Şəhid dəfnində "ya Hüseyn" qışqıranlar nə istəyir?

Şəhid dəfnində "ya Hüseyn" qışqıranlar nə istəyir?
15 sentyabr 2022
# 17:00

Kulis.az Ulucay Akifin “Kərbəla və Qarabağ” adlı yazısını təqdim edir.

Mövzunun çox ciddi və həssas olduğunu nəzərə alaraq, söhbəti uzatmadan birbaşa mətləbə keçmək istəyirəm.

Şəhidlərin dəfnində “Ya Hüseyn” deyib qışqıranları siz də görürsünüz. Qarşıma bir neçə video çıxdı. Şəhid valideynləri dəfn zamanı həmin “Ya Hüseyn” bağıranlara etiraz edirlər, deyirlər ki, qışqıracaqsınızsa, oğlumun adını bağırın, başqa ada ehtiyac yoxdur.

“Ya Hüseyn” qışqıranlar isə şəhid valideynlərinin bu etirazlarına məhəl qoymurlar, yenə öz “bildiklərini” edirlər.

Əvvəla, hər bir normal adam başa düşməlidir ki, bu, birinci şəhidin ruhuna, daha sonra da onun valideynlərinə qarşı hörmətsizlikdir.

Dünən şəhid anası dəfn mərasimində “Ya Hüseyn” qışqıranlara bunları dedi:

“Bu gün bu şəhidlərin adını çəkib ağlayın, arxasında qoyduqları körpələrinin adını çəkib ağlayın. Nə olar, bu gün şəhidimiz, burada uyuyan şəhidlər üçün ağlayaq”.

Dəfn mərasiminə şəhidimiz üçün toplaşmışıqsa, ona ağlayaq, onun adını çəkək, uğrunda şəhid olduğu Vətənin adını çəkək. Digər yasını tutmaq istədiyiniz, müqəddəs bildiyiniz adamların yasını isə məscidlərdə, öz evinizdə, öz ürəyinizdə tutun.

Şəhid olan şəxsin müsəlman olduğunu nə bilirsiniz? Bəlkə, elə ateist olub? Bəlkə, başqa dini, başqa inancı olub? Bu, onun şəhidliyinə xələl gətirirmi, onun məqamının ucalığına kölgə salırmı?

Mənə heç bir məzhəbin, təriqətin damğasını vurmağa çalışmayın. İmam Hüseynin müsəlmanlar üçün böyük tarixi və dini şəxsiyyət olduğunu çox gözəl bilirəm.

Ancaq sizi inandırım ki, “Ya Hüseyn” deyib qışqıran o adamların əksəriyyəti Kərbəla hadisəsinin mahiyyətindən, mənəvi tərəflərindən xəbərsizdirlər. Əgər xəbərdar olsaydılar şəhid dəfnində, ürəyi qan ağlayan ananı daha da üzməyə cəhd etməzdilər. Hər şeydən qabaq onun rizasını alardılar. Dəfnin onun istəyincə keçməsinə çalışardılar. Axı “Kərbəla hadisəsi”sinin mahiyyəti ondan ibarətdir ki, hətta bu hadisəni adi tarixi döyüş hesab edənlərə belə hörmətlə yanaşmaq məcburiyyətindəsən. Bax Kərbəla hadisəsi dərinliyində belə mətləblər gizlədir.

Kimlərsə tərəfindən, hansısa məqsədlə şəhidlərin dəfn mərasiminə sırf “Ya Hüseyn” qışqırmaq üçün göndərilən o adamlar isə inanmıram bu incə mətləblərdən xəbərdar olsunlar.

İndi deyin mənə, əlinizi qoyun vicdanınızın üstünə və deyin.

Azərbaycan uğrunda, vətəni uğrunda, ailəsinin azad, təhlükəsiz bir ölkədə dinc yaşaması üçün canından keçən şəhidlərimizi niyə Kərbəla şəhidləri ilə bir tutmalıyıq? Niyə Kərbəla şəhidləri bizə nümunə göstərilməlidir?

Azərbaycanlıların savaşının aliliyini niyə kimləsə, ya hansısa hadisə ilə müqayisədə qiymətləndirməliyik?

Adamlar deyir ki, Kərbəla hadisəsi bəşəriyyət tarixinin ən böyük hadisəsidir. Soruşursan ki, niyə? Nədədir həmin döyüşün böyüklüyü? Ərəbistanda baş vermiş bir döyüş necə Dünya Müharibəsindən daha böyük hadisə ola bilər? Cavab verə bilmir.

