“Şuşada ürəyim qaldı” tamaşası Türkiyə səhnəsində

“Şuşada ürəyim qaldı” tamaşası Türkiyə səhnəsində
9 dekabr 2022
# 09:57

Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında təqdim edilən tamaşa görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanıb.

Tamaşadan əvvəl çıxış edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Bakı Bələdiyyə Teatrı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Bələdiyyə Teatrına göstərdiyi dəstək, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən olan İlyas Əfəndiyev və Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında danışıb.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi və Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan tamaşanın əsas ideyası uzun illər boyu başına müsibətlər gəlməsinə baxmayaraq, Azərbaycanın bütün bu çətinliklərdən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışmasından ibarətdir.

General Sisianovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.

“Şuşada ürəyim qaldı” tamaşasında Vətən naminə məhəbbətindən əl çəkən Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, o gözəl Qarabağı unutmaması xüsusilə diqqət çəkir.

Ömrünün sonuna kimi Vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm İranda, həm də doğma Vətənində dildən-dilə keçərək yaşayıb.

“Qarabağnamə” pyesi XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən istilaya məruz qalması mövzusuna həsr olunub. Elçinin “Baş” romanındakı hadisələr də XIX əsrin ilk onilliyində, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum adından Bakı Bələdiyyə Teatrının yaradıcı heyətinə mükafat təqdim edib. Teatrın baş rejissoru Mərahim Fərzəlibəyov öz növbəsində fondun prezidenti Günay Əfəndiyeva və TÜRKSOY-un Baş katibi Sultan Rayevə teatr adından xüsusi hədiyyələr bağışlayıb.

Tamaşanın Bursada nümayişi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə baş tutub.

# 2792 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər