Məni həyata qaytaran intihar xəbəri

Məni həyata qaytaran intihar xəbəri
30 oktyabr 2017
# 12:21

Kulis.az Sonuncu Orxanın “Yaşasın yaşamaq” yazısını təqdim edir.

Sığınıb kinimə allahı da söydüm,

Mağmın taleyimə xoşbəxt taleyi dedim.

Kişi kimi ağlamadım,

Heç qadın kimi də,

Uşaq kimi büküldüm dizlərimin arasında...

Çox uzaq olmayan bir zamanda şələ-şüləmizi yığıb kəndə köçdük. Atam işə düzəlirdi, biz də ona qoşulub könülsüz getdik. Həyatının 25 ili şəhərdə keçən, şəhər və kənd həyatını eyni müstəvidə görmək istəyən, hər şeydə şəhərin rahatlığını axtaran bir adam üçün bu nə qədər dözülməz bir duyğudur təsəvvür edərsiniz yəqin. Üstəlik yeni bir həyata başlamaq, yeni sosial mühitə adaptasiya olmaq. Yüküm ağır idi həqiqətən. Hərdən dostların xoş bir sözünə, qayğısına isinişirdi ürəyim, ancaq gərginliyimi azalda bilmirdim, darıxırdım, gecə sakitcə yorğanı başıma çəkib ağlayırdım. Bir iş bəhanəsiylə Bakıya qayıtmaq, dostlarımın, yaxınlarımın yanında olmaq istəyirdim. Buna şiddətli ehtiyacım var idi. Feysbukda işsizliyim haqqında elan verdim. Sağolsun rəhmətlik dostumuz Mövlud, bu məsələdə həssaslıq göstərdi, xanımı ilə danışıb işimi həll elədi. Evdəkilərin narazılığına baxmadım, getdim Bakıya. Həvəslə, sevgiylə yeni işimə başladım. Aşıb-daşan həvəsimi tez bir vaxtda iş yoldaşlarıma da hiss etdirə bilmişdim.

Onda əmimgildə qalırdım. Ailəmdən uzaqda xoşbəxt günlərimi yaşayırdım. Çünki evdəkilərlə aramızda tez-tez gərginlik olurdu. Onlar da mənim kimi darıxırdılar yəqin. Bilmirəm. Bir onu deyə bilərəm ki, o xoşbəxtliyin ömrü cəmisi 2 ay çəkdi. İşdən çıxası oldum. Açığı pərt olmuşdum. Çünki heç gözləmədiyim şeylər olurdu, evdəkilərin qınağına tuş gələcəkdim, üstəlik geri qayıtsam bir də Bakıya çətin gələcəkdim. Ona görə nə bahasına olursa olsun özümə iş tapmalı idim. Dostlardan da xahiş eləmişdim, rastına çıxan ilk iş haqqında mənə deyəcəkdilər.

Bir dəfə dilxor oturub telefonu qurdaladığım yerdə Ayxandan zəng gəldi. Dedim yəqin deyəcək ki, axşam filan yerə gəl, oturub çay içək, söhbət eləyək. Telefonu açanda qayıtdı ki, bilirsən nə olub? Açığı səsindəki titrəyişdən qorxmuşdum, bilirdim nəsə yaxşı bir xəbər deməyəcək. Dedi ki, Mövlud intihar eləyib. Aman Allah, günün günorta vaxtı bu nə xəbər idi?! Başımı itirdim, bilmədim nə deyəm. Birtəhər sağollaşıb özümü divanın üstünə atıb hönkürməyə başladım. Psixologiyamın elə zəif, elə həssas vaxtı idi ki, adi bir şey məni üzə, depressiyaya sala bilərdi. O ki, qaldı dostumuzun intiharı xəbəri...

Həmin ərəfələrdə əmim də xəstəxanada ağır xəstə yatırdı. Ona dərman aparmalı idim. Birtəhər özümü toparlayıb yola düşdüm. Palataya girməmiş giriş qapısında əmim arvadının üzündəki ümidsiz ifadə məni bir az da qaranlığa çəkib apardı. Dedi, gedək həkimin yanına, görək əminin vəziyyətindən nə deyəcək. Həkim də soyuqqanlılıqla əmimin vəziyyətinin yaxşı olmadığını, yaxın vaxtlarda öləcəyini dedi. Bir günün içində iki şok yaşadım...

Dediyi kimi də oldu. Əmim tez bir vaxtda vidalaşdı bizimlə. Mən də iş tapa bilməyib rayona-ailəmin yanına qayıdası oldum.

İçimdəki böhranlı vəziyyət davam edirdi. Arzularımın, istəklərimin altında qalmışdım. Həyatımda hər şeyin altı üstünə çevrilmişdi. Uzun müddət sosial şəbəkələrdən, dostlardan, yaxınlardan uzaqlaşmaq istəyirdim. Elə bil hamıdan incimişdim. Elə bil həyatımdakı bütün neqativlərin səbəbkarı onlar idi. Hər şeyi uçurub dağıtmaq istəyirdim. Nifrətə bürünmüşdüm...

Özümü öldürmək fikirləri də keçirdi beynimdən. Sonra içimdən bir hiss bu nifrətin axırıma çıxacağını dedi elə bil. Çünki getdikcə əridiyimi hiss edirdim, nifrət mənəviyyatımı zərbə altında qoyurdu, əcaib sifətlər yaranmağa başlayırdı məndə. Düşündüm ki, insan nifrətlə yaşaya bilməz, bu onun ölümü deməkdir. Çünki Tanrı da dünyanı sevgiylə yaratmışdı və içindəki TANRINI nifrətə çevirib belə yaşamağa davam edirsənsə əvvəl-axır kainat səni məhv edəcək...

Ona görə qayıtdım insanların arasına, (mən onsuz da insanların arasında idim, sadəcə asosiallıqdan qurtulub həyata qaynayıb qarışmağa başladım) dedim ən yaxşısı yaşamaqdır, mənalı ya mənasız. Çoxdan danışmadığım dostlara yazıb hal-əhval tutdum. Beləcə həyata qaynayıb qarışdım və ağrılarım soyumağa başladı. Məncə, insan həyatındakı çətinliklərdən, problemlərdən sıxılıb nifrətinin əsirinə çevrilməməlidir, bu ən azı özünün məhvi deməkdir.

İnsan yaşamağı sevməlidir...

İnsan yaratmağı sevməlidir...

İnsan sevinc bəxş etməyi sevməlidir.

Yaşasın yaşamaq..!

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #