Şəhadət yolu - Tamerlan İsmayılzadə

Şəhadət yolu - Tamerlan İsmayılzadə
27 sentyabr 2023
# 14:11

Kulis.az Tamerlan İsmayılzadənin "Şəhadət yolu" hekayəsini təqdim edir.

Şəhid Murad Arzullayevin əziz xatirəsinə ithaf olunur...

– Murad, xörək hazırdır, gəl yeməyini ye. Mən də çıxıram, işə getməliyəm, – anası mətbəxdən səsləndi.
– İstəmirəm, ana. Nəsə iştaham yoxdur, ürəyim sıxılır, – Murad mızıldandı.
– Yemək ye, bir az cana gəl, sonra da deyirsən ki, əsgər gedim... Səni bu halda kim götürəcək əsgərliyə? – anası gülümsədi.

Əslində, oğlunun bu arzusu ananın heç ürəyincə deyildi. Müharibə başlamışdı; ard-arda gələn şəhid xəbərləri onu qorxudurdu. Murad ata-anasına on il sonra Allah tərəfindən verilən pay idi. Elə ona görə də adını Murad qoymuşdular. Nəhayət, illər sonra ailə Muradına çatmışdı.
Muradı bir az ərköyün böyütmüş, heç vaxt: “Murad, olmaz!” – deməmişdilər.

Ata sürücü, ana satıcı işləyirdi. Murad da hər gün dərsdən sonra anasının yanına gedib ona kömək edirdi.

Bərabər böyüdüyü dostu Vüsal da könüllü ordu sıralarına qatılmışdı. Əslində, Muradın iştahası da buna görə küsmüşdü. Dostundan sarı narahat idi.
Anasının qarşısına qoyduğu borşu könülsüzcə qaşıqla qurdalayırdı. Telefonun səsi onu elə bil yuxudan oyatdı. Mesajı yazan qonşuluqdakı dostuydu: “Murad, Vüsal şəhid olub, hamı buradadı, gəl qapılarının yanına”. Murad masadan necə qalxdısa, borş yerlə bir oldu.
Murad Vüsalgilin həyətinə sarı qaçır, göz yaşını qolu ilə silə-silə özünə söz verirdi: “Bu belə qalmayacaq! Qisasını alacağam!”

Çox keçməmiş bütün Xırdalan camaatı məhəlləyə yığışmışdı. Xəbəri eşidən qaçmışdı şəhid qapısına. Həyətdə qadınlar ah-nalə çəkib ağlayır, kişilər isə beli bükük vəziyyətdə kimisi gizlin göz yaşın silir, kimisi siqareti siqaretə calayır, kimisi də donuq baxışlarla cənazəni gözləyirdi.
Günortaya yaxın cənazəni gətirən təcili tibbi yardım və onu müşayiət edən bir neçə polis maşını küçədə göründü. Murad irəli yerimək istəsə də, dizləri sözünə baxmadı. Dizləri qeyri-ixtiyari bükülürdü. Nəhayət, özünü toplayıb maşına sarı qaçdı. İzdihamı yara-yara üçrəngli bayrağa bürünmüş tabuta yanaşdı. Əlini bayrağa çəkdi. Eləcə də dayandı. Daha ağlamadı da. Gözündə yaş donub qalmışdı. Bir an Vüsala həsəd apardı. “Nə gözəl qarşılandın, nə gözəl yerdəsən. Bax nə qədər insan gəlib səni yola salmağa” – düşündü.

Muradın atası dindar adamdı. Hər şəhid xəbərindən sonra namazında onlar üçün dua edər, onların cənnətdə olduğunu deyərdi.
Neçə gün Muradın boğazından loğma keçmədi. Yas məclisində kömək edir, ora-bura qaçırdı.
Neçə gün sonra anası yalvar-yaxar bir tikə çörək yedirdi.

Anasına köməyə getdiyi günlərin birində Murad ürəyini boşaltdı: “Mən də hərbi xidmətə gedəcəyəm. Təhsilimi dondurmaq istəyirəm. Gələndən sonra davam edərəm. Vallah, edərəm. İmkan verin, gedim mən də. Camaatın uşağı gedir. Mənim onlardan nəyim əskikdir?”

Anası könülsüz olsa da, razılaşdı. Bir şərtlə ki, kolleci bitirsin, sonra necə istəyir, elə də edər. Ana düşünürdü ki, kolleci bitirmək Muradın iki ilini alacaq, o vaxta qədər müharibə bitər, oğlu gedib xidmətin çəkib qayıdar. Bir az da onu düşünüb toxtaqlıq tapırdı kı, iki il sonra oğlu yekə kişi olacaq.
Vaxt ötür, hər gün şəhid xəbərləri gəlir, eyni zamanda düşmən tapdağından azad olunan rayonların, kəndlərin adı elan edilirdi. Kədərlə sevinc bir-birinə qarışmışdı. Hamı ordunun şücaətinə sevinir, verilən itki yada düşəndə isə sevinc quru loğma kimi boğazda ilişib qalırdı.

Məhəllədə qəfil xəbər yayıldı kı, bir azdan prezident çıxış edəcək. Camaat qaçıb Muradın anasının işlədiyi mağazaya doluşdu. Hamı intizarda idi. Nəhayət, prezident ekranda göründü və Şuşanın işğaldan azad olunmasını elan etdi. Sevincdən qışqıran, əl çalan, dua edən sakinlərin səsi bir-birinə qarışdı.

Muradla anası qucaqlaşdılar. Murad anasının göz yaşını silib daha möhkəm bağrına basdı.

* * *

Vətən müharibəsindən üç ilə yaxın vaxt keçirdi. Zəfərdən sonra hamı gələcəyə daha ümidlə baxırdı.
Murad kolleci bitirəndən dərhal sonra hərbi xidmətə yola düşmüşdü. Tez-tez evə zəng edir, hər dəfə ondan nigaran qalmamalarını tapşırırdı. Hərbi xidməti bitirməyinə çox qalmamışdı. Hərbidə göstərdiyi nümunəvi xidmətə görə anasının doğum günündə məzuniyyət də verilmişdi.
Murad anasının doğum günü evə gəlib ona süpriz etdi. Süfrə qurulmuş, anası oğlunun ən sevdiyi yeməkləri həvəslə hazırlayıb qarşısına düzmüşdü. İndi də yeməyə başı qarışan Muradı diqqətlə süzürdü. Əsgərliyə göndərdiyi çəlimsiz o uşaqdan əsər-əlamət qalmamışdı. Arıq, uzun oğlu doqquz ay içində lap cəngavərə dönmüşdü.

Atası, nəhayət, ürək edib Muraddan üzündəki cızıqların səbəbini soruşdu. Qorxduğu başına gəlmişdi. Xüsusi təyinatlılar hərbi hissəyə gəlib sıralarına qatmaq üçün əsgər seçəndə Murad ailəsinə bildirmişdi ki, mən də onlarla gedəcəyəm. Anasının yalvar-yaxarından sonra Murad könülsüz fikrindən əl çəkmişdi.

Bir neçə ay sonra komando seçimləri olanda Murad heç nə düşünmədən onlara qatılmaq qərarına gəlir. Bir az çəlimsiz olduğuna görə əvvəlcə onu qəbul etmək istəmirlər, amma Murad arzusuna nail ola bilir. Komando sıralarında məşq edir, çətin şəraitdə təlim keçir.

Atasına üzündəki cızıqların təlimdə olduğunu, komando sıralarına qoşulduğunu nağıl elədi. Anasının həyəcanlandığını görən Murad narahatlığa heç bir səbəb olmadığını deyib anasının yanağından öpdü:
– Qorxma. Gəlməyimə də bir şey qalmayıb. Qayıdıb evlənəcəm, gəlin gətirəcəm bu evə.

Yeməkdən sonra çox sevdiyi tort kəsildi. Murad bunu çoxdan gözləyirmiş kimi tortu bir oturumda yedi.

Nağıl dili yüyrək olar. Məzuniyyət günləri tez bitdi. Anası hərbi geyimini bir gün əvvəldən hazırlamış, çəkmələrini par-par parıldayana qədər təmizləmişdi. Anası onu yola salanda Muradı bərk-bərk bağrına basdı. Qoxusunu içinə çəkdi. Özündən muğayat olmağını tapşırdı. Murad ata-anası ilə vidalaşıb yenidən xidmətə yola düşdü.

* * *

Muradgildə şənlik ab-havası duyulmağa başlamışdı. Anası Murad üçün yeni geyimlər almışdı. Muradın evə gəlməsinə artıq iki həftə qalmışdı.
Hərbi hissə qarışqa yuvası kimi qaynayırdı. Bütün əsgər-zabit heyəti hərbi hissənin meydançasında düzülmüşdü. Antiterror əməliyyatına hazırlıq əmri elan olunanda əsgərlərin gözləri parıldadı. Sanki ömür boyu bu günü gözləmişdilər. Bircə dəqiq vaxtın açıqlanması qalırdı.

Əməliyyatın vaxtı açıqlananda axşam idi. Üç gün sonra döyüşə girəcəkdilər. Murad dostu Fəridə sataşır, vətən üçün ölüb-öldürməyə hazır olub-olmadığını soruşurdu.
– Mən dünəndən hazıram, amma ölmək üçün tezdir. Sən isə əməliyyata qoşulmasan, yaxşıdır. Evə getməyinə lap az qalıb. Hərbi xidmət bitsin, ananın bişirdiyin tortdan da yeyərik.

Muradın başına sanki qaynar su tökdülər. Çünki hərbi xidmət keçmək, komando olmaq fikrinin kökündə elə bu cür əməliyyatlarda iştirak arzusu yatırdı. Bu gün üçün keçmişdi təlimi və zaman yetişmişdi...

Əsgərlər silahlanıb maşınlara doluşdular. İstiqamət Ağdam idi. Oradan isə bölünüb təmas xəttini keçmək üçün hazırlaşacaqdılar.
Nəhayət, razılaşdırılmış mövqedə maşınlar dayandı. Komandirləri son tapşırıqları vermək üçün səksən nəfərlik komanda heyətinin qarşısına çıxdı. Əlindəki kağızda yazılan əsgərlərin adını oxumağa başladı. Muradla bərabər on nəfər qabağa çıxdı. Murad hələ də nəyin baş verdiyini anlamırdı. Komandir danışmağa başladı:
– Yoldaşlar, yolumuz haqq yoludur! Nəhayət, yarım qalan işimizi tamamlamaq üçün hazırıq. Bilirəm, hər biriniz bu vətən üçün ölməyə, canından keçməyə hazırsınız. Aylardır, bu günü gözləyirsiniz. – üzünü qabağa çıxan əsgərlərə tutdu, – Bu əməliyyatda iştirak etməməyinizi istəyirəm. Çünki hər şey ola bilər. Kiminiz evin tək uşağıdır, kiminizin evdə yeni doğulan körpəsi var, kiminizin də tərxisinə sayılı günü qalıb. Xahişim odur ki, arxa cəbhədə qalıb dəstək verəsiniz. Sizi bu haqq yolundan saxlamaq istəmirəm, seçim özünüzündür. İstəyən qala, istəyən yoldaşları ilə birgə döyüşə atıla bilər. Bu seçimdə tam azadsınız!

Komandir sözünü bitirəndən sonra hamının gözü qabağa çıxan əsgərlərdə idi. Birinci etiraz Muraddan gəldi. Qətiyyətlə döyüşə qatılacağını bildirdi. Murad bura qədər geri qayıtmaq yox, döyüşmək üçün gəlmişdi. Muradın yolu döyüşməkdən, dostu Vüsalın timaslında minlərlə Azərbaycan oğul-qızının qisasını almaqdan keçirdi.

O həm evin tək övladı idi, həm də tərxis olunmasına on iki gün qalmışdı. Yerdə qalan doqquz əsgər də sıraya qayıdıb yoldaşları ilə birgə döyüşmək istədiklərini bildirdilər.

Artıq Ağdərə yolunda döyüş başlamışdı. Muradgil əmrə əsasən cəsarətlə döyüşür, irəliləyirdilər. O, dostu Fəridlə çiyin-çiyinə döyüşürdü. Ələ keçirdikləri düşmən postlarının sayını unutmuşdular. Silahını doldurmaq üçün səngərə sığınan Murad Fəridin çiynindən yaralandığını gördü. Ona ilkin tibbi müayinə göstərib ratsiya vasitəsilə kömək çağırdı. Dostunun alnından öpüb:
– Sən burada qal, indi kömək gələcək, narahat olma, – dedi, avtomatını doldurub güldü, – Bax yenə deyirəm, bu əməliyyat bitsin, anamın bişirdiyi tortdan yeyərik.

Səngərdən çıxmaq istəyəndə Fərid onun əlindən yapışdı:
– Murad, bura qədər gəldin, bəsdir. Daha getmə.
Murad dostunun əlini sıxdı:
– Qorxub-eləmə, – deyib səngərdən çıxdı.

Bir az getmişdi ki, qulaqbatırıcı gurultu eşidildi, toz-duman hər yeri bürüdü. Fərid qışqırdı. Mərminin səsi qulaqlarını batırmışdı. Özünə gələndə irəli baxdı. Düşmənin atdığı minaatan mərmisi düz Muradın yanında partlamışdı. Ağzı-burnu torpaqla dolan Fərid dikəlib səngərdən çıxmağa çalışdı. Özünü dostuna çatdırmağa çalışırdı. Sürünə-sürünə Muradın yanına gəldi. Murad torpağın altında qalmışdı. Muradın üstünə tökülən torpağı tələsik təmizləməyə başladı. Murad gözlərini yavaşca açıb Fəridə baxdı. Üzündə təbəssüm vardı.
– Qardaş, bağışla, tort qaldı başqa vaxta, – deyib üzündə təbəssüm şəhadətə qovuşdu.

Muradı qucaqlayan Fərid huşunu itirdi. Bir müddət sonra Muradın çağırdığı dəstək qüvvə özünü yetirdi. Yaralı Fəridi və Muradın nəşini götürüb döyüş bölgəsindən çıxardılar.

* * *

Bir gün sonra – sentyabrın 20-si Murad II Fəxri xiyabanda dəfn olunduğu dəqiqələrdə erməni separatçılar ağ bayraq qaldırdılar.

# 1635 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #