Var-yox söyüşünü hər şeydən üstün tutanlar

Var-yox söyüşünü hər şeydən üstün tutanlar
10 noyabr 2022
# 15:00

Kulis.az Rəvan Cavidin “Ziyalılarımız, toylarımız, söyüşlərimiz haqqında” adlı yazısını təqdim edir.

Ötən əsrin əvvəllərində aydınlarımız milli kimliyimizi axtarır, bu kimliyin fəlsəfəsi və metafizik davranışları barədə yazırdılar. Bilirdilər ki, bir millətdən xalq “düzəltməyin” birinci yolu ona milli kimliyini izah etməkdir. Yəni məmləkətin insanlarına türk olduqlarını başa salmaq aydınlarımızın görəcəyi ilk iş idi. Xalq yaranmadan cümhuriyyət yarandı, sonra dağıldı və milli kimliyin axtarışı missiyası yarımçıq qaldı. Belə olan halda da, millət yenidən dini kimliyinə qayıtdı. Sovet imperiyasının tərkibində olan türk millətlərinin kəndlisinə, tacirinə “Sən türksən!” yox, “Sən müsəlmansan!” deyirdilər. Aydınlarını isə türk olduğu üçün güllələyirdilər.

Həmin əsrin ortalarında yazıçılarımız, jurnalistlərimiz, bir sözlə, ziyalılarımız bu adamların boyunlarından asdıqları dini şəxsiyyət vəsiqəsini cırıb milli şəxsiyyət vəsiqəsi asmaqla məşğul oldular. Cəhaləti, xurafatı, ərəb dilindəki boşboğazlığı azərbaycanlıların canından çəkib çıxarmaq istəyirdilər. Bu dəfə də olmadı.

Elə həmin əsrin sonlarında isə millət özü xalq olmağa can atdı və oldu. Böyük bir imperiya dağıldı, xalq azadlığını elan elədi, döyüşdü, məğlub oldu, torpağını itirdi. Bütün bəlalar, dərdlər adamları birləşdirə bildi. Azad olmuş bir xalqın nəyi var idi? Yüz illər boyunca ziyalısının sındırmağa çalışdığı dini kimliyi və yüz illər boyu ziyalısının ona başa sala bilmədiyi milli kimliyi.

Türkçülüyün fəlsəfəsi yazıldı, İslamın (müsəlman olmağın) fəlsəfəsi yazıldı. Böyük kitabxanaların tozlu rəflərindən hər əlli ildən bir endirilib oxudundular. Amma azərbaycanlı olmağın fəlsəfəsi yaranmadı. Azərbaycanlı olmaq nə deməkdir, bunu izah edən olmadı.

İkinci minilliyə keçdik və nəhayət ki, bu adamlara “azərbaycanlı” deyib xitab edən yazıçılar, jurnalistlər meydana çıxdı. Sözün əsl mənasında. Sovetdən qalma bütün ənənələri əllərinin arxası ilə süpürüb atdılar. Millətin dini kimliyi ilə də, milli kimliyini tapa bilməməsi ilə də, bayağılıqla, cahilliklə mübarizə aparmağa başladılar. Amma bu dəfə eynəkli, kostyumlu, oxucuları ilə səliqəli, etik danışan ziyalı yox idi. Oxucunu söyən, oxucu ilə məzələnən, yeri gələndə oxucunun özü ilə mübarizə aparan, bürokratik çərçivəni sındıran, ədəbiyyatçının müxalif ruhunu özünə qaytaran bir ziyalı dəstəsi gəldi. Bu yazıçılar hər şeylə məzələndilər. Mollalarla, pantürkistlərlə, kabinetində oturub çay içməkdən başqa bir işlə məşğul olmayan alimlərlə, heç nəyə yaramayan mətbuatla, müharibə ilə, ölümlə və özləri ilə.

Azərbaycanlılar birdən-birə hər şeyə qarşı çıxan və heç nəyi qəbul etməyən bu ziyalıların bumu qarşısında nakaut olmuşdu. Cavab qaytaranda ki, siz səhv deyirsiniz, bu adamlar deyirdilər ki, bəli, səhv deyirik. Azərbaycanlıların min illik adət-ənənəsi olan ziyalısı ilə dil-dil dilləşmək həvəsi artıq ölmüşdü. Başlarını aşağı salıb danlaq yedilər, təxminən, on il. Sonra həmin ziyalıların effektivliyi azaldı. Yarısı qocaldı, yarısı da həvəsdən düşdü. Çünki toplum başqa bir azara yoluxmuşdu. Və bu azarı tirajlayanlar populyarlaşmışdı. Bu azarın adı toyxanalar idi.

Ciyər axşamından tutmuş gərdək gecəsinə qədər minə yaxın insanı öz ətrafında toplayan və xoşbəxt edən adətin yenilənmiş versiyası daha maraqlı idi. Niyə yenilənmiş versiya deyirəm? Əvvəllər palatkalarda keçən bu məclislər indi bahalı şadlıq evlərində keçirilirdi. Əvvəllər gəlinlik üçün yüz manat, indi iki min manat xərclənirdi. Əvvəllər toyun bir masabəyi, bir nəfər də oxuyanı olurdu, indi bir masabəyi, on nəfər də oxuyanı oldu. Əvvəl bəylə gəlin meyit kimi toyun əvvəlindən axırına kimi otururdu, indi bəylə gəlin meymun kimi oynadılır. Bu mənasız təntənənin dəyişməyən bir əvvəli var, bir də sonu, qalan hər şeyi müasirləşdi, yeniləndi, yüksək səviyyəli bambılılığa çevrildi.

Toyun son etapı gərdək gecəsi ilə işim yoxdur. Kim necə sevişir özü bilər. Amma toyun əvvəli sayılan ciyər axşamlarını milyonlarla insan izləyir. Yəni sən toy edirsən, qohumlarını, dostlarını başına yığıb keflənirsən və buna səhəri gün Yutubdan milyonlarla adam baxır. Baxsın, lap yaxşı. Amma niyə bir adamın toyunun ciyər axşamında beş-altı nəfər xəstə ağzına gələni oxuyub toy yiyəsini bir az da xərcə salmalıdır?

Bəli, söhbət meyxanadan gedir. Amma meyxana haqqında ötən gün o qədər yazıldı ki, bu mövzuya davam etmək istəmirəm. Aşağı-yuxarı hamı bilir ki, ağlı başında olan adamlar bu mənasızlığa dəyər yükləməz. Mən o meyxanaların mətnləri haqqında da danışmaq istəmirəm. Çünki təhsil səviyyəsi normal olan, mədəni proseslərə can atan bir ölkənin vətəndaşı heç vaxt belə mağmın şeylərin təsirinə düşməz. Daha keyfiyyətli səviyyəsizliyin təsiri altında olar. Məsələn, medianın, papsa ədəbiyyatın, reklamların və sair. Necə ki cənab Amerikanın və hörmətli Qərbin adamları belə şeylərdən təsirlənir (pis mənada). Mən o meyxanaları koloritli edən, onlara enerji verən söyüşlərdən danışmaq istəyirəm. Çünki söyüş azərbaycanlı fəlsəfəsinin təməl anlayışlarından biridir.

Bir azərbaycanlının dilini söyüşsüz təsəvvür edirsiniz? Mən yox. Necə ola bilər ki, sən azərbaycanlı olasan və söyüş söyməsən. Bizim söyüş Allahdan daha qüdrətli varlıqdır. Məsələn, biri Allaha and içib sözünün üstündə durmaya bilər, amma o adama var-yox söyüşü qoysan, canını verməli də olsa, mütləq sözünün üstündə durar. Birinə etik qaydada nəsə izah edəndə anlamamaq ehtimalı yüksəkdir, amma söyə-söyə nəsə desən, mütləq islah olunacaq.

Söyüş bu millətin aqressiyasını azaldır. Söyüş olmasa, Azərbaycan əhalisi bir milyon azalar. Azərbaycan kişisi söyüş söyəndə özünü əsl kişi kimi hiss edir. Azərbaycan qadını da müasirliyi söyüş söyə bilməklə ölçür. Azərbaycan kişisi söyüş söyəndə qüdrətli, Azərbaycan qadını söyüş söyəndə azad olur. Təbii ki, bu bütün azərbaycanlılara aid deyil. Fağır yaşayıb, fağır ölənlərimiz daha çoxdur.

Mən inanmıram ki, Dədə Qorqudun vaxtında söyüş söyülməyib. Yoxsa ora-bura qaçan barbar oğuzları necə idarə etmək olardı? Məncə, Dədə Qorqud hər səhər xoruz banlamamış hündür bir yerə çıxıb bütün oğuzları söyürdü ki, yeni gün daha firavan keçsin. Və çox təəssüflənirəm ki, dədimiz Qorqudun söyüşləri dastana salınmayıb. Hansısa başdan xarab alim bu boyda xalqın genetik kodlarından biri olan söyüşü onun təməl kitabından çıxarıb.
Söyüş əksər azərbaycanlıların qeyrətidir, namusudur, kimliyidir. “Bilirsən də, filankəsi söyüblər, o da soxub. Kişi adamdır!” Vəssalam. Bizim fəlsəfəmiz, bizim tinimiz budur. Söyüş haqqında əlavə nəsə yazmağa ehtiyac yoxdur. Heyf ki, bizim bir Hegelimiz yoxdur ki, oturub azərbaycanlı olmağın fəlsəfəsini yazsın. Əgər bir gün belə bir ürəkli adam ortaya çıxsa, təklif edirəm ki, birinci söyüşlərimiz haqqında yazsın.

Qeyd: Bütün oxuculara Rasim Qaracanın “Azərbaycan arqo deyimləri” kitabını oxumağı şiddətlə məsləhət görürəm. Əziz azərbaycanlılar, o kitabda siz özünüzü tapacaqsınız. Oxumayana da söyüş qoyuram!

# 4955 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #