Şahbaz Xuduoğlunu görməzdən gəlmək nadürüstlük olar - Rəvan Cavid yazır...

Şahbaz Xuduoğlunu görməzdən gəlmək nadürüstlük olar - Rəvan Cavid yazır...
31 may 2023
# 14:30

Kulis.az Rəvan Cavidin "Kitaba yiyə durmayanlar" adlı yeni yazısını təqdim edir.

İnstaqramda tez-tez qabağıma belə reklamlar çıxır: “Kitap yazdıysanız, yayımlayalım...”. Türkiyədə yeni fəaliyyətə başlayan nəşriyyatlar yeni imzalar axtarır. Kitab bazarına girmək üçün ya klassikləri yenidən nəşr edirlər, ya da çox məşhur bir-iki imza ilə kontrakt bağlayırlar. Sərgilərdə, mağazalarda həmin kitabları satıb gəliri yeni kəşf etdikləri imzaların reklamına xərcləyirlər. Beləcə, özləri yeni bir brend yazıçı yaradırlar. Əlbəttə, bu cür nəşriyyatların və yayın evlərinin hamısı uğurlu nəticə əldə etmir. Uğursuz imza kəşfləri, ya da bazardakı nəhənglərin kölgəsi onları böyüməyə qoymur. Lakin bu cür yolla tanınan və hazırda Türkiyə kitab bazarında kifayət qədər məşhurlaşan yayın orqanları mövcuddur (məsələn, “metis”, “Siren”, “*sat”).
Türkiyənin üç böyük kitab sərgisində iştirak etmiş, oradakı anşlaqı görmüş, kitab, oxucu qələbəliyinin içində itmiş, yazıçı-oxucu, yazıçı-naşir münasibətlərini görmüş biri kimi Azərbaycanda güc-bəla ilə təşkil olunan sərgilər və yarmarkalar məndə ürək ağrısı yaradır.

Dövlətin kitab siyasətinin olmaması, Mədəniyyət Nazirliyinin ağzına gələn layihələrə pul ayırması, amma kitabı görməzdən gəlməsi, Yazıçılar Birliyinin sanki onların kitabla, yazıçı ilə heç bir əlaqəsi yoxmuş kimi özlərini aparması bu cür miskin bir mənzərənin yaranmasına səbəb olur.

İndi deyəcəklər ki, hər il azı üç festival keçirilir, daha nə olmalıdır ki? Xeyr! Azərbaycanda bu günə kimi bir dənə də kitab festivalı keçirilməyib. Keçirilənlər yarmarkalardı. Kitab festivalının necə keçirildiyini bilmək istəyənlər bu reportaja göz atsın.

Təşkilatlanma, sıra, mədəni proyeksiyalar o qədər dəqiq qurulur ki, oxucunun kitab almamaq kimi bir niyyətindən söhbət belə gedə bilməz. Axırıncı dəfə Bursa Kitab Festivalına gedəndə şəhərin ən hündür, ən görməli yerlərində festivalın nəhəng reklamını görəndə fikirləşdim ki, Bakı İcra Hakimiyyəti belə reklamların asılması üçün bir-iki yer məsləhət görsün, sonra o reklamları düz bir ay orada saxlasın, mən adımı dəyişərəm. Olmur. Dəstək yoxdu. Dövlət buna maraqlı deyil.

Məsələn, Azərbaycan beynəlxalq səviyyədə kitab mükafatı təsis olunmayıb. Ağzımızı açanda Nizami bizim, Füzuli bizim, Nəsimi bizim. Amma heç birinin adına ciddi bir mükafat yoxdur. Təxminən beş-altı il qabaq ruslar Tolstoy mükafatı təsis etdi, ilk mükafatı da Orhan Pamuka verdilər. Yeni təsis olunmuş bir mükafatın bu qədər tanınmış, bu qədər ciddi bir imzaya verilməsi dünyanın diqqətini çəkdi. Bax, budur kitab siyasəti. Ya da İstanbul Kitab Festivalında solçu-sağçı, siyasi ideologiyası fərqli olan, yeri gələndə Türkiyəyə baltanı düz dibindən vuran yazıçıların, jurnalistlərin imza günlərini gördüm. Ona görə, qarşıma həm Çenin papağını taxmış bir oğlan, həm də yekə lampa şəkli geyinən qızlar çıxırdı. Festival demokratik atmosfer yaradıb hər istiqamətdən özünə kütlə yığır.

Bursada gürcü bir gənc yazıçı ilə söhbət edəndə dedi ki, hələ kitabım çap olunmayıb, bu qış yayımlanacaq. Hələki nəşriyyatların təklifini dəyərləndirirəm. A kişi, nəşriyyatların təklifini dəyərləndirirəm e özü də. Gənc yazıçı, heç vaxt kitabı çap olunmayan bir yazıçı, oxucu kütləsi olmayan bir yazıçı. Sadəcə, oturub roman yazıb, elə oturduğu yerdən nəşriyyatların poçt ünvanına göndərib, yaxşı roman olduğu üçün çoxu çap etməyə razı olub. Bu qədər sadə. İndi bu nəşriyyatlar müxtəlif qiymətlər təklif edib. Bizim gürcü yazıçımız da qışa qədər fikirləşir ki, hansı daha yaxşıdır. Belə.

Azərbaycan reallığında belə bir şey nə qədər mümkündür? Şəxsən mən heç xəyal etmirəm. Hələ guya imzamı ədəbi mühitdə, mədəni sektorda tanıyırlar. Rəvan Cavid roman yazacaq, o romanı “Qanun”a, “TEAS”a, “Parlaq imzalar”a, “Alatoran”a, “Hədəf”ə göndərəcək, sonra ona cavab gələcək ki, biz sizə bu qədər qonorar yazırıq, piar işlərinizi üzərimizə götürürük, imza günləri, sərgilərdə təqdimatları hazırlayırıq, daxili bazarda uğurlu olsanız, bir ilə də tərcümə işlərinə və beynəlxalq mükafatlara təqdimetməyə başlayarıq. Belə bir şeyin hazırkı Azərbaycan kitab bazarında mümkün olduğunu deyənlər və mümkün olması üçün bir iş görüldüyünü deyənlər gözünün ağına kimi yalan danışanlardır, ya da kimlərəsə yarınanlar.

Mən artıq “Şükür, bizdə də kitab oxuyurlar, bizdə də yazıçının kitabları satılır” kimi cümlələrlə özümü aldatmaq istəmirəm. Ölkəmdə yazıçılar, şairlər hələ küçədə kitab satırsa, hələ də pulsuz kitabı çıxsın deyə ağzını açıb danışmırsa, hələ də bir fəhtəlik bazarlıq etməyə güclə çatan bir miqdara qonorar deyib şükür oxuyursa, mənim ölkəmin ədəbiyyatına dair ciddi bir ümidim ola bilməz.

İyirmi yaşlı bir gürcüyə ayrılan diqqət otuz yaşlı bir azərbaycanlıya ayırılmırsa, deməli, nə bizim yazdıqlarımız, nə bizim təkliflərimiz dövlət qurumlarının, bilavasitə bu işlə məşğul olan adamların vecinə deyil. Yalandan Nizamiyə görə gedib bir farsın boğazından yapışmaq da lazım deyil ki, Nizami bizimdir. Adama deyərlər, hardan sizin oldu?! Neynəmisiniz Nizaminin adına? Nə işlər görmüsünüz? İki monoqrafiya, üç esse yazıldı deyə Nizami sizin oldu?

Dünən Ulucay Akifin naşirlər və kitab bazarı haqqındakı yazısını oxuyandan sonra bir daha əmin oldum ki, Azərbaycan kitaba əmtəə məhsulu kimi yox, dilənçi payı kimi qiymət verir. Ulucay yazır ki, kitab kartof-soğandı məgər? Əlbəttə, kartof-soğandı. Yəni, yeni dövrün tələbləri kitabı da piştaxtaya düzüb satmağı məcbur edir. Kitab əmtəədir. Sənətin və əqli işin əmtəə forması almış növüdür. O yazıdakı nüansların əksəriyyəti ilə razılaşsam da, bəzi şeyləri yenidən demək istəyirəm.

Hazırda İçərişəhərdə təşkil olunan Milli Kitab sərgisini sosial şəbəkələrdəki şəkillərdən və videolardan izləyirəm. Keçən ilki sərgidə mənim də panelim vardı. Elə Ulucay Akiflə bərabər. Bu sərgini təşkil edən Şahbaz Xuduoğlunun kitab çabalarını görməzdən gəlmək nadürüstlük olar. Əlbəttə, o naşirdir və kitabını satmaq üçün müxtəlif yollar sınaya bilər. O pul qazanmaq üçün özünə hörmət etməyən bir yazıçıya piştaxta da verə bilər. Nə işinə qalıb, özünü orda görmək istəyirsə, getsin dursun da. Bu mövzuda Şahbaz bəyi qınaya bilmərəm. Mənim indiyə kimi çap olunan iki kitabımdan heç biri “Qanun”da yayımlanmayıb. Ona görə, o yazıçını necə istismar(?) edir, onu da bilmirəm. Lakin od olmayan yerdən tüstü çıxmaz deyiblər. Tez-tez bu mövzuda şikayətlənən qələm dostlarımın bəzisinin səmimiyyətinə inanıram. Sınayarıq, görərik

Bir şeyi danmaq olmaz ki, Şahbaz Xuduoğlu azərbaycanlı gənci kitaba yaxın edən biridir. Bu gün Bakıda kitab oxuyan gənclər görürüksə, bunda Şahbaz bəyin rolu danılmazdır. Dünyada ciddi bir yazıçı ortaya çıxan kimi “Qanun”da tərcüməsi yayımlanır. Az qala hər ay parklarda kitab stendləri düzülür. Başqa bir incə məsələ də var. “Qanun” bu gün müstəqil bir teatrın (“M”) qol-qanaq açmasına yardım edir və ona sığınması üçün səhnə verib. Azərbaycan reallığında Şahbaz Xuduoğlu, həqiqətən, böyük işlər görür. Dünya reallığında isə Şahbaz bəyin gördüyü işlər lazımsızdır. Onun eləməli olduğu başqa işlər var. Dövlət dəstəyi olmadan bu qədər yükün altına girməyi, təəssüf ki, mövcud ölkə reallığı diqtə edir. Yoxsa, çox uzaqda yox, elə Türkiyədə, Gürcüstanda “Şahbaz bəy mənim kitabımı pulsuz çap etdi, çox sevinirəm” deyən bir yazıçıya dəli kimi baxarlar.

Həm də bu mövzuda sadəcə Şahbaz bəyin üstünə düşməyimiz, dövlətin eləməli olduğu şeyləri ondan istəməyimiz də onun böyüklüyüdür. Məncə, Şahbaz bəyin özü də bu böyüklükdən imtina edib naşir kimi öz vəzifələrini icra etməyi daha üstün sayardı. O da bazarda rəqabətə girib daha həvəslə işləmək istəyərdi. Amma bazar yoxdu, rəqib yoxdu, dövlətin bu yoxlara bir çarəsi yoxdur.

4-5 il əvvəl TEAS yazıçılarımızı qonorarla çap edəndə ümid yarandı ki, bizə də növbə çatacaq, axır ki normal bir nəşriyyat sistemi quruldu. Olmadı. İstəyimiz qursağımızda qaldı. Yenə dəstəyin olmaması bir nəşriyyatı daha sıradan Azərbaycan səviyyəli bir kitabçıya çevirdi.

Çox istəyərdim bu yazının sonuna bir ümidli cümlə yazım. Yoxdur.

# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #