Vidadi Babanlı: “Qabağımı kəsib məni şillələdilər” – Müsahibə

Vidadi Babanlı, yazıçı

Vidadi Babanlı, yazıçı

28 fevral 2022
# 09:00

Kulis.az yazıçı Vidadi Babanlı ilə müsahibəni təqdim edir.

- Vidadi müəllim, mən beş il əvvəl gəlmişdim bura...

- Nəsə, ala-bula yadıma düşür...

- Sizinlə söhbətləşmişdik, reportaj hazırlamışdım...

- Yadımda deyil, vallah. Dünən yediyimi yaddan çıxarıram.

- Onda sizin ayağınız təzəcə sınmışdı...

- Hə, hə. Zaqatalada sınmışdı ayağım. Kömək olmasa, gəzə bilmirdim.

- İndi necə hiss edirsiniz özünüzü?

- Qocalıq... İndi bu cür hiss edirəm özümü. 95 yaş. Qocalıq əldən salıb. İndi də ayaqlarım sözümə baxmır, yeriyə bilmirəm. Dəmir tutalğac var, onunla birtəhər gəzə bilirəm.

Bu yerdə Vidadi Babanlıya baxan tibb bacısı ona hansısa dərmanı uzadır və deyir: “İç”. Qadın mənə çönüb gülümsünür: “Sən də çayını iç”. Və sonra qəfildən soruşur: “Səndə “Ay Zaur”un nömrəsi olmaz?” Deyirəm, soruşub taparam, nəyə lazımdır. Qadın deyir, sonra danışarıq. Vidadi Babanlı bu müddətə dərmanını içib bizə baxır və baxışlarından hiss olunur ki, danışdıqlarımızı eşidə bilmir. Müsahibəni də təxminən bu vəziyyətdə almışam, mən səsimə güc verə-verə sualları səsləndirmişəm, Vidadi müəllim isə əlini qulağının dibinə aparıb “Hay” deyib.

- Gəl görüm, ay qız. Götür bunu. – Vidadi müəllim bayaqdan əlində saxladığı stəkanı, deyəsən, indi hiss edir və qadına səslənir.

- Mən götürərəm, verin – deyib müsahibəyə keçid alıram.

Qadın stəkanı götürməyə gələndə təzədən mənə deyir:

“Zaur olmasın, lap başqası olsun. Müğənni var, təzə müğənnidir, onu verilişə çıxarmaq lazımdır”.

Mən də daha sonra bu haqda danışarıq deyib gülümsünürəm.

Vidadi Babanlı qəflətən soruşur:

- Adın nə oldu sənin?

- Ayxan...

- Hay!

- Ayxan Ayvaz...

- Çox yaxşı.

- Vidadi müəllim, mən beş il əvvəl bura gələndə siz sonuncu nəşr olunan kitabınızı vermişdiniz: “Zəmanə adamı”.

- Bərkdən danış, eşidə bilmirəm.

- Deyirəm ki, mənə “Zəmanə adamı” romanını vermişdiniz. O vaxt mən gələndə təzə-təzə çapdan çıxmışdı.

- İndi başqasını yazmışam. Çıxıb o da. “Sabaha ismarıc” romanı. Bu, jurnalistlərin həyatındandır. Ay qız! Ay qız!

Tibb bacısı təkrar yanımızda peyda olur.

- Gətir o kitabdan ver, bu oğlana. Ayxan, oxuyarsan bu kitabı, çox ciddi əsərdir.

Qadın kitabdan iki nüsxə gətirir və fotoqraf Sabirlə mənə deyir:

“Biri sənin, o biri də sənin”.

- Bunu diktə ilə yazdırmısınız?

- Hə, bu qız yazıb.

Tibb bacısı gülümsünür:

“Deyib, mən də yazmışam”.

- “Zəmanı adamı”nı da diktə ilə yazmışdınız?

- Yox, onu özüm yazmışdım. Amma bunu diktə eləyib yazdım. İndi yaza bilmirəm.

- Vidadi müəllim, “Zəmanə adamı” romanında yoldaşının xəyanətini bağışlayan bir kişi obrazı var. Necə düşünürsünüz, azərbaycanlı kişi xəyanəti bağışlaya bilərmi?

