Sənan Əlləzi qorumasanız, qaçacaq...

Sənan Əlləzi qorumasanız, qaçacaq...
4 iyun 2025
# 12:10

Kulis.az Nadir Yalçının "Onu qorumasanız, qaçacaq... qaçırdacaqlar…" adlı yeni yazısını təqdim edir.

“Tağıyev” filminin ikinci hissəsini izləməyə gedəndə Hacı Zeynalabdinin İçərişəhərdəki heykəlinin yanından ötdüm. Müasir Azərbaycan kinosunun, bəzi işləri istisna etməklə, o heykəltək susqun, hərəkətsiz və donuq vəziyyətini düşündüm. Filarmoniya bağının yanından keçəndə nigaranlıq bir az da artdı. İntəhasız məkanlar, göz oxşayan yerlər, bütün parametrlərə cavab verən ab-hava yaratmaq imkanı, istedad, maraqlı sima, düşünən beyin, bədii təfəkkür... Bəs nədir kinomuzun qocaman xeyriyyəçinin boyu boyuma tən olan heykəlinə bənzərliyi?..

Yox, yox... İndi bunun yeri deyil... “Tıq-tıq” xanım cizgi filmində bəy pişik gəlin pişiyə necə deyir? Bax, o cür...

***

... Pəjmürdəliklə kinoteatra çatdım və izlədim.

“Tağıyev: Çar” adlanan bu hissə barədə “alınıb” ifadəsini rahatlıqla demək mümkündür. Həyəncanlandıran ekran işidir… Amma… Bütün həyəcanlandıran ekran işləri sənət nümunəsi deyil. Məsələn, Hollivud istehsalı olan həyəcanlandıran filmlər saysız-hesabsızdır.

Amma nəsə deyirmi?

Sualı düzgün qoymadım, bəlkə də. Modern sənətin nəsə deyib-deməmək kimi öhdəliyinin olması da artıq bir neçə plan geridə qalıb. Bayaqkı sualı cüzi redaktə edək:

Ortada nəsə varmı?

Həyəcanlandırmaq şərt deyil. Kiyarüstəmi təmkini ilə də məsələləri həll etmək mümkündür. Səssiz-səmirsiz; danışmadan… yalnız və yalnız göstərərək.

Bu da nisbi məsələdir. Həyəcanlanmaq üçün səs-küyə, qeylüqala, hoqqabazlığa ehtiyac olmur bəzən. Bir pıçıltı, bir ani hərəkət belə izləyicini həyəcanlandıra bilər. Lakin bu izləyici hardadır? Kimdir? Sayı nə qədərdir? Müasir kinomuz öz izləyicisini tapıb xitab edə bilirmi?..

Həyəcanlandırmaq kontesktində filmin rejissoru və ssenari müəllifi Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Asif İsgəndərli üçün arena, özünüifadə dairəsi o qədər də geniş olmayıb. Zaur Qasımlı müsahibələrinin birində dediyi kimi, “Tağıyev” nə qədər sənədli yox, bədii film olsa da, ortada tarixi-faktaloji məqamlar var. Bunu inkar etmək və bundan qurtulmaq çətin məsələdir. Bütün bu çətinliklərlə yanaşı, “Tağıyev: Neft” və “Tağıyev: Çar” hissələrinə baxan kimi ilk ağıla gələn fikir bu oldu: sənət nümunəsidir; həm həyəcanlandırır, həm düşündürür, həm də… Əl-qərəz, ortada iş var.

“Tağıyev” barədə üçüncü hissəyə baxandan sonra geniş yazacağam. Əsasən, filmin bəstəkarı Etibar Əsədi və rəssamı Səbuhi Atababayev barədə…

Bu dəfə isə mövzu başqadır: Sənan Əlləz.

Onun adını ilk dəfə eşidəndə mərhum yazıçımız Eyvaz Əlləzoğlu yadıma düşmüşdü. Maraqlıdır, bu, təkcə adla bağlı oxşarlıq deyil. Sənan Əlləzin tip olaraq psixoloji cizgilərində və aktyor kimi üslubunda Eyvaz Əlləzoğlu qələminin ab-havası var. Bir ağıryanalıqla yanaşı, cəldlik… bəzən ləngərlilik… bəsən isə mənəvi çırpıntılar və bunun çılpaqlıqla ifadəsi.

“Tağıyev: Çar”a baxdıqdan sonra Sənan Əlləzin indiyə qədərki ekran işlərini yada salıb müxtəlif rəflər yaratmağa çalışdım.

Səsin arxasında gizlənmək...

Məhz Azərbaycanda səsinin qaltanının, ecazkarlığının arxasında gizlənən aktyorlar olub. İndi də bəziləri həyatdadılar. Onlara stabil rollar verilib. Məsələn, onlar həmişə pencəklərini şəhadət barmaqları ilə çiyinlərindən aşırıb, romantik sevgili ədası ilə astadan və ehtiraslı səslə danışan, yaşlandıqca da eyni ədadan çıxmayan səliqəli yaraşıqlı aşiq qaqaş rollarını ifa ediblər. Bizim gözəl azərbaycanlılarımız da hayıl-mayıl olublar, indi də eyni cür... Türkiyəlilər aktyora yaxşı ad tapıblar: oyuncu. Oyun çıxarmaq... oyunbazlıq... oyun, düzəliş, qeyri-adi, bəzən dağınıq, bəzən düz, hər şeydən biraz... Dondan dona girmək, cilddən cildə düşmək... Qrim, paltarla yox, xarakterlə, psixoloji dəyişmək və bunu ifadə etmək...

Sənan Əlləzin “Tağıyev: Çar”dakı Hacı Zeynalabdinin oğlu İsmayıl rolunu izlədikdən sonra müxtəlif səpgili aktyor olduğunu təsdiqlədim. “Köşk”də bir ayrı cür, “Şeyx Sənan”da tamam başqa. Səsinin arxasında gizlənmir. Fürsətcildir, birxətli deyil. Aktyor kimi inkişafı aydın sezilir. Digər rolları ilə müqayisədə bir xeyli püxtələşmə dövrü keçdiyi tam aydındır. Bu məsələdə filmin rejissoru Zaur Qasımlının da ştirixləri, birbaşa və dolayı yolla təsirləri hiss olunur.

Filmdəki bir neçə mərhələdə müxtəlif emosiyalar, situativ reaksiyaların sərhədlərini aktyor oyunu həll edir. İsmayılın Bakıya gəlişi... Gənc və ərköyün, çılğın və enerjili xarakter... Sevinc, bəxtəvərlik, fərəhli İsmayıl daha qıvraq, daha iti, cəld danışan bir şəxsdir. Sənan Əlləzin ilk atışı sərrastdı. Özünü hələ bir çox problemlərdən xəbərsiz olan milyonçu balası kimi aparmağı bacarır. Özü də qatarda bir qızla tanış olub. Bunu da evlərində rahat bəyan edə bilir. Atasının hansısa reaksiyalarından əndişələnib sual cümlələri ünvanlayanda mimikalar necə 180 dərəcə dəyişir. Məmnun bir cavab alanda necə eyni vəziyyətə qayıdır...

Neftin zərər vurduğu evlərin sakinlərin narazılıq şüarlarının dalınca yollanıb onlarla üzbəüz gələndə bayaqkı cəld, şıltaq jest, mimika, davranışlardan əsər-əlamət görünmür. Əsilzadəsayağı ağıryana, bir az da nigaran, narahat addımlar... Səsinin tonunda da fərq hiss edilir... Bayaq “birxətli deyil” deyəndə bunu nəzərdə tuturdum. Oynamaq, oyunculuq...

“İmtahanda” “Köşk”dəki Sənan Əlləz, “Köşk”də “Şeyx Sənan”dakı Sənan Əlləz, “Tağıyev: Çar”da isə heç biri yox idi.

Ən əsas məqam: “Tağıyev: Neft” adlanan birinci hissədə məhz həmin balaca İsmayılın böyüdüyünə inandırdılar məni. Yəni, elə bil, bir aktyoru 10-12 yaşlarında birinci hissəyə çəkiblər, gözləyiblər 15-20 il keçsin, digər hissəni çəkiblər. Rolun inkişaf xətti aydın görünür. Sənan Əlləz canlandırdığı İsmayıl obrazı ilə tanış ola bilib. Onun uşaqlığını dəqiq izləyib, filmdə görünməyən böyümək mərhələsinə agah olub. Kobud dillə desək, nə edəcəyini, necə edəcəyini başa düşüb.

***

Kinomuzun müasir simaları yaranmalıdır. Teatrda belə problem yoxdur. Kinoda isə yeni brendləşmə siyasəti aparılmalı, ulduz aktyor, sevilən aktyor simaları meydan cövlan etməlidir. Onların özlərini realizə edə bilməsi üçün ssenarilər yazılmalı, filmlər çəkilməlidir. Gənc rejissorlar gənc yazıçıları tanımalı, onlarla görüşməli, çay içməli, dostluq etməyi ənənə halına çevirməlidirlər. Çünki o gənc yazıçı, rejissor bilir ki, Sənan Əlləz və onun qəbildən olan istedadlı simalar indi nə canlandırmalıdırlar.

Yoxsa, çox keçməz, bu simalar başqa ölkələrə qaçacaq, ya da onları kimsə qaçırdacaq. Eybi yox, heç olmasa Azərbaycanda brendləşsin, sonra kim qaçırdır qaçırtsın...

Sənan Əlləzə yeni rollar arzulamaq elə Tağıyevin heykəlinə çevrilən kinomuza ruh, can arzulamağa bərabərdir...

# 1381 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

16:00 6 iyun 2025
Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

14:15 6 iyun 2025
Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

13:00 6 iyun 2025
“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

12:30 6 iyun 2025
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

11:23 6 iyun 2025
Mən o kişini sevirəm - Günün şeiri

Mən o kişini sevirəm - Günün şeiri

11:00 6 iyun 2025
#
#
# # #