Smartfona qapılıb zombiləşən insanlar

Smartfona qapılıb zombiləşən insanlar
10 mart 2022
# 17:00

Kulis.az Simran Qədimin “Sayrışan esselər” silsiləsindən I yazını təqdim edir.

Yenilik

Yenilik fərqlilikdir, dəyişiklikdir. Fərqliliyin, dəyişikliyin konkret müsbət, ya mənfi nəticələrə yol açacağını təxmin etmək, hansı istiqamətlərdə üstünlük gətirəcəyini, hansı cəhətlərinə görə zərərli olacağını hesablamaq həddən artıq müşküldür. Yaxın məsafəyə irəliləyəndə bir qədər yoldan yayınmaq bizi azdırmasa da, uzaq məsafəyə gedəndə azacıq başqa səmtə yönəlmək yolumuzu tamam itirməyimizə səbəb olar. Yeniliyi də bənzər şəkildə iki cür qiymətləndirə bilərik:

Yenilik yaxın və uzaq gələcəkdə nələri dəyişdirəcək?

Ona görə də tez-tez dayanıb geriyə boylanmaq, yolu azıb-azmadığımızı dəqiqləşdirmək çox əhəmiyyətlidir. Arxada qalıb məhv olmamaqdan ötrü hədsiz böyük önəm daşıyan yeniliyə insanlar nə qədər həvəs göstərirlərsə, yaradıcı dağıdıcılıqdan, dəyişikliyin törədəcəyi fəsadlardan qorxaraq bir o qədər ehtiyatlanırlar.

Tarazlıq həmişə vacibdir.

Tarix qismən Hegelin dialektikasındakı kimi irəliləyir: əvvəlcə tezis yaranır, sonra tezisi inkar edən, onun əksi olan antitezis, ardınca isə onları birləşdirən sintez. Sintezin özü də bir tezisdir. Proses beləcə təkrarlanaraq davam edir.

Metakainat

10 il əvvəl messencerlər yox idi, 20 il öncə sosial şəbəkələr, 30 il qabaq isə internet. Yeniliklər nəfəs dərmədən, sürətlə dünyanı dəyişir, insanların həyat tərzini, dünyaya baxışını, təfəkkürünü formatlayıb təzədən şəkilləndirir.

"Metaverse" və ya, belə demək mümkünsə, metakainat, çox güman ki, qarşıdakı 10 ilin yeniliyi olacaq. İnsanların həyat tərzi, gündəlik məşğuliyyətləri ötən illərdə təkrar-təkrar dəyişdiyi kimi, növbəti 10, uzağı 15-20 ildə də əsaslı transformasiyalara uğrayacaq.

Bu gün milyonlarla, hətta milyardlarla insan videolardan, şəkillərdən, yazılardan ibarət sosial şəbəkələrdə toplaşıb. Bəs sabah daha zəngin, müasir kompüter oyunlarındakı kimi, hər cür simulyativ məkana, üçölçülü rəqəmsal bədənlərə - avatarlara sahib, reallıq qədər canlı, daimi, sərhədsiz bir aləm, fərqli bir virtual gerçəklik yaradılsa necə? Hamımız bir nəfər kimi orada toplaşmayacağıqmı?

Süni zəka, 3D texnologiyalar, “Big data”, blokçeyn, kriptovalyuta... Bu kimi innovasiyalarla, yeniliklərlə içində olduğumuz Dördüncü Sənaye inqilabında günbəgün oflaynın onlayna, gerçəkliyin virtuallığa daha çox uduzduğunun, alternativ bir "kainat"ın yaradıldığının şahidi oluruq.

Sənaye inqilabları

Son üç əsrdə dünyanı dəyişən əsas faktorlardan biri, bəlkə də, birincisi sənaye inqilabları olub:
XVlll əsrin ikinci yarısından etibarən toxuculuğun inkişafı, buxar maşınları sayəsində istehsalın mexanikləşdirilməsi, manufakturaların fabriklərə keçidiylə Birinci, XlX əsrin sonları, XX əsrin əvvəllərində polad istehsalının təkmilləşdirilməsi, dəmir yollarının yayılması, konveyer üsulunun tətbiqi, maşınqayırmanın aktivləşməsi, elektrikləşmə, teleqrafın, radionun icadıyla İkinci, XX əsrin sonlarında kompüterlərin, rəqəmsallaşmanın, internetin, robototexnikanın yaranmasıyla Üçüncü Sənaye inqilabı baş verdi.

Bu gün isə süni zəka, 3D printerlər, əşyaların interneti, “Big data”, kvant fizikası, nanotexnologiyalar və gen mühəndisliyi kimi yeniliklərlə Dördüncü Sənaye İnqilabını yaşamaqdayıq. İndiki şəraitdə geriyə yol yoxdur, dünya innovasiyalarla, startaplarla günbəgün dəyişir, yalnızca zəkaya, elmə və biliyə söykənilir.