Deyir ki, İmam Hüseyn böyük həqiqətlər uğrunda şəhid olub. Soruşursan ki, hansı həqiqətlər uğrunda? Yenə cavab verə bilmir.

Nədir bu üstü bəlağət dolu, içi isə boş olan cümlələrin səbəbi?

Hələ utanmaz-utanmaz deyirlər ki, biz şəhidlik anlayışını İslam dinindən öyrənmişik, ona görə şəhidliyi uca məqam sayırıq.

Niyə?

Bu torpaqda yaşayan insanlar İslam dininə qədər vətəni uğrunda savaşmayıbmı, yurdunu müqəddəs saymayıbmı?

Ərəb xilafətinə qarşı son damla qanına kimi vuruşmuş, Samirə şəhərində şaqqalananda belə yolundan dönməyən Babək şəhid deyilmi? Babəkin ordusunun mübarizəsi müqəddəs deyilmi?

Deyə bilərsiniz ki, özünə İmam Hüseyni nümunə götürən şəhidlərimiz də yetərincədir. Yerdən göyə qədər haqlısınız. Bəs bu vətən uğrunda şəhid olan ateistləri, deistləri, digər dinlərin, digər inancların daşıyıcılarını hara yazaq?

Biz indi Qarabağda tək məscidlərimizi yox, kilsələrimizi də azad edirik. Biz keçmişimizi, ən əsası isə, gələcəyimizi xilas edirik.

Anlamaq gərəkdir ki, biz vəd olunan Cənnət uğrunda yox, Azərbaycanı cənnətə çevirmək uğrunda savaşırıq. Biz nə “hüseynçi” deyilik, nə “ömərçi”, nə başqa “çi”. Biz “çi” yox “çı”yıq, AZƏRBAYCANÇI. Bizim mübarizəmizin müqəddəsliyi də bundadır.

Biz dəvələr bu torpaqlara ayaq basmamışdan əvvəl də at belində vuruşub, at belində ölmüşük. Yurdu uğrunda ölənləri də həmişə ən uca məqamda saymışıq.

Biz heç vaxt mərsiyə deməmişik. Bütün bu “Ya Hüseyn”lər də, “Ləbbeyk”lər də bizə sırınıb. Sinə döymək, baş yarmaq kimi “dini adətlər” indi də bizdə fars agentləri tərəfindən ciddi şəkildə təbliğ olunur. Bunu görməmək, bilməmək, inkar etmək isə cahillikdən başqa bir şey deyil.

Deyənlər var ki, İran hələ İslam Respublikası olmazdan əvvəl də bizə mərsiyələr deyilib, sinə döyülüb, baş yarılıb. Elə danışırlar, elə bil farslar İslam dini ilə 1979-cu ildə tanış olublar, o vaxta kimi bu dindən xəbərsiz imişlər, sinə döyməyiblər, baş yarmayıblar. Nadanlığın bundan aşkar təzahürü ola bilməz. Ən azından kiçik coğrafi biliklərin olması hər şeyi aydınlaşdıra bilərdi.

Arqumentə bax... İran hələ İslam Respublikası olmazdan əvvəl... Adam bilmir ki, Azərbaycan heç indi də İslam Respublikası deyil, bu nə müqayisədir? Cahillik, nadanlıq...

Azərbaycanlılar öz vətənləri uğrunda savaşırlar, şəhid və qazi olurlar. Adamların ataları, oğulları, ərləri həyatını itirir. Uşaqlar atasız, valideynlər oğulsuz, qadınlar ərsiz qalır. Faciə böyükdür və heç birimiz bu faciənin öz başımıza gəlməsindən sığortalanmamışıq. Kim bunu istəyər ki?

Amma indiki vəziyyətdə biz buna məcburuq. 44 günlük Vətən müharibəsində də məcbur idik. Birinci Qarabağ savaşından sonra işğal olunan torpaqlarımızı azad etmək, alçaldılmış qürurumuzun, zorlanmış qadınlarımızın, qətlə yetirilmiş körpələrimizin qisasını almalıydıq və aldıq.

İndi isə azad etdiyimiz torpaqların təhlükəsizliyini təmin etmək, düşmənin sülhə və imzalanan müqavilədəki şərtlərə əməl etməsi üçün məcburuq.

Ümid edirəm ki, bu müharibə qısa zamanda və ən az itki ilə bizim xeyrimizə biryolluq sonlanacaq, bir də heç vaxt şəhid xəbərləri eşitməyəcəyik.

Allah şəhidlərimizi rəhmət eləsin, əsgərlərimizi qorusun.

# 5831 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

10:29 23 noyabr 2024
Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

10:25 23 noyabr 2024
# # #