişdi. O vaxt belə şeylər var idi. İndi mətbuata daha çox biznes sahəsi kimi baxırlar və bəlkə də bu, daha yaxşıdır. Məncə, mətbuatla romantika bir araya sığışmır. Mətbuat əslində elə biznesdir. Amma şalvar biznesi deyil də... O vaxt mənəvi qat daha üstün idi, indi maddi qat önəmlidir. Mətbuata təzyiqlər olmasa, öz-özünü tənzimləyəcək.

- Bayaq atanızın yazdığı bir cümlədən bəhs etdiniz, sizə təsirindən danışdınız. Belə bir fikir var ki, sizin satirik ruhda yazmağınıza doğulduğunuz kəndin mühiti də böyük təsir göstərib.

- Bizim kənd camaatı itoynadan, vedrəbağlayandır. Bizdə bir böyük çinar ağacı var, onun altına yığışıb camaatla məzələnirdilər. Ola bilsin ki, bu mühitin təsiri var. Ümumiyyətlə, kəndimiz jurnalistikaya az adam verməyib. Həm də yerlipərəstlik kimi çıxmasın, Füzulinin özü də çox maraqlı rayondur. İqtidarımız da var, müxalifətimiz də... Deputatımız da var, jurnalistimiz də. Müğənnimiz də var, “Toylar kralı”ımız da... (gülür)

- Hansı jurnalistlərdən öyrənmisiniz?

- “Çeşmə” qəzetindən çox xoşum gəlirdi. Gizli çıxdığı vaxtlarda belə, bu qəzeti izləyirdim. Məmməd Nazimoğlu “Aydınlıq” qəzetində “Çayçı Məhəmməd” adlı bir səhifə hazırlayırdı. O səhifəni daima oxuyurdum. Ümumiyyətlə, o vaxtlar hamını oxumağa çalışırdım. Hələ məktəbdə oxuyanda Anarın “Molla Nəsrəddin-66” əsərini oxumuşdum, çox xoşuma gəlmişdi. Satiraya maraq isə uşaq vaxtından vardı. Evə çoxlu jurnallar gəlirdi, “Təşviqatçı” adlı bir jurnal vardı. Onun arxasında hər zaman karikaturalar olurdu və həmin şəkillər mənə çox ləzzət edirdi. İndi kriteriyalarla baxsaq, debil karikaturalar idi, ancaq o vaxt mənə çox maraqlı gəlirdi. Orta məktəbdə oxuyanda sinfin divar qəzeti buraxırdım, ilk senzuranı da o zaman görmüşəm. Bir dəfə məktəbin həyətindəki yardımçı təsərrüfatda kartof əkmişdik. Uşaqlar özü becərirdi. Bizə də deyilmişdi ki, kartofu məktəbin bufetində özünüz yeyəcəksiniz. Amma bir gün dərsə gələndə gördük ki, kartof yoxdur. Direktor qazdırıb, çıxartdırıb, satmışdı. Mən də divar qəzetində yazdım ki, kartofu yadplanetlilər aparıb, çünki orada kartofa çox böyük ehtiyac var. Yazdım, lövhədən asdım, bir də gördüm ki, müəllimlər yazını oxuyub gülürlər, xoşlarına gəlmişdi. Direktor da oxudu, biz dərsə girdik, çıxanda gördük ki, yazını çıxardıblar. Direktorumuz qəzeti məhv eləmişdi, halbuki onun adını çəkməmişdim, amma o, öz haqq-hesabını götürmüşdü.

- Səhv etmirəmsə, siz ən çox qazanan köşə yazarısınız.

- Vallah, bilmirəm. Başqaları ilə müqayisə etmək imkanım yoxdur. Amma qazancım elə çox deyil. Nəzərə almaq lazımdır ki, hər gün yazıram. Əslində rəhbərlik qarşısında yeni tələblər irəli sürmək fikrindəyəm. (gülür)

- Belə fikirlər səslənir ki, Zamin Hacının eyni tipli yazıları yorucudur.

- Mübahisəli fikirdir. Yekəxanalıq olmasın, Günəş hər gün çıxır, ondan kim yorulur ki? Hər gün çörək yeyirik də, bundan yorulmuruq ki... Yaxud məşhur brendlər hər gün mal istehsal edirlər, bu, bizi bezdirir ki? Mən də işimi elə qurmuşam ki, oxucuya hər gün yeni nəsə deyirəm. Münasibətlərdən, oxucu rəylərindən yorucu olduğumu hiss etmirəm. Əksinə, hiss edirəm ki, bezmə yoxdur. Mən işimə vicdanla yanaşıram, çalışıram ki, çevir tatı, vur tatı olmasın. Demirəm ki, yazdıqlarımın hamısı superdir, dahiyanədir. Ümumiyyətlə, dahiyanə nəsə yazdığımı iddia etmirəm. Şahvələd bəyin bir yaxşı sözü var, deyir ki, məhsuldarlıq əslində yaxşı cəhətdir, ancaq bunu pis kimi qələmə verənlər var. Mən bu fikirlə tam razıyam. Hər gün keyfiyyətli məhsul buraxa, yaxşı yaza bilirəmsə, bunun nəyi pisdir ki? Reytinqi qoruyub saxlaya bilirsənsə, demək işin uğurludur. Doğrudur, maddi imkanlarım olsa, daha az yazaram. Amma başqa bir şey deyim: yazı yazmayanda özümü pis hiss edirəm, başım ağrıyır, xəstələnirəm. Yazı yazmayanda dərhal öz-özümə deyirəm, mən bu gün nə iş gördüm, mənim faydam nədir? Mənim də əlimdən gələn budur. Hər kəs hər gün öz işini layiqincə yerinə yetirsə, hər şey tam fərqli olar. Bir məqamı da deyim. Bizdə bir az avaraçılıq təfəkkürü var, bir gün yazırlar, iki gün yeyib içirlər. Həmişə yazmaq lazımdır.


- Rauf Arifoğlu müsahibələrindən birində demişdi ki, bəzən gecikməmək üçün Zamin Hacıya köhnə yazılarını sərlövhəni dəyişdirməklə göndərməyi məsləhət görürük. Heç köhnə yazılarınızı göndərdiyiniz olubmu?

- (Ürəkdən gülür.) Elə bir şey heç vaxt olmayıb. Bunu ən azı, ona görə etmərəm ki, mənə məktub yazan çoxsaylı və çox diqqətli oxucularım var. 15 il bundan qabaq yazdığım yazılardan sitat gətirən adamlar da az deyil. Mən nə yazdığımı unuda bilərəm. Amma heç vaxt eyni cümləni, eyni fikri təkrar yaza bilmərəm. Məndə təkrarçılıq yoxdur. Situasiya təkrar oluna bilər, məmur hansısa səhvi təkrarlaya bilər. Mən bunu qələmə ala bilərəm, oxşarlıq mümkündür. Amma təkrar olmayacaq. Kimsə təkrar yazdığımı sübut etsə, bir aylıq qonorarımı ona verməyə hazıram. Rauf bəyin dediyi bir zarafat idi. Hər gün yazanda adamla belə zarafat edirlər.

- Sizə məktub yazaraq, zəng edərək maraqlı ideyalar verən də olur deyəsən...

- Belə şeylər qabaqlar daha çox olurdu. İndi insanlar bir az passivləşiblər. Həm də ki, cəmiyyətdə azadlıq ruhu çox olanda bizə zəng edənlər də daha çox olur. Onu da deyim ki, ayda 30 yazı yazıramsa, bunun ikisi-üçü o cür ideya əsasında ola bilər. Qalan 27-si öz ideyamdır.

- Azərbaycanda hansı qəzetləri və saytları izləyirsiniz?

- “Azadlıq radiosu”nun saytına daim baxıram. APA-nın saytını daim izləyirəm. Kulis.az-a baxıram, amma ardıcıl izləmirəm, bu da vaxt məhdudiyyəti ilə bağlıdır. Həm də APA bir jurnalist olaraq mənim üçün daha maraqlıdır, nəinki kulis.az. APA -da sırf xəbər olur deyə mənim üçün maraqlıdır. Öz yazımda bu xəbərlərdən istifadə edirəm. Kulis.az isə yaza bilənlərın saytıdır, ondan mən nə faydalanacağam ki? APA-da bişməmiş xəbərlərdir, biz öz yazımızda o xəbərləri bəzəyirik. Vaxtım olanda “Azərtac”ın saytına məmnuniyyətlə baxıram. “Azərtac”ın saytı dünyada yeganə dövlət saytıdır ki, qoroskopa yer ayırır. Özü də burada iki cür qoroskop var: Şərq və Britaniya qoroskopu. “Azərtac”da “Bunlar maraqlıdır” adlı bir bölüm var, çox əcaib xarici xəbərlər verirlər. Vaxtım olsa, daim və məmnuniyyətlə bu saytı izləyərdim. AzTV-nin xəbərlərinə də baxardım, ancaq heyf ki, vaxtım yoxdur. Bu günlərdə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetini oxudum, inanılmaz fantaziyalar var bu qəzetdə... Mediaforum.az, qafqazinfo.az saytlarını da izləyirəm.

- İndiki müəlliflərdən bəyəndiyiniz 5 imzanın adını çəkin, lütfən...

- Şahvələd Çobanoğlunun yazdıqlarını hər zaman bəyənmişəm. Satirik yanaşma mənim üçün qeyri-adi deyil. Satirik yazanları çox vaxt oxumuram da. Şahvələd Çobanoğluda məsələlərə fəlsəfi yanaşma var və bu, mənə çox maraqlı gəlir. “Azadlıq radiosu”ndan Xədicə İsmayılovanın araşdırmalarını çox maraqlı oxuyuram. İki oldu? Sevinc Telmanqızının müsahibələrini maraqla oxuyuram.

- Bu, təbiidir.

- (Gülür.) Qarşıdan da 8 mart gəlir. Üç oldu? Murad Köhnəqalanın yumorunu çox qiymətləndirirəm. Çox təəssüf edirəm ki, adamların çoxu Muradın publisistikasını tanımır. Muradın dəhşətli dərəcədə yumoru var. Əslində Murad satirik deyil, yumoristdir. Dörd oldu? Dörd bəsdir də, müqəddəs rəqəmdir. “Azadlıq” qəzetindən Natiq Güləhmədoğlunun köşələrini çox maraqla oxuyurdum, amma axır zamanlar, AXCP-nin funksioneri olandan sonra çox az yazır. Yəqin ki, funksionerlik onun vaxtını çox alır. Cəbhə onu funksioner edəndən Natiqin əvvəlki yazılarını görmürük. Seymurun publisistikasını çox bəyənirəm. Məncə, onun publisistikası ədəbi yaradıcılığından daha qiymətlidir. Altı oldu da? Planı artıqlaması ilə yerinə yetirdik.

# 3961 dəfə oxunub

Oxşar xəbərlər

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

17:51 10 dekabr 2024
"Sənin üçün çox darıxıram..." - Cəmilə Əbülfət Kərim

"Sənin üçün çox darıxıram..." - Cəmilə Əbülfət Kərim

16:15 10 dekabr 2024
“Əsir düşəndə 800 yaşı var idi” - Ruslan Mollayevin filmi

“Əsir düşəndə 800 yaşı var idi” - Ruslan Mollayevin filmi

15:15 10 dekabr 2024
# # #