Düşüncə qəlibləri

Ən azad düşüncəli, açıqfikirli adamda da bir çox stereotiplər - düşüncə qəlibləri var. Düşüncə qəlibləri olmadan yaşamaq mümkün deyil. Çünki hər addımbaşı, irili-xırdalı çətinliklərlə, problemlərlə üzləşən kimi, təhlil etməyə, tez cibimizdən dəftər-qələm çıxarıb hesablama aparmağa başlasaq, günü bitirməyə macal tapmamış əldən-ayaqdan düşərik, enerjimiz tamam tükənər.

Ona görə də beyin hər an, hər saniyə düşüncə qəlibi formalaşdırmaqla qərarları avtomatlaşdırmağa, enerjiyə qənaət etməyə çalışır. Bu çox yaxşıdır, amma son dərəcə böyük önəm daşıyan, ağır, faciəvi bir məqam da var. Özünütənqidə meyil göstərilməsə, beyin doğru-yanlış bilmədən daim əlinin altındakı düşüncə qəliblərini işə salıb əminliklə hücuma keçəcək, azca da olsa, şübhə duymadan haqlı olduğunu sübut etməyə çalışacaq:
"Əlbəttə, mən yanılmıram, fikrimə qarşı çıxan hamı yerli-dibli səhv edir, düzünü mən bilirəm ancaq. Başqa cür ola da bilməz!"

Özünü tanı

Müdriklərin antik dövrlərdən bu yana təkrar-təkrar səsləndirdikləri "özünü tanı" prinsipi günümüzdə daha böyük önəm daşıyır. Ağıllı insanlar həmişədən daxili aləmlərində gedən prosesləri, yaşadıqları hissləri, sərgilədikləri davranışları, hətta beyinlərində uçuşan düşüncələri də müşahidə etməyə, anlamağa çalışıblar.

Bir çox dini-ideoloji konsepsiyalar, fəlsəfi baxışlar yaransa da, heç vaxt özümüzü indiki qədər yaxından tanımaq imkanı qazanmamışıq. Bu gün beynimizdəki ən xırda dəyişiklik belə, müxtəlif texnoloji vasitələrlə anbaan izlənilə bilir, çoxşaxəli təcrübələr, araşdırmalar aparılır, sosiologiya, psixologiya, neyrobiologiya kimi elm sahələri var.

Amma elmin gücüylə özümüzü tanımaq imkanı nə qədər artıbsa, hisslərimizdən, düşüncələrimizdən uzaqlaşdığımız, smartfona qapılıb həyata özgələşdiyimiz, zombiləşmiş virtual varlığa çevrildiyimiz bugünkü dövrdə kim olduğumuzu anlamaq qabiliyyətimiz bir o qədər azalıb.

Həqiqət

Bütün insanlar həqiqəti bilmək istəsələr də, bir çoxları onu tapmaqdan ötrü lazımi təşəbbüsü göstərməkdən - vaxt ayırıb axtarış aparmaqdan, əziyyət çəkməkdən boyun qaçırırlar. Əksər hallarda həqiqətin xoşagəlməzliyi ilə üzləşməkdən, ağır, sərt gerçəklikləri dərk etməkdən qorxuruq. Şirin yalanı acı reallıqdan üstün tutmaq meyili "komfort zonası"ndan çıxmamaq, mürəkkəblikdən qaçmaq, bilmədiyini özünə belə etiraf etməmək, illüziyaları olduğu kimi saxlamaq arzusundan qaynaqlanır.

Bəzən həqiqət həddən artıq dolaşıq, qəliz, dumanlı olur, yalan isə son dərəcə aydın, sadə, bəsit. Amma bu o anlama gəlməməlidir ki, primitiv konspirologiyaların, daşlaşmış, qəlibləşmiş doqmaların, önhökmlərin cazibəsi həqiqətin işığını qara dəlik kimi özünə çəkib yoxa çıxarsın.
Bu məqamda məşhur qədim Şərq pritçası yada düşür:

"Uzun axtarışdan sonra, axır ki, Həqiqəti tapan şəxs onun çox gənc, gözəl yox, əksinə, həddən artıq yaşlı, eybəcər olduğunu görür. "Bəs mən bunu - sənin bu qədər çirkin, qorxunc olduğunu insanlara necə deyim?" soruşanda təlaşa düşən Həqiqət bir an belə tərəddüd etmədən bərk-bərk tapşırır: yalan söylə!"

Optik illüziya

Şəkildəki üfüqi xətlərdən hansı daha uzundur?



"Burda nə var axı, açıq-aydın görünür, əlbəttə ki, ikinci xətt birincidən uzundur" deyirsinizsə, bir daha baxın.

Optik illüziya 1889-cu ildə alman psixoloqu, sosioloqu Müller Layer tərəfindən hazırlanıb.

# 1971 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #