Öləndən sonra nələr olacaq? - Simran Qədim

Öləndən sonra nələr olacaq? - Simran Qədim
26 iyul 2019
# 14:50

Kulis.az Simran Qədimin “Ekrandakı mən” hekayəsini təqdim edir.

Gecədən bəri təzəcə düşən qırx dərəcə qızdırmadan birtəhər özümə gəlib, əlimdə telefon yerimdə uzanmışdım. Nə qədər dava-dərman qəbul edib, bitki çayları içmişdimsə də, xeyri yox idi. Asqırıb-öskürməyim, başımın ağrıması, bədənimin qırılması məni lap üzüb əldən salmışdı. Lənətə gəlmiş bu qriplər! Hər il mutasiya olunub təzə-təzə formalarda ortaya çıxır elə bil. Telefonumun şarjı bitmək üzrə idi, amma narahat olmağa dəyməzdi. Notbukumu götürüb dizimin üstünə qoydum, yuxarı sol küncdəki düyməni basıb yandırdım. Gününü sosial şəbəkələrdə keçirənlərdən deyiləm, dərslərdən imkan tapan kimi bədii kitabla, sənədli filmlərlə-filan da maraqlanıram. Amma buna indi nə halım vardı, nə də həvəsim.

Dedim, Skaypa girib Türkiyədə təhsil alan xalaoğluyla danışım, çoxdan idi xəbər almırdım ondan. Birdən, necə oldusa ekranda pəncərə açıldı ki, mənimlə bağlantı qurmaq istəyən biri var. Kim olduğuna diqqət etməyib razılaşdığımı bildirdim. Yəqin əlim dəymişdi; qəfil kompüterin kamerası açıldı, ekrana mülayim nəzərlərlə mənə baxıb gülümsəyən bir qoca çıxdı. Diksinən kimi oldum. “Bu hardan çıxdı belə, o da məni görürmü?” – deyə fikirləşirdim ki, qoca ciddi tərzdə, aydın bir səslə dilləndi:

- Salam, necəsən, bala?

- Salam, yaxşıyam, - kəkələyə-kəkələyə səsimi çıxarıb, nə baş verdiyini anlamağa çalışdım. Bu adamı tanımırdım axı, yəqin nəsə səhv olmuşdu. Balaca uşaq kimi tez pəncərəni bağlamaq düz çıxmazdı. Ağzımı doldurub, “bağışlayın, müəllim, səhv oldu deyəsən” demək istəyəndə qoca sözümü ağzımda qoydu:

- Yaman təəccüblə baxırsan üzümə. Məni tanımadın yəqin.

İxtiyarsız, başımı ekrana uzadıb gözlərimi kişinin üzündə gəzdirdim. Qəribə idi, bu adamın sifəti mənimkinə çox oxşayırdı. İri, mavi gözlər, sivri burun, yanağında kiçik xal, tanış gülümsəmə. Üz cizgiləri qırışmış olsa da, sanki mənimkinin eynisi idi, təkcə saçının tökülüb, kənarlarının ağarması ilə fərqlənirdi. Təəccüb içində dalbadal gözlərimi qırpıb, key-key baxırdım. Qoca təzədən dilə gəlib ağır-ağır, bir baba doğmalığıyla dedi:

- Mən sənəm, bala.

Qulaqlarımın səhv eşitdiyini düşünüb gülümsündüm:

- Necə, başa düşmədim.

- Mən sənəm. Mən sənəm... - qoca hər iki sözü ayrı-ayrılıqda vurğuyla tələffüz edərək təkrarladı.

Heç nə anlamadan qaşlarımı çatmışdım. Necə yəni “mən sənəm”? Bu ifadə çox anlaşılmaz, mənasız, absurd idi. Ya kişinin başı qaçmışdı, ya da məni ələ salırdı sadəcə.

- Bağışlayın, müəllim, anlamadım. Necə yəni mən sənəm? Yəni ki, siz mənsiniz? – dilim topuq vura-vura, daha dəqiqi, beynim dolaşa-dolaşa soruşdum.

- Elə dediyim kimi, sözün gerçək anlamında. Mən sənəm - qoca tam ciddi tərzdə danışıb sözündən geri durmadı.

Yenə də gülümsündüm, daha doğrusu, gülümsünməyə çalışdım. Əlbəttə, bu sadəcə zarafat idi, başqa da nə ola bilərdi ki?! Aramızdakı qəribə oxşarlığı qoca da sezmişdi yəqin, ona görə belə deyirdi. Amma mənim çox təəssüf ki, vaxt öldürməyə bəhanə arayan təqaüdçü babayla heç bir işim yox idi.

Barmağımı klaviaturanın aşağısındakı sensorda gəzdirib bağlantını kəsmək istədim, amma qocanın səsi yenə mane oldu:

- Sən niyə heç dinib-danışmırsan? Olmaya sağollaşmaq istəyirsən, hə? Hardandır səndə bu tələskənlik?

- Mən...

- Belə baxma üzümə, ağlından keçənləri lap kitab kimi oxuyuram, - qocanın üzünə həlim bir təbəssüm yayılmışdı. - Kim olduğumu, durduq yerə hardan çıxdığımı, səndən nə istədiyimi düşünürsən. Görən mən səni ələmi salıram? Bir də aramızdakı əsrarəngiz oxşarlıq məsələsini fırlayırsan başında. Burda təəccüblü heç nə yoxdur, ümumiyyətlə, müasir dünyada nəyə heyrətlənmək olar ki? Belə deyək də, adicə telefonda bir şəklin başına min oyun gətirmək olur. Götürək sənin özünü: çəkdiyin selfiləri proqrama verib haldan-hala salmamısanmı heç? Saçı uzadıb-qısaltmaq, üzə bığ-saqqal qoymaq, nə bilim, sifəti qocaltmaq-filan. Yox, mən hansısa proqramın tərkib hissəsi olduğumu demirəm, səhv başa düşmə. Əslində virtual varlıq olsaydım belə, boynuma almazdım. Nə isə, gəl bunları boş verək. Mən sənəm və öz cavanlığımla söhbətləşmək çox xoşdur.

- Axı... bu necə ola bilər?

- Gəl səninlə həyatdan, yaşamdan danışaq. Doxsana yaxın yaşım var, fikirlərim maraqlı olmalıdır hər halda. Qocalığınla görüşmüsən, necə də maraqlı olmasın ki?! Ahh, bayaqdan təkcə mən danışıram. Sən də səsini çıxart, sualın varsa ver, çəkinmə.

Mən, sanki hipnoz altına düşübmüş kimi, ağzım açıq ekrana baxılı qalmışdım. Nə deyəcəyimi, nə danışacağımı bilmədən bir neçə saniyə susandan sonra axır, birtəhər özümü toplayıb kəkələyə-kəkələyə dilləndim:

- Mən... əgər siz mənsinizsə, onda mən də siz olmalıyam. Axı həyatda belə şey yoxdur.

- Dayan, dayan bir! Orda məsələ fərqlidir bir az. Mən sənəm, amma sən mən deyilsən, - onsuz da qarışıq başımı qoca lap çaşbaş salıb əminliklə dedi.

- Necə yəni? Bu nə deməkdir belə?! - mən tamam hövsələdən çıxıb qaşlarıma düyün vurdum. Məntiqlə baxanda o mən idisə, mən də o olmalı deyildimmi? Ümumiyyətlə, bu adamın sayıqlamalarını niyə dinləməliydim ki? Dərindən nəfəs aldım. Hansısa sirli qüvvə, ya adicə maraq hissi məni söhbəti davam etdirməyə səslədiyindən dinməz-söyləməz qocanın ağzından çıxacaq növbəti sözlərə diqqət kəsildim.

- Səni başa düşürəm, məntiqlə baxanda düz deyirsən. İkimiz də bir adam olmalıyıq. Amma rasionallıqdan kənar, ya da ağlın fövqündə, əlavə qavrama gücü tələb edən hallar da olur. Guya həyatdakı hər şeyi beləmi yaxşı dərk edirik? O qədər cavabsız suallar çıxır ki qarşımıza. Məsələn, elə həyatın özü: Kimik biz? Nə gəzirik bu dünyada? Məqsədimiz, məramımız nədir? Ümumiyyətlə, hansısa missiyamız olmalıdırmı? Yoxdursa, bəs onda yaşamın nə mənası var? Məna öz-özlüyündə nədir ki? Mənasızlığı insanlar mənalandırmırmı səncə? Digər yandan, biz həyatımızı necə qurub yaşamalıyıq, əsas olan nələrdir? Axı sənin doğru bildiyin mənim üçün yanlış, ya da əksinə ola bilər. Heç bu mövzularda düşünmüsənmi?

- Belə... arada fikirləşirəm, ancaq...

- Bilirəm, bilirəm, bu sualları başında çox çək-çevir eləmisən. Amma konkret cavab yoxdur ortada, - qoca, mənə fürsət vermədən öz danışığına davam etdi:

- Qoy sənə başqa suallar da verim: Məsələn, bizim həyatdakı məqsədimiz nələr ola bilər: pulmu, gücmü, insanlıqmı? Bəlkə əbədi iz qoymaq, ya səssiz-səmirsiz yaşamaq? Bəs bunların özləri necə məfhumlardır ayrı-ayrılıqda? Pul – hansı miqdarda? Güc – kimə, dünyaya hökm edəcək qədərmi? İnsanlıq - onun sərhədləri hardadır, göstərə bilərsənmi? Əbədi iz qoymaq – necə, nə cür, alimlik, ya fatehlik? Bəlkə özümüz üçün yaşayaq sadəcə?

- Siz... axı niyə danışırsınız bunları mənə...

- Ya bəlkə hər şeydən az-az olmalıdır. Bir az pul, bir az güc, bir az da insanlıq. Bəs hansı nisbətdə? Ağlımız kəsən kimi yaşayaq, ya kitablarda yazılan kimi? Cavab kitablarda yazılandırsa, hansı kitab? Ağlımız kəsən kimidirsə, o bizi yanlışlığa yuvarlaya bilməzmi? Antik dövrlər yaxşı idi, orta əsrlər, ya müasir çağ? İnsanlıq hara gedir? Miflər, utopik düşüncələr və xislətimizin reallıqları. Digər yandan, guya Yer kürəsinin, ya kainatın səndən xəbəri varmı?

- Var... yoox, yoxdur!

- Hamımızı düşündürən təməl sual: doğulmamışdan qabaq harda idik, öləndən sonra nələr olacaq? Zaman özü nədir? Bir saniyə azdır, ya çox? Bizim üçün azdır, bəs başqa canlılar – həşəratlar, hüceyrələr üçün? Saniyəni milyon, milyard yerə bölsək bəs? Onda necə olacaq? Mikroorqanizmlər, atomlar, fotonlar; qara dəliklər, qalaktikalar, kainat... İstəsən, daha nə qədər şeylər sadalamaq olar, o qədər mətləblər var ki.

Mən yerimdəcə donub qalmışdım, qoca bu qədər fikri ara vermədən, birnəfəsəcə üyüdüb tökdü. Sözsüz ki, dediklərinin hamısı ayrı-ayrılıqda ağlımdan keçən mövzular idi. Amma cavab tapa bilmirdimsə, baş çatlatmağın da mənasız olduğunu düşünürdüm. İndi isə bu qədər sual yağış kimi üstümə yağmışdı, bir anlıq havam çatmadı elə bil.

Az sonra qoca müdrik bir dərviş ədasıyla təzədən dilə gəldi.

- Bu mövzulara toxunmuram ki, səndən cavab alam. Ya imtahanda deyilsən, bala, narahat olma. Onsuz da min illər boyunca o qədər filosoflar, alimlər olub ki gecə-gündüz baş çatladan. Onların ortaq bir məxrəcə gəlib tapa bilmədiyi suallara bizmi cavab verəcəyik? Əlbəttə ki, yox! Sadəcə bir insan kimi belə şeyləri daim düşünməyini istəyirəm. Gərək müdriklərin fikirlərini oxuyub öyrənəsən, az-çox tanış olasan ömürlərini bu mövzulara həsr etmiş adamlarla. Ən azından kimliyini, varlığını dərk edib, insan olduğunu unutmamaq üçün.

Qoca, şövqlə başladığı fəlsəfi düşüncələrini bir az da davam etdirib, söhbətin səmtini qəfil dəyişdi. Bir bu qədər də tarixdən, bəşəriyyətin yaranmasından, elmi-texnoloji yeniliklərdən, insan psixologiyasının, xislətinin dərinliklərindən danışıb, mövzuyla bağlı saysız misallar çəkdi, analogiyalar apardı. Eşitdiklərimi qavramaq gücündə olmadığımdan qorxub-çəkinsəm də, onun səlis, aydın nitqi məni heyrətə salmışdı, gözəl bir musiqi parçası dinləyirdim sanki. Qoca tək informasiya ötürmür, eyni zamanda onları mikroskop altındaymış kimi analiz edib, söz açdığı mətləblərin nüvəsinə varmağa çalışırdı. Arada elə fikrə düşdüm ki, həqiqətən də söhbətin sonunda bayaq dediyi kimi, min illərlə tapılmayan sirlərin üstü açılacaq.

- Düzdür, bəlkə çox şeylərə toxunduq, ortada ancaq söz var. Amma dərinə getmək deyil məqsədim. Xırdalamağa başlasaq, gərək sabahacan danışaq, - qoca eyni enerjiylə monoloquna davam etdi: - Zamanla hamısını öyrənəcəksən, yavaş-yavaş, aylar, illər boyunca. Təki maraq hissini itirməyəsən, axtarışın, mütaliənin daşını atma. Bizi başqa canlılardan fərqləndirən də elə budur: düşünmək, öyrənmək, nəticə çıxarmaq qabiliyyəti. Oxuyub öyrəndikcə, bu mövzulara da münasibətin dəyişəcək. O biri tərəfdən, həyatını indidən qurmağa başla. Hələ cavansan, amma öz yolun olsun. Bilik çox olanda, yol cızmaq da asanlaşır. Örnək götürəcəyin adamlar tap. Bir də görəcəksən ki, dünənki sən dəyişib tamam başqa birinə çevrilib. Ya da illər keçib yaşlanacaq, amma bir addım da olsun qabağa getməyəcəksən. Elə yerindəcə sayacaqsan ömrü boyu. Öz uşaq ağlıyla həyatı qavrayan oğlan, sadəcə fiziki cəhətdən yaşlanacaq, zehni olaraq isə saqqalı uşaq olacaq həmişə.

- Siz... aramızdakı oxşarlıq... mənim siz olmadığmı deyəndə nəyi nəzərdə tuturdunuz axı? - mən, axır bir fürsət tapıb bayaqdan cavabını ala bilmədiyim sualımı təkrar verdim.

- Hə, gələk əsas məsələyə, - qoca da sanki elə bu anı gözləyirmiş kimi qımışaraq izah etməyə başladı: - Bilirsən, söhbətin əvvəlində niyə dedim ki, sən mən deyilsən, amma mən sənəm. Çünki mən vaxtilə sən olub çoxdan qocalmışam. Az-çox hörmətli, nüfuzlu bir adamam, özümə normal həyat qurmuşam. Ailəm, nəvələrim, hətta nəticəm də var. Sən isə hələ uzun ömür yaşayıb bu günlərə gəlməlisən. Nəticədə, hər şey məhz sənin özündən asılıdır: mənim kimi də ola bilərsən, tamam başqa cür də. Məsələn, ağzının danışığını bilməyən, damağında siqaret, sir-sifətindən zəhrimar yağan, əl-qol atıb özünü aparmağı bacarmayan bir kişiyə çevrilə bilərsən.

Sonda qoca söhbəti ədəbiyyata, bədii romanlara yönəldib bir sıra yazıçılardan söz açdı. Homerdən, Servantesdən, Tolstoydan və mənim də maraqla, sevə-sevə oxuduğum Borxesdən, onun dolanbaclı labirintlərindən danışıb dedi:

- Gələcəyinin parlaq olacağına, bol-bol nailiyyətlər qazanıb, məndən də xoşbəxt bir ömür sürəcəyinə çox əminəm. İnanıram ki, bunda az-çox indiki söhbətimizin də payı olacaq, ara-sıra yada salacaqsan məni.

Qısa zamanda məni özünə heyran qoyan bu müdrik adamla söhbəti yekunlaşdırıb sağollaşdım. Hələ eşitdiklərimin təsirindən çıxmamışdım ki, ekranda bayaqkı kimi, mənimlə danışmaq istəyən biri olduğunu bildirən pəncərə açıldı. Özümdən ixitiyarsız, robot kimi kompüterin oxunu tərpədib razılaşma düyməsini basdım. Ekrana damağında siqaret, sir-sifətindən zəhrimar yağan bir qoca çıxmışdı.

- Kimsən ə, sən? Nə ağzını ayırıb gözünü döyürsən mənə?! - qoca əl-qolunu ata-ata danışıb üstümə çəmkirdi.

Mən tez notbukun qapağını örtüb qırağa itələdim, yorğanı başıma çəkib bərk-bərk gözlərimi yumdum. Canıma üşütmə düşmüşdü birdən-birə, deyəsən, yenə axşama qızdıracaqdım.

# 2682 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #