"Şlyapalı dayanacaq”dan nağıllar işığına qədər

"Şlyapalı dayanacaq”dan nağıllar işığına qədər
18 mart 2022
# 18:00

Kulis.az Mina Rəşidin “"Şlyapalı dayanacaq”dan nağıllar işığına qədər” yazısını təqdim edir.


Bu səhər uşaq yazarı Nurlana Umudvarın "Nağıllar işığında" adlı kitabıyla birgə oyandım. Kitab bu il "Elm və təhsil" nəşriyyatında çap edilib. Nurlana xanımı bir müəllif kimi "Ədəbiyyat" qəzetində oxuduğum "Şlyapalı dayanacaq" əsərindən tanımışam. Əsərin, yəni nağılın qəhrəmanı İşıq bir səhər sevimli nənəsinə məktub yazıb, Xoşbəxtlər şəhərini axtarmağa getdiyini bildirir. Beləcə İşıq bir dayanacaqda dayanıb onu istədiyi şəhərə aparacaq avtobusu gözləyir. Elə bu vaxt ərzində də, o, maraqlı çəhrayı şlyapası olan dayanacaqla söhbətləşir. Şlyapalı dayanacaq deyir ki, onun gözlədiyi avtobus həmişə gec gəlir. Buna görə də, onu gözləyənlərin səbri çatmır və avtobus həmişə boş gedir... Onların maraqlı söhbətindən sonra yağış yğır, leysan tökür. İşıq yağışın yaratdığı gölməçələrdə atılıb-düşür. Sonra o, ilk dəfə gördüyü göyqurşağına heyranlıqla tamaşa edir. Elə bu vaxt xoşbəxtlik şəhərinə gedən avtobus gəlib dayanacaqdan keçsə də, İşıq onu görmür. O, bunun günahını dayanacaqda görür və deyir ki, nə üçün onu vaxtında xəbərdar etməyib. Şlyapalı dayanacaq ona deyir:


– Balaca, bəlkə də, o şəhərdə heç başını qaldırıb göydəki gözəllikləri görməyə imkanın olmayacaqdı. Ancaq sən yağışda çiməndə, göyqurşağını izləyəndə elə xoşbəxt görsənirdin ki, mən səni bu gözəlliklərdən ayırmaq istəmədim. Sən bura yenə gələcəksən və o zaman da qərarı özün verəcəksən. Sənin xoşbəxtliyinə heç kəs mane ola bilməz.


Mən bu nağılı oxudum və çox xoşuma gəldi. Sonra internetdə müəllifin başqa yazılarının axtarışına başladım. Amma "Şlyapalı dayanacaq" yenə mənim üçün müəllifin şah əsəri olaraq qalırdı. Ta o vaxta qədər ki, mən onun "Nağıllar işığında" adlı kitabını beləcə birnəfəsə oxuyub bitirdim. Yuxudan oyanan kimi əlimə götürdüyüm kitab məni özünə elə çəkdi ki, müəllifin bir əsərindəki kasadakı dələnin arxasınca düşdüyü kimi, özüm də bu nağılların işığından ayrıla bilmədim. Beləcə kitabı 1-2 saatın içində oxuyub bitirdim. Ən çox yadımda qalan nağıl elə bu "Kasadakı dələ" oldu. Müəllif burada baş verənləri öz dilindən nağıl edir. Bəlkə elə buna görə həmin nağıl bu qədər yadda qalır. Axı insan özü özünü daha yaxşı tanıyır. Bir də, Nurlana xanımın fantaziyası məni heyran elədi. O, balaca bir kasanın içindən dələnin izi ilə gedib sıx bir meşəliyə çxır və başına gələnləri maraqlı, şən bir ovqatla oxucusuna danışır:


"...Çayı keçdim, sal aşdım, körpü keçib təpəyə dırmaşdım, gördüm yox e, bu dələ indi də yarasa kimi qollarını açıb, quyruğunu da paraşüt edib başımın üstü ilə uçur. Təpənin ətəyində bir koma vardı, tez özümü ora yetirdim, içəri keçib qoz qabığından olan qapısını bağladım".


İfadə tərzindəki şirinlik, duzlu-məzəli söyləmələr uşaqları özünə çəkir. İndi mən balacaları bu nağılı necə heyranlıqla dinləyəcəklərini sanki hiss edirəm.
Nurlana xanımın əsərlərindəki İşıq, Su adlarının həm də başqa məna çalarları var. Keçmiş və bu gün. İşıq və qaranlıq. Od və su... Ayçil də əsərlərin çoxunun qəhrəmanıdı. Nurlana xanım deyir ki, bu adı o heç bir yerdən götürməyib, yəni özü düşünüb. Bu adla müəllif bizə yeni bir ad da təklif edir. Ayçil üzdə nadinc görünsə də, əslində o ürəyi təmiz, ədalətli və mehriban bir qızdı...


Nurlana xanımın yazılarının içində müharibə mövzusu da yer alır. Bu da təsadüfi deyil. O, 1-ci sinifdə oxuyanda biz yurdumuzdan köçkün düşüb onun doğulduğu şəhərə, Bakıya qədər gəlib çıxmışdıq. Gördükləri, eşitdiklər balaca qızın yaddaşında əbədi olaraq iz buraxır. Sonra isə 2-ci Qarabağ savaşı başlayır. Onun əmisi nəvəsi Elmir Umudlu da, bu haqq savaşımızda qəhrəmanlıqla şəhid olur. Müəllif "Qəhrəman Elmir" adlı hekayəsini Elmirin timsalında düşünürəm ki, bütün igid döyüşçülərimizə həsr edib:


"Elmir axsaya-axsaya arxadan özünü yetirib təkbaşına əlinə keçən pulemyot, qumbara... nə vardısa hamısını müxtəlif istiqamətlərdə ataraq düşmənə cavab verib, on beş-iyirmi nəfərlik heyəti mühasirədən xilas etdi. Sonra... Döyüş yoldaşları ona qələbə xəbərini verməyə gələndə Elmirin ruhu ən uca zirvəyə çatmışdı".


Nurlana xanım deyir ki, məktəbdə yaxşı oxumamışam, müəllimlər dərs keçəndə pəncərədən çölə baxıb xəyal qururdum. Heç vaxt sinifdə olmurdum. Mən ancaq həyatı oxumuşam. Bu mənim daha çox xoşuma gəlib və nədən xoşum gəlibsə onu etmişəm... 10 ildir ki, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Dördüncü sinifdə oxuyanda müharibədən təsirlənib bayatılar yazdım. Ancaq bu bayatıları kim oxuyurdusa, gülmək tuturdu. Sonra fikirləşdim ki, ən yaxşısı bu işdən əl çəkim, dərslərimə fikir verim. Görünür, şüuraltından qurtulmaq olmur. İllər sonra məktəbdə işə başlayanda yenə yazmağa başladım. Bu dəfə uşaq ədəbiyyatını seçdim. Bizdə uşaqlara bədii kitablardan çox, test kitabları alırlar. Ona görə də kitab çıxarmağa həvəsli deyiləm. İki kitabım var. Ona da evdən dəstək olublar. Hər bir yazıçının arzusudur ki, onun yaradıcılığı dəyərləndirilsin, elə mənim də. İnşallah, bu arzu kimi qalmaz. Uşaq kimi buna inanıram. Axı deyirlər, uşaqların arzusunu Allah daha tez eşidir.


Mən də, demək istəyirəm ki, bu yazını ürəyimin diqtəsi ilə yazdım. Çünki Nurlana xanımın yazıları məni özünə çəkdi və sanki onlardan yazmağımı istədilər... Yazıları beləcə öz-özünü təqdim edən, ürəkli, cəsarətli və xeyirxah olan müəllifə uğurlar və heç vaxt ruhdan düşməməyi arzu edirəm.

# 3278 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #