"Tənqidçilərin konkret qiyməti var" - Ədəbi tənqidin vəziyyəti necədir?

"Tənqidçilərin konkret qiyməti var" - Ədəbi tənqidin vəziyyəti necədir?
27 fevral 2025
# 09:00

Həm tənqidi məqalələrin keyfiyyəti, həm də tənqidçilər zaman-zaman tənqid olunur. Bəzi müəlliflərin fikrincə, tənqidçilər ancaq öz tanışlarının mətnlərinə reaksiya verirlər və həmin mətnləri tərifləyirlər. Bəzi müəlliflər də düşünür ki, ədəbi tənqidin durğunluq dövrüdür, ona görə mətnlərin də keyfiyyəti aşağı düşüb.

Kulis.az ədəbi tənqidin vəziyyəti ilə bağlı yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.


Şəkil - Şərif Ağayarın hekayəsi

Şərif Ağayar:

"Mən haqqında ən çox yazılan qələm adamlarındanam. Ona görə tənqidlə bağlı hər hansı sərt söz desəm, nankorluq olar. Lakin ümumi ədəbi proses qənaətbəxş deyil. Bu mənada ədəbi tənqidimiz də arzuladığımız səviyyədə deyil. Bir yandan karyerasını tərif və tərənnüm üzərində quran tənqidçilər işləri korlayır. Lakin bütün hallarda yaxşı yazılar yazılıb, yazılır və yazılacaq. Biz o yazıları istər "Kulis"də, istər “Ədəbiyyat qəzeti”ndə hərdən görürük. Ümumilikdə, ölkədə tənqidi meyl getdikcə zəifləyir. Tərif və tərənnüm yazıları ildən-ilə çoxalır. Qarabağ qələbəsi nə qədər böyük hadisə olsa da, tərifçiləri aktivləşdirib. Necə deyərlər, əllərinə yaxşı fürsət verib. Təkcə ədəbi tənqid deyil, ümumiyyətlə, ədəbiyyat və yaradıcılıq tərənnümdən, tərifdən uzaq olmalıdır. Yazı etiraz və ixtilaf məqamıdır. İçinin ən ucqar nöqtələrində də ağ bayraq qaldıran adamlar cəmiyyətin bütün sahələrində yalınız zərərə verə bilərlər..."

Qismət: "Məqsəd yaxşı əsər yazmaq yox, məşhur olmaqdırsa..." - Müsahibə

Qismət Rüstəmov:

"Vəziyyət ağır-stabil olaraq qalmaqdadır".

Mübariz Örən, yazıçı

Mübariz Örən:

"Azərbaycanda ədəbi prosesin özü məni qane etmir, məsələ budu. Biz nə yazdıq ki, ədəbi tənqid reaksiyasında gecikdi. Az-çox, boy göstərən əsərlərə tənqid öz münasibətini göstərir. Bir məsələ də var ki, əksərimiz tənqiddən tərif gözləyirik, bu pisdi, - tənqidçini tərifçi rolunda görmək. Tənqidçi yazıçıya nə yazmağı, necə yazmağı öyrədə bilməz, təbii. Çağdaş dünya ədəbiyyatının prioritetlərindən, yeni istiqamətlərdən, cərəyanlardan xəbərdar olub, bu axının tərkib hissəsi olmaq, qaynayıb-qarışmaq da hamıdan qabaq yazıçının işidi. Yəni bu işdə "istehsalçı" öndə olmalıdı, əksi maraqsız olardı. Zannimcə, tənqid həmişə istedadlının, təzənin, potensiallının yanında olmalıdı, bu "uçuşda" əlavə qanad, işıq olmalıdı. Belə olsa, yaxsı olar: ədəbiyyatımız sanballı əsərlər qazanar".

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

"Ölkədə oturuşmuş qonorar sistemi olsa, ədəbi tənqidi məqalələr də çox yazılar. Amma təəssüf ki, müəlliflərə kifayət qədər qonorar ödənilmir. Tənqidçilər üçün stimul olmadığına görə, bəzən hansısa kitab onların gözündən qaçır, haqqında heç nə yazmırlar. Halbuki baxırsan, həmin əsər müəyyən çevrədə, sosial mediada əks-səda yaradıb. Mən bunun səbəbini tənqidçilərdə stimulun olmamasında görürəm. Tənqidçi kitab alsın, onu oxusun, sonra haqqında məqalə yazsın, axırda da 20-30 manat qonorar qazansın? Bu acınacaqlı reallığı başqa ölkələrdə desək, bizə gülərlər. Amma ölkədə ədəbiyyata qarşı bu kütləvi laqeydliyə baxmayaraq görürsən, yenə də tənqidi məqalələr yazılır. Mən Cavanşir Yusiflinin, Elnarə Akimovanın, Maraq Yaqubovanın, adını çəkə bilərəm. Cavanşir müəllim, az qala, hər təzə çıxan hekayə haqqında da fikirlərini bölüşür. Bu yaxınlarda vəfat etmiş rəhmətlik İradə Musayevanı da unutmamaq lazımdır. O, Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatından bir sıra əsərlər haqqında yazılar yazmışdı. Mətanət Vahid isə sosial mediadakı hesablarında kitablar haqqında buraxılışlar hazırlayır, necə deyərlər, yeni imkanlardan ədəbi tənqid sahəsində yararlanır.
Yəni, deməyim odur ki, məhdud imkanlar daxilində əllərindən gələni edirlər".

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Bu gün ölkəmizdə ədəbiyyatı cani-dildən sevən, təmənnasız, sevgiylə yazıb-yaradan ədəbi tənqidçilər var. Elnarə Akimova, Mətanət Vahid, Aygün Bağırlı, Tehran Əlişanoğlu, Cavanşir müəllim və başqalarının adını çəkmək olar. Amma yazıçı-şair sayının çoxluğuna baxsaq, tənqidçilərimizin sayı azdır. Məhsuldar yazanların sayı lap azdır. Tənqidçilər də yazıçıların günündədir. Hətta deyərdim, onların vəziyyəti daha pisdir oxucu, kitab satmaq baxımından. Onlar daha dar çevrə üçün yazmalı, çap olunmalıdır. Bu sahədə qonorar, gəlir ya yox dərəcəsindədir, ya da o qədər cüzidir ki, ancaq ədəbiyyata həqiqi sevgi sayəsində duruş gətirə, motivasiya tapa bilərsən. Bu motivasiya ilə ədəbi mühiti daim diqqətdə saxlamağa çalışan ədəbi tənqidçilərimizə ancaq minnətdar ola bilərik. Mən həm böyüklər, həm uşaqlar üçün yazdığımdan, hər iki sahənin tənqidçilərindən diqqət görmüşəm. Bu yaxınlarda Elnarə Akimovanın " Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri", Tehran müəllimin " Müstəqillik havasını içənlər, modern Azərbaycan ədəbiyyatı çalışmaları" adlı kitabları çap olundu. Düşünürəm ki, hər iki kitab Azərbaycan ədəbiyyatı tarixində mühüm, qalıcı, rol oynayacaq".

Aqşin Yenisey:

"Ümumi tənqidin, ümumi sənətin vəziyyətini qiymətləndirmək bir az mücərrədliyə yol açar. Hər ikisi fərdi yaradıcılıq sahəsidir. Ona görə ancaq tənqidin məsuluyyətini dərk edən tənqidçilərdən danışmaq olar. Mən son zamanlar Maral Yaqubovanın, Mətanət Vahidin, Elnarə Akimovanın, Ülvi Babasoyun yazılarını oxuyuram".

Rasim Qaraca:

"Məni qane etmir. Çünki ortada olan tənqidçilərin hamısı Yazıçılar Birliyinin üzvüdür, buna görə də tərəfsiz ola bilməzlər. Azərbaycanda bu gün əsl ədəbi proses Yazıçılar Birliyindən kənarda cərəyan edir. Ümumən, ədəbi yaradıcılıq yüksək xəyal gücü, azad yaradıcı ruhu tələb edir. Sürünənlər nə böyük ədəbiyyat, nə də sağlam analitik tənqidi əsərlər yarada bilər".

Cəlil Cavanşir:

"Açığı, son illərdə Azərbaycan ədəbi tənqidi ilə maraqlanmıram. Mətanət Vahidin və Cavanşir Yusiflinin yazıları qarşıma çıxdıqca oxuyuram, amma təəssüf ki, ardıcıl izləmirəm. Ədəbiyyatşünas kimi Ülvi Babasoyun yazdığı esseləri də qarşıma çıxdıqca oxumağa çalışıram. Ədəbi tənqidin vəziyyəti haqqında danışmaq üçün ardıcıl izləmək, yeni yazılardan, müzakirələrdən xəbərdar olmaq lazımdır. Dövrümüzdə ədəbi tənqidin funksionallağı sual altındadır. Son 20 ildə oxucu zövqünə, kitab satışına yön verən, ciddi mənada hansısa prosesə təsir edən ədəbi tənqid nümunəsi xatırlamıram. Açığı, Azərbaycanda ədəbiyyatın vəziyyəti elədir ki, ədəbi tənqiddən əlahiddə bir inqilab gözləmək absurddur".

Fəridə Zero:

"Mənim fikrimcə, ədəbi tənqid nə yazıçıya, nə oxucuya lazımdır. Bəlkə, araşdırma edən, akademik təhsil alan şəxslər üçün bir faydası ola bilər. Ona görə mənim maraq dairəmdə olmayıb. Onsuz da tənqidçinin yazısını oxuyanda heç nə anlamaq olmur. Cavanşir Yusiflinin yazıları, məsələn. Ümumiyyətlə, bizdə ədəbi tənqidçilərin konkret qiymətləri var. Yəqin, heç kim bundan xəbərsiz deyil. Qonaqlıqdan başlayır aşağısı. Maraqsız sahədir. İnkişafına ehtiyac da yoxdur".

Hazırladılar: Ülvi Bahadır və Eminquey Akif

# 312 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor insult keçirib

Məşhur aktyor insult keçirib

12:15 27 fevral 2025
Şübhələndiyim Allaha evləndikdən sonra necə inandım? - Oğuz Ayvaz

Şübhələndiyim Allaha evləndikdən sonra necə inandım? - Oğuz Ayvaz

12:00 27 fevral 2025
Natəvan Dəmirçioğlu ilə görüş olacaq

Natəvan Dəmirçioğlu ilə görüş olacaq

11:30 27 fevral 2025
Hüseyn Abdullayevə hökm oxundu

Hüseyn Abdullayevə hökm oxundu

11:16 27 fevral 2025
Antik şəhərin "sirli villa"sı

Antik şəhərin "sirli villa"sı

10:50 27 fevral 2025
Məşhur aktrisa vəfat edib

Məşhur aktrisa vəfat edib

09:40 27 fevral 2025
#
#
# # #