- Asta, aramla danış, xahiş edirəm. Eşidə bilmirəm. Qulağım zəif edir, gözüm zəif görür, ayaqlarım yaxşı işləmir.

- Sizin romanınızda xəyanət səhnəsi var. Və qadının xəyanətini daha sonra kişi bağışlayır. Sizcə, xəyanəti bağışlaya bilərmi Azərbaycan kişisi?

- Əsl kişi xəyanəti bağışlaya bilmir. Xəyanətin növləri olur. Baxır hansı xəyanəti bağışlamaq olar, hansını yox. Bir var ciddi, bağışlanmaz xəyanət. Bir də var təqsir, nöqsan kimi xəyanət. O təqsiri bağışlamaq olur. Mən dediyim xəyanəti isə bağışlamaq çox çətindir. Əsl kişilər, həqiqi kişilər xəyanəti heç vaxt bağışlaya bilmirlər.

- Sizin bir çox əsəriniz məşhurdur. Amma daha çox “Vicdan susanda”ya görə tanındınız. Bayaq yolda gələndə, sizinlə müsahibəyə gedəcəyimi deyəndə fotoqraf dostumuz Vüqar dedi ki, mənim adımı “Vicdan susanda”ya görə veriblər... Mənə elə gəldi ki, bizim xalqın ən çox oxuduğu və sevdiyi əsər də “Vicdan susanda” olub. Üstündən uzun illər keçib əsərin yazılmasından. Necə düşünürsünüz? Sizcə, tam ürəyinizcə bir əsər idimi?

- O əsərə görə başım çox ağrıdı. Bu yaxınlarda, hardasa bir ay əvvəl “Vicdan susanda”nı internetdə dinlədim. Bir yad adam, bir yad yazıçı kimi özü də. Dinlədim ki, görüm bu vəziyyətdə əsər mənə necə təsir edəcək, görüm yaxşımı yazmışam, pismi yazmışam. Bəzən olur axı, öz yazdığın əsəri nə vaxtsa təkrar oxuyanda, deyirsən, kaş bu epizodu belə yox, elə yazardım. Ancaq “Vicdan susanda”nı dinləyəndən sonra gördüm ki, orda hər şey öz qaydasındadır. Çox mükəmməl əsərdi. Əvvəldən-axıra kimi dinlədim və gördüm ki, orda heç bir dəyişikliyə ehtiyac yoxdur, hər şey yerbəyerdir. 50 ildir o əsər oxunur və sevilir. Bu yaxınlarda mənə kitab mağazalarından zəng eləyib demişdilər ki, oxucular bu əsəri istəyirlər, tapa bilmirlər, təzədən nəşr olunmalıdır. Yəni bu qədər il keçməsinə baxmayaraq, o əsər hələ də marağını, aktuallığını itirməyib. Bu tale hər əsərə nəsib olmur.

- “Vicdan susanda” sizin möhürünüz oldu. Yaradıcılığınızı tamamladığınızı düşünürsünüzmü? Yəni bundan sonra yenə nəsə yazmaq könlünüzdən keçirmi?

- Ağlımda bir mövzu dolanır. Amma onu yaza biləcəmmi, bu sual altındadır.

- Mövzu nədir?

- Onun mövzusunu deyə bilməyəcəm, çünki desəm, başqa yazıçılar götürüb oğurlayacaq, məndən qabaq yazıb çap eləyəcəklər. İndi oğurluq dəbdədir.

- Ən azından qısaca da olsa məlumat verərdiniz. Yəni nədən yazırsınız? Sevgidəndir, müharibədəndir, nədəndir?

- Yox... Nə sevgidəndir, nə də müharibədən. Ümumiyyətlə, çox ciddi bir mövzudur. Qeyri-adi bir mövzudur özü də. Valideynlərlə bağlıdır. Amma tam deyə bilmərəm, götürüb yazarlar birdən.

- Bu əsəri yazmaq üçün nə qədər vaxt lazım olacaq sizə?

- Mən, ümumiyyətlə, bir əsəri yazmadan əvvəl bir il onun haqqında düşünürəm, həmin əsəri ağlımda gəzdirirəm. Aylarla obrazları, süjet xəttini düşünürəm. Hər şeyi yerbəyer eləyəndən sonra əlimə qələm alıb oturub yazırdım. Əvvəl belə idi. İndi yazammıram.

- Əvvəl qələmlə yazırdınız, sonra diktə elədiniz. Bu keçid sizə çətinlik yaratmadı ki?

- Çox böyük çətinlik yaratdı. Qələmlə yazanda rahat olurdun, kağız önündə, fikirlər beynində, ard-arda cümlələr gəlir və sən də yazırsan. Amma diktədə belə şey yoxdur. Diktədə yazan adam bəzən soruşur ki, filan cümlə necə oldu, vəssalam, ondan sonra fikir pozulur, təzədən qayıda bilmirsən. Diktə çox ağır məsələdir, ümumiyyətlə.

- Hər halda 95 yaşınızdasınız və kifayət qədər nəsr təcrübəsiniz də var. Bu baxımdan, professionallıq yaranıb sizdə. Bu işin ustası olduğunuz üçün diktədə də rahatlığınızın olduğunu düşünürəm...

- Eşidəmmədim səni, Vüqar.

Adı “Vicdan susanda”ya görə Vüqar qoyulan fotoqrafımızla məni səhv salır. Yəqin ki, bayaqkı söhbət yaddaşında diri qalmışdı.

- Vüqar yox, Ayxandı adım, Vidadi müəllim.

- Nə? Aytən?

Məni gülmək tutur. Fotoqrafımız Sabir də o tərəfdən xımır-xımır gülür. Aytən nə idi, sən Allah?

- Yox, yox (gülürəm). Ayxan...

- Hə, Ayxan... Bildim.

- Peşəkarlığı deyirdim, Vidadi müəllim. Artıq sizdə bu formalaşıb və ona görə də diktədə də elə çətinlik yaşamazsınız.

- Doğrudur, peşəkarlıq hardasa kömək edir. Ancaq, ay Ayxan, sənə deyim ki, mən ömrümün 75 ilini yaradıcılığa vermişəm. Şeirlərim olub, sonra keçmişəm nəsrə. “Gəlin” povesti yazdım, çox uğurlu oldu. Ondan sonra mən 30 il şeir yazmadım, ancaq nəsr yazdım. 6 romanım, 5 povestim, çoxlu sayda publisistik yazılarım var. Bu baxımından, dediyin düzdür, ancaq yenə də diktənin çox çətinlikləri olur.

- Həmin ağlınızda gəzdirdiyiniz romanı yazandan sonra da nəsə yazmağı düşünürsünüz, yoxsa bu, sizin son romanınız olacaq?

- Bunu yaza bilsəm, yaxşı olardı. Amma inanmıram yaza biləm. Hələ heç bunu yazacağıma inanmıram. İnanmıram, ay Ayxan, yaza bilməyəcəm daha. Heyim də yoxdu diktə eləməyə. Çünki artıq yaddaş da zəifləyib. Bilirsən ki, burda da ən əsas yaddaşdır.

- Yaddaş dediniz, məncə də, yazıçılıq elə yaddaş deməkdir. Maraqlıdır, qabaq yazdığınız əsərlərinizi unudursunuz? Süjetini, obrazları və s.

- O hissi yaşamaq ağırdır. Unuduram, hə. Yaddaşımdan itir yazdıqlarım. Bayaq dedim, “Vicdan susanda”nı səsli dinlədim. Orda bir epizod var idi, dinləyəndə yadıma düşdü. Deməli, professorun qızı Alagözün ölüm səhnəsini yazanda mürəkkəb qələmlə yazırdım. Birdən gördüm ki, kağızın üstünə nəsə düşdü, pozuldu. Baxdım ki, gözlərim yaşarıb. Ağlamışammış. Yəni mən o hisləri ürəkdən yaşamışam. Nə yazmışamsa, ürəkdən gəlib yazmışam. Ürəyin də yaddaşı, beyindən güclü olur. Elə hislər var ki, onları yaddaşım pozulsa da, unutmayacağam.

- Vidadi müəllim, 2000-lər nəsli gəldi ədəbiyyatımıza. Siz heç bu yazarlarla tanış oldunuzmu? Sizə oxuyan, yaxud sizin oxuduğunuz...

- Mən yeddi-səkkiz ildir ki, mütaliə eləyə bilmirəm. Ona görə də cavan yazarları tanıya bilməmişəm. Bircə yadıma düşür ki, İlqar Fəhminin bir əsərini oxumuşdum, o əsər xoşuma gəlmişdi. Ancaq indi soruşsan, əsərin adını deyə bilməyəcəm. Başqalarını oxumamışam. Heç biri haqda bir söz deyə bilmərəm. Bilirsən, ay Ayxan, sənə bir şey deyim, bu ədəbiyyatda qalmaq asan məsələ deyil. Bir var fitri istedad, İlahidən gələn istedad, bir də var elə-belə. Elə-belə, şöhrət üçün gələnlər duruş gətirə bilmir. Mənimlə bir yerdə ədəbiyyata yüzdən çox adam gəlmişdi, heç biri qala bilmədi axıra qədər. Üç-dördümüz qaldıq ədəbiyyatda. İsmayıl Şıxlı, İsa Hüseynov, mən, bir də Sabir Əhmədov.

- Sizin dostlarınızın, nəsildaşlarınızın hamısı rəhmətə getdi...

- Hə, hə, hamısı...

- İndi əsl dost deyəcəyiniz kim qalıb?

- Bir böyük alim Rafiq Əliyev var. Onunla yaxşı münasibətdəyik, tez-tez gəlir yanıma. Bir də İlham Pirməmmədov var, onunla da çox yaxşı münasibətimiz var. Başqa elə dostum yoxdur. Qalmayıblar daha.

- Yazıçılar Birliyindən sizinlə maraqlanan olurmu bəs?

- Qabaq yox, amma son vaxtlar maraqlandılar. “Şərəf” ordeni verəndə Çingiz Abdullayev, Anar zəng eləyib təbrik eləmişdilər, səhhətimlə maraqlanmışdılar. Amma başqa zəng eləyən olmadı.

- Yalnız iki nəfər? Anar və Çingiz Abdullayev?

- Bəli. Başqa heç kim zəng eləmədi.

- Bu sizi ağrıdır?

- Vallah, ağrıtsa da, ağrıtmasa da, belədir.

- Övladlarınız necə? Gəlirlər yanınıza?

- Bir oğlum, iki qızım var. Allaha şükür, hamısı yaxşıdır. Övladlarımdan razıyam.

- Sizin kimi yazıçı olmaq istəyənlər var?

- Yox, mənim yolumu davam etdirən yoxdur. Mən özüm də buna imkan verməzdim.

- Niyə?

- Çünki yazıçılıq çox ağır şeydir. Bütün dövrlərdə belə olub.

- Həyat yoldaşınız, dostlarınız dünyadan getdi. Tək qaldınız. Bu təkliyi nə ilə ovudursunuz?

- Ayxan, doğrudan da, təklənmişəm. Dostlar da yoxdu, söhbətləşməyə, zəng eləməyə. Yoldaşım da yoxdu. 6 il bundan əvvəl vəfat edib. Məni yaşadan bircə xəyallardır. Nə yaxşı ki o xəyallar var. Bir də xatirələr.

- Sizin nəsildən olan yazarların hamısına Xalq yazıçısı, Xalq şairi adı verdilər. Bir siz qaldınız. Bəs bu sizə təsir edirmi?

- Bu, haqsızlıqdır. Ümumiyyətlə, mənə qarşı haqsızlıq həmişə çox olub. Mənim yaradıcılığımın yarısı qədər olmayanlara Xalq yazıçısı adı veriblər, amma məni unudublar. Bunun da bir səbəbi var, bir-iki dəfə demişəm bunu. Fatma Abdullazadə var idi, humanitar şöbənin müdiri. O məndən qərəzli idi. Nə eləmişdilərsə, ona nə qandırmışdılarsa, yazılan təqdimatı yuxarı dairələrə çatdırmırdı. Ona görə də mənə Xalq yazıçısı adı vermədilər.

- Vidadi müəllim, indi elə bir dövrə çatmışıq ki, artıq Xalq yazıçısı, Xalq şairi almayanlara daha çox hörmət bəsləyirlər, nəinki alana.

- Bəli, çünki çoxu kağız üzərində olan yazıçılardır. Bir də var, xalqın əsl yazıçısı.

- Yəni məndə belə bir təəssürat var ki, Xalq yazıçısı adı almamağınıza görə camaat sizi daha çox sevməyə başladı...

- Elədir. Hətta çox adam elə bilir ki, mən çoxdan Xalq yazıçısı adı almışam. Amma mən doğrudan da xalqın yazıçısıyam. Mənə “Şərəf” ordeni veriləndə orda belə bir şey yazılmışdı: “Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə”. Doğrudan da, mənim Azərbaycan ədəbiyyatına xidmətim böyükdür. Özünə tərif kimi olmasın, mən heç bir təltif gözləmədən ömrümü ədəbiyyata həsr eləmişəm. Yazanda da fikirləşməmişəm ki, mənə orden, mükafat veriləcək.

- Vidadi müəllim, 95 yaşınız tamam oldu. Sizcə, yaşadığınız bu ömür necə bir ömür idi?

- Çətin bir ömür. Mən çətin bir ömür yaşamışam. Ayxan, əvvəla, mən anadan yetim olmuşam. İki aylıq körpə olanda anam ölüb. Məni nənələrim böyüdüblər. 6 yaşına kimi ana nənəm, ondan sonra da ata nənəm baxıblar mənə. O nənələrimə Allah qəni-qəni rəhmət eləsin! Onlar mənə həyat veriblər. Mən öz gücümə oxumuşam, stipendiya almışam. Atamın çox uşağı vardı, imkanı da yox idi, mənə pul göndərə bilmirdi. Bəzən adi qara çörək yeyib günü yola vermişəm. Hələ bir hadisə var, heç vaxt yadımdan çıxmaz. 44-cü il idi, hələ müharibə bitməmişdi. Dağüstü parkda iki Bakı xuliqanı qabağımı kəsdi. Məni şillələdilər, cibimdəki çörək kartoçkasını götürdülər. Mən bir ay ac-susuz qaldım. Çox dəhşətli günlər idi. Keçib getdiyim ömür yolunu tez-tez xatırlayıram, yada salıb təsəlli tapıram. Amma bunları çıxsaq, çox darıxıram. Keçdiyim həyat yolunu yada salıram, çətinliklərimi, uğurlarımı. Məni ədəbiyyatdan silmək istəmişdilər. 4 il işsiz qaldım. Kitabımı çap eləmədilər. Borc içində itib-batmışdım. Çörəkpulu tapa bilmirdim. Bircə haqpərəst adamların köməyi məni xilas elədi. Yaxşı, sevincli günlərim də olub. Ancaq pis, dəhşətli günlərin yanında yaxşı, sevincli günlər az olmuşdu. Həmişə həyatla mübarizə aparmışam.

- İndi nə arzulayırsınız həyatdan?

- Dava-şava, müharibə olmasın, cavanlar qırılmasın. Həyat şən keçsin. İstəyirəm, xalqım bir az gözüaçıq olsun, hər şirin sözə aldanmasın. Bizim xalq bu mənada çox genişürəklidir. Ona görə də başına bəlalar gəlib. Ermənilər ona görə at oynadıb buralarda. İstəyirəm, cavanlar xoşbəxt yaşasın.

- Özünüz üçün nə istəyirsiniz bəs?

- Mənim haqqım həmişə tapdanıb. Son vaxtlar bu münasibət bir az dəyişdi. Ay Ayxan, özündən demək olmasın, mən daha böyük mükafatlara layiqəm. Böyük yaradıcılığım var ortada. Arzuladığım çox şey yerinə yetib. Ona görə də yaxşıdır hər şey.

- Yəni bu ömürdən razısınız?

- Ona görə razıyam ki, mən nə yaxşı vaxtımı boşa keçirmədim. Mənim dostlarım var idi, yazıçı dostlarım, onlar vaxtlarını yeməyə-içməyə xərcləyirdilər. Amma mən yemək-içməklərdən qaçırdım. Gəlirdim evə, gecə saat 4-ə, 5-ə kimi yazırdım. Və görürsən ki, o yazdıqlarım da indi qalıb. Ona görə də mən ruhən rahatam. Bu əsərlərin heç olmasa, üçü-dördü, mən öləndən sonra məni yaşadacaq.

- Vidadi müəllim, 5 ildən sonra gələrəm bura, sizin 100 yaşınızda da söhbətləşərik...

- Ayxan, ona çox da ümidli olma.

Foto: Sabir Məmmədov

# 10736 